Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3105/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və İlham Kərimlidən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin vəkili və nümayəndəsi Asif Mədətovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət X1 üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoruna qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı Şalələ Əsədova 12 №-li Bakı Peşə Liseyinin dərs hissə müdiri olub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarı ilə qərara alınıb ki, iddiaçının işlədiyi 12 №-li Bakı Peşə Liseyi digər təhsil müəssisələri - 1 №li Bakı Peşə Liseyi, 17 №-li Bakı Peşə Liseyi, 10 №-li Bakı Peşə Məktəbi ilə birləşdirilsin və onların bazasında Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın. Həmin qərarın tarixindən 4 ilə yaxın vaxt keçdikdən sonra - xx.xx.2020-ci il tarixdə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktorunun iddiaçı Şalələ Əsədovaya münasibətdə qəbul etdiyi K-62 №-li əmrdə qeyd olunub: “Əsas korpusun (12 №-li Bakı Peşə Liseyinin) dərs hissə müdiri xx.xx.2020-ci il tarixdən başqa işə keçirilməsindən imtina etdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) 1 ay qabaqcadan yazılı xəbərdarlıq edildiyi nəzərə alınaraq, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar işi davam etdirməyə razılıq vermədiyindən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsi ləğv edilsin”. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə əmr etibarsız hesab edilərək iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: Qətnamə ləğv edilməli, iddia təmin olunmalıdır. Belə ki, əmək müqaviləsinə əmək şəraitinin şərtlərinin dəyişməsinə görə xitam verilib. İşəgötürənin istinad etdiyi normada - Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində əmək müqaviləsinə xitam verilməsinin əsası belə göstərilib: əmək şəraitinin şərtlərinin dəyişdirilməsi. Lakin əmək şəraitinin şərtlərinin dəyişməsi baş verməyib, ona görə də əmək müqaviləsinə bu əsasla xitam verilə bilməzdi. Əmək Məcəlləsinin “əmək şəraitinin şərtlərinin dəyişdirilməsi” adlı 56-cı maddəsinin 1-ci hissəsində qeyd olunub: “İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Göründüyü kimi, “vəzifəsi üzrə işi davam edirməklə” ifadəsindən istifadə olunub, bununla da təsdiq olunub əmək şəraitinin şərtlərinin dəyişdirilməsi zamanı işçinin vəzifəsi qalır. Müəssisənin ləğv edilməsinin, işçilərin sayının və ya ştatların ixtisar edilməsinin və digər bu kimi halların əmək şəraitinin şərtlərinin dəyişməsinə heç bir aidiyyəti yoxdur. Əmək şəraitinin şərtlərinin nədən ibarət olması Əmək Məcəlləsinin 54-cü maddəsində müəyyən edilib. Ona görə də “əmək şəraitinin şərtlərinin dəyişməsi” deyiləndə həmin maddədə müəyyən edilmiş şərtlərin dəyişməsi başa düşülür. Məs., əmək haqqının miqdarı azaldılarsa, yaxud iş vaxtının müddəti artırılarsa işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməzsə, belə halda o, başqa vəzifəyə keçirilməlidir, bu mümkün olmadıqda əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Beləliklə, əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanuna ziddir. Ona görə məhkəmə Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamə ləğv edilməli, iddia təmin olunmalı, işəgötürənin əmri ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin olunsun. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət X1 üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, K-62 №li əmr ləğv edilsin, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3105/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3105/2021
12.03.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver