Məhkəmə qərarları › İş №2(103)-3093/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3093/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3093/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “təhsil haqqından azad edilmə və ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “təhsil haqqından azad edilmə və ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-815/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilən şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı xx.xx.2021-ci il tarixli 423t(s) saylı əmrlə Cavabdehnə qəbul olmuşdur.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-6070/2022 nömrəli qərarı ilə xx.xx.2004-cü il təvəllüdlü İddiaçı “məcburi köçkün statusu”nu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuşdur.

3. xx.xx.2021-ci il tarixli Cavabdeh ilə ödənişli əsaslarla bakalavriat səviyyəsində təhsil alacaq təhsilalan arasında bağlanmış müqavilədən müəyyən edilir ki, müqavilərinin tərəfləri Cavabdeh və İddiaçıdur. Cavabdeh və İddiaçı arasında yaranmış xidməti hüquq münasibətləri ilə bağlı yaranmış mübahisəyə (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

4. İddiaçı Cavabdehnə qarşı “təhsil haqqından azad edilmə və ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun təhsil aldığı 2021-2022-ci tədris ili üçün Cavabdeh hesabına ödədiyi 2.000 manat təhsil haqqının Cavabdehndən tutularaq ona ödənilməsi, onun Cavabdeh “Metallurgiya” fakültəsində təhsil aldığı 2022-2023-cü tədris ili üçün məcburi köçkün statusuna malik olduğu üçün təhsil haqqından azad edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-815/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “İddiaçı təhsil aldığı 2021-2022-ci tədris ili üçün Cavabdeh hesabına ödədiyi 2.000 manat təhsil haqqının Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, Cavabdeh “Metallurgiya” fakültəsində təhsil aldığı 2022-2023-cü tədris ili üçün məcburi köçkün statusuna malik olduğu üçün təhsil haqqından azad edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə icraata, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə xitam verilmişdir. İddiaçı izah edilmişdir ki, hazırkı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır.

6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırılmışdır ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Hazırkı mübahisə tələbə ilə hakimiyyət səlahiyyətlərinin subyekti kimi çıxış edən, inzibati akt qəbul etmək səlahiyyəti verilmiş universitet rektorunun arasında yaranmışdır. Mübahisəyə ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır. Cavabdeh rektoru Vilayət Vəliyevin xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” xx.xx.2011-ci il tarixli 1722 nömrəli sərəncamı və Cavabdeh nizamnaməsinin 5.3-cü bəndi rəhbər tutularaq, Cavabdeh “Metallurgiya” fakültəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkün ailəsindən olan İddiaçı (qrup 411a2) 2023/2024-cü tədris ilinin əvvəlindən etibarən nomativ təhsil müddəti ərzində təhsil haqqının ödənilməsindən azad edilmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı Cavabdehn 3-cü kurs tələbəsidir. Cavabdehn rektorunun xx.xx.2023-cü il tarixli əmrinə əsasən, iddiaçının təqdim etdiyi məcburi köçkün vəsiqəsinin verilmə tarixinin xx.xx.2023cü il tarixi olduğu və sənədin geriyə qüvvəyə şamil olunmadığı nəzərə alınaraq, iddiaçının təhsil haqqından azad olunma barədə ərizə ilə xx.xx.2023-cü il tarixdən rəsmi müraciət etdiyi üçün müraciət tarixindən sonrakı dövr üçün müvafiq güzəşt tətbiq edilmişdir. İddiaçı isə 2021/2022, 2022/2023 tədris illəri üzrə təhsil haqqı ödənişlərindən azad edilməli olmasını qeyd edərək, bu barədə müvafiq əmrin verilməsi tələbini irəli sürür. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verilir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

7. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə şikayət verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 815/2024 nömrəli qərardadının ləğv olunmasını və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-815/2024 saylı qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddia ərizəsi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatına qəbul edilib baxılmalıdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsi onun Konstitusiya ilə təminat altına alınan məhkəməyə müraciət hüququnu pozmuşdur və onun iddiası icraata xitam verməklə məhkəmə çatımlığı hüququnu əlindən almışdır. Cavabdeh inzibati orqan deyildir və İnzibati orqanların təsnifatında Universitetlər qeyd edilməmişdir. Nə də ki, Universitet inzibati akt qəbul etmək səlahiyyəti olan dövlət orqanı deyildir. Onunla Universitet arasında yaranan münasibətlər mülki hüquq münasibətlərindən əmələ gəlmişdir və onunla Universitet arasında müqavilə bağlanmışdır. Onun təhsil haqqından azad olunmağı isə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 14 sentyabr 2011-ci il tarixli, 1722 №-li Sərəncamına əsasən müəyyən edilmidir və təhsil aldığı Universitet qanunvericiliyin tələblərinə uyğun olaraq ondan təhsil haqqı almalı deyildir və aldığı təhsil haqqını isə ona geri qaytarmalıdır. Lakin məhkəmə işin bu hallarında diqqət etməmiş, maddi hüquq normalarını tətbiq etməmişdir. Onun iddiası mülki mühakimə icraatı qaydasında Bakı şəhəri Yasamal rayon Məhkəməsində baxılmalı olduğu halda məhkəmə əsassız olaraq, iş üzrə icraata, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı əsası ilə xitam verilməsinə qərar vermişdir ki, bu da prosessual hüquq normalarının pozulması deməkdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-815/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-815/2024 nömrəli qərardadından verdiyi şikayətin rədd edilməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara alınmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3093/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdehnə qarşı “təhsil haqqından azad edilmə və ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-815/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilən şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır.

11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

12. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 çıxış edərək bildirir ki, apellyasiya şikayətini müdafiə edir, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri başa düşülür. Nazirlər Kabinetinin əsasnaməsinə əsasən təhsil müəssisələri inzibati orqan hesab edilmir. Burada məsələ tələbə və universitet arasındadır, aralarında müqavilə var. Məcburi köçkün vəsiqəsi olmadığına görə iddiaçı əvvəl ödənişdən azad edilməmişdir, vəsiqədən sonra azad edilmişdir. İddiaçının tədris illəri üzrə ödədiyi təhsil haqqı ödənişlərinin cavabdehdən tutulmasını xahiş edir.

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarının 2 və 3.1-ci bəndlərində qeyd olunur ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsində qeyd edilir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 50.3, 51.3 və 54.1ci maddələrinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməklə, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

18. Belə ki, iddiaçı hazırkı iddiasında məcburi köçkün statusu nəzərə alınmadığı üçün Cavabdehnə qarşı 2021-2022-ci illər üçün təhsil haqqı ödənişinin geri qaytarılması və 2022-2023-cü illər üçün təhsil haqqı ödənişindən azad edilməsini tələb edir.

19. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilmiş və ona istinad edilmişdir ki, publik hüquq münasibətlərindən irəli gəldiyi üçün yaranmış mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi aşağıdakı halları nəzərə almamışdır.

21. Belə ki, məhkəmə ilk növbədə hazırki iddia tələbinin iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıb-qaldırılmamasına qiymət verməmişdir. Hazırki mübahisə publik hüquq münasibətindən irəli gələn tələbdirsə və tələbə cavab verməli olan şəxs qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, yoxsa Cavabdeh çıxış etməli olmasını məhkəmə müəyyən etməmişdir. Çünki, əgər inzibati icraat qaydasında hazırki iddia tələbi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı verilməli tələbdirsə, o zaman məhkəmə Cavabdehnə qarşı iddia tələbinin əsl olmayan cavabdehə qarşı verilməsinə qiymət verməli idi.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri inzibati orqan hesab edilir.

23. Habelə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarının 3.2-ci bəndində qeyd edilir ki, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.( bənd 7.1)

24. Göründüyü kimi, birinci instansiya məhkəməsinin belə bir araşdırma aparmadan iddia ərizəsinin geri qaytarılması barədə qərara gəlməsi düzgün olmamışdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməklə, hazırkı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-815/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “təhsil haqqından azad edilmə və ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar