Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3092/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilməsinin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-177/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilməsinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, ev 5A ünvanından istifadə hüquqlarının itirilməsinin müəyyən edilməsi və həmin vdən qeydiyyatdan çıxarılmalarına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, ev 5A ünvanında yerləşən daşınmaz əmlak onun mülkiyyətindədir və Dövlət reyestrində onun adına qeydiyyata alınaraq çıxarış verilmişdir. Həmin evdə o, öz ailəsi ilə birlikdə yaşayır. Bu günlərdə ona məlum olub ki, ona məxsus mənzildə cavabdehlər pasport qeydiyyatındadır. Həmin cavabdehləri o tanıyır, onların qohumluq münasibətləri yoxdur və faktiki ona məxsus evdən istifadə etmirlər. Faktiki cavabdehlər başqa ünvanda yaşayırlar. Hansı əsaslarla cavabdehlər ona məxsus mənzilə pasport qeydiyyatına düşüblər ona bəlli deyil. Ona görə də məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus evdə olan qeydiyyatının silinməsi qərarına gəlmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-177/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında cavabdehlər onunla eyni evdə yaşamadıqlarını, yaşadıqları evin X1 adına olduğunu etiraf etmişlər. Onun ailəsi və cavabdehlərin yaşadığı evin ünvanları eyni deyildir. Belə ki, onun evi döngə 3, cavabdehlərin yaşadığı ev isə dalan 3-də yerləşir. Cavabdehlərin yaşadıqları, X1 adına olan evin qeydiyyat vəsiqəsində ünvanı ünvan 1 kimi qeyd olunmuşdur. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması son olaraq xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında cavabdehlər iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşdə iştirak edən iddiaçı hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1961-ci ildə X2 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, ev 5A ünvanına dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport verilmişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 013472 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, ev 5A X1 adına xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmışdır. Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 889091 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1978-ci il tarixdə ölmüşdür. Bakı şəhəri 31 saylı notariat ofisinin xx xxxxxx 2019- cu il tarixli məktubundan görünür ki, xx.xx.1978-ci il tarixdə vəfat etmiş X5 ilə bağlı Bakı şəhəri 31 saylı notariat ofisində xx.xx.2016cı il tarixdə vərəsəlik işi açılmış, vərəsələr arasında mübahisə olduğundan xx.xx.2016-cı il tarixdə notariat hərəkətinin aparılmasından imtina barədə qərar verilmiş, hal-hazırki vaxtadək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, ev 5A İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhər xalq deputatları Soveti Bakı Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 293 saylı arayışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, ev 5A ünvanında yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2, X7 və X4 ünvan 2 ünvanında qeydiyyatdadır. Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1347 saylı arayışın surətindən görünür ki, Cavabdeh1 xx.xx.1970-ci ildən, Cavabdeh2 xx.xx.1968-ci il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, ev 5A ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 4079/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin və ona əlavə edilmiş düzəliş qərardadının surətindən görünür ki, İddiaçı tərəfindən atası X3 məxsus ünvan 4 ünvanda yerləşən miras əmlakın qəbul edilməsi faktı müəyyən edilməklə həmin miras əmlakda onun 1/5 hissədə payının müəyyən edilməsi qərara alınmışdır. İddiaçının iddia ərizəsindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, ev 5A ünvanından istifadə hüquqlarının itirilməsini xahiş etmiş, iddia tələbini cavabdehlərin faktiki olaraq həmin ünvanda yaşamamaları ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi hazırki iş üzrə iddianın rədd edilməsi qənaətinə gəlmiş və bu nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı istifadə hüququnun itirilməsinə dair iddia ilə müraciət etməzdən əvvəl iki fərqli ünvanın eyni adlandırılması məsələsinin aydınlaşdırılması üçün müvafiq orqana müraciət etməli, ziddiyyətli məsələnin həlli barədə tədbir görməlidir. Həmçinin iddiaçı tərəfindən cavabdehlərin mübahisəli mənzildə qeydiyyatlarının formal xarakter daşıması məhkəmə iclasında sübuta yetirilmədiyindən, onların həmin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi də əsassızdır. Buna görə də iddiaçının iddiası təmin olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır (228.2 və 228.5-ci maddələr). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İş materiallarından göründüyü kimi, iddiaçının istifadə hüququnun itirilməsini tələb etdiyi şəxslər iddiaçının mənzilində deyil, X1 adına 2002-ci ildə FM seriyalı 013472 saylı qeydiyyat vəsiqəsinə əsasən qeydiyyata alınmış başqa mənzildə yaşayırlar. İddiaçı apellyasiya baxışı zamanı cavabdehlərin həqiqətən onun mənzilində deyil, başqa mənzildə yaşadıqları faktını etiraf edərək, yalnız onların bir ünvanda qeydiyyatda olduqlarına istinadən sonuncuların qeydiyyatdan çıxarılması üçün hazırki iddia ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********17 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, paylı mülkiyyət şəklində İddiaçı məxsus olan **********65-10301 reyestr nömrəli fərdi yaşayış evinin ünvanı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, ev 5A olaraq öz hüquqi qüvvəsindədir. Qonşu fərdi yaşayış edinə dair təqdim edilmiş FM seriyalı 013472 saylı qeydiyyat vəsiqəsində ünvan rekviziti fərqli olaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, dalan 3, ev 5A kimi qeyd edilmişdir. Belə olan halda məhkəmə kollegiyası iddiaçının tələbinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, ev 5A ünvanı ilə bağlı olduğunu və məhz həmin ünvandan cavabdehlərin istifadə hüquqlarının itirilməsini tələb etdiyini nəzərə alaraq hesab edir ki, onun tələbinin təmin olunması mümkünsüzdür. Belə ki, əvvəla işdə olan qeydiyyat vəsiqələri və reyestrdən çıxarışlarda ünvanlar eyni, yəni Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, ev 5A kimi göstərildiyi halda, cavabdehlərin öz mülkiyyətində olan və qeydiyyatda olmaqla yaşadıqları ünvandan istifadə hüquqlarının itirilməsi, dolayısı ilə qanunla qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Digər tərəfdən apellyasiya baxışı zamanı iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********17 saylı xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunanlar (ünvanların fərqli olması) iddiaçının tələbinin qoyduğu şəkildə təmin olunması üçün əsas vermir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyasi qeyd edir ki, həmin dəlillər formal mülahizələrdən ibarət olub, MPM-nin 385.2-ci maddəsinə əsasən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas yaratmır. İddiaçıya izah olunur ki, iki fərqli ünvanın eyni adlandırılması məsələsinin aydınlaşdırılması və yaxud da yeni ünvanın alınması ilə bağlı müvafiq inzibati orqana müraciət etmək hüququ vardır. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-177/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2(103)-3092/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3092/2020
29.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver