Məhkəmə qərarları › İş №2(103)-3085/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3085/2024

03.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3085/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: “mənzildən çıxarılma, mənzildən müəyyən müddətə istifadə hüququnun saxlanılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər RüstəmliMəhəmməd Əli oğlu (sədrlik edən və məruzəçi), nun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(004)- 388/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2023-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən X3 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X8 Naxçıvani küç., ev 15, mənzil 140 ünvanında yerləşən, ümumi sahəsi 125,7 kv.m. mənzilini İddiaçı bağışlamışdır.

2. Həmin mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3406/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə məhkəmə tərəfindən Cavabdeh ilə İddiaçı arasında Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsində xx.xx.2010-cu tarixdə 455 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Həmin qətnaməyə əsasən tərəflər arasında Bakı 14 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmış, barışıq sazişinə əsasən tərəflər nikahın pozulmasına qarşılıqlı razılığa gəlmiş, habelə övladları - xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 Cavabdeh yanında qalması barədə razılaşmışlar.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babayeva (Sucayeva) Gülnar Arif qızı və xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X8 ünvan 2-da yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və onların mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər nikah bağlayaraq ailə qurmuş, Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında xx.xx.2010-cu tarixdə 455 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-3406/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixli, 520 №-li qeyd edilərək xx.xx.2023-cü il tarixli, AZ-İ 468407 №-li şəhadətnamə verilmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən tərəflər birgə nikahdan anadan olmuş övladları – xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X4 anasının yanında qalmasına və cavabdehin iddiaçıdan aliment tələbinin olmamasına dair razılığa gəlmişlər. Tərəflər hazırda uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, X8 ünvan 2-da yerləşən yaşayış sahəsində yaşayırlar. Həmin mənzil nikah dövründə iddiaçının anası X3 ilə bağladığı xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında iddiaçının mülkiyyətinə keçmiş və bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən hüquqların dövlət reyestrində qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** saylı “Çıxarış” verilmişdir. Tərəflər arasında ailə münasibətlərinə xitam veriləndən sonra iddiaçı tərəfindən cavabdehə dəfələrlə könüllü olaraq mənzili tərk etməsi təklif edilmiş, lakin o, bundan imtina etmişdir. Bunun nəticəsində iddiaçı öz əmlakından istifadə edə və sərəncam verə bilmir.

6. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2(004)- 5675/2023 nömrəli qərardadı ilə Cavabdeh qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.

8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(004)- 388/2024 nömrəli qətnaməsi ilə (hakim T.C.Xəlilova) iddia təmin edilmiş, Babayeva (Sucayeva) Gülnar Arif qızı, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 Bakı şəhəri, Yasamal rayonu, X8 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə həmin mənzildən çıxarılması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X8 ünvan 2 bağışlama nəticəsində iddiaçının mülkiyyətinə keçdiyindən yalnız onun mülkiyyəti hesab olunur. Odur ki, iddiaçının cavabdehlə ailə münasibətlərinə xitam verildiyindən və tərəflər birgə nikahdan doğulmuş uşaqlarının cavabdehin yanında qalması barədə razılaşdığından, iddia təmin edilməli və cavabdeh Babayeva (Sucayeva) Gülnar Arif qızının, xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2015-ci il təvəllüdlü X4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X8 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməli və həmin mənzildən çıxarılmalıdırlar.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə, Mülki Məcəllənin 27.1, 27.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və cavabdehə uşaqları mənzildən istifadə hüququ barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır və qanunsuz, əsassız olduğu üçün ləğv edilməlidir. Məhkəmə qətnamə çıxararkən uşaqların 8 və 13 yaşlarında olduğunu, onların başqa yaşayış yerinin olmadığını, eyni zamanda tərəflər arasında olan razılaşmaya əsasən uşaqların analarının yanında qalmalı olduğunu nəzərə almamışdır. Eyni zamanda, məhkəmə cavabdehin həmin mənzildə 14 il yaşadığını və bununla da iddiaçı ilə həmin mənzildən istifadə etməkdə eyni hüquqlara malik olduğunu nəzərə almamışdır.

13. Daha sonra cavabdeh apellyasiya şikayətinə əlavə verərək qeyd etmişdir ki, uşaqlar məktəbə gedirlər. Bundan başqa, əlavə təhsil almaq üçün kurslara gedirlər. Onlar təhsil alması və gələcəkdə ali məktəbə daxil olmaları üçün normal şəraitdə yaşamalı və normal ev şəraitindən istifadə etməlidirlər. Özü müəllimə işləyir. Aldığı maaş onların təhsilinə və yeməklərinə ancaq çatır. Mənzildən çıxarılsalar, kirayədə yaşamağa məcbur olacaqlar. Bakı şəhərində ev kirayə xərclərinin çox baha olduğunu hamı bilir. Beləliklə o, övladlarının nə normal yaşayışını, nə də normal təhsil almasını təmin edə bilməyəcək. Bu hal da onların bir vətəndaş kimi gələcəkdə yetişməsinə mane olacaq. Əgər iddiaçı onu və övladlarını həmin 14 il yaşadığı mənzildən çıxarmaq istəyirsə, ona və övladlarına kompensasiya ödəməlidir. Həmin kompensasiyanın miqdarı adambaşına 36.000 müəyyən edilməklə cəmi 108.000 manat təşkil etməlidir. Qeyd olunanları nəzərə alaraq apelyasiya şikayətinə əlavənin təmin edilməsi, ona və övladlarına onlar 23 yaşına çatana kimi mənzildən istifadə hüququnun verilməsi, əks təqdirdə onlara 108.000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini və ona əlavəni müdafiə edərək təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Suallara cavab olaraq bildirdi ki, cavabdeh hazırda həmin evdə yaşayır. Cavabdehin başqa yerdə evi yoxdur. Mediasiyada iddiaçı evlə bağlı hər hansı bir tələb irəli sürmədiyi üçün bu məsələni qaldırmamışlar.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, apellyasiya şikayətində qeyd edilən məsələlər tərəflər arasında nikahın pozulması prosesi gedərkən müzakirə edilmiş və qarşı tərəfə hüquqları izah edilmiş, cavabdehin tələbləri barışıq sazişində öz əksini tapmışdır. Əgər cavabdehin əlavə tələbləri var idisə, barışıq sazişi bağlanarkən tələblərini bildirmə imkanı var idi. İddiaçı cavabdehin özünə yeni yaşayış yeri tapana qədər müəyyən müddət evdən istifadəsinə razı deyil.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 225.2 Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı: -Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı: - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli qərardadındakı hüquqi mövqe: -Yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı işdə iddia təmin olunduğundan və qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, Cavabdeh uşaqları ilə birgə qeyd olunan mənzildən istifadə etmək hüququ 1 il müddətinə saxlanılmaqla xitam verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlara əsasən müəyyən edilir ki, tərəflər xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar, cavabdehin uşaqları ilə birlikdə çıxarılması xahiş edilən mənzil bağışlama müqaviləsi əsasında xx.xx.2023-cü il tarixdə iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmışdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, mənzil bağışlama nəticəsində iddiaçının mülkiyyətinə keçdiyindən yalnız onun mülkiyyəti hesab olunur. Mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra onunla birlikdə yaşayan ailə üzvləri həmin mənzildən onunla bərabər istifadə etmək hüququ əldə etmişlər. Tərəflər arasında ailə münasibətlərinə xitam verildiyindən və tərəflər uşaqlarının cavabdehin yanında qalması barədə razılaşdığından iddia təmin edilməlidir.

30. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, mənzil qanunvericiliyin tələblərinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər.

31. İşdən görünür ki, cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılsa da, ərizədə cavabdeh göstərmişdir ki, onun və övladlarının gedib yaşayası bir evi yoxdur. Onun tək ana olaraq himayəsində iki azyaşlı uşağı saxlamaq, onlara təhsil vermək və kirayədə yaşamağa gücü çatmır. Cavabdeh bunu apellyasiya şikayətində də göstərmişdir.

32. Elektron məhkəmə informasiya sistemindən əldə edilən məlumatlardan da görünür ki, cavabdehin mülkiyyətində hər hansı daşınmaz əmlak yoxdur.

33. Kollegiya hesab edir ki, belə olan vəziyyətdə cavabdehin uşaqları ilə birlikdə digər yaşayış sahəsində məskunlaşana kimi iddiaçıya məxsus mənzildən 1 il müddətə istifadə hüququ saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, mənzil qanunvericiliyində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvü arasında ailə münasibətlərinə xitam verildikdə, sonuncunun mənzildən istifadə hüququna xitam verilərkən kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(004)- 388/2024 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 ilə birgə Bakı şəhəri, Yasamal rayonu, X8 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə etmək hüququ 1 il müddətinə saxlanılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar