Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3094/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsinə istifadə hüququnun aradan qalxması səbəbləri) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlak üzərində servituta-yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-574/2025 saylı, 13 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları
1. AZ-İ seriyalı, 258973 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X7 arasında bağlanmış nikah xx.xx.2013-cü il tarixdə pozulmuşdur.
2. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışlarından görünür ki, X7 ünvan 1 ünvanında qeydiyyatdadır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli 2(102)-860/2014 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh apellyasiya şikayətinin təmin edilərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinin ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılaraq X3 azyaşlı uşağı xx.xx.2010cu il təvəllüdlü X8 ilə Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 5 saylı bağ evinə istifadə hüququ tanınmaqla köçürülməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-1030/2013 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.
4. 19.09.2014-cü il tarixli Aktın surətindən görünür ki, Binəqədi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən X7 və azyaşlı uşağı xx.xx.2010-cu il təvəllüdlü X8 ünvan 4nə istifadə hüququ tanınmaqla köçürülmüşlər. Mənzilin giriş qapılarının açarları tələbkara təhvil verilmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 5 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən bağ evi xx.xx.2024-cü il tarixdən İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyatdan alınmışdır.
6. AZEMİS sistem vasitəsi ilə cavabdehin mülkiyyətində əmlakın olub-olmaması ilə bağlı edilmiş sorğunun çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu X16 küçəsi giriş 11 M8 və mənzil 6 ünvanında sahəsi 83.80 kv.m olmaqla 2 otaqlı daşınmaz əmlak mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 5 saylı bağ evə dair cavabdeh tərəfindən tutulan servituta xitam verilməsi, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 5 saylı bağ evdən Cavabdeh istifadə hüququnun itirilmiş hesab olunması, qəbul ediləcək qətnamənin cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 5 saylı bağ evdən qeydiyyatdan çıxarılması üçün əsas olması qətnamədə göstərilməsi, vəkilə xidmət haqqı kimi ödənilmiş 1.200 manat pul məbləğinin, həmçinin 100 manat ödənilmiş məhkəmə rüsumunun, ümumilikdə 1.300 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu-X6 Cavabdeh ilə 02 dekabr 2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların bu nikahlarından 24 fevral 2010-cu ildə Tahir adlı uşaqları doğulmuşdur. Lakin oğlu və gəlini bir-birini başa düşmədiklərindən Abşeron Rayon Məhkəməsinin 17 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə onların arasında olan nikah pozulmuş və 24 fevral 2010-cu il təvəllüdlü Tahirin cavabdehin tərbiyə və himayəsində saxlanması, eləcə də sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 27 mart 2013-cü il tarixli qətnaməsi ilə cavabdehin mübahisəli evdən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası təmin edilməsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 2 oktyabr 2013-cü il qətnaməsi ilə cavabdehin 24 fevral 2010-cu il təvəllüdlü oğlu Tahirlə birlikdə ünvan 4 ünvanında yerləşən mübahisəli evə köçürülməsi və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmışdır. Bundan sonra cavabdeh özünə məxsus əşyalarını mübahisəli evin otaqlarından birində yerləşdirmiş və həmin otağın qapısını bağlayaraq açarını özündə saxlamışdır. Lakin 2013-cü ildən hal-hazıradək cavabdeh onun evində yaşamamış və onda olan məlumata əsasən yeni ailə quraraq Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində yaşayır. Mənzilin əvvəlki mülkiyyətçisi, onun əri Tahir Əzizov xx.xx.2020-ci il tarixdə vəfat etmiş və ondan miras qalan mübahisəli ev ona qanun üzrə vərəsəlik və daha sonra miras payının bağışlanması müqavilənin bağlanması yolu ilə keçmiş, ona daşınmaz əmlakın Dövlət reyestrindən 13 fevral 2024-cu il tarixli çıxarış verilmişdir. Cavabdeh 2013-cü ildən evə gəlmir və məhkəmə ilə ona verilmiş istifadə hüququnu reallaşdırmır. Cavabdehin evdə qeydiyyatda qalması onun hüquqlarını pozur. O, evdən istədiyi kimi istifadə edə bilmir: mənzil ilə bağlı hər-hansı notariat əməliyyatlar aparılarkən, cavabdehin razılığı tələb olunur, cavabdehin razılığını isə əldə etmək mümkün deyil, onunla ünsiyyət yoxdur. Digər tərəfdən, cavabdehə aid bütün bildirişlər, məktublar həmin ünvana gəlir. Cavabdehin 2013-cü ildən mübahisəli evdə yaşamamasına baxmayaraq, onun mülkiyyətində olan evin bir otağı onun tərəfindən bağlanılmaqla, mülkiyyətçinin sərbəst istifadəsinə mane olur, həmçinin otaq illərdir ki, bağlı qaldığından ümumi evdə ciddi antisanitar vəziyyət yaranıb. Bundan əlavə, cavabdehin onun mülkiyyətində olan evə formal qeydiyyatda qalması onun mülkiyyət hüququnun məhdudlaşdırılması ilə yanaşı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci və 5-ci maddələrinin tələblərinin pozulmasına səbəb olur.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-574/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 5 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən bağ evindən istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi qət edilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır; bununla yanaşı həmin məsələnin araşdırılmasına zərurət görməmişdir. Belə ki, cavabdehin mübahisəli yaşayış sahəsində istifadə hüququnun yaranmış olduğu mübahisə mövzusu deyildir. Çünki buna dair qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur.
11. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh mülkiyyətində mənzil vardır, faktiki nikaha daxil olmaqla ikinci övladı dünyaya gəlmişdir. Eyni zamanda iddiaçı ilə onun arasında etibarlı ailə əlaqələri yoxdur. Cavabdeh yaşayış sahəsinə olan ehtiyacını iddiaçının mülkiyyətindəki yaşayış sahəsindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması da sübuta yetirilmir. Əksinə, onun Bakı şəhəri, Yasamal rayonu X16 küçəsi giriş 11 M8 və Mənzil 6 ünvanda sahəsi 83.80 kv.m olmaqla 2 otaqlı mənzilin mülkiyyətçisi olduğu, özünün etiraf etdiyi kimi faktiki nikaha daxil olmaqla ikinci övladı olduğu və hazırda həmin şəxslə faktiki nikahda olduğu müəyyən edilmişdir. Bu hal özü-özlüyündə cavabdehin sözügedən yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığına dəlalət edir. Bu baxımdan məhkəmənin qənaətinə görə, cavabdehin mübahisəsi gedən yaşayış sahəsindən Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsi ona kompensasiya ödənilmədən mümkündür.
12. Məhkəmə o halı da qeyd etmişdir ki, cavabdeh bu günə qədər iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə köçürülmə ilə bağlı hərəkətsizlik nümayiş etdirmişdir; cavabdehin mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalması da onun həmin ünvana istifadə hüququnun olması mənasına gəlmir. Belə ki, onun məhkəmə qətnaməsi ilə istifadə hüququnun tanınmasına və qətnamənin icra edilməsinə baxmayaraq, həmin yaşayış sahəsinə köçüb yaşamaq üçün İcra Şöbəsinə müraciət etməmiş, məhkəmə iclasında yaşamamasının səbəbləri ilə bağlı izahatında qeyd edilənlərlə bağlı sübutlar təqdim etməmişdir. Ona görə də məhkəmə cavabdeh tərəfin etirazının “iddiaçının maneə yaratması” kimi dəlillərini inandırıcı və ağlaban hesab etmir.
13. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respulikası Mülki Məcəlləsinin 158.1 və 158.4-cü maddələrinə; Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
14. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-574/2025 saylı iş üzrə 13 fevral 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, sözügedən qətnamənin Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 5 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən bağ evindən istifadə hüquqlarına xitam verilməsi hissəsində ləğv edilməklə, həmin iddia tələbinin rədd edilməsi və “qətnamə Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 5 (Yeni qaydalarla: ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır” hissəsində qətnamə ləğv edilməklə, həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
15. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, işə məhkəmədə baxılan zaman da bildirmişdir ki, həmin evə dəfələrlə köçmək istəsə də, iddiaçı tərəf buna imkan verməmişdir. Onun həmin mənzilə köçrülməsi barədə, yəni məhkəmə qətnaməsinin icrası barədə müvafiq akt olsa da, onun həmin yaşayış sahəsində qalması daimi xarakterli olmamışdır. Çünki keçmiş həyat yoldaşı ruhi xəstəlikdən əziyyət çəkdiyindən və nəticəsində həyatı üçün təhlükə olduğundan məhkəmə qətnaməsi əsasında tanınmış yaşayış sahəsinə istifadə hüququndan istifadə edə bilməmişdir. Bu barədə müvafiq sübutları əldə etmək imkanının olmadığını işə Məhkəmədə baxılan zaman bildirsə də, Məhkəmə müvafiq sübutun əldə edilməsi üçün ona kömək etməmişdir. O, X17 Dispanserinə müraciət edərək, məlumat almaq istəsə də, bununla bağlı ona cavab verilməmişdir. Həmin müraciəti apellyasiya şikayətinə əlavə edir. Bundan başqa, Məhkəmə onun hazırki yaşayış yerini müəyyən etmədən, onun adında mənzil olmasının artıq yaşayış yerinə sahib olması kimi qiymətləndirərək, onun istifadə hüququna xitam verib. Belə ki, onun adına aşkar olunmuş mənzil ona yox, qardaşına məxsusdur. Bu onunla izah olunur ki, həmin mənzil alınan zaman qardaşı X9 (FİN 59CE7NB) Cəlilabad rayonu, Həziabad kəndində qeydiyyatda olmaqla yaşamış və qeyd olunan mənzil alınan zaman yəni 2020-ci il tarixdə ölkədə xüsusi karantin rejimi tətbiq olunması ilə bağlı yaşayış yerinin tərk edilməməsi, giriş-çıxışın məhdudlaşdırılması ilə bu və digər məhdudiyyətlər qoyulmuşdur. Buna görə də ailə üzvləri məcbur olaraq həmin mənzili cavabdehin adına rəsmiləşdirmişlər. Bundan başqa, həmin mənzil təmirsiz vəziyyətdədir, yaşayış üçün yararlı deyil. O hazırda ailə üzvləri ilə məxsus ünvan 6 ünvanında yaşayır. Qeyd edilənlər nəzərə alınsa mübahisə Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları baxımından həll edilməlidir. Çünki tərəflər arasında yaranan münasibətlər hazırda qüvvədən düşmüş Mənzil Məcəlləsinin qüvvədə olduğu zaman yaranmışdır. Həmin maddi hüquq normalarının tələblərindən isə görünür ki, onun müvəqqəti başqa yerə getməsi onun istifadə hüququna xitam verilməsi üçün əsas hesab oluna bilməz. Məhkəmə onun faktiki nikaha daxil olaraq həmin mənzili daimi əsaslarla tərk etməsi barədə də səhv nəticəyə gəlmişdir. Belə ki, o hər hansı nikaha daxil olmamış, nikahın mövcud olması barədə müvafiq qeyd yoxdur. Məhkəmə hüquqi əhəmiyyəti olmayan faktiki münasibəti nikah kimi qəbul etmişdir. Şəxslərin qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Lakin Məhkəmə bu hissədə də işə baxaraq müvafiq qərar qəbul edib.
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etmişdir. Həmçnin bildirmişdir ki, evlər iç-içədir, iyidən, nəmişlikdən içəri girmək olmur. Cavabdeh burada neçə ildir ki, yaşamır. 3 dəfə ərə getmiş və 1 uşağı da vardır. 18.Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiaz edərək bildirmişdir ki, orada anti-sanitar vəziyyət yaranmışdır. Qarşı tərəfin özünün evi vardır, həmin ev qardaşına məxsus olmasına istinad etsəd də, bu barədə hər hansı sübutu təqdim edə bilməmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 21.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 23.Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilir. Həmçinin nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnmamə ilə iddia qismən təmin olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyasının
24.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 25.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
26.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 28.157.4-cü maddəsinə əsasən sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 29.228.1-ci 228.2-ci 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 30.560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 31.560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1982-ci il 8 iyul tarixli qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş)
32.53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 33.54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını(ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 34.60.1-ci maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 35.60.6-ci maddəsinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 36.87.2-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, ... Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisəli mənzillə bağlı tətbiq edilən 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. 38.«R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
39.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
40. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 41.218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
42.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.
43. İş materiallarından göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-1030/2013 nömrəli qətnaməsinə əsasən X3 azyaşlı uşağı xx.xx.2010-cu il təvəllüdlü X8 ilə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə yaşayış massivi, Çiçək qəsəbəsində yerləşən 5 nömrəli evə istifadə hüququ tanınmaqla həmin evə köçürülməsi qət edilmişdir. Məhkəmələr tərəflər arasındakı mübahisəli münasibətlərə (işə baxılan zaman ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydiyyata alınmadığından) 1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarını tətbiq etmişlər.
44. Qeyd edilməlidir ki, mübahisəli fərdi yaşayış evi altındakı torpaq sahəsi ilə birlikdə tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçının həmin yaşayış sahəsinə mülkiyyət hüququ qeydiyyata alındığından, o, mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olaraq hazırkı iddianı irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Belə ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
45. Hazırkı işə baxan birinci instansiya məhkəməsi də iddiaçının subyektiv hüququnun cavabdeh tərəfindən pozulub-pozulmadığını yoxlayarkən sonuncunun Bakı şəhəri, Yasamal rayonu X16 küçəsi giriş 11 M8 mənzil 6 ünvanında sahəsi 83.80 kv.m olmaqla 2 otaqlı mənzilin mülkiyyətçisi olduğunu, özünün etiraf etdiyi kimi faktiki nikaha daxil olmaqla ikinci övladı olduğunu, bu günə qədər iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə köçürülmə ilə bağlı hərəkətsizlik nümayiş etdirdiyini, cavabdehin mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalması da onun mübahisəli evə istifadə hüququnun olması mənasına gəlmədiyini müəyyən edərək iddianın əsaslı olduğu qənaətinə gəlmişdir.
46. Belə ki, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
47. Həmin Məcəllənin 60-cı maddəsində göstərilir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Bu Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən isə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış məntəqəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir.
48. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
49. Göründüyü kimi birinci instansiya məhkəməsi hazırki iddiaya baxarkən cavabdehin övladı ilə birlikdə mübahisəli evə istifadə hüququnun müəyyən edildiyi və həmin evə köçürüldüyü tarixdən etibarən başqa ünvanda yaşadıqlarını müəyyən etmiş, bununla da əvvəllər yaranmış hüquqlarına xitam verildiyi qənaətinə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi mübahisəyə qeyd olunan qaydalar çərçivəsində meydana gəlmiş istifadə hüququnun (bu fakt daha əvvəl məhkəmə aktı ilə təsbit olunmuşdur) aradan qalxması ilə bağlı halları lazımi şəkildə araşdırmış və mübahisəli hallara düzgün hüquqi qiymət vermişdir.
50. Qeyd edilməlidir ki, şəxsi servitut sayılan mənzildən istifadə hüququnun, müəyyən qanunvericilik normasına əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) hər hansı kompensasiya verilmədən qanuna uyğun şəkildə aradan qalxması mümkündür. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir.
51. Apellyasiya şikayətində göstərilənlərlə bağlı isə qeyd edilməlidir ki, cavabdeh daimi yaşamaq üçün başqa ünvana köçmədiyinə, mülkiyyətində əlavə yaşayış sahəsinin olmasına baxmayaraq, əslində ona məxsus olmadığına istinad etsə də bu halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə mübahisəli mənzillə davamlı əlaqələrinin nə şəkildə olması, istifadə hüququ sahibi olaraq mübahisəli mənzilə köçməməsinin səbəb(lər)i, bu halın onun öz iradəsindən qaynaqlandığı, yoxsa başqalarının maneçilik törətdikləri, maneçilik olmuşsa bunun üçün tələbkarın gördüyü tədbirlərin, yəni özünün prosessual fəallığının nədən ibarət olması (icra məmuruna və digər aidiyyəti orqanlara müraciət edib-etməməsi və s.) səbəbləri, öz həyatını davamlı olaraq başqa yaşayış yerində qurmamasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
52. Ümumiyyətlə, mənzildən istifadə hüququnun itirilməsi üçün hüquq sahibinin mülkiyyətində və ya icarəsində başqa yaşayış sahəsinin olması, yaxud ailə üzvü kimi və ya digər əsasla istifadə hüququ əldə etməsi məcburi şərt deyil. Bu hallar istifadə hüququnun itirilməsinə əsas olsa da, bir şəxsin öz iradəsi daxilində, daimi olaraq və uzun müddət başqa ünvanda yaşaması da işin hallarına görə həmin hüququn itirilməsinə əsas verir. Beləliklə də cavabdeh X3 mübahisəli mənzildən yaranmış hüququnun, bu yaşayış sahəsindən müvafiq şəkildə istifadə etmədiyi təqdirdə itirilmiş hesab edilməsi üçün əngəl deyildir.
53. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
54. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-574/2025 saylı, 13 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Günay Axundova Fuad Abdıyev