Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3089/2022 25.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh LPO Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(006)-953/2022 saylı qətnaməsindən cavabdeh LPO Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ləğv prosesində olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 31.07.2014-cü il tarixli 1683 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş «Wolksvagen Passat» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüklülükdən azad edilməsi, bu barədə Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan şöbəsinə məlumat verilməsi öhdəliyinin Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı qismində Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 09.03.2021-ci il tarixdə cavabdeh olaraq İddiaçı qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında 31.07.2014-cü il tarixli 1684 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik faiz dərəcəsi 22 % faiz ödənilmək şərti ilə 7.800 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı mülkiyyətinə olan «Wolksvagen Passat» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə 31.07.2014-cü il tarixli 1683 saylı ipoteka müqaviləsi bağlanmışdır. Yasamal Rayon Məhkəməsi iddia müddəti ötürüldüyündən 16 may 2021-ci il tarixli e-2(007)-1744/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan məhkəmə qərarından şikayət verilməmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bundan əlavə onun tərəfindən Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvcdicisi Əmanətlərin Sığortalanması Fonduna yuxarıda göstərilənləri nəzərə alaraq «Wolksvagen Passat» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka yüklülüyündən azad edilməsi barədə arayışın təqdim edilməsinə dair 28.10.2021-ci il tarixində ərizə ilə müraciət etmişdir. Lakin Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavab məktubu ilə «Wolksvagen Passat» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka yüklülüyündən azad edilməsindən imtina etmişlər. Nizami Rayon Məhkəməsinin qərarına əsasən göründüyü kimi onun 31.07.2015-ci il tarixli 1684 saylı kredit müqaviləsinə əsasən Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanmasa Fondu qarşısında icra edilməmiş öhdəliyi yoxdur. Belə olduğu təqdirdə mülkiyyətində olan «Wolksvagen Passat» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ipotekada qalmasına zərurət yoxdur. Göründüyü kimi onun 31.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə bank qarşısında öhdəliyi olmadığı və ipotekaya xitam verilməli olduğu halda ipoteka saxlayan tərəfindən ipoteka predmeti olan avtomobilinin yüklülükdən azad edilməsi ilə əlaqədar müvafiq YPİ-yə məlumat verilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(006)- 953/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, Ləğv prosesində olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 31.07.2014-cü il tarixli 1683 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş «Wolksvagen Passat» markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüklülükdən azad edilməsi, bu barədə Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan şöbəsinə məlumat verilməsi öhdəliyinin Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01.02.2022-ci il tarixli, 2(006)-953/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC apellyasiya şikayətini onunla əsaslandırır ki, işə baxan birinci instansiya məhkəməsi maddi hüquq normaların tələblərini pozmuşdur. Məhkəmə son nəticəyə gəlməzdən əvvəl tərəflərin təqdim etdiyi dəlilləri bərabər əsaslarla, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmalı və hüquqi qiymət verməlidir. Göründüyü kimi məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. Belə ki, Mülki Məcəllənin 551.1-cimaddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.Cavabdeh1 ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 31.07.2014-ci il tarixli, 1683 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 22% (iyirmi iki faiz) ödənilmək şərtilə 3.900 AZN (üç min doqquz yüz manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, İddiaçı mülkiyyətində olan “Wolksvagen Passat” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka predmeti olduğu 31.07.2014-cü il tarixli, 1683 saylı ipoteka müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 554.3-cü maddəsinə əsasən, əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir.Vurğulanmalıdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır.Eyni zamanda “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında göstərilir ki, “məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətlı olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.” Məhkəmə kollegiyasının iclasında cavabdeh LPO Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, cavabdeh LPO Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli e-2(007)- 1744/2021 saylı qətnaməsi ilə LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilmişdir və qətnamə qüvvəsini almıışdır. Cavabdeh1 ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 31.07.2014-ci il tarixli, 1683 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 22% (iyirmi iki faiz) ödənilmək şərtilə 3.900 AZN (üç min doqquz yüz manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, İddiaçı mülkiyyətində olan “Wolksvagen Passat” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka predmeti olduğu 31.07.2014-cü il tarixli, 1683 saylı ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan İddiaçı bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, iddia rədd edildiyindən, ipoteka predmeti olan avtomobilin yüklülükdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu iddiaçının müraciətinə 03 noyabr 2021-ci il tarixli məktubla cavab verərək, qeyd olunan qətnaməyə əsasən ƏSF-nin üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmadığını bildirmişdir. Bu səbəbdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Kollegiyası aşağıdakıları qeyd etməyi vacib hesab edir: Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Vurğulanmalıdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Mülki Məcəllənin 551.1-cimaddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən, ipotekaya aşağıdakı hallarda xitam verilir: - ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; - əsas öhdəliyə xitam verildikdə; - tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; - ipoteka predmeti məhv olduqda; - bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Göründüyü kimi, qanunverici borc müqaviləsi üzrə iddia müddətinin keçməsini ipotekaya xitam verən hallar sırasına daxil etməmişdir. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki-hüquqi öhdəliklərin ipoteka hesabına ödənilməsi qaydası, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla tənzimlənir. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. “İpoteka haqqında” Qanunun 10.1-ci maddəsinə müvafiq olaraq, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Həmin Qanunun 48-ci maddəsində ipotekanın xitamı əsasları təsbit edilmiş, belə əsaslardan biri kimi əsas öhdəliyin xitamı müəyyən edilmişdir. Qeyd olunduğu kimi, iddia müddətinin keçməsinin əsas öhdəliyin xitamına səbəb olmadığı nəzərə alınarsa, iddia müddətinin keçməsi “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsi üzrə əsas öhdəliyin icrasının təmini vasitəsi olaraq ipotekanın xitamı əsası kimi qəbul edilə bilməz. Lakin o da nəzərə alınmalıdır ki, ipoteka (girov) kreditorun tələbinin borclu tərəfindən yerinə yetirilməsini təminat altına almaq məqsədi ilə əşya üzərində kreditora tanınan bir əşya haqqıdır.Borclu tərəfindən öhdəliyin (kreditorun tələbinin) pozulduğu təqdirdə, kreditor ipoteka (girov) qoyulan həmin əşyanı satdırmaqla əldə olunan vəsait hesabına pozulmuş əmlak mənafeyini bərpa etmək imkanına malik olur. Yəni ipoteka (girov) bir tələbin yerinə yetirilməsini təmin edən məhdud əşya hüququ olduğundan müstəqil deyil, “əlavə” (Mülki Məcəllənin 269.5, 376 və s. maddələri) bir haqdır. İpoteka (girov) tələbinin əmələ gəlmə səbəbi, məqsədi və təyinatı şəxsi tələb hüququnun yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı olduğundan, ipoteka (girov) tələbinin yaranması üçün ilk öncə şəxsi tələb hüququ olmalıdır. Odur ki, Mülki Məcəllənin 376-cı maddəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddətinin keçdiyi təsbit edilmişdir. Əsas tələb üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi icrası mümkün olmadığından, bu tələblə bağlı olan girov və ipotekaya da məcburi tutmanın yönəldilməsi istisna edilmişdir. Beləliklə, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur. Bununla yanaşı o da göstərilməlidir ki, girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında da vurğulanmışdır ki, əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh LPO Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(006)- 953/2022 saylı qətnaməsi ləğv olunsun. İddia rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova Hakimlər: Fuad Babayev Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-3089/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3089/2022
25.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver