Məhkəmə qərarları › İş №2(103)-3105/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3105/2022

17.05.2022 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3105/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı əmanətin geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli 2(006)-646/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı əmanətin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 iyul 2018-ci il tarixli 18-249023-2 saylı bank əmanəti müqaviləsinə əsasən "xxxx" ASC-yə yerləşdirdiyi 5000 ABŞ dolları məbləğində əmanətin cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" açıq səhmdar cəmiyyəti arasında 02 iyul 2018-ci il tarixli 18-249023-2 saylı bank əmanəti müqaviləsi bağlanaraq iddiaçı 5000 ABŞ dolları məbləğində əmanəti həmin banka yerləşdirmişdir. Müqavilənin müddəti 12 ay, əmanətin illik faiz dərəcəsi 3 faiz müəyyən edilmişdir. X4 Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən "xxxx" açıq səhmdar cəmiyyətinin lisenziyası həmin tarixdən ləğv edilmişdir. Lisenziya ləğv ediləndən sonra "xxxx" ASC-yə və cavabdehə müxtəlif vaxtlarda müraciət etsə də, iddiaçıya bildirilmişdir ki, əmanəti bloklanmışdır. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarı ilə 1 iyul 2019-cu il tarixindən etibarən banklarda qəbul edilən qorunan əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 2,5 faiz müəyyən edilmişdir. Buna görə də iddiaçının hesabı bloklanmış və bank hesabında olan 5000 ABŞ dolları məbləğində pulu geri götürə bilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli 2(006)-646/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi araşdırarkən səlahiyyəti olmayan nümayəndənin iştirakı ilə mülki işə baxıb qiymət vermişdir. Belə ki, ləğv prosesində olan "xxxx" ASC-nin bank lisenziyası ləğv edilmiş, lakin hüquqi şəxs kimi fəaliyyətini davam etdirməkdədir. Hazırkı mübahisə predmeti üzrə cavabdeh birbaşa Əmanətlərin Sığortalanması Fondudur. Buna baxmayaraq məhkəmə işə ləğv prosesində olan "xxxx" ASCnin etibarnamə üzrə nümayəndəsinin iştirakı və yetərincə zəruri olmayan sübutların əsasında qiymət vermişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, bundan əlavə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına öz nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli 2(006)-646/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "xxxx" açıq səhmdar cəmiyyəti ilə iddiaçı arasında bağlanmış 02 iyul 2018-ci il tarixli 18-249023-2 saylı bank əmanəti müqaviləsindən görünür ki, Bank əmanətçinin (iddiaçının) 5000 ABŞ dolları məbləğində pul vəsaitini (əmanəti) 12 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 3 % dərəcəsi ilə faiz ödəməyi öhdəsinə götürmüşdür. Hesabdan çıxarışdan görünür ki, iddiaçının 25 iyun 2020-ci il tarixinə bank hesabında 5000 ABŞ dolları məbləğində qalıq qalmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 30.10.2020-ci il tarixli **********090 saylı məktubda göstərilmişdir ki, iddiaçı ilə "xxxx" açıq səhmdar cəmiyyəti arasında bağlanmış 02 iyul 2018-ci il tarixli 18-249023-2 saylı əmanət müqaviləsinə əsasən iddiaçı tərəfindən Banka illik 3 faiz dərəcəsi ilə, 12 ay müddətinə 5000 ABŞ dolları məbləğində əmanət yerləşdirilmişdir. Həmin müqavilənin 4.3-cü bəndinin məzmununa əsasən müqavilə müddətinin sonuncu gününədək əmanət əmanətçi tərəfindən tələb olunmazsa, Bank müqavilə müddətinin uzadılmasına razı olduqda növbəti gündən etibarən müqavilə eyni müddətə eyni şərtlər daxilində uzadılmış hesab olunur. Müqavilə müddətinin sonuncu günü əmanət məbləği iddiaçı tərəfindən geri tələb edilmədiyinə görə “Əmanət müqaviləsi” 02 iyul 2019-cu il tarixində 12 ay müddətinə, əmanətin illik faiz dərəcəsi 3 faiz olmaqla avtomatik prolonqasiya edilmişdir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən 1 iyul 2019-cu il tarixindən etibarən banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 2,5 faiz müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının əmanəti üzrə bank tərəfindən təqvim haqları ödənilməmiş və iddiaçının əmanəti bankın müvəqqəti inzibatçısı tərəfindən təqdim edilmiş “bankın fiziki şəxslər qarşısında olan öhdəliklərinə dair reyestrdə” kompensasiya olunacaq əmanət kimi göstərilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçıya kompensasiya ödənilməsi imkan xaricindədir. Bank əmanəti müqaviləsi üzrə bankın əsas vəzifələrindən biri əmanətlərin qaytarılmasının təmin edilməsidir. Mülki Məcəllənin 950.1-ci maddəsinə görə, banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Əmanətçilərin mülkiyyət hüquqlarının təmin edilməsi məqsədilə sığorta hadisəsi baş verdikdə əmanətlər üzrə kompensasiyanın ödənilməsini nəzərdə tutan “Əmanətlərin sığortalanması haqqında” 29 dekabr 2006-cı il tarixli və “Əmanətlərin tam sığortalanması haqqında” 19 yanvar 2016-cı il tarixli Qanunlar qəbul edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2007-ci il tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmışdır. Fondun funksiyası sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunun aparılması və kompensasiya ödənilməsidir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 il müddətində tam sığortalanır. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1-ci maddəsinə əsasən əmanət hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir. Həmin Qanunun 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə əsasən, cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir. Həmin Qanunun 8.1.20-ci maddəsinə görə, X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir. X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərarla qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 1 avqust tarixli qərarla 10 faiz, 2015-ci il 24 fevral tarixli qərarla 12 faiz, 2016-cı il 2 mart tarixli qərarla xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz, 2016-cı il 16 sentyabr tarixli qərarla xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz, 2019-cu il 1 iyul tarixli qərarla xarici valyuta üzrə 2,5 faiz, milli valyuta üzrə 10 faiz, 2020-ci il 1 iyun tarixli qərarla xarici valyuta üzrə 2,5 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. İşin faktiki hallarından görünür ki, "xxxx" açıq səhmdar cəmiyyəti ilə iddiaçı arasında bağlanmış müqavilənin müddəti bitdiyi zaman iddiaçı tərəfindən əmanət geri götürülməmiş və həmin müqavilənin 4.3-cü bəndinə əsaslanaraq müqavilə bank tərəfindən uzadılmışdır. İş materiallarında olan sübutlardan görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında 02 iyul 2018-ci il tarixdə bank əmanəti müqaviləsi bağlanarkən yerləşdirilən əmanət üzrə illik faiz dərəcəsi 3 faiz olmaqla qorunan əmanət statusunda olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” 5 sentyabr 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Məhkəmə iclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondunun deyil, ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsinin iştirak etməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan 15 sentyabr 2021-ci il və 06 yanvar 2022-ci il tarixli etibarnamələrə əsasən Fondu məhkəmədə X1 təmsil etmiş, etibarnamələr Fondun icraçı direktorunun imzası və möhürü ilə təsdiq olunmuşdur. (i.v.32, 40) Ona görə də apellyasiya şikayətinin bu dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli 2(006)-646/2022 saylı qətnaməsi cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar