Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3099/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 58 saylı evin 75 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması, həmin mənzilin boşaldılması və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə cavabdeh Quliyev Aftandil Böyükağa oğlu arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 75.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakını ipoteka predmeti kimi İddiaçı BOKT ASC təqdim etmiş və bu barədə xx xxxx 2015-ci il tarixli 2015/00048-01İP saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh Quliyev Aftandil Böyükağa oğlu tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulduğundan tərəflərindən ona qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Astara Rayon Məhkəməsində iddia qaldırılmışdır. Astara Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(018)-08/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh Quliyev Aftandil Böyükağa oğlundan yaranmış borcun tutulması və tutmanın Cavabdeh mülkiyyətində olan ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan əmlak hesabına yaranmış borcun bağlanması qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən, Xətai rayon İcra və Probasiya şöbəsinin sifarişinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün “xxxx” MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən İddiaçı BOKT ASC-yə təklif edilmişdir. “xxxx” MMC ilə İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı satqı müqaviləsi” bağlanmış və Hərracın Nəticələri haqqında Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və Hərracın nəticələri haqqında yekun protokola əsasən Azərbaycan RespublikasıDaşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçı BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmışdır. Lakin ipoteka predmeti olan əmlakın artıq İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, Cavabdeh və digərləri hal-hazırda da ünvan 1 ünvanda yaşayırlar. Bu isə bir mülkiyyətçi kimi İddiaçı BOKT ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləiddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı BOKT ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 58 saylı evin 75 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması, həmin mənzilin boşaldılması, cavabdehdən 20 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-8137/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilməmişdir. Belə ki, cavabdehin yeganə evi var və orada ailəsi ilə birlikdə yaşayır. Atası iddiaçı ilə borca görə razılaşıbdır. Bundan əlavə, eyni tərəflər arasında ayrıca mülki iş vardır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla mübahisəsiz qaydada müəyyən edilmişdir ki, ünvan 1 açıq hərraca çıxarılmış, İddiaçı BOKT ASC tərəfindən alınmışdır. Həmin mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı BOKT ASC-yə məxsusdur. Bununla bağlı, xx xxxxxxxx 2019-cu il tarixdə Çıxarış verilmişdir. Lakin Cavabdeh həmin mənzildə qeydiyyatda qalmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırkı iş üzrə cavabdeh mübahisəli mənzilin keçmiş mülkiyyətçisi olmuşdur, mübahisəli mənzil hərrac vasitəsi ilə İddiaçı BOKT ASC tərəfindən alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxnulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın xx xxxx 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.1-157.2, 157.4-cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Qanunun 59.3.1-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, “Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə” müqavilə imzalandıqdan sonra 1 ay keçdiyi halda, Cavabdeh mənzildən çıxmadığı və mənzili yeni mülkiyyətçiyə təhvil vermədiyi, onun mənzildən istifadə hüququnun yaranması üçün mülkyyətçi ilə aralarında hər hansı bir müqavilə olmadığı üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.1-ci maddəsinə əsasən İddiaçı BOKT ASC-niniddia tələbi əsaslı olmuş və birinci instansiya məhkəməsi düzgün olaraq həmin tələbi təmin etmişdir. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası izah edir ki, apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Belə ki, cavabdeh borcla bağlı iddiaçı ilə razılığa gəldiyini qeyd etsə də, bu barədə məhkəməyə sübut təqdim olunmamışdır. Bundan əlavə, iş materiallarından da görünür ki, mənzil hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən alınmışdır və hazırkı mülkiyyətçi ilə Cavabdeh arasında istifadə hüququ ilə bağlı hər hansı razılaşma yoxdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-8137/2019 saylı qətnaməsi Cavabdeh apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehəaid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3099/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3099/2020
18.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver