Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3090/2022 31.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “istifadə hüququnun itirilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6248/2021 saylı, 22 fevral 2022-ci il tarixli nömrəli qərardadından Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “istifadə hüququnun itirilməsi və mənzilin boşaldılması” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., M.Cəlal küçəsi, ev 54, 46 saylı mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh1, X3, X4 və X1 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., M.Cəlal küçəsi, ev 54, 46 saylı mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı həmin mənzilə köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6248/2021 saylı, 22 fevral 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış, qərardad belə əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəməmişdir. Həmin qərardaddan Cavabdeh1 nümayəndəsi-vəkilinin şikayəti birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilərək qərardad ləğv edilməli və apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti ilə bağlı ödənilməli olan dövlət rüsumunun məbləği 2021-ci ilin oktyabr ayına qədər qüvvədə olan “Dövlət rüsumu” haqqında Qanunun tələbinə əsasən bu tipli iddia ərizələrinə görə müəyyən edilmiş dövlət rüsumu məbləğinin 50 faizi məbləğində olmalıdır. Digər tərəfdən, iddiaçının iddia ərizəsi verərkən müəyyən edilmiş dövlət rüsumu məbləğindən artıq məbləğ ödəməsi qətnamədən apellyasiya şikayəti verilərkən həmin rüsumun 50 faizi məbləğində dövlət rüsumu ödəməsinə əsas ola bilməz. Belə ki, “Dövlət rüsumu” haqqında Qanunun tələbinə əsasən apellyasiya və kassasiya şikayəti verərkən ödənmiş dövlət rüsumunun 50 faizi deyil, məhz "müəyyən edilmiş dövlət rüsumunun 50 faizi” miqdarında rüsum ödənilməsi nəzərdə tutulmuşdur. Bu hala isə birinci instansiya məhkəməsi tərəfindən lazımi şəkildə qiymət verilməmişdir. Bundan başqa, kollegiyanın qənaətinə görə apellyasiya şikayətinin qanunvericiliyin tələbinə uyğun verilib-verilmədiyinə yenidən qiymət verilərkən birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərədə tutulmuş müddət məsələsinə də münasibət bildirilməlidir. Belə ki, iş materiallarında olan poçt qəbzindən (xəbərnamədən) görünür ki, Cavabdeh1 ünvanlanmış qətnamənin surəti 15 noyabr 2021-ci il tarixdə qəbul edilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilərək qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, məhkəmə apellyasiya şikayətinin qanunvericiliyin tələbinə uyğun verilib-verilmədiyinə yenidən qiymət verməlidir. Nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin tələblərinə əsasən apellyasiya şikayətinin qanunvericiliyin tələbinə əsasən verilib-verilmədiyini yoxlamaq səlahiyyəti birinci instansiya məhkəməsinə aiddir. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti isə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6248/2021 saylı, 22 fevral 2022-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-3090/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3090/2022
31.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver