Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3091/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X23 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X6 ibarət tərkibdə, İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X7 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-830/2025 saylı, 14 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə direktorun təlim-tərbiyə işləri üzrə müavini, xx.xx.2005ci il tarixdə direktor vəzifəsinə təyin edilmişdir.
2. xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdən görünür ki, Mingəçevir şəhər 4 nörməli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir.
3. Mingəçevir şəhər Məhkəməsinin 1(051)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır.
4. İddiaçı xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklifini digər tərəfə ünvanlamışdır. Göndərilmiş təklifə cavab verilmədiyi üçün iddiaçı xx.xx.2024-cü il tarixində mediasiya təşkilatına müraciət etmiş, mediasiya sessiyasının keçirilməsi mümkün olmadığından təşkilat tərəfindən müvafiq məzmunlu arayış xx.xx.2024-cü il tarixində tərtib edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixində müvafiq əmri mübahisələndrimək məqsədilə məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 329-69/3-1- 25K/2024 nömrəli işdən azad edilmə barədə əmrin ləğv edilməsi, Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi, işəgötürənin qanunsuz əmri əsasında məcburi iş buraxdığı müddət üzrə əmək haqqı məbləğinin ödənilməsi, bu müddətin işçinin əmək stajına daxil edilməsi və tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, o, 1987-ci ildən Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə rus dili müəllimi kimi fəaliyyətə başlamışdır. 1992-1994 cü illərdə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə hərbi rəhbər, 1994-2005-ci illərdə direktorun təlim-tərbiyə işləri üzrə müavini, 2005-ci ilin avqust ayından xx.xx.2024-cü il tarixədək həmin məktəbdə direktor vəzifəsində işləmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, 329-69/3-1-125K/2024 nömrəli əmrinə əsasən müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Əmrin verilməsi üçün əsas kimi isə X29 Təhsil İdarəsinin müdiri Elçin Kərimovun əsaslandırılması, Mingəçevir şəhər 4 nömrəli orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli, 3 saylı protokolu, izahatlar və akt göstərilmişdir. Həmin dövrdə Mingəçevir şəhər Prokurorluğunda barəsində araşdırılma aparılmışdır. Məhkəmənin qanuni qüvvəsini almış qərarı olmadan əmək münasibətləri birtərəfli qaydada pozulmuşdur. İşdən azad olunmanın səbəbləri Prokurorluqda aparılan araşdırılma ilə əlaqədar olduğundan, nəticələrini gözləmək məcburiyyətində olmuşdur. Sonradan AR CMnin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməyinə dair cinayət işi Mingəçevir Şəhər Məhkəməsində baxılmış, məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Əmrdə qeyd edilən əsaslar ya mövcud deyildi, ya da söz-söhbətlərə əsaslanırdı. Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli, 03 saylı protokolu dəyişdirilmişdir. Həmin iclasda iştirak edən müəllimlər onun işdən azad edilməyinə etiraz etmişlər. Sonradan məlum olmuşdur ki, HİK-in sədrindən başqa məzmunda ərizə alınmışdır. O, son 19 il bu məktəbdə direktor vəzifəsində çalışmış və işlədiyi müddət ərzində verilən tapşırıqları vaxtında yerinə yetirmiş, gənc nəslin təlimtərbiyəsi, onların vətənpərvər böyüməsində, elmli, savadlı böyümələri üçün əlindən gələni etmişdir.
7. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X14 iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verildiyi üçün 1 aylıq iddia müddəti keçmişdir. İddiaçı ərizəsində cinayət işi ilə bağlı Mingəçevir Şəhər Məhkəməsinin qərarını gözlədiyini və buna görə də məhkəməyə işə bərpa ilə bağlı müraciət etmədiyini vurğulamışdır. Lakin bu hal iddia müddətinin ötürülməsi üçün səbəb hesab edilə bilməz. Çünki cinayət təqibi cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayətprosessual fəaliyyətdir. Əmək mübahisəsinin həlli cinayət təqibinin nəticəsindən asılı deyildir. İddiaçı ərizəsində bildirir ki, işdən azad edilən dövrdə Mingəçevir şəhər Prokurorluğunda barəsində araşdırılma aparılmış və məhkəmənin qanuni qüvvəsini almış qərarı olmadan əmək münasibətlərinə birtərəfli qayadada xitam verilmişdir. İddiaçı hesab edir ki, işdən azad olunmasının səbəbi prokurorluqda aparılan araşdırma ilə əlaqədar olmuş, lakin Agentlik tərəfindən araşdırmanın nəticəsi gözlənilmədən və heç bir əsas olmadan onun əmək müqaviləsi ləğv edilmişdir. Lakin bildirir ki, X20 Regional Təhsil İdarəsinin tabeliyində olan Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbin direktoru İddiaçı qanunsuz hərəkətləri barədə daxil olmuş həmin məkətbin müəllimi X4 müraciətinə əsasən 26.02.202-cü il tarixdə məktəbdə yoxlama keçirilmiş və ciddi nöqsanlar aşkarlanmışdır. Belə ki, iki kiçik xidmətedici işçinin-X1 və X15 öz vəzifə funksiyalarının yerinə yetirmədikləri, heç bir ərazini təmizləmədikləri, onların işinin digər işçilər arasında bölüşdürüldüyü müəyyənləşdirilmişdir. Məktəbin təşkilatıçısı Ülviyyə Qəhrəmanovanın ötən tədris ilində Vİİb, cari tədris ilində Vİİİb sinfində qeyri-rəsmi olaraq rəhbərlik etdiyi, valideyn iclasları keçirildiyi və sinif jurnallarının onun tərəfindən yazıldığı, həmin siniflərdə rəhbərliyə isə məktəb müəllimi Lemon İbrahimovanın tarifləşdirildiyi, hər ay sinif rəhbərliyi üçün ödənilmiş əmək haqqının L.İbrahimova tərəfindən Ü.Qəhrəmanovaya nağd şəkildə ödənildiyi müəyyən edilmişdir. Texniki işçilərin-X16, X26, X10, X17 və X11 məktəbdə texniki işçi kimi işə qəbul olunduqları, 2023-cü ilin iyun ayına kimi onlara əmək haqqı ödənilsə də işə gəlmədikləri, 2023-cü ilin may-iyun ayından işdən azad olunduqları müəyyən edilmişdir. Məktəbdə yoxlama keçirilən vaxt işdə olan texniki işçilər izahat verərək həmin şəxsləri tanımadıqlarını bildirmişlər. Qeyd olunan hallar barədə məktəbdə xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş və həmin akt iddiaçı və məktəbin direktor müavinləri tərəfindən imzalanmışdır. Yoxlama zamanı aşkar edilmiş nöqsanlarla bağlı işçilərin izahatları alınmış və aktda qeyd olunan nöqsanlar işçilərin izahatları ilə də təsdiqlənmişdir. Yəni əmrin verilməsi üçün əsas kimi X29 Təhsil İdarəsinin müdiri Elçin Kərimovun əsaslandırması, məktəbin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli, 03 saylı protokolu, izahatlar və aktlar göstərilmişdir. Mingəçevir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(051)-115/2024 nömrəli qərarından görünür ki, cinayət təqibi zamanı iddiaçının əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə əsas olmuş aktda qeyd olunan nöqsanlara yol verildiyi və həmin nöqsanlar nəticəsində büdcə vəsaitinin mənimsənildiyi təsdiq edilmişdir. Qərara əsasən iddiaçı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində qeyd olunan cinayətləri törətmişdir. O, cinayət nəticəsində vurulmuş 26280,25 manat ziyanı və cinayət nəticəsində vurulmuş ziyanın 25 faizini - 6571 manat məbləği dövlət büdcəsinə tamamilə ödədiyi üçün Cinayət-Prosessual Məcəlləsinin 43.2.2-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-830/2025 saylı 14 mart 2025ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil İş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, İddiaçı şəhərin təcrübəli direktoru olub. O, direktorun məsləhətçisi olmuşdur. Bu şəxs göstərilən nöqsanlara yol verməmiş, həmişə sözün düzünü deymiş, bu səbəbdən onu sevməmişlər. Cinayət işindən xəbəri olmuşdur.
10. İş üzrə şahid qismində dindirilmiş X27 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, həmkarlar komitəsinin sədri seçilmişdir. Yoxlama gəlib İddiaçı işdən azad edilməli olduğunu demiş, iclas belə keçirilməmişdir. Sektor müdiri Sevinc iddiaçının işdən azad edilməsi üçün qol çəkməli olduğunu bildirmişdir. O etiraz etmiş, imza çəkməmiş, 3 saat sektorda qalmışdır. Müəllimlər və laborantlar da etiraz etmişlər. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir.
11. Məhkəmə ilk növbədə cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsinin iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə ərizəsinə münasibət bildirməyi məqsədəmüvafiq hesab etmişdir. Belə ki, iddiaçı əmək müqaviləsinə xitam verildikdən sonra məhkəməyə müraciət edərək hüquq və qanuni mənafelərinin pozulduğunu iddia etmişdir. Halbuki yol verilmiş hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək imkanı qanunvericilikdə konkret olaraq bir ay müddətlə məhdudlaşdırılmışdır. İddiaçı isə vəzifəsindən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli əmri alsa da, xx.xx.2024-cü il tarixdə Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət üçün iddia müddətini ötürmüşdür.
12. İddiaçı bu qədər müddət ərzində məhkəməyə müraciət olunmamasını Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi barədə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qərar qəbul edilməsini gözləməsi ilə əlaqələndirmiş və ötürülmüş iddia müddətinin bərpa edilməsini xahiş etmişdir.
13. Hazırki işdə Mingəçevir şəhər Məhkəməsi tərəfindən baxılan cinayət işi ilə tərəflər arasındakı əmək mübahisəsində mövcud olan mübahisə predmeti, hər iki sahə üzrə hüquq pozuntularına görə dövlət hakimiyyət orqanlarının gəldiyi qənaət fərqli olduğundan və bir-birindən asılı edilmədiyindən, iddia müddətinin axımı iddiaçının vəzifəsindən azad edilməsi barədə əmrdən məlumatı olduğu dövrdən hesablanmalıdır. Belə ki, cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilməsi əsası kimi Əmək Məcəlləsini 70-ci maddəsinin “ç” bəndi çıxış edir. İddiaçı əmək münasibətləri zəminində özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Yəni əmək müqaviləsinə xitam verilməsi əmək münasibətləri çərçivəsində əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş tələblərə iddiaçı tərəfindən riayət edilmədiyindən cavab tədbiri kimi çıxış edir.
14. İddiaçı Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Mingəçevir şəhər Məhkəməsinin həyata keçirdiyi ədalət mühakiməsi isə onun tərəfindən cinayət qanunvericiliyi ilə qadağan edilmiş əməlin təqsirli olaraq törədilməsi ilə əlaqədar olmuşdur. Yəni, Mingəçevir Şəhər Məhkəməsinin iş üzrə çıxardığı nəticə İddiaçı tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə cinayətinin törədilməsindən irəli gəlir. Beləliklə, qeyd edilən müddətin uzun dövrü əhatə etdiyini və həmin müddətin üzrlü səbəblərdən buraxılmasına əsas verən hal olmadığından məhkəmə hesab edir ki, ötürülmüş iddia müddəti bərpa edilə bilməz.
15. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçının iddia tələbi ümumiyyətlə əsassızdır. Çünki iş materiallarına əlavə olunmuş HK-nın xx.xx.2024-cü ildə keçirilmiş iclasının 03 saylı protokolundan, X12, X35, İddiaçı, X19 və X8 iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan və Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin işçilərinin izahatlarından görünür ki, iddaçı İddiaçı məktəbdə direktor vəzifəsində əmək fəaliyyətini həyata keçirdiyi zaman müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol vermiş, vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirməmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X33 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğvi barədə əmr verməkdə haqlı olmuşdur.
16. Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən təqsirləndirilən şəxs İddiaçı əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur.
17. Təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətsə də, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud olmuşdur. Təqsirləndirilən şəxs İddiaçı cinayət əməlini törətməsi nəticəsində vurduğu 26280,25 manat məbləğində xeyli miqdarda maddi ziyanı tam şəkildə ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmiş, eyni zamanda vurulmuş 26280,25 manat məbləğində maddi ziyanın 25 faizini dövlət büdcəsinə ödəmişdir. Yekunda məhkəmə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi qərara almışdır.
18. Qeyd olunan qərardan görünür ki, iddiaçı Qazıyev X18 şəhər 4 saylı tam orta məktəbində əmək münasibətlərində olduğu zaman cinayət əməlləri törətmişdir. Dövlət büdcəsindən məktəbə ayrılmış, qanunsuz və əvəzsiz olaraq mənimsədiyi 26280,25 manat məbləğində vəsaiti və onun iyirmi beş faizini dövlət büdcəsinə ödədiyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə barışdığından cinayət məsuliyyətindən azad olunmuşdur. Lakin artıq məlum olduğu kimi Mingəçevir şəhər Məhkəməsinin qərarı ilə o, bəraətverici əsas olmadan sadəcə cinayət məsuliyyətdən azad edilmiş, məktəb üçün ayrılmış vəsaitin mənimsənilməsi üzrə hadisənin olması və İddiaçı həmin hadisəyə aidiyyəti inkar olunmur. Yəni həmin qərar İddiaçı əmək münasibətləri çərçivəsində vəzifə səlahiyyətlərindən suiistifadə edərək, nəinki əmək qanunvericiliyi, həmçinin cinayət qanunvericiliyinin tələblərinə əməl etməməsinin göstəricisidir və onun tərəfindən fəaliyyəti zamanı hüquq pozuntularına yol verilməsinin əlavə təsdiqləyici qüvvəsi kimi çıxış edir.
19. İddiaçı məktəbdə direktor vəzifəsini icra edərkən nöqsanlara yol vermədiyini bildirsə də, cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən əmək müqaviləsinin ləğvi ilə bağlı verilmiş əmrin əsassız olduğunu təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir.
20. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlmişdir ki, iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən və tələb əsassız olduğundan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35 və 71-ci maddələrinə; Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1, 70, 71, 76, 83, 84, 296.2 və 296.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
22. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-830/2025 saylı 14 mart 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov rayon məhkəməsi xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd etmiş və iddianın rədd edilməsini iddia müddətinin buraxılması və işdə olan sübutların işin faktiki hallarına uyğun gəlməsi ilə əsaslandırmışdır. xx.xx.2024-cü il tarixdə HİK-in iclası qanunvericilyin tələblərinə uyğun keçirilməyib, iclas protokolu qanunvericiliyin tələblərinə uyğun tərtib olunmayıb. Əmrin verilməsi üçün əsas olmuş X29 Təhsil İdarəsinin müdirinin əsaslandırmasında qeyd olunan şəxslərdən X9 və X11 adları nə ittiham aktında, nədə Maliyyə Nazirliyinin yoxlama aktında yoxdur. Lakin məhkəmə bu şəxslərin də adlarını qətnamədə qeyd etmişdir. xx.xx.2024-cü il tarixdə HİK-in iclası keçirilmiş və iclasda yalnız məktəbin coğrafiya müəlliməsi X5 etik daşranış qaydalarını pozması ilə bağlı məsələ araşdırılıb, eyni zamanda məktəbin direktoru İddiaçı kollektivdə rəhbərliyini davam etdirməsi ilə bağlı X29 Təhsil idarəsinə müraciət ünvanlanması qərara alınıb. İclasda Mingəçevir Şəhər Təhsil Sektorunun məsləhərçisi Qorxmaz Abbaszadə də iştirak edib. Əmrin verilməsi üçün əsas olmuş işçilərin izahatları hədə-qorxu gəlməklə, məcburi alınıb. Bu hallar xx.xx.2024-cü il tarixli akta əsasən sənədləşdirilib və məhkəməyə təqdim edilib.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə iclasında iştiak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, 1987-ci ildən həmin məktəbdə işləmişdir. 2005-ci ildə həmin məktəbə direktor təyin olunmuş, ondan əvvəl isə direktor müavini işləmişdir. 26 fevral 2024-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onu işdən azad etmişlər. İşdən azad olunmağında göstərilən sənədlərin hamısı saxtadır. Onun işdən çıxarılmağı üçün Həmkarlar İttifaqının Komitəsinin protokolu lazım idi, iclas keçirilməli idi və o da iştirak etməli idi. Məhkəmədə heç bir iclas keçirilmədən protokol təsis sektorunda təşkil olunmuş, Həmkarlar İttifaqının sədri həmin iclasa ora dəvət olunmuşdur. 3 saat orada saxlanıldıqdan və təhdid olunduqdan sonra imza çəkilmişdir. Bundan əlavə həmin protokol təlimata uyğun deyildir, orada nə katib, nə adam sayı, nə çıxış, nə də məqsəd göstərilmişdir. Eyni zamanda tarixlərdə də yanlışlıq vardır. Guya 26 fevral tarixində iclas keçirilmiş, məktub isə 23 marta yazılmışdır. Həmkarlar Komitəsinə göndərilən məktub nə məktəbə, nə də Həmkarlar Komitəsinə çatmışdır. O məktub buraya verilmişdirsə də saxtadır. Bundan başqa alınan izahatlar hamısı məcburi şəkildə alınmışdır. O, işdən fevral ayında çıxarılmış, guya o, mənimsəmə etmişdir, lakin həmin şəxslər 2023-2024-cü il tədris illərində işdə olmamışlar. Əsasnamədə göstərilən 5 nəfərlə ittiham aktında göstərilən şəxslər arasında fərq vardır. Onlar adamı Mərkəzi Rayon Reginal Təhsil İdarəsi və yaxud Təsis Sektorunun məktubu olmadan işə götürə bilməz və onlara pul da buraxılmır. O, özbaşına adam götürməmişdir. O, həmin şəxslərin aprel may aylarında işdən çıxarmışdır. Bundan başqa o, necə pis işçi olmuşdur ki, ona fəxri fərman verilmişdir. Cinayət işində zərəri ödədi ki, başqa cinayət işinə getməsin. İttihamlar hamısı o, işdən çıxandan sonra olmuşdu. O, buraya gəlmək və özünü müdafiə etmək üçün zərəri ödədi. 18 martda Mediasiyaya müraciət etdi, orada işinə baxdılar. Orada dedilər ki, cinayət işinə baxsınlar, qurtarsın və ondan sonra məhkəməyə müraciət edərsən.
26. Məhkəmə iclasında iştiak edən Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X14 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Həmkarlar İttifaqının razılığı alınmışdır. Həmkarlar İttifaqı əsasən məktəbin Həmkarlar İttifaqının sədrindən ibarətdir. Şəxs məktəbin Həmkarlar İttifaqına aiddir. Oradan hər hansı protokolun alınması onların səlahiyyətlərinə aid deyildir. Onların razılığını aldıqdan sonra təqdimata əsasən işçini işdən azad etmişlər. Cinayət işi ilə bağlı bildirmişdir ki, Mingəçevir Rayon Məhkəməsinin qərarında da qeyd edilir ki, iddiaçı filan tarixlərdə “Kapital” Bankın bır sıra terminallarından 26 minə qədər pulu mənimsəmişdir. İddia müddəti ilə bağlı bildirmişdir ki, Mediasiya bir ay nəzərdə tutulmuşdur, əgər mürəkkəb olarsa bir aya qədər uzadıla bilər. ƏM-nin 296-cı maddəsində də 1 ay müddət göstərilmişdir. Mediasiya barədə qarşı tərəfin dediyi şəxsin yazılı izahatı yoxdur.
Apellyasiya baxışının hədləri
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
31.Azərbaycan Respublikası Konstitusiyasının əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
32.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 33.3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 34.10-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir. 35.68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 36.68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 37.70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. 38.71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 39.76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 40.83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 41.292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. 42.296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 43.296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 44.296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 45.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
46. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).
47. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).
48. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
50. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, iddiaçı xx.xx.2005-ci il tarixindən Mingəçevir şəhəri 4 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmişdir. Tərəflər arasında yaranmış əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xx.xx.2024-cü il tarixində xitam verilmişdir. O, tərəf olduğu əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verildiyi barədə məlumatlı olmuşdur. Beləliklə də hazırki mübahisə üzrə iddia müddətinin axımı xx.xx.2024-cü tarixindən başlanmışdır. İddiaçı xx.xx.2024-cü il tarixində mediasiya prosesinin tətbiqi barədə təklifini digər tərəfə ünvanlamışdır. Göndərilmiş təklifə cavab verilmədiyi üçün iddiaçı xx.xx.2024-cü il tarixində mediasiya təşkilatına müraciət etmiş, mediasiya sessiyasının keçirilməsi mümkün olmadığından təşkilat tərəfindən müvafiq məzmunlu arayış xx.xx.2024-cü il tarixində tərtib edilmişdir. Bundan sonra iddiaçı müvafiq əmri mübahisələndrimək məqsədilə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir.
51. Kollegiya qeyd etməyi zəruri sayır ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir.
52. İddia müddətinin tətbiqi məhkəmə müdafiəsi hüququnun qanuni formada məhdudlaşdırılmasına, yəni hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəblərdən biridir. Belə ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.
53. İş materiallarından müəyyən edilir ki, hazırki mübahisə üzrə iddia müddətinin axımı xx.xx.2024-cü tarixdən başlanmışdır. İddiaçı hüquqlarının pozulduğunu bildiyi bu tarixdən 1 aydan artıq müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edərkən əmək mübahisələri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini (məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya təşkilatına müraciət etməsi nəzərə alınmaqla) ötürmüşdür. Belə ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
54. Məhkəmə kollegiyası nəzərə alır ki, iddia müddətinin bitməsi, özlüyündə iddianın rədd olunması üçün kifayət deyildir. Çünki qanunvericilik iddia müddəti və bu müddətinin buraxılmasının hüquqi nəticələri ilə yanaşı, buraxılmış iddia müddətinin bərpa olunması qaydasını da müəyyən etmişdir. Əmək Məcəlləsinin 269-cu maddəsinin 6-cı hissəsinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
55. Baxılan işdə iddiaçı, cavabdehin iddia müddəti tətbiq edilməsi barədə ərizəsinə münasibət bildirərək, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində irəli sürülən tələblərə istinad etməklə, iddia müddətinin üzrlü səbəblərdən ötürülməsini əsaslandırmaq üçün dəlillər gətirmiş, buna əsasən iddia müddətinin üzürlü səbələrdən ötürülməsindən dolayı cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin təmin olunmamasını xahiş etmişdir.
56. Belə ki, iddiaçı müddəti üzrlü səbəbdən ötürdüyünü barəsində aparılan cinayət təqibinin yekunlaşmasını gözləməsi ilə əlaqələndirmişdir. İddia ərizəsinə tərəfindən onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əlavə edilmişdir. Həmin qərardan da müəyyən edilir ki, İddiaçı barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Həmçinin sözügedən qərardan müəyyən edilir ki, iddiaçı barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir.
57. Beləliklə də iddiaçının istinad etdiyi dəlillərə əsasən iddia müddətinin axımının başlandığı gündən mediasiya təşkilatına və məhkəməyə müraciət etdiyi tarixədək olan dövrdə, mövcudluğu onun iradəsindən asılı olmayan, onun dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan maneələrin olub-olmaması araşdırlmalı, iddiaçının bununla bağlı dəlillərinə qiymət verilməlidir.
58. Hazırkı halda da məhkəmə ilk öncə qeyd etməyi zəruri sayır ki, iddiaçının barəsində cinayət təqibinin başlanmasına əsas olmuş hadisənin cinayət olaraq qiymətləndirilməsi özü-özlüyündə əmək müqaviləsi üzrə yaranan subyektiv səlahiyyət və öhdəliklərin mahiyyəti baxımından müstəqil bir hüquqi əhəmiyyət kəsb etmir. Burada araşdırılmalı olan əsas məsələ əmək müqaviləsinə xitam verilərkən müvafiq qanunvericiliyin pozulubpozulması məsələsidir. Həmin məsələnin iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işininin nəticəsindən asılılığı müəyyən edilmir.
59. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə görə iddia müddətinin axımının başlanğıcı işçinin hüququnun pozulmasının aşkar edildiyi gündən başlanır. Həmin normada eyni zamanda “hüququnun pozulmasının aşkar edildiyi gün”ün anlayışı müəyyən edilmişdir. Qeyd olunan normanın məzmunundan görünür ki, “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə: 1. işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın) verildiyi; 2. əmək kitabçasının verildiyi; 3. haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün başa düşülür. Həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün - hüququnun pozulmasının aşkar edildiyi gün sayılır.
60. Belə olan halda da uzun müddət davam edən cinayət işinin yekunlaşmasının gözlənilməsi iddia müddətinin ötürülməsinin üzrlü səbəbdən baş verdiyi kimi qiymətləndirilə bilməz.
61. Bundan başqa xüsusilə nəzərə alınmalıdır ki, cinayət təqibi zamanı iddiaçı barəsində seçilmiş qətimkan tədbirinin növü onun ölkə hüdudlarında azad hərəkət etmək hüququnu məhdudlaşdırılmasına səbəb olmamışdır, o, qanunvericiliklə ona verilmiş hüquqlardan sərbəst şəkildə istifadə etmək imkanına malik olmuşdur.
62. Göründüyü kimi iddiaçı məhkəməyə müraciət edərkən əmək mübahisələri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. İddia müddətinin üzrlü səbəblərdən ötürüldüyü qənaətə gəlmək üçün iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
63. Bununla belə məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddianın iki əsas ilə rədd edilməli olması barədə mövqeyi ilə razılaşmayaraq qeyd etməyi zəruri sayır ki, işə baxan məhkəmə iddia müddətinin tətbiqi məsələsinə mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada yanaşmış, məsələnin həm də mahiyyəti üzrə araşdırmasına keçmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq hesab edir ki, sözügedən kateqoriyadan olan iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməli, müddətin üzrsüz səbəblərdən ötürülməsi halı müəyyən edildiyi təqdirdə, mübahisə tərəfinin tətbiq edilməsi barədə verdiyi ərizəyə əsasən iddia müddətinin keçməsi səbəbilə iddianın rədd edilməsi barədə qənaətə gəlinməli idi.
64. Bu səbəbdən məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etməyi zəruri sayır ki, iddia müddətinin tətbiqi məsələsinə qiymət verdikdən sonra iddia tələbləri üzrə araşdırmaya keçən birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə almamışdır.
65. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia məhz iddiaçının məhkəməyə müraciət edərkən əmək mübahisələri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürməsi əsası ilə rədd edilməlidir.
66. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-830/2025 saylı 14 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “işə bərpa və və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev