Məhkəmə qərarları › İş №2(103)-3081/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3081/2021

07.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3081/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Nümayəndə2 və Nümayəndə1 qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər Nümayəndə2 və Nümayəndə1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 9, 15 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən məcburi çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə cavabdeh Nümayəndə2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 9, 15 saylı mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən məcburi çıxarılması, iddia digər cavabdeh Nümayəndə1 qarşı rədd olunması qət edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin iddianın cavabdeh Nümayəndə1 qarşı rədd olunması hissəsində ləğv, iddianın həmin hissədə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə iddianı cavabdeh Fərəf Rəsulovaya qarşı rədd edərkən qətnamədə Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad etmiş və belə nəticəyə gəlmişdir ki, guya Nümayəndə1 iddiaçının ailə üzvüdür və mənzildən onunla bərabər istifadə etmək hüququna malikdir, onun evin satışına razılıq verməsi və mülkiyyətində digər evin olması onun bu hüququnu məhdudlaşdıra bilməz. Halbuki, həmin maddəyə əsasən əmələ gələn mənzildən istifadə hüquqlarının kompensasiya ödənilmədən xitam verilməsinin əsasları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə konkret olaraq müəyyənləşdirilmişdir. İndiki halda Nümayəndə1 mülkiyyətində digər yaşayış sahəsinin mövcudluğu ona məxsus mənzildən istifadə hüququnun əldə edilməsini zəruri edən əsasın (yaşayış sahəsinə ehtiyac) aradan qalxması deməkdir və bu hüquqa kompensasiya ödənilmədən xitam verilməsi mümkündür. Nümayəndə1 ona məxsus mənzildə yaşaması və pasport qeydiyyatında qalması isə konstitusion hüququ olan öz mülkiyyətinə sahib olmaq və ondan öz istədiyi kimi istifadə etmək hüquqlarının pozulması ilə nəticələnir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni iddiaçının mübahisələndirdiyi hissədə (iddia tələbinin cavabdeh Nümayəndə1 münasibətdə təmin olunmadığı hissədə) yoxlamışdır. Başqa sözlə aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İşin faktiki halları ondan ibarətdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 9, 15 saylı mənzil xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. İddiaçının qızı xx.xx.1993-cü il təvəllüdlü Nümayəndə1, hazırda sözügedən mənzildə qeydiyyatda olmaqla yaşayır. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Nümayəndə1 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 4, 83 saylı mənzil xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmiş, lakin 4 saylı Asan Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş 4Ə-810 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı adına özgəninkiləşdirilmiş, sözügedən mənzil 32 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş 4Ə- 231 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən isə xx.xx.2020ci il tarixdə yenidən Nümayəndə1 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Qeyd olunanlar iddia ərizəsi, Seriya MA, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışı, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********99 saylı məktubu və işdə olan digər sənədlərlə təsdiqlənir. Hazırda iddiaçı, mübahisə predmeti olan mənzilin onun mülkiyyətində olmasına, cavabdeh Nümayəndə1 mülkiyyətində başqa yaşayış sahələrinin olmasına istinad edərək, onun mənzilə istifadə hüququna xitam verilməsini və həmin mənzildən çıxarılmasını tələb edir. Kollegiya mübahisənin hüquqi həlli bağlı qeyd edir ki, İddiaçı mübahisəi mənzil üzərində mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə qeydiyyata alındığından mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilir. MM-in 228.1-ci və 228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsinə dair xx xxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Qeyd edilən qərarda, həmçinin göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi, mülkiyyətçinin ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) etibarlı ailə münasibətlərindən irəli gələn yaşayış hüququnun yaranmasının təməl şərtlərindən biri mülkiyyətçi ilə mənzildə yaşayan şəxslərin ailə münasibətləri içərisində birgə yaşamaları faktıdır. Qanunverici, qeyd edilən müddəanı istifadə hüququ sahibinin ev şəraitində yaşama ehtiyacının məhz mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasından irəli gələrək müəyyənləşdirmişdir. Baxılan işdə Nümayəndə1 mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 9, 15 saylı mənzildə mülkiyyətçi olan İddiaçı ailə üzvü - övladı kimi yaşaması işin mübahisəsiz hallarıdır. Bu səbəbdən hazıra kimi mülkiyyətçi ilə birgə yaşayan Nümayəndə1 mübahisəli evdən istifadə hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi, iddianı Nümayəndə1 münasibətdə rədd edərkən, Mülki Məcəllənin 228.5-ci maddəsinə istinadla qeyd etmişdir ki, cavabdeh Nümayəndə1 iddiaçının ailə üzvüdür və mənzildən onunla bərabər istifdə etmək hüququna malikdir, onun evin satışına razılıq verməsi və onun mülkiyyətində digər evin olması onun bu hüqununu məhdudlaşdıra bilməz. Kollegiya hesab edir ki, rayon məhkəməsi Nümayəndə1 Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən mübahisəli mənzilə istifadə hüquqnun yaranması hissəsində düzgün qənaətə gəlsə də, işə baxıldığı vaxt da bu hüququn mövcud olduğunu qeyd etməklə nəzərə almamışdır ki, həmin hüquq sonradan aradan qalxmışdır. Ona görə ki, qanunverici, ailə üzvünün mənzildən istifadə hüququnu mənzil şəraitində yaşama ehtiyacının məhz mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasına görə müəyyənləşdirmişdir. Yəni, mənzildən istifadə hüququ qeyd edilən normaya əsasən yaransa belə, sonradan hüququn meydana gəlməsinə səbəb olan hallar (ailə münasibəti, mənzil ehtiyacının başqa yerdə təmin edilməsinin mümkünsüzlüyü və s.) aradan qalxdıqda həmin hüququn özü də itirilir. Bu baxımdan, istifadə hüququnun sahibi, özünün mənzil tələbatını başqa yerdə ödəmək imkanı qazanmışsa, yaxud köçmək üçün ayrıca mənzili varsa onun mənzildən istifadə hüququ aradan qalxmış sayılır. Məhz bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2016-cı il tarixli qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Belə ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə görə, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Baxılan işdə isə daşınmaz əmlakın dövlət reyestrində Nümayəndə1 adına xx.xx.2020-ci il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 4, 83 saylı mənzil xüsusi mülkiyyət kimi qeydə alındığı və hazırda onun mülkiyyətində olması təsdiq olunur. Bu hal ona dəlalət edir ki, Nümayəndə1 mülkiyyətində başqa daşınmaz əşya olmaqla, onun mənzil ehtiyacını qarşılayacaq yaşayış sahəsi mövcuddur. Buna görə də, mübahisə predmeti olan mənzilə istifadə hüququna həmin vaxtdan qanuna əsasən xitam verilmişdir. Hazırda mövcud olmayan istifadə hüququna isə xitam verilməsi mümkün deyil. Belə olan halda, yəni cavabdeh Nümayəndə1 mübahisəli mənzilə istifadə hüququ olmadığı halda onun iddiaçının mülkiyyətində olan həmin mənzildən çıxmaması iddiaçının öz mülkiyyətindən istifadəsinə maneçilik törədir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, qeyd olunanlara əsasən, Kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv olunmalı, həmin hissədə iddia tələbi qismən təmin olunaraq, cavabdeh Nümayəndə1 mübahisə predmeti olan mənzilə istifadə hüququna xitam verilməsi tələbi yuxarıda qeyd olunan əsaslarla rədd edilməli, onun həmin mənzildən çıxarılması tələbi isə təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4295/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (iddia tələbinin cavabdeh Nümayəndə1 münasibətdə təmin olunmadığı hissədə) tam ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Nümayəndə1 qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 9, 15 saylı mənzildən istifadə hüququna xitam verilməsi” barədə iddia tələbi rədd olunsun. Cavabdeh Nümayəndə1 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 9, 15 saylı mənzildən çıxarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar