Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3102/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması və daşınmaz əmlakın ipotekadan azad edilməsi» tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5858/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" BOKT MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" BOKT MMC-yə artıq ödədiyi 5.000 ABŞ dollarının ona geri qaytarılması və girovunun azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehdən evlərini ipotekaya qoyaraq pul götürmüşlər. Həmin pulu cavabdehə tam şəkildə geri qaytarmalarına baxmayaraq, cavabdeh hələ də ona borclarının olmasını bildirir və hər dəfə də müxtəlif rəqəmlərlə pul tələb edir. O, cavabdehə borcunun olmamasına dair pretenziya məktubu ilə rəsmi müraciət etmişdir və bunun nəticəsi olmamışdır. Cavabdehə istənilən məhkəməyə qədərki, qanuni vasitələrdən istifadə etməsinə baxmayaraq, bu mübahisənin məhkəməsiz həllinə nail ola bilmədiyinə görə onun ipoteka predmeti olan evi hələ də cavabdehdə girovda qalır. Mübahisə predmeti olan, onun cavabdehə borc öhdəliyi tərəfindən icra edilmişdir və cavabdeh bu faktı qəbul etmir. Sözügedən mübahisəni məhkəmədən başqa qanuni həllinə nail ola bilmədiyi üçün ipoteka predmeti olan evini girovdan azad edə bilmədiyi üçün onun cavabdehə borcunun olmamasını yeganə sübut yolu aidiyyatı məhkəmə qaydasındakı iddia ərizəsi əsasında qanuni qətnamədir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5858/2021 saylı, 04 noyabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilmişdir. Qeyd olunan qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddianın düzgün baxılması üçün ekspertiza rəyi olmalı idi ki, nə qədər pul ödəmiş, həmin pulun nə qədəri artıq ödəmədir və ona qayıtmalıdır. Tərəfindən sözügedən ekspertizanın aparılması yazılı xahiş edilsə də, ekspertiza rəyi olmadan tələm-tələsik qətnamə qəbul edildi. Hesab edir ki, sözügedən ekspertiza rəyi olmadan qəbul edilən qətnamə qanunsuz olduğuna görə apellyasiya instansiyasında ləğv edilərək ekspertiza rəyinə uyğun qətnaməsi qanuni olar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, tərəflər iştirak etməmişlər, İddiaçı1 məhkəməyə teleqram ünvanlayaraq iş üzrə ekspertiza rəyi olmadan apellyasiya şikayətinə baxılmasına razı olmamasını bidirmişdir. Məhkəmə kollegiyası işə onların iştirak olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli 2(007)-104/2018 saylı qətnaməsi ilə "xxxx" BOKT MMC-nin İddiaçı2, X1, X2, X5 və X7 qarşı «əsas borc, faiz və dəbbə pulunun ipoteka predmetinin realizə edilməsi hesabına qaytarılması və mənzildə yaşayanların məcburi qaydada çıxarılması» tələbinə dair iddiası qismən təmin edilmiş, X11 ilə BOKT arasında bağlanmış 13 oktyabr 2014-cü il tarixli BAKU1-23946-10362 saylı kredit müqaviləsinə xitam verilmiş, İddiaçı2, İddiaçı1 və X6 müştərək qaydada 26.893 ABŞ dolları əsas borc, 4.262 ABŞ dolları 62 sent faiz, 10.000 ABŞ dolları dəbbə pulu, cəmi 41.156 ABŞ dolları 10 sentin, ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin "xxxx" BOKT MMC-nin xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, dəyəri 60.000 manat müəyyən olunmuş cavabdeh İddiaçı2 məxsus Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində yerləşən 106 saylı evin 11 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, ipoteka predmeti satıldıqdan sonra mənzilin boşaldılması və İddiaçı2, X3, X4 və X8 həmin mənzildən məcburi qaydada çıxarılmaları, ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq Dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.11.2019-cu il tarixli 2(103)- 1175/2019 saylı qətnaməsi ilə "xxxx" BOKT MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli 2(007)- 104/2018 saylı qətnaməsi «cavabdehlərdən əsas borc və faizin tutulması» hissəsində dəyişdirilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli 2(007)- 104/2018 saylı qətnaməsi ilə cavabdehlərdən müştərək qaydada tutulması qət edilmiş əsas borcun məbləği 37.725 ABŞ dolları 40 sent, faizin məbləği isə 10.299 ABŞ dolları 03 sent müəyyən edilmiş və həmin məbləğlərin ödənilməsi qətnamənin icra olunduğu gün Azərbaycan manatına olan məzənnə ilə həyata keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30.07.2020-ci il tarixli 2(102)-2941/2020 saylı qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.11.2019-cu il tarixli 2(103)-1175/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(006)-635/2021 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «ipoteka borcunun və ya ümumiyyətlə borcun olmaması, girov predmeti olan mənzilin girovdan azad edilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2021-ci il tarixli 2(103)-5364/2021 saylı qətnaməsi ilə təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 635/2021 saylı işi üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «ipoteka borcunun və ya ümumiyyətlə borcun olmaması, girov predmeti olan mənzilin girovdan azad edilməsi» tələbinin rədd edilməsi barədə mülki iş üzrə qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(006)-635/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.11.2019-cu il tarixli 2(103)-1175/2019 saylı qətnaməsi ilə borcludan (borclulardan) tutulmalı borc məbləği (borcun strukturu (tərkibi), yəni əsas borc, faiz, dəbbə pulu göstərilməklə) təsbit edilmişdir. İddiaçılar məhkəmə qətnaməsi ilə tutulmalı olan borc məbləğinin tam ödənilməsinə dair sübutları – ödəniş qəbzlərini və s. ciddi hesabat sənədlərini (ödəniş tapşırığı və s.) məhkəməyə təqdim etməmişlər. Göründüyü kimi qeyd olunan mülki iş üzrə iddiaçılar tərəfindən borc məbləğinin tam ödənilməsi müəyyən edilməmişdir, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2021-ci il tarixli 2(103)-5364/2021 saylı qətnaməsi qəbul edildikdən sonra, 23 avqust 2021-ci il tarixdə iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" BOKT MMC-yə artıq ödədiyi 5.000 ABŞ dollarının ona geri qaytarılması və girovunun azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Halbuki yuxarıda istinad edilən qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə iddiaçıların "xxxx" BOKT MMC-yə olan borcun tam olaraq ödənilməsi müəyyən edilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçılar "xxxx" BOKT MMC-yə 5000 ABŞ dolları artıq ödəniş həyata keçirildiyini bildirsə də, vəsaitin hansı tarixlərdə ödənilməsi barədə, eləcə də qanuni qüvvəsini almış qətnamələr qəbul edildikdən sonra ödəməsi barədə hər hansı sübut təqdim etməmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" BOKT MMC-yə qarşı artıq ödənilmiş 5.000 ABŞ dollarının geri qaytarılması və girovunun azad edilməsi tələbinə baxıla bilməzdi, çünki qeyd olunduğu kimi iddiaçıların cavabdeh "xxxx" BOKT MMC-yə olan borclarının ödənilməməsi barədə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə tərəflər arasında mübahisələndirilən məsələ ilə əlaqədar öncələr mülki məhkəmə çəkişmələri olmuş və müvafiq hüquqi qiymət verildiyindən birinci instansiya məhkəməsi hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsini tətbiq etməklə iş üzrə icraata xitam verməli idi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki, hazırki iş üzrə tərəflər arasında mübahisələndirilən məsələ ilə əlaqədar qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olduğundan hazırki işin icraatına xitam verilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 384 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5858/2021 saylı, 04 noyabr 2021ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" BOKT MMC-yə qarşı “cavabdeh "xxxx" BOKT MMC-yə artıq ödədiyi 5.000 ABŞ dollarının ona geri qaytarılması və girovunun azad edilməsi” barədə tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3102/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3102/2022
04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver