Məhkəmə qərarları › İş №2(103)-3096/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3096/2023

04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3096/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə (Açar sözlər: “yeni tikilən binada alınan mənzilin çatışmayan sahəsinə görə pul tələbi, əsassız varlanma” tələbi) X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(004)-328/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 07 dekabr 2013-cü il tarixli 07 və 08 saylı müqavilələrə görə İddiaçı həmin MTK-nın inşa etdiyi ünvan 1 ünvanında yerləşən yüksək mərtəbəli 8 saylı yaşayış binasının 25 və 27 saylı mənzillərini almışdır.

2. Müqavilədə mənzilin 1 kvadrat metrinin qiyməti 750 manat olmaqla 25 saylı mənzilin ümumi sahəsi 67,06 kvadrat metr, 27 saylı mənzilin ümumi sahəsi isə 141,11 kvadrat metr göstərilmişdir.

3. İddiaçı həmin MTK-ya 25 saylı mənzilə görə 50295 manat, 27 saylı mənzilə görə 105830 manat pul ödəmişdir.

4. Cavabdeh MTK tərəfindən verilmiş 05 may 2017-ci il tarixli maliyyə arayışlarına əsasən İddiaçı 25 və 27 saylı mənzillərin dəyərini tam ödəmişdir.

5. İddiaçı hər iki mənzilə görə mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən 04 may 2021-ci il tarixli çıxarışlar almış, çıxarışlarda 25 saylı mənzilin ümumi sahəsi 62,40 kvadrat metr, 27 saylı mənzilin ümumi sahəsi 126,90 kvadrat metr göstərilmişdir.

6. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda mənzillərə yeni ünvan verilərək 25 və 27 saylı mənzillər müvafiq olaraq Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsi, 122 M5 mənzil 1 və mənzil 3 kimi qeyd olunmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1 saylı mənzilə görə artıq ödənilmiş 3495 manat, 3 saylı mənzilə görə artıq ödənilmiş 10657,50 manat, cəmi 14152,50 manat pulun cavabdeh MTK-dan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən mənzillərin ümumi sahəsi müəyyənləşdirilərkən şəhərsalma və tikinti qanunvericiliyinin müddəaları kobud şəkildə pozulmuş, müqavilələrdə bilərəkdən mənzillərin ümumi sahəsi artıq göstərilmiş, bu səbəbdən ondan artıq ödəniş alınmışdır.

9. Yasamal Rayon Məhkəməsinin 2(004)-328/2022 saylı iş üzrə 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim X3) iddia qismən təmin edilmiş, 07 dekabr 2013-cü il tarixli 07 saylı müqaviləyə əsasən Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsi, 122 M5 mənzil 1 üçün artıq ödənilmiş 292,50 manat, 07 dekabr 2013-cü il tarixli 08 saylı müqaviləyə əsasən Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsi, 122 M5 mənzil 3 üçün artıq ödənilmiş 442,50 manat, cəmi 735 manat pulun Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflərə aid edilmişdir.

10. Məhkəmə öz mövqeyini iş materiallarına istinadən belə əsaslandırmışdır ki, 1 saylı mənzilin sahəsi daxili parametrləri üzrə (içdən-içə) sahəsindən 0,39 kv.metr, 3 saylı mənzilin sahəsi isə 0,59 kv.metr azdır. Buna görə də 1 saylı mənzilə görə artıq ödənilmiş 0,39x750=292,50 manat, 3 saylı mənzilə görə artıq ödənilmiş 0,59x750=442,50 manat pul maddi ziyanın əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 752.1, 762.2, 773 və 775-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın tam təmin edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, mənzillərin sahəsi hesablanarkən balkon, lociya, terras, şüşəbənd və eyvanların sahəsinə azaltma əmsalları tətbiq olunmamış, mənzillərin sahəsi əsassız olaraq içdən-içə hesablanmış, nəticədə “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın tələbləri pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 avqust 2022-ci il tarixli, 2(103)- 4594/2022 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər – İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov)

Kassasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı kassasiya şikayəti və ona əlavə ərizə verərək qətnamənin ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2(102)-459/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4594/2022 nömrəli mülki iş üzrə 23 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

18. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Apellyasiya məhkəməsi işdə olan ekspert rəyinə istinad etməklə mübahisənihəll etmişdir. Lakin ekspert rəyindən görünür ki, ekspertiza tədqiqat hissəsində hər iki mənzilin ayrı-ayrı tikililərinin(otaq və digər sahələrin) ölçüləri üzrə birinci mənzilin sahəsini 64,9 kv.m, 2-ci mənzilin sahəsini 132,2 kv.m müəyyən etmiş, lakin məhkəmə tərəfindən ekspert qarşısında mənzillərin müqavilədə göstərilən sahəsi ilə mənzillərin faktiki sahəsinin işdən-içə hesablanaraq arakəsmələr, həmçinin eyvan və sanitar qovşaqlar da daxil olmaqla, arasındakı fərqin müəyyən edilməsi barədə sual qoyulduğundan bu qaydada hesablama ilə fərqin bir mənzil üzrə 0,39 kv.m, digər mənzil üzrə 0,59 kv. M olmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, mənzilllərin faktiki sahələrinin bu qaydada hesablanması formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamaqla, həmçinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə də uyğun deyildir. Kassasiya kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, məhkəmə ekspertiza rəyinin alınması zamanı sualların qoyuluşunda mənzillərin ümumi sahəsinin otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanmalı olması barədə qanunvericiliyin tələblərini nəzərə almamış, mənzillərin faktiki sahəsinin işdən-içə arakəsmələr daxil olmaqla hesablanması formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamışdır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19 Təkrar məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

20. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, iddiaçı tərəfindən elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlanaraq, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Konstitusiyasının: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

23. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

28. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2023-cü il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşır və onları, habelə apellyasiya şikayətində qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsinin xahiş olunduğunu nəzərə alıb, qətnaməni tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, cababdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, hеsаb еdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının mülkiyyətində və istifadəsində olan sahənin ölçüləri, habelə mənzillərə görə artıq verilmiş pulun qaytarlması ilə bağlı hissəsində dəyişdirilməlidir.

30. Məhkəmə kollegiyası iş materiallarına istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya sahəsi 67,06 kv m və 141,11 kv.m olan 2 mənzil verməyi öhdəsinə götürsə də, təhvil verilən mənzillərə dair verilmiş çıxarışlarda sahəsi 62,4 kv və 126,9 kv.m göstərilmişdir.

31. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

32. İddiaçının dəlili ondan ibarətdir ki, cavabdeh 07 dekabr 2013-cü il tarixli 07 və 08 saylı müqavilələrdə nəzərdə tutulan mənzilləri tam sahəsi ilə, yəni 67,06 kv.m.-dən və 141,11 kv.m.-dən ibarət olmaqla ona təhvil verməmişdir. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarına əsasən mənzilin sahəsi hesablanarkən mənzilin bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmamalıdır. Bundan başqa balkon və terras sahələri 0.3 əmsallarına vurulmaqla hesablanmalıdır. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi daşınmaz əmlakın dövlət reyestrinin tərtib etdiyi çıxarış və texniki pasportu təqdim etmiş, həmin sənədlər əsasında mənzillərin ölçüsünün müqavilələrdə nəzərdə tutulduğundan az olduğunu müəyyənləşdirdiyini bildirmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzillərin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçıya müqaviləyə uyğun sahəsi olan mənzillər vermişdir.

33. Nəzərə alınmalıdır ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

34. Belə ki, mənzil sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları"na əsasən hesablanır və həmin normativ hüquqi aktların tələblərinə riayət edilməsi şəhərsalma və tikinti fəaliyyətinin bütün subyektləri üçün məcburidir. xx.xx.2017-ci il tarixli, 07 və 08 nömrəli maliyyə arayışlarına əsasən ünvan 1 ünvanında yerləşən yüksək mərtəbəli tikilən yaşayış kompleksi Cavabdeh MTK-ya məxsusdur. Bu kompleksin 8 saylı yaşayış binasının ümumi sahəsi 67,06 kv m. olan bir otaqlı 25 saylı mənzilin və ümumi sahəsi 141,11 kv.m. olan üç otaqlı 27 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir və onun MTK-ya borcu yoxdur.

35. Təkrar apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 26 iyul 2023-cü il tarixli, 10/4009 nömrəli rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən 1 yerləşən mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan (iddiaçının layihədən kənar qaydada apardığı tikinti altı sahə istisna olmaqla) 64,9 m2 təşkil etdiyi müəyyən edilmişdir. Mənzilin ayrı-ayrı tikililərinin sahəsi aşağıdakı kimidir: 1) dəhlizin sahəsi 5,5 m2, 2) hollmətbəxin sahəsi 31,5 m2, 3) yaşayış otağının sahəsi 17,9 m2, 4) sanitar qovşağının sahəsi 6,1 m2, 5) lociyanın sahəsi 3,9 m2, cəmi 64,9 m2, ünvan 3 ünvanında yerləşən 3 yerləşən mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan (iddiaçının layihədən kənar qaydada apardığı tikinti altı sahə istisna olmaqla)) 132,71 m2 təşkil etdiyi müəyyən edilmişdir. Mənzilin ayrı-ayrı tikililərinin sahəsi aşağıdakı kimidir: 1) dəhlizin sahəsi 20,2 m2, sanitar qovşağın sahəsi 5,2 m2, 3) sanitar qovşağın sahəsi 2,3 m2, 4) yaşayış otağının sahəsi 18,4 m2, 5) yaşayış otağının sahəsi 25,1 m2, 6) mətbəxin sahəsi 13,6 m2, 7) yaşayış otağının sahəsi 14,5 m2, 8) yaşayış otağının sahəsi 16,7 m2, 9) dəhlizin sahəsi 4,0 m2, 10) balkonun sahəsi 3,5 m2, lociyanın sahəsi 8,7 m2, layihədən kənar qaydad inşa edilmiş divarın altında qalan sahə 0.51 m2 olmaqla cəmi 132,71 m2, Bakı şəhəri, Nizami rayonu, Tofik Abbasov küçəsi-122, mərtəbə 5, ünvanında yerləşən 1 saylı mənzildə arakəsmə divarlarının, dəhliz və eyvanların sahəsi, habelə şaxtaların, sütunların altında qalan sahə daxil edilməklə ümumi sahənin 67,45 m2 təçkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayonu, Tofik Abbasov küçəsi- 122, mərtəbə 5, ünvanında yerləşən 3 saylı mənzildə arakəsmə divarlarının, dəhliz və eyvanların sahəsi, habelə şaxtaların, sütunların altında qalan sahə daxil edilməklə ümumi sahəsinin 141,7 m2 təşkil etdiyi müəyyən edilmişdir.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya mənzillərin sahəsinin həcmi baxımından qüsurlu mal verdiyi iş üzrə sübutetmənin predmeti olmuşdur. Yəni ekspertizanın rəyində də iddiaçının dəlillərində göstərildiyi kimi təhvil verilən sahənin az həcmdə olması müəyyən edilmişdir. O cümlədən məhkəmə kollegiyası qeyd edir ki, işdə olan mənzilin texniki texniki pasportuna əsasən də müəyyən edildiyi kimi mənzilin sahəsi az verilməklə mənzilin sahəsinin həcmi baxımından qüsurlu mal verilmişdir. Bununla da iddiaçı mənzilin sahəsinin az olması halını sübuta yetirmişdir. Belə ki, ekspert rəyini, eləcə də texniki pasportda qeyd edilən sahələri hesabladıqda belə nəticəyə gəlinir ki, hazırda 25 saylı mənzilin sahəsi qeyd edilən qanunvericiliyin tələbləri nəzərə alınmaqla 64,9 kv.m edir (5,5+31,5+17,9+6,1+3,9). Bu da müqavilə üzrə qeyd edilən sahədən çıxıldıqda mənzil sahəsinin 2,16 kv.m (67,06-64,09=2,16) az olduğunu, 27 saylı mənzilin sahəsi qeyd edilən qanunvericiliyin tələbləri nəzərə alınmaqla 133,6 kv.m edir. Bu da müqavilə üzrə qeyd edilən sahədən çıxıldıqda mənzil sahəsinin 7,51 kv.m (141,11-133,6=7,51) az olduğunu təsdiq edir. Belə olan halda kollegiyası hesab edir ki, 25 saylı mənzilin sahəsinin az olan hissəsi 7,51 kv. metrə görə müqavilə üzrə 1 kv.metr sahəsinin 750 manata hesablanması nəzərə alınmaqla cavabdehdən iddiaçının xeyrinə 1620 manat (2,16 kv.m x 750 manat=1620 manat), 27 saylı mənzilin sahəsinin az olan hissəsi 7,51 kv. metrə görə müqavilə üzrə 1 kv.metr sahəsinin 750 manata hesablanması nəzərə alınmaqla cavabdehdən iddiaçının xeyrinə 5632,5 manat (7,51 kv.m x 750 manat=5632,5 manat) pul iddiaçının xeyrinə tutulmalıdır.

37. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(004)- 328/2022 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh MTK-dan ümumilikdə 7252,5 manat məbləğində pul və apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun 50,00 manat hissəsinin əvəzi İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, məhkəmə tikinti-texniki ekspertizasının aparılmasına sərf edilmiş 100 manat pul Cavabdeh MTK-dan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(004)- 328/2022 nömrəli qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan 7252,5 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun 50,00 manat hissəsinin əvəzi Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulsun. Məhkəmə tikinti-texniki ekspertizasının aparılmasına sərf edilmiş 100 manat pul Cavabdeh MTK-dan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar