Məhkəmə qərarları › İş №2(103)-3090/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3090/2024

14.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3090/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa edilmə, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanması və mənəvi zərər” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “işə bərpa edilmə, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanması və mənəvi zərər”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-1482/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əmək müqaviləsinin ləğv edilməsi barədə 13 iyul 2023-cü il tarixli əmrinin 01/23 saylı əmrinin ləğv edilməsi, iddiaçının işlədiyi “"xxxx" MMC-də ofis meneceri vəzifəsinə bərpa edilməsi, Cavabdeh MMC tərəfindən 13 iyul 2023-cü il tarixdən başlayaraq iddiaçının işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqısının hesablanaraq ödənilməsi, Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdeh müəssisədə ofis meneceri kimi 600 manat əmək haqqı ilə işə düzəlmişdir, həmin zaman onunla 3 aylıq əmək müqaviləsi imzalandı, hansı ki, xx.xx.2023-cü ildə bitdi. Bu müddət sınaq müddəti kimi imzalanmamışdır. 13 iyulda əmr verildi ki, o, işdən çıxsın. Həmin əmr hələ də ona təqdim edilməmişdir. Ona sadəcə əmək kitabçasını göndəriblər. Belə ki, əvvəlcə orda onun ixtisara düşəcəyi, ona görə də özünün ərizə yazıb işdən çıxması deyilmişdir. O, isə həmin əsasla işdən azad etmələrini, öz ərizəsi ilə işdən çıxmayacağını bildirmişdir. Sonra isə ona işdən azad edildiyi bildirməklə işindən kənar edilmiş, işə qəsdən gəlməmək görüntüsü yaratmaqla əmək müqaviləsinə əsassız və qanunsuz olaraq xitam verilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə ona həmin gün üçün 7 saatlıq icazə vərəqəsi verilib. Rəsmi qaydada rəhbər tərəfindən də imzalanıb. 13 iyulda isə ona bildirmişlər ki, guya o, 23 iyundan işə gəlmir, halbuki həmin gün o icazəli olmuşdur və işə gəlməli deyildi. Sonra ona müəssisə rəhbəri Lətif bəyin imzası ilə xəbərdarlıq göndərilmişdir. Sonradan Lətif bəy ona demişdir ki, o imza da onun deyil. Münasibətlər həmin yerdə işləyən Günay adlı xanımla pozuldu. Ona ərizə yazdırmaq istəmişlər, digər işçilər özləri ərizə yazaraq çıxmış, o isə buna razı olmamışdır. Asan imzadan o heç zaman istifadə etməmişdir, heç onun asan imzadan istifadə etməyə, sistemə daxil olmağa icazəsi də olmayıb.

3. Xətai Rayon Məhkəməsinin 2(011)-1482/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Şəhriyar Əliyeva) ilə iddia ərizəsi qismən təmin edilmiş, iddia tələbinin qismən təmin edilməsi, "xxxx" MMC-nin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 13 iyul 2023-cü il tarixli 01/23 saylı əmrinin ləğv edilməsi, İddiaçı “OFİS PLUS" MMC-də ofis meneceri vəzifəsinə bərpa edilməsi, Cavabdeh MMC tərəfindən 13 iyul 2023-cü il tarixdən başlayaraq İddiaçı işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi və Cavabdeh MMC-dən 100 (yüz) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

4. İddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsi sübutları təhlil edərkən lazimi araşıdırma aparmamışdır. Belə ki, iş materialarında olan Əmək Müqavilələrindən görünür ki, cavabdehlə iddiaçı arasında xx.xx.2022-ci il tarixində 3 aylıq müddətli əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı Cavabdeh MMC-yə ofis meneceri vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixində 3 ay müddətinə bağlanmış əmək müqaviləsi Əmək Məcələsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən xx.xx.2023-cü il tarixinə kimi uzadılmış hesab olunmuşdur. Cavabdeh (işəgötürən) və iddiaçı (işçi) arasında xx.xx.2023-cü il tarixində Əmək Müqaviləsinə dəyişiklik edilərək xx.xx.2023- cü il tarixinə kimi qüvvədə olan Əmək Müqaviləsi bağlanılmışdır. Cavabdeh Əmək Müqaviləsinin vaxtını xx.xx.2023-cü ildə razılaşdırılmış qaydada uzadarkən öz maliyyə imkanlarını və işçiyə olan ehtiyacını nəzərə aldığı üçün 2 ay müddətinə uzatmışdır. Müəssisənin direktoru işçini çağıraraq xx.xx.2023-cü ildə Əmək Müqaviləsinin müddəti bitəndə uzatmayacağı barədə şifahi bildiriş vermişdir. İş materialarında olan xx.xx.2023- cü il tarixindən xx.xx.2023-cü il tarixədək uzadılmış Əmək Müqaviləsinin iddiaçı tərəfindən uzadılmasına dair xx.xx.2023-cü il tarixli 001-23 nömrəli Aktdan görünür ki, icraçı direktor-Abdulayev Lətif, baş mühasib-Jalə Abbasova, marketinq üzrə menecer Aytən Kərimli, 1C operator- Şükranə Axundova, satış meneceri-Xanım Kərimova imza etməklə, Ofis menecer vəzifəsində çalışan İddiaçı Əmək Məcələsinin 10-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, vəzifəsindən sui-istifadə edərək Rəhbərliyin xəbəri olmadan Əmək Münasibətləri və Məşğuluq alt sistemində dəyişikliklər etdiyi, dəyişikliyin etibarsızlaşdırılması ilə əlaqədar Əmək Müfəttişliyinə müraciət ünvanlandığı qeyd edilmişdir. Birinci İnstansiya Məhkəməsixx.xx.2023-cü il tarixli 001-23 nömrəli aktı mövcud olduğunu və həmin aktın iş materialarında olmasına baxmayaraq qətnaməsində qeyd edir ki, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, o cümlədən əmək vəzifələrinin kobud şəkildə pozulmasına dair halar məhkəmə tərəfindən müəyyən olunmadı. Birinci İnstansiya Məhkəməsi qətnamə qəbul edərkən sadə məntiqdən istifadə edərək cavabdehin nə üçün özünün uzatdığını ehtimal etdiyi Əmək Müqaviləsinin iddiaçı tərəfindən qanunsuz olaraq uzatması barədə 6 gün sonra yəni xx.xx.2023-cü il tarixdə 001-23 nömrəli akt tərtib etməsini araşdırmamışdır. İş materialarındanda görünür ki, xx.xx.2023- cü il tarixində xx.xx.2023-cü il tarixədək uzadılmış Əmək Müqaviləsi işçinin Əmək funksiyaları kobud şəkildə pozması nəticəsində yaranmış saxta Əmək Müqaviləsidir. Cavabdeh xx.xx.2023- cü il tarixində xx.xx.2023-cü il tarixədək uzadılmış Əmək Müqaviləsinin işçinin özü tərəfindən uzadılması barədə xx.xx.2023-cü il tarixdə 001-23 nömrəliAkt tərtib etmiş və xx.xx.2023-cü il tarixində Əmək Müfəttişliyinə müraciət ünvanlayaraq, işçi İddiaçı vəzifəsindən sui istifadə edərək, rəhbərliyin xəbəri olmadan Əmək Münasibətləri və Məşğuluq alt sistemində dəyişikliklər etdiyi qeyd edilmiş, həmin dəyişikliyin etibarsız hesab edilməsinə imkan yaradılması xahiş edilmişdir. Odur ki, Birinci İnstansiya Məhkəməsi İddiaçı özü tərəfindən uzatdığı saxta Əmək Müqaviləsinə münasibət bildirməmiş və qanunvericiliyin tələblərini pozaraq qanunsuz qətnamə çıxartmışdır. Birinci İnstansiya Məhkəməsi qətnaməsində xx.xx.2023-cü il tarixli Əmrin məzmununa dair tələblərin qanunvericiliklə müəyyən olunmasına baxmayaraq, müvafiq əmr işəgötürən tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş məzmuna uyğun tərtib edilməmişdir kimi əsaslandırmağa çalışsa da Əmək qanunvericiliyində nəzərdə tutulmuş hansı tələblərə uyğun olmadığını konkret olaraq göstərməmişdir. Bundan başqa Birinci İnstansiya Məhkəməsi qətnaməsində qeyd edir ki, əmrdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi əsaslandırılmamışdır. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş Əmrin məzmununda iddiaçının AR ƏM-nin 70-ci maddəsinin Ç bəndinə əsasən çıxarılması göstərilmiş və məhkəmə araşdırması zamanı isə işçinin üzrsüz səbəbdən işdə olmaması barədə iş materialarında olan İddiaçı göndərilmiş xx.xx.2023-cü il tarixli Xəbərdarlıqdan görünür ki, onun işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən 24 iyun 2023-cü il tarixində iş yerinə gəlməməsinin aktlaşdırıldığı və işə qarşı laqeyd yanaşması və əmək vəzifələrinin kobud şəkildə pozmasını əsas tutaraq, əmək müqaviləsinə xitam veriləcəyi qeyd edilmişdir. İş materialarında olan xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, icraçı direktor Abdulayev Lətif, baş mühasib-Jalə Abbasova, mühasib köməkisi- Şükranə Axundova imza etməklə, xx.xx.2023-cü il tarixindən bugünədək cəmiyyətin Ofis meneceri vəzifəsində çalışan əməkdaşı İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzürlü səbəb göstərmədən tam iş günü ərzində işə gəlmədiyi qeyd edilmişdir. Lakin yuxarıda göstərilən faktiki haları və təqdim edilmiş mötəbər sübutlara Birinci İnstansiya Məhkəməsi əhəmiyyət verməmiş və ƏM-nin 84-cü maddəsinin tələblərini pozaraq qanunsuz qətnamə çıxarmışdır. İşəgötürən tərəfindən işçiyə işdənçıxma barədə ərizə yazmaq təklif edilməyib və iş materialarında da bununla bağlı heç bir sübut yoxdur. Həmçinin işçinin özü tərəfindən X6 Xidmətinə xx.xx.2023-cü il tarixində göndərilmiş ərizədə qeyd edilən halarcavabdehin təqdim etdiyi mötəbər sübut olan xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 001-23 nömrəli Aktın tərtib edildiyindən sonra yazılmışdır və işçinin öz qanunsuz əmələrini pərdələmək məqsədi daşıyır. Bununla yanaşı İddiaçı öz hüquqlarının bərpası məqsədilə hansı xərclərin çəkməsi və mənəvi sarsıntıya və şüura təsir göstərən hansı mənfi reaksiyaya səbəb olan haların mövcud olduğunu əsaslandırmamışdır və bu halar iş materialarında olan sübutlarla da təsdiq olunmur. Bu səbəbdən, qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, eyni zamanda qeyd etdi ki, 16 iyun 2023-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitmişdir. Həmin tarixdən 6 gün sonra iddiaçı işdə olmuşdur. 16 iyun 2023-cü il tarixdə bitməli olan müqavilə 3 ay müddətinə işəgötürənin razılığı olmadan uzadılmışdır. Bu barədə müvafiq akt tərtib edilmişdir. İddiaçının işdən çıxarılması əsası isə üzrlü səbəblər göstərilmədən işə çıxmaması olmuşdur. Bununla belə, cavbdehin nümayəndəsi əmr verilməmişdən öncə hansı səbəbdən cavabdehin izahatının alınmamasının, eləcə də, iddiaçının, doğrudan da, özbaşınalıq edərək, rəhbərliyin məlumatı olmadan MMC-nin asan imzasından istifadə etməklə Məşğulluq alt sistemə daxil olaraq əmək müqaviləsinin müddətini saxtalaşdırmışsa, nəyə görə bu barədə müvafiq orqanlara məlumat verilməməsi, həmçinin də iddiaçının məhz elə həmin əsasla işdən çıxarılmamasının səbələrini inandırıcı və ağlabatan şəkildə izah edə bilməmişdir. Həmçinin qeyd etdi ki, müəssisənin maliyyə vəziyyəti ilə əlaqədar ixtisarla bağlı iddiaçıya işdən ərizə yazaraq çıxması təklif edilmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, qətnamə qanuni və əsaslıdır. Belə ki, müəssisə tərəfindən ona bildirilmişdir ki, ixtasara düşəcək, bu səbəbdən də ərizə yazaraq öz ərizəsi ilə işdən çıxsın, o isə bundan imtina etmişdir, bundan sonra ona qarşı qərəzli münasibət olmuş, onunla bağlı əsassız olaraq akt tərtib edilmişdir. Bundan başqa, onunla bağlanmış müqavilənin müddətinin uzadılması MMCnin istəyi ilə olmuşdur, onun MMC-yə məxsus asan imzaya və alt sistemə hər hansı müdaxilə imkanı yoxdur. Eyni zamanda, bildirdi ki, sözügedən akt tərtib edilərkən və onun barəsində əmr verilərkən onun izahatı alınmamışdır. Sübutların tədqiqi:

8. Rayon Məhkəməsi baxışı zamanı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında xx.xx.1995-ci il təvəllüdlü X3 şahid qismində ifadə verərək bildirmişdir ki, işçiləri müxtəlif saytlarda elan verməklə tapırlar, İddiaçı də CV göndərmiş, daha sonra ofisə gəlmişdir, ilkin olaraq təsisçi Günay xanım onu qəbul edib və onu işə götürməyə razılaşıb, sonradan isə icraçı direktor o olduğuna görə onunla da razılaşıb, 3 aylıq müddətli əmək müqaviləsi bağlanıb, İddiaçı ilə hər hansı bir düşmənçilik yoxdur, həmin müəssisədə 10 nəfər işçi var, hamısı müddətli əmək müqaviləsi əsasında işləyir, ona görə ki, bəzən həmin sahə üzrə işçiyə ehtiyac olmur, Səmayədən başqa ştatda baş mühasib, mühasib, 1C mütəxəssisi, satış müdiri, 3 nəfər satış meneceri, 2 sürücü və direktor olub. Səmayənin müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitirdi, ilk dəfə işə qəbul ediləndən sonra iki dəfə əmək müqaviləsinin müddəti uzadılmışdır, lakin sonradan ofis menecerinə ehtiyac olmadığına görə təsisçinin sözünə görə martda Səmayəyə deyildi ki, apreldə müqavilə bitir, sonra iş tapmağına kömək etmək məqsədilə müqavilə daha iki ay müddətinə uzadıldı, ilk müqavilə xx.xx.2022-ci il tarixdə bağlanıb, 2023-cü ilin yanvar və aprel ayında müəssisə tərəfindən uzadılıb, Səmayəyə may ayında xəbərdarlıq edildi ki, iyun ayında müqavilənin müddəti yenidən uzadılmayacaq, may ayında Səmayəyə xəbərdarlıq edildiyinə görə iyun ayında yenidən xəbərdarlıq edilməyib, həmin dövrdə başqa iş tapması üçün üçün şərait də yaradılıb. Sonradan aşkarlandı ki, Səmayə özü iyun ayında icazəsiz olaraq ƏMAS-dən müqaviləni növbəti dəfə uzadıb, Səmayəyə deyib ki, etdiyi bu iş düzgün deyil, o da uzatdığını qəbul etdi, indi isə bunu inkar edir. Bundan sonra 23-24 iyun tarixində Səmayənin işdən çıxması barədə əmr verib, Səmayəni müqaviləni özü artırdığına görə Əmək Məcəlləsinin 70(ç)-ci maddəsi ilə işdən çıxarıb, insandır, səhv edə bilər, buna görə də, onu prokurorluğa verməyiblər, Səmayəni öz ərizəsi əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsi ilə işdən çıxarmaq istəmişdir ki, Səmayə üçün gələcəkdə iş tapmaqda hər hansı problem olmasın. Lakin ərizə yazmasa, 70(ç)-ci maddəsi ilə çıxaracağını deməyib, işdən çıxarma məsələsini təsisçi və o birlikdə məsləhətləşib, başqa cür işdən çıxartmaq mümkün olmadı, ona görə də bildirildi ki, ərizə yazıb çıxsın, çünki başqa cür olsaydı, kompensasiya ödəməli idi.

9. Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı xx.xx.2022-ci il tarixdə ofis meneceri vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, Əmək Müqaviləsi xx.xx.2023-cü il tarixədək 3 aylıq müddətə bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə görə işçiyə hər ay 663,15 manat məbləğdə əmək haqqı ödənilir.

10. Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı xx.xx.2022-ci il tarixdə ofis meneceri vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, Əmək Müqaviləsi xx.xx.2023-cü il tarixədək 8 aylıq müddətə bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə görə işçiyə hər ay 669,71 manat məbləğdə əmək haqqı ödənilir. Müqavilənin 8.2-ci maddəsinə əsasən, bu Əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli dəyişikliklər, əlavələr edilmişdir.

11. Mülki iş materiallarında olan xx.xx.2023-cü il çap tarixli Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı Bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023cü il tarixdə əmək müqaviləsinə dəyişikliklər olmuş, müddətli əmək müqaviləsi bağlanmaqla müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir.

12. Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı xx.xx.2022-ci il tarixdə ofis meneceri vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, Əmək Müqaviləsi xx.xx.2023-cü il tarixədək 11 aylıq müddətə bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə görə işçiyə hər ay 669,71 manat məbləğdə əmək haqqı ödənilir. Müqavilənin 8.2-ci maddəsinə əsasən, bu Əmək müqaviləsinə 4 (dörd) dəyişikliklər, əlavələr edilmişdir. Dəyişikliyin qüvvəyə minmə tarixi: xx.xx.2023.

13. Mülki iş materiallarında olan xx.xx.2023-cü il çap tarixli Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı Bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023cü il tarixdə əmək müqaviləsinə dəyişikliklər olmuş, müddətli əmək müqaviləsi bağlanmaqla müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir.

14. Mülki iş materiallarında olan xx.xx.2023-cü il tarixli 001-23 nömrəli Aktdan görünür ki, icraçı direktor-Abdullayev Lətif, baş mühasib-Jalə Abbasova, marketinq üzrə menecer Aytən Kərimli, 1C operator-Şükranə Axundova, satış meneceri-Xanım Kərimova imza etməklə, Ofis menecer vəzifəsində çalışan İddiaçı Əmək Məcəlləsinin 10-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, vəzifəsindən sui-istifadə edərək Rəhbərliyin xəbəri olmadan Əmək Münasibətləri və Məşğulluq alt sistemində dəyişikliklər etdiyi, dəyişikliyin etibarsızlaşdırılması ilə əlaqədar Əmək Müfəttişliyinə müraciət ünvanlandığı qeyd edilmişdir.

15. İşəgötürən tərəfindən xx.xx.2023-cü il tarixində Əmək Müfəttişliyinə müraciət ünvanlayaraq, işçi İddiaçı vəzifəsindən sui-istifadə edərək, rəhbərliyin xəbəri olmadan Əmək Münasibətləri və Məşğulluq alt sistemində dəyişikliklər etdiyi qeyd edilmiş, həmin dəyişikliyin etibarsız hesab edilməsinə imkan yaradılması xahiş edilmişdir.

16. İddiaçı göndərilmiş xx.xx.2023-cü il tarixli Xəbərdarlıqdan görünür ki, onun işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən 24 iyun 2023-cü il tarixində iş yerinə gəlməməsinin aktlaşdırıldığı və işə qarşı laqeyd yanaşması və əmək vəzifələrinin kobud şəkildə pozmasını əsas tutaraq, əmək müqaviləsinə xitam veriləcəyi qeyd edilmişdir.

17. Mülki iş materiallarında olan xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, icraçı direktor Abdullayev Lətif, baş mühasib-Jalə Abbasova, mühasib köməkisi-Şükranə Axundova imza etməklə, xx.xx.2023-cü il tarixindən bugünədək cəmiyyətin Ofis meneceri vəzifəsində çalışan əməkdaşı İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzürlü səbəb göstərmədən tam iş günü ərzində işə gəlmədiyi qeyd edilmişdir.

18. xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, İddiaçı Cavabdeh MMC-nin təsisçisi X4 müraciət ünvanlayaraq xx.xx.2023-cü il tarixində ona vəzifə öhdəliklərini əks etdirilməyən əssasız akt təqdim olunduğu, onun işçi hüquqlarını kölgədə qoyan akta qeyri-leqal əsaslanaraq müəssisəyə gəlməyi və işinə davam etməyinin əsassız şəkildə qadağan olunduğu, xx.xx.2023-cü il tarixində yaşadığ ünvana şirkət rəhbərliyi tərəfindən müəssisəyə buraxılmamağına baxmayaraq dələduzluq ifadə edilə bilən xəbərdarlıq kağızı göndərildiyi qeyd edilmişdir.

19. “Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 01/23 №-li Əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin ç) bəndinə (işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozduqda) əsasən, xx.xx.2023-cü il tarixdə xitam verilmiş, işçinin xx.xx.2022-xx.xx.2023 cü il tarixi dövrünü əhatə edən iş ili üçün istifadə etmədiyi 23 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi əmr edilmişdir.

20. 4030444 nömrəli Əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-də ofis meneceri vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə ƏMnin 70-ci maddəsinin ç) bəndinə əsasən işdən azad edilmişdir.

21. xx.xx.2023-cü il tarixli 001 nömrəli aktdan görünür ki, ******* nömrəli Əmək kitabçası xx.xx.2023-cü il tarixdə İddiaçı (təhvil alan) və X3 (təhvil verən) tərəfindən imzalanmaqla təhvil verilmişdir.

22. Bakı 13 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı iştirak edərək, 50 manat xərci ödəmişdir.

23. İcazə formasından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 7 saat müddətinə icazə almış, icazə forması “icazə alan əməkdaş” və “birbaşa rəhbər” qrafasında imza edilmişdir.

24. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı X9 Xidmətinə aşağıdakı məzmunda müraciət ünvanlamışdır, işə başladığı müddət ərzində ofis meneceri vəzifə öhdəlikləri ilə birgə özrazılığı və razılıq ərizə olmadan Mühasib köməkçisi, HR vəzifəsi də icra etmişdir. Bunları məcbur etməyinin səbəbi gənc bir kadr olaraq ailəsinə baxmaq və şəxsi ehtiyaclarını ödəmək məcburiyyətində olduğu üçün idi. Bir neçə vaxt işsiz qaldığı üçün işə qəbul olduqdan və rəsmiləşdikdən sonra qarşısına qoyulan qanunsuz şərtlər və tələblərə əməl etmək məcburiyyətində olmuşdur. Bu vəzifələri icra etdiyi müddətdə ona heç bir əlavə əmək haqqı və mükafat verilməmişdir. Bununla birgə qeyri iş günləri işlədiyi vaxtlar və Overtime işlədiyi saatlar əmək haqqı Azərbaycan Respublikasının Əmək Məcəlləsində göstərildiyi qanuna uyğun olaraq ödənilməmişdir. Aprel 2023-cü il tarixindən etibarən şirkətin X8 tərəfindən ona və digər işçilərə dayanmadan işdən çıxmağı üçün təzyiq olunmağa başladı. Müqavilənin bitməyinə az qaldığı üçün artıq çıxmağı lazım olduğu bildirildi, o isə işini tələb olunan şəkildə, hətta artıqlaması ilə yerinə yetirdiyini bildirmişdir. Əsas səbəbini soruşduqda isə ona “İşçi ixtisarı” deyilərək əsassız səbəb göstərilmişdir. İşçi ixtisarı varsa qanunvericilikdə ki maddə ilə xitam verilməli olduğunu bildirmişdir. Bu səbəbi əsaslandırmaqlarına baxmayaraq yenə də yeni işçilər çağırılır və qəbul olunurdu. Bunuda qeyd etmək istəyir ki hal hazırda rəssmiləşdirmədən işlədilən işçilər də mövcuddur. Əvvəllər ondan məcburən tələb edilən işçilərin şəxsi məlumatları olan qovluqlar və sənədlər götürülmüşdür və təsisçi otağına qoyulmuşdur ki əl çatmaz olsun. Daha sonra müqaviləsi 1 ay müddətinə uzadıldı. Uzadılan müqavilə bitməzdən 1 gün öncə isə ƏMAS- də müqaviləsi 3 ay müddətinə uzadılmışdı və o də artıq çıxartmaq istəmədiklərini düşünərək müdiriyyət ilə danışmağa ehtiyyac qalmadığını düşünüb işinə davam etmişdir. Sonra təsisçi Günay Abbasova ofisə gələrək “Bu niyə burdadı?” kimi ifadələr işlədərək otağına getmişdir. Qeyd etmək istəyir ki, E-gov hökümət portalına, ƏMAS və digər dövlət saytları sisteminə onun girməyinə icazə verilmirdi və ASAN İMZA ilə işləməyi qadağan olunmuşdu. 2 ay müddət ərzində ona X8 və şirkətin maliyyəçisi adlandırılan (rəsmi olaraq Cavabdeh MMC-də qeydiyyata alınmamışdır lakin işçilər barəsində haqsız, əsassız qərarları birgə qəbul edirdilər) onun həyat yoldaşı Elvin Abbasov tərəfindən “artıq bizə lazım deyilsən” kimi ifadələr və təhqirlər işlədilərək məcburən işdən çıxma ərizəsini öz xoşluğu ilə yazmağına yoxsa ona və gələcəkdəki karyerasına necə bir təsir göstərəcəyinə dair tədbir görəcəklərini bildirirdilər. Müqaviləsinin müddəti uzadılqığı təqdirdə işə ehtiyycı olduğu üçün müqavilə müddəti bitənədək və yeni iş tapanadək yenədə məcburən tələb etdikləri, öz öhdəliyində olmayan işləri də görməyə məcbur qalmışdır. Ona icazə verilmədiyi üçün bu vaxt ərzində məcburən icra etdiyi mühasibatlığa aid məxfi sənədlərin nümunələri təəssüf ki hal hazırda onda yoxdur, lakin digər işlərlə bağlı onun üstünə atılan və məsulliyyət daşığımağına məcbur situasiya yaradacaq sənədləri ərizəsinə əlavə olaraq tikiləcəkdir. Ona qarşı qərəzli münasibətlərinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab olunan sənəd hazırlayaraq, bir növ təhdid olaraq qəbul edilə bilən, şərəf və ləyaqətinin alçaldılmasına səbəb olan şəxlərin qanuna uyğun olaraq cəzalandırılmaqları ilə bağlı X9 əməkdaşlarına müraciyyətidir. Bu işlə bağlı işəgötürənin bir qadın işçiyə qarşı olunan haqsızlıqlar, şantaj və alçaldıcı ifadələr və təhqirləri qarşısında artıq tab gətirə bilmədiyini, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin təyin etdiyi qanunlara əsasən vicdanlı bir şəkildə tədbir görməklərini xahiş etmişdir.

25. xx.xx.2023-cü il tarixli müraciət vərəqəsi və izahatdan görünür ki, İddiaçı X6 Xidmətinə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixindən müəssisəyə girişi qadağan olunmuşdur, səbəb olaraq ərizəsini yazmadığı üçün təsisçi tərəfindən Dövlət X1raq göndərilən sənəd olduğu bildirildi, işinə X5 tərəfindən xitam veriləcəyi deyilərək “artıq işə gəlmə” kimi ifadə bildirilərək işdən göndərilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsi:

26. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

27. Maddə 70. ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

28. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

29. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

30. Maddə 72. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

31. Maddə 76.2 Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericiliklə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

32. Maddə 83.1 Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

33. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

34. Maddə 84.1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir.

35. Maddə 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

36. Maddə 196.5. İşçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur.

37. Maddə 288. Bu Məcəllə ilə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi və s. məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır.

38. Maddə 290.3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.

39. Maddə 290. Qeyd hissəsi. Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.

40. Maddə 292.2. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər.

41. Maddə 294.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

42. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

43. Maddə 296.3 Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

44. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

45. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019 cu il 18 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

47. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

51. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

52. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

53. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

54. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

55. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

56. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

57. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

58. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

59. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri: Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

60. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixində müddətli əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı Cavabdeh MMC-yə ofis meneceri vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində müqavilənin müddəti uzadılaraq xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir, əmək müqaviləsi sonuncu dəfə uzadıldıqdan sonra işəgötürən, müqavilənin işçi İddiaçı tərəfindən özbaşına uzadıldığını iddia etməklə onun öz ərizəsi ilə işdən çıxmasını tələb etmiş, işçi bu tələbi yerinə yetirməkdən imtina etmişdir.

61. Cavabdeh apellyasiya şikayətində belə bir tələbinin olmadığını bildirsə də, apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi işəgötürən tərəfindən iddiaçının özbaşına olaraq əmək müqaviləsinin müddətinin uzadılması ilə bağlı dəyişikliyin etibarsızlaşdırılması ilə əlaqədar Əmək Müfəttişliyinə müraciət edilməsi eləcə də həmin tarixdən sonra iddiaçı barəsində aktın tərtib edilməsi onu deməyə əsas verir ki, həqiqətən də, işəgötürən tərəfindən iddiaçının öz ərizəsi ilə işdən çıxması tələb edilmişdir.

62. Bundan sonra işəgötürən xx.xx.2023-cü il tarixdə İddiaçı məktub göndərilməklə “onun işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən 24 iyun 2023-cü il tarixində iş yerinə gəlməməsinin aktlaşdırıldığı və işə qarşı laqeyd yanaşması və əmək vəzifələrinin kobud şəkildə pozmasını əsas tutaraq, əmək müqaviləsinə xitam veriləcəyi” barədə xəbərdarlıq etmiş, xx.xx.2023-cü il tarixdə isə “İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixə qədər heç bir məlumat vermədən və üzürlü səbəb göstərmədən tam iş günü ərzində işə gəlməməsi” barədə akt tərtib edilmişdir, xx.xx.2023-cü il tarixli 01/23 №-li Əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, işçinin xx.xx.2022-xx.xx.2023-cü il tarixi dövrünü əhatə edən iş ili üçün istifadə etmədiyi 23 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi əmr edilmiş, əmək müqaviləsinə xitam verilməsi əsası kimi işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozması göstərilmişdir, əmək kitabçası xx.xx.2023-cü il tarixdə İddiaçı təhvil verilmişdir, işçi üzrlü səbəbdən (işəgötürənin icəzəsi ilə) xx.xx.2023-cü il tarixdə işə gəlməmişdir, işəgötürən xx.xx.2023-cü il tarixində “işçi İddiaçı vəzifəsindən sui-istifadə edərək, rəhbərliyin xəbəri olmadan Əmək Münasibətləri və Məşğulluq alt sistemində dəyişiklik etdiyi, həmin dəyişikliyin etibarsız hesab edilməsi” ilə bağlı Əmək Müfəttişliyinə müraciət ünvanlamış, işçi İddiaçı də “X6 Xidmətinə xx.xx.2023-cü il tarixində onun əmək hüquqlarının pozulması və işdən çıxmağı ilə bağlı təzyiqlər göstərilməsi, xx.xx.2023-cü il tarixində “xx.xx.2023-cü il tarixindən müəssisəyə girişinin qadağan olunması, işinə X5 tərəfindən xitam veriləcəyinin bildirilməsi, “artıq işə gəlmə” kimi ifadələr işlədilərək işdən göndərilməsi barədə” müraciət ünvanlamışdır. Həmçinin İddiaçı Cavabdeh MMC-nin təsisçisi G.Abbasovaya xx.xx.2023-cü il tarixində teleqram göndərərək, “xx.xx.2023-cü il tarixində ona vəzifə öhdəliklərini əks etdirilməyən əssasız akt təqdim olunması, onun işə getməyinə mane törədilməsi barədə teleqram ünvanlanmış, işçi hüquqlarının qorunması nəzərə çatdırılmışdır.

63. Bundan başqa, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin məzmununa dair tələblər qanunvericiliklə konkret müəyyən olunmasına baxmayaraq, müvafiq əmr işəgötürən tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş məzmuna uyğun tərtib edilməmiş, o cümlədən əmrdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi əsaslandırılmamışdır.

64. Belə ki, əmrin məzmununda işəgötürən işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetiməməsini, həmçinin əmək vəzifələrini kobud şəkildə pozulmasını qeyd etsə də, bunların ifadə olunduğu halları göstərməməklə və əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamaqla, əmək qanunvericiliyinin tələblərinə riayət etməmişdir.

65. Cavabdeh qeyd olunan əmrin verilməsinə əsas kimi iddiaçının üzrsüz səbəb olmadan işə çıxmaması ilə izah etməyə çalışsa da, mübahisələndirilən əmrin məzmunundan görünür ki, əmrdə qeyd edilənlər əsaslandırılmamışdır.

66. Halbuki, Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

67. Göründüyü kimi, işçiyə irad kimi xəbərdarlıq edilmiş “xx.xx.2023-cü il tarixində işə gəlməməsi”, “xx.xx.2023-cü il tarixi və ondan sonrakı günlərdə işə gəlməməsi” və ya “əmək müqaviləsinin işçinin özü tərəfindən uzadılması ilə səlahiyyətini aşması” səbəblərindən məhz hansının işdən çıxarılma əsası olduğunu əsaslandırmamışdır.

68. Digər tərəfdən, müəyyən olunur ki, işəgötürən tərəfindən işçiyə qərəzli münasibət göstərilmişdir. Belə ki, iş materiallarından və işin müəyyən olunmuş hallarından görünür ki, işəgötürən işdən çıxma barədə işçiyə tələb irəli sürmüş (yəni işdən öz xahişi ilə çıxma barədə ərizə istəmiş), işçi bu tələbi qəbul etməmiş, bundan sonra onun “vəzifəsindən sui-istifadə edərək, rəhbərliyin xəbəri olmadan Əmək Münasibətləri və Məşğulluq alt sistemində dəyişiklik etdiyi, həmin dəyişikliyin etibarsız hesab edilməsi” ilə bağlı Əmək Müfəttişliyinə müraciət ünvanlamış, daha sonra isə, xəbərdarlıq məktubları göndərməklə, əvvəlcə “onun xx.xx.2023-cü il tarixdə işə gəlməməsinə görə”, daha sonra isə xx.xx.2023-cü il və ondan sonrakı dövrlərdə işə gəlməməsinə görə” əmək müqaviləsinə xitam veriləcəyi bildirilmiş, eyni zamanda işçi də xx.xx.2023-cü il tarixdə işəgötürən tərəfindən əmək hüquqlarının pozulması və işdən çıxmağı ilə bağlı təzyiqlər göstərilməsi, xx.xx.2023-cü il tarixdə “xx.xx.2023-cü il tarixindən müəssisəyə girişinin qadağan olunması və s. “artıq işə gəlmə” kimi məzmunda” X6 Xidmətinə müraciət ünvanlamış, rayon məhkəməsində izahat verən işəgötürənin nümayəndəsi işçinin işdən öz ərizəsi ilə çıxmasını təklif etdiklərini, ona işdən çıxarılacağı barədə əvvəllər də xəbərdarlıq edilməsini təsdiq etmişdir ki, bu hallar da işçiyə qarşı qərəzli münasibət olmaqla, onun öz vəzifə funksiyalarının normal yerinə yetirilməsi imkanını məhdudlaşdırmışdır.

69. Bununla da məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, işçinin qeyd edilən tarixlərdə işə gəlməməsi üzrsüz səbəb kimi qiymətləndirilə bilməz.

70. Bununla yanaşı, iddiaçının 2023-cü ilin iyun ayında əmək müqaviləsinin rəhbərliyinin icazəsi olmadan, özbaşına dəyişdirməsi barədə dəlillərinə münasibətdə cavabdeh tərəf mötəbər sübut təqdim etməmiş, həmin hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf iddiaçının belə bir əməl törətməsinə istinad etsə də, bu halın işçinin əmək müqaviləsinə xitam verilməsi üçün yetərli əsas olduğu halda, bunu etməməsi, belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı bu hərəkəti etməmiş, bu, sadəcə olaraq işəgötürənin iddiaçıya qarşı qərəzli mövqedə olmasını göstərir.

71. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhz qeyd olunan halların mövcudluğu onu deməyə əsas verir ki, cavabdehin hüquqa zidd əməli nəticəsində İddiaçı vurulmuş ziyanın aradan qaldırılması və iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır.

72. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməsi və həmin məbləğin 300 manat həddində qiymətləndirilməsi barədə rayon məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

73. Kollegiya yuxarıda qeyd edilənlərə əsasən bildirir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından və apellyasiya şikayəti əsassız olduğundan təmin edilə bilməz. Nəticə:

74. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

75. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-1482/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar