Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3098/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-28/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı Bakı xalq deputatları sovetinin 237923 saylı 1985-ci il tarixli orderinə əsasən ünvan 1 ünvanına köçürülmüş və orada yaşamaq hüququ əldə etmişdir. Lakin ev iddiaçının xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmamışdır. İddiaçı həmin ünvanda yaşayır. Mübahisəli evin icarədarı iddiaçının vəfat etmiş qardaşı X6r. Cavabdeh iddiaçının qardaşı X8 ilə ailə qurduğu 2011-ci ildə həmin ünvana köçmüşdür və iddiaçının ailəsi ilə birlikdə mübahisəli evdə yaşayırdı. 2013-cü ildə cavabdehin mübahisəli mənzilə istifadə hüququ tanınmışdır. 2014-cü ildə məhkəmə qərarı ilə cavabdehin iddiaçının qardaşı ilə nikahlarına xitam verildiyindən 2014-cü ildən cavabdeh həmin ünvanı tərk etmişdir və hazırda mübahisəli evdə yaşamır. Hazırda iddiaçı cavabdehin mübahisəli evə istifadə hüququnun itirilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşağı xx.xx.2012-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanda istifadə hüququnun itirilməsinin müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun qardaşının həyat yoldaşı olub. Cavabdeh onun qardaşı X8 ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. xx.xx.2012-ci il tarixdə onların Sürəyya adlı qızı olmuşdur. Lakin sonradan münasibətləri korlanmış və onlar ayrılmışlar. Cavabdeh yaşadığı ünvan 1 ünvanda yerləşən mənzili tərk etmişdir. Cavabdeh məhkəməyə müraciət edərək uşağı üçün aliment tələb etmişdir və Pirallahı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli əmri ilə qardaşından aliment tutulması əmr edilmişdir. Həmin məhkəmənin xx.xx.2014cü il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. xx.xx.2023-cü il tarixdə qardaşı X8 ölmüşdür. Hazırda həmin mənzildə o öz ailəsi ilə birlikdə yaşayır. Artıq on ildir ki, cavabdeh qeydiyyatda olduğu mənzildən istifadə etmir, əşyaları həmin mənzildə yoxdur. Lakin bu günə kimi pasport qeydiyyatında qalıb. Bununla da onların hüquqları pozulur. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-28/2024 saylı, 20 fevral 2024cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh azyaşlı uşağı xx.xx.2012-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı müvafiq order əsasında həmin ev üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq hüququna, beləliklə, həmin ev üzərində mülkiyyət hüququ əldə etmək üçün “qanuni gözlənti”yə malikdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, ev üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması iddiaçını hazırkı iddianı qaldırmağa subyektiv hüquqdan məhrum etmir.Bundan başqa birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdeh 2011-ci il tarixdə iddiaçının qardaşı ilə ailə qurduqdan sonra mübahisəli evdə yaşamağa başlamışlar. Hal-hazırda cavabdehlə iddiaçının qardaşının arasında nikah münasibətlərinə xitam verilmiş, cavabdeh 2014-cü ildən həmin mənzildə yaşamamaqla, başqa ünvanda yaşamaqdadır. İşin mübahisəsiz hallarından da görünür ki, mübahisəli evlə bağlı tərəflər arasında münasibətlər 2009-cu ilin oktyabr ayından sonrakı dövrü əhatə etdiyindən tərəflər arasında yaranmış münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Qeyd olunduğu kimi, Cavabdeh ilə mübahisəsi gedən mənzilin sahibi İddiaçı qardaşı arasında olan nikah münasibətlərinə xitam verilmişdir. Mənzilin sahibi olan iddiaçı ilə cavabdeh arasında, sonuncunun mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığı üçün bu, keçmiş ailə üzvü olan cavabdehin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır; eyni zamanda, cavabdeh maddi vəziyyəti və ya diqqətə layiq olan digər hallarla əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə heç bir sübut təqdim etmədiyindən, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni onun istifadə hüququnun müəyyən müddətə saxlanılması da istisna olunur. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər; hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən isə həmin Məcəllənin 30.1-ci maddəsi, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqelər əsas götürülməlidir. Məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisəli mənzilindən istifadə hüququ yaranmış olsa da, həmin mənzilin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra bu hüquq saxlanılmamışdır. Məhkəmə, cavabdehin azyaşlı uşağı xx.xx.2012-ci il təvəllüdlü X7 ilə birlikdə istifadə hüququna xitam verilməsi tələbinə münasibətdə bildirmişdir ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə, həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Hazırkı iş üzrə də uşağın ev barəsində istifadə hüququ valideynlərinin istifadə hüquqlarından əmələ gələn hüquq olduğundan və anası olan cavabdehin istifadə hüquqlarına xitam verildiyindən onun da həmin evdə istifadə hüququnun saxlanılması üçün qanuni əsaslar qalmamışdır. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 21 sentyabr 2011-ci ildə iddiaçının qardaşı X8 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, həmin vaxtdan X4 yaşadığı ünvan 2 ünvanına köçərək orada birlikdə yaşayıb ümümi təsərrüfat idarə etmişlər. Birgə yaşadıqları dövrdə bir övladları dünyaya gəlmişdir. Mənzildə onlardan başqa həyat yoldaşının qardaşı, iş üzrə iddiaçı da öz ailəsi ilə birlikdə yaşayırdılar. Təsərrüfatı birgə idarə edirdilər. Mənzilin icarəçisi mərhum həyat yolaşı X8 idi. İddiaçı və ailəsi onun mənzildə yaşamasına imkan vermirdilər. Hətta onu mənzilə qeydiyyata almaq belə istəmirdilər, evdən qovurdular. Beləliklə də, 01 oktyabr 2013-cü ildə Xəzər Rayon Məhkəməsinin 2(003)-2300/2013 nömrəli qətnaməsinə əsasən onun Pirallahı qəsəbəsi K.Rzayev küçəsi ev 12, mənzil 16 ünvanına istifadə hüququ tanınmışdır. Digər tərəfdən övladı ilə birlikdə mübahisəli mənzildə pasport qeydiyyatındadır. Buna baxmayaraq iddiaçı və onun ailəsi mənzildə yaşamasına nə imkan verirlər, nədəki şərait yaradırlar. Onun isə yaşamağa başqa yaşayış sahəsi yoxdur. Həyat yoldaşı sag ikən övladına yardım edirdi, lakin o, vəfat etdiyi üçün çox çətinliklə övladını saxlayır. Məcbur olub bütün yükü öz üzərinə götürərək, gecə-gündüz işləyərək, övladını böyüdüb, boya-başa çatdıraraq valideynlik borcunu yerinə yetirməlidir. Bu yükü və üzərinə düşən məsuliyyətə görə onun qeydiyyatda olduğu ünvanda qeydiyyatdan çıxartmaq haqsızlıq, ədalətsizlik və qanuna zidd olmaqla onun və övladının bütün hüquqlarını pozulmuş kimi qiymətləndirmək olar. Azyaşlı övladı ilə birlikdə mübahisəli mənzildə pasport qeydiyyatındadır, həmin mənzilə istifadə hüquqları mövcuddur. Hesab edir ki, Pirallahı rayon Məhkəməsi qətnaməsində məhkəmə işin bir sıra faktiki hallarını tam araşdırmamış və nəzərə almamışdır. Bundan başqa mənzilə istifadə huququ tanınan zaman mənzilin Bakı xalq deputatları sovetinin 237923 nömrəli orderi mövcud idi. Xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmamışdır. Birinci instansiya məhkəməsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2006-cı il tarixli çıxarışını əsas götürərək qətnaməsində qeyd edir ki, ünvan 3 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Halbuki mənzil orderlidir və mülkiyyət hüquqi əsasında heç kimə məxsus deyildir. Mənzilə hüququ tanınan zaman da və hazırda da mənzil Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmuş, mənzilin icarədarı isə X8 olmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş üçüncü şəxs Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia rədd edilməsini xahiş etməklə, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Avropa İnsan Hüquqları Məhkəməsi, Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il) Mülki Məcəllə: 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.11. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hesab olunur. Mənzil Məcəlləsi: 12.1, 12.2 və 12.3-cü maddələri Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin qərarda qeyd edilmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür”. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun:
1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
2. Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer-onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, hazırki iş üzrə İddiaçı maraqlarını birinci instansiya məhkəməsində etibarnamə (order) əsasında nümayəndə (vəkil) qismində təmsil edən Vəkil1 Xəzər Rayon Məhkəməsinin 2(003)-2300/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsindən göründüyü kimi, X1 nümayəndəsi qismində iştirak etmişdir. Həmin qətnamə ilə X1 ünvan 4 ünvanına istifadə hüququnun tanınması qət edilmişdir. Göründüyü kimi, əvvəllər Vəkil1 hazırki iş üzrə cavabdeh X3 hüquqi yardım göstərmişdir. Vəkil1 qeyd edilən işdə iddiaçını müdafiə edərkən digər dəlillərlə yanaşı, hazırki iş üzrə cavabdeh X3 hüquqi yardım göstərərkən əldə etdiyi məlumatlardan ona qarşı istifadə etmişdir. Halbuki MPM-in 71.3-cü maddəsinə müvafiq olaraq şəxs, mənafeyi təmsil edilənin mənafeyinə zidd olan şəxslərə həmin iş üzrə hüquqi yardım göstərirsə və ya əvvəllər belə yardım göstərmişsə nümayəndə ola bilməz. Nəzərə alınmalıdır ki, MPM-in 71.5-ci maddəsinə əsasən yuxarıda istinad olunan hal nümayəndəyə etiraz əsası kimi nəzərdə tutulsa da, prosessual qanunvericilik ümumiyyətlə belə şəxslərin nümayəndə kimi mülki işə baxılmasında iştirakını istisna etdiyi üçün etirazın verilib-verilməməsindən asılı olmayaraq həmin halların məhkəməyə məlum olduğu andan məhkəmə tərəfindən xidməti vəzifəsinə görə MPM-in 71-ci maddəsinin tələbləri təmin edilməlidir. Lakin baxılan iş üzrə məhkəmə iş materiallarında Xəzər Rayon Məhkəməsinin 2(003)-2300/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi olduğu halda onun məzmununa diqqət yetirməmiş, Vəkil1 qanunla birbaşa qadağan edildiyi halda cavabdehi hazırki iş üzrə birinci instansiyası məhkəməsində təmsil etməsinə ona hüquqi yardım göstərməsinə qiymət verməmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzil xüsusi mülkiyyətdə olmadığı halda birinci instansiya məhkəməsi iş materiallarında mövcud olmayan ünvan 1 İddiaçının xüsusi mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2006-cı il tarixli çıxarışa istinad etmişdir. Qeyd edilən hallar birinci instansiya məhkəməsinin tərəfindən qəbul edilmiş qətnamənin prosessual pozuntu ilə çıxarılmasını təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?. İş materiallarından görünür ki, İddiaçı Bakı xalq deputatları sovetinin 237923 saylı 1985-ci il tarixli orderinə əsasən ünvan 1 ünvanına köçürülmüş və orada yaşamaq hüququ əldə etmişdir. Lakin ev iddiaçının xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh iddiaçının qardaşı ilə ailə qurduğu 2011-ci ildə həmin ünvana köçmüşdür. İddiaçı ailəsi ilə birlikdə hazırda həmin ünvanda yaşayır. Cavabdeh isə iddiaçının qardaşı ilə nikahlarına xitam verildiyi 2014-cü ildən həmin ünvanı tərk etmişdir və orada yaşamır. Hazırda iddiaçı cavabdehin mübahisəli mənzilə istifadə hüququnun itirilməsini xahiş edir. Cavabdeh isə qeydiyyata düşməyə başqa yeri olmadığını, həmçinin həmin evdə yaşamaq niyyətində olduğunu bildirərək iddianı qəbul etmir. Cavabdeh apellyasiya şikayətində 1 oktyabr 2013-cü ildə Xəzər Rayon Məhkəməsinin 2(003)-2300/2013 nömrəli qətnaməsinə əsasən onun Pirallahı qəsəbəsi K.Rzayev küçəsi ev 12, mənzil 16 ünvanına istifadə hüququnun tanınmasına, mənzilin mülkiyyət hüquqi əsasında heç kimə məxsus olmamasına, mənzilə hüququ tanınan zaman da və hazırda da Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmasına və mənzilin icarədarının isə əri X8 olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə əsasən iddiaçı müvafiq order əsasında həmin ev üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq hüququna, beləliklə, həmin ev üzərində mülkiyyət hüququ əldə etmək üçün “qanuni gözlənti”yə malikdir. Belə olan halda məhkəmə kollegiya hesab edir ki, ev üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması iddiaçını hazırkı iddianı qaldırmağa subyektiv hüquqdan məhrum etmir. İş materiallarından və izahatlardan müəyyən olunur ki, cavabdeh 2011-ci il tarixdə iddiaçının qardaşı ilə ailə qurduqdan sonra mübahisəli evdə iddiaçının ailəsi ilə birlikdə yaşamağa başlamışlar. Cavabdehlə iddiaçının qardaşının arasında nikah münasibətlərinə 2013-cü ildə xitam verilmişdir. Həmçinin məhkəmə iclasında cavabdeh bildirmişdir ki, 10 ildir həmin mənzildə yaşamır. Həmçinin də cavabdehin istər birinci instansiya məhkəməsindəki izahatından, istərsə də, apellyasiya şikayətinin məzmunundan aydın görünür ki, o iddianı ən çox həmin evdə iddiaçı və ailəsinin onun mənzildə yaşamağına qoymamasına baxmayaraq sadəcə oradan qeydiyyatdan çıxmaq istəməməsinə görə qəbul etmir. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Cavabdehin mübahisəli mənzilindən istifadə hüququ yaranmış olsa da, həmin mənzilin sahibi (gözlənilən mülkiyyət hüququ üzrə) ilə ailə münasibətlərinə xitam verildikdən sonra bu hüquq saxlanıla bilməz. Belə ki, hazırda mənzilin sahibi olan iddiaçı ilə cavabdeh arasında, sonuncunun mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığı üçün bu, keçmiş ailə üzvü olan cavabdehin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır. Bundan başqa cavabdeh maddi vəziyyəti və ya diqqətə layiq olan digər hallarla əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə heç bir sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası cavabdehin azyaşlı övladı ilə birlikdə mübahisəli mənzildə pasport qeydiyyatında olmaqla həmin mənzilə istifadə hüquqlarının mövcud olmasına dair dəlilinə münasibət bildirərək qeyd edir ki, mübahisəli evlə bağlı tərəflər arasında münasibətlər 2009-cu ilin oktyabr ayından sonrakı dövrü əhatə etdiyindən tərəflər arasında yaranmış münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları baxımından hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə mübahisəsi gedən mənzilin sahibi İddiaçı qardaşı arasında olan nikah münasibətlərinə xitam verilmiş, cavabdehin iddiaçı ilə arasında olan ailə münasibətlərinə xitam verilmiş və cavabdeh 2014-cü ildən həmin mənzildə yaşamamaqla, başqa ünvanda (atasının evində) yaşamaqdadır. Məhkəmə kollegiyası hesab edir ki, mənzilin sahibi olan iddiaçı ilə cavabdeh arasında, sonuncunun mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığı üçün bu, keçmiş ailə üzvü olan cavabdehin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır; eyni zamanda, cavabdeh maddi vəziyyəti və ya diqqətə layiq olan digər hallarla əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə heç bir sübut təqdim etmədiyindən, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni onun istifadə hüququnun müəyyən müddətə saxlanılması da istisna olunur. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər; hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən isə həmin Məcəllənin 30.1-ci maddəsi, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqelər əsas götürülməlidir. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericilik mənzilə köçürülmə və istifadə hüquqlarının tanınması faktını şəxsin mənzilin yerləşdiyi ünvana qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Başqa sözlə, şəxsin yaşayış sahəsinin yerləşdiyi ünvana pasport qeydiyyatının olub-olmaması birmənalı şəkildə onun mənzilə köçürülməsi və istifadə hüquqlarının olması üçün əsas deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində Cavabdeh azyaşlı uşağı xx.xx.2012-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanından istifadə hüququnun itirilməsinin müəyyən edilməsini xahiş etsə də, hazırki mübahisəyə tətbiq edilən hüquq normalarının tətbiqi baxımından bu hüquqa xitam verilməsi nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbində kənara çıxmamaqla cavabdehin mübahisəli evə istifadə hüququnun qalmadığı üçün bu hüquqa xitam verilməlidir. Məhkəmə kollegiyası göstərilən nəticəyə gələrkən nəzərə alır ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə kollegiyası həmçinin cavabdehin mübahisəli mənzilindən istifadə hüququ yaranmış olsa da belə, həmin mənzilin icarədarı (mülkiyyətçisi) ilə ailə münasibətlərinə xitam verildikdən sonra bu hüququn saxlanılmadığı üçün, eləcə də, Mülki Məcəllənin 27.1-ci maddəsinə, həmçinin “Yaşayış yeri və olduğu yer üzrə ceydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən uşağın ev barəsində istifadə hüququ valideynlərinin istifadə hüquqlarından əmələ gələn hüquq olduğundan və anası olan cavabdehin istifadə hüquqlarına xitam verildiyindən onun da həmin evdə istifadə hüququnun saxlanılması üçün qanuni əsaslar qalmadığından iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-28/2024 saylı, 20 fevral 2024cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilsin. Cavabdeh azyaşlı uşağı xx.xx.2012-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanından istifadə hüququna xitam verilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Azad İmanov