Məhkəmə qərarları › İş №2(103)-3103/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3103/2022

24.05.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3103/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Azər Həsənovun, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Arzu Ağamirzəyevanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair 2(006)-991/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ona ödənilməli olan 6600 (altı min altı yüz) manat sığorta ödənişinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20.10.1999-cu ildən 27.04.2004-cü ilə kimi N saylı hərbi hissədə gizir vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. 23.07.2003-cü ildən 29.07.2003-cü ilə kimi N saylı hərbi hissədə kəşfiyyat bölüyündə xidməti vəzifəni yerinə yetirərkən sağ budun aşağı 3/1-nin dişlənmiş yaraları diaqnozu ilə xəsarət almışdır. Həmin qərara əsasən onun aldığı xəsarət hərbi travmadır, hərbi xidmət vəzifəni yerinə yetirilməsi zamanı alınmışdır. Xəsarət alması səbəbillə ona ikinci qrup əlil statusu verilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta haqqında” Azərbaycan Respublikasının qanunu ilə onlara verilən sığorta Kommersiya Şirkətinə müraciət etdi. Qurumdan ona verilən cavabla ona sığorta ödənişinin edilməsindən imtina edilmişdir. Qeyd edilən imtina onun hüquqlarının pozulmasıdır. Odur ki, hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin“ç” bəndinə əsasən həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəlikləəlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - İ dərəcə əlilliyə görə — 80 faiz; - İİ dərəcə əlilliyə görə — 60 faiz; - İİİ dərəcə əlilliyə görə — 40 faiz. Qanunun istinad olunan maddəsinin mənasına görə sığorta olunanın əlilliyinin müəyyən edilməsi birmənalı şəkildə 3 il müddətində realizə edilməli, yəni təyinat qeyd olunan müddətdə həyata keçirilməlidir. Əlilliyə əsas olan vəziyyətin yarandığı tarix şəxsin xəsarət aldığı tarixdir, əlilliyin müəyyən olunması isə qeyd olunan müddətdə həyata keçirilməlidir. Bu müddətin hansı səbəblərdən buraxılması, buraxılmışsa üzrlü hesab edilməsi və istisna edilməsi ilə əlaqədar sözügedən qanunda, yaxud başqa qanunvericilik aktında hər hansı norma nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 935-ci maddəsi sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina olunması hallarını təsbit edir və həmin Məcəllənin 935.1.8-ci maddəsinə görə baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, yenə həmin Məcəllənin 935.1.10-cu maddəsinə görə icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığorta ödənişinin verilməsindən imtina edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2 və 14.2.3-cü maddəsinə əsasən zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyinin, o cümlədən sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması halında sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzisığorta məbləğinin müvafiq nisbətlərində ödənilir. Göründüyü kimi, məhkəmə öz mövqeyini əsaslandırarkən istinad olunan maddi hüquq normalarının tələblərini nəzərə almamışdır. İddiaçı 20.01.2002-ci ildə travma alsa da, həmin tarixdən qanunda nəzərdə tutulduğu kimi 3 il deyil, 14 il sonra şəhadətləndirilmiş, ondan da bir il sonra əlillik dərəcəsi almışdır. Bu halda istinad edilən qanunun tələbi baxımından Dövlət Sığorta Kommersiya Şirkətinin sığorta ödənişinin verilməsindən imtinası əsassız olmamışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi izahatında bildirdi ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 may 2021-ci il tarixli Fərmanına əsasən qeyd edilən şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlatını dinləyib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi rədd edilməlidir. Belə ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 may 2021-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (bundan sonra – Şirkət) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorların, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Fərmanın 2.7-ci bəndində 2022-ci il yanvarın 1-dək sığortaolunanlara sığorta ödənişlərinin verilməsini Şirkət həyata keçirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü maddəsinə əsasən, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Mülki işin tədqiq edilmiş hallarına əsasən, iddiaçının sığorta ödənişini tələb etdiyi məsul orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu işdə iştirak etməyə cəlb olunmadan birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qətnamə çıxarılmışdır. Bu hala əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarına əsasən ilk növbədə qeyd edir ki, hazırkı iddia tələbi buna cavab verməli olmayan şəxsə qarşı irəli sürülmüşdür. Belə ki, yuxarıda adı qeyd edilən Fərmanla sığorta sahəsində səlahiyyət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edən zaman bunu nəzərə almamış və iddianı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı təmin etmişdir. Kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbi buna cavab verilməli olmayan şəxsə qarşı irəli sürüldüyünə görə rədd edilməlidir. Ona görə də birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-991/2022 saylı mülki iş üzrə 01 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” barədə iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar