Məhkəmə qərarları › İş №2(103)-3105/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3105/2025

22.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3105/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh3 və Cavabdeh1 qarşı «“Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin” etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” ləğv edilməsi, “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsi, həmin müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” ləğv edilməsi və miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə» iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 mart 2025-ci il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun vəkili (nümayəndəsi) Vəkil2 və İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, Cavabdeh1 Bakı Şəhəri 18 saylı Notariat Ofisi tərəfindən verilmiş və reyestrdə 2V-305 nömrə ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında miras əmlak olan və Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 Bağlar sahəsində yerləşən, ümumi sahəsi 0,10 ha olan 1087 saylı bağ sahəsinə dair “DƏDK və R” PHŞ-in 1 saylı Bakı Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” ləğv edilməsi, bundan sonra yəni xx.xx.2024-cü il tarixdə Cavabdeh1 ilə sonuncunun arvadı olan Cavabdeh3 arasında həmin bağ sahəsinin 1/2 hissəsinin Cavabdeh1 tərəfindən Cavabdeh3 bağışlanmasına dair bağlanmış “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsi, həmin müqavilə əsasında “DƏDK və R” PHŞ 1 saylı Bakı Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2024-cü il tarixdə cavabdehlərin adına verilmiş “Çıxarışların” ləğv edilməsi, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 ilə Cavabdeh3 arasında həmin bağ sahəsinin qalan 1/2 hissəsinin Cavabdeh1 tərəfindən Cavabdeh3 bağışlanmasına dair bağlanmış “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsi, həmin müqavilə əsasında “DƏDK və R” PHŞ 1 saylı Bakı Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2024-cü il tarixdə Cavabdeh3 adına verilmiş “Çıxarışın” ləğv edilməsi, həmin bağ sahəsinin miras əmlak kimi iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini və bağ sahəsi üzərində iddiaçının tam hissədə mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 atası Teymur Əliyev ilə Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış xx.xx.1986-cı il tarixli, 16371 nömrəli müqaviləyə əsasən sahəsi 0,10 ha olan (mübahisəli) bağ sahəsi ayrılmışdır. Teymur Əliyev həmin sahədə bağ evi inşa etdirmişdir. Həmin vaxtdan etibarən bugünədək iddiaçı həmin bağ sahəsindən daima istifadə edir və öz ailəsi ilə birlikdə həmin evdə yaşayır. Teymur Əliyev xx.xx.1989-cu il tarixdə vəfat etmişdir və iddiaçı mərhumun vərəsəsi olaraq miras əmlakı faktiki surətdə qəbul etmiş, miras əmlakı idarə etmişdir. Bu yaxınlarda isə iddiaçıya məlum olmuşdur ki, qardaşı – Cavabdeh1 onun barəsində 18 saylı Notariat Ofisinə məlumat vermədən həmin miras əmlaka dair xx.xx.2023-cü il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”, şəhadətnamə əsasında “Reyestrdən çıxarış” almış, sonradan isə, yəni xx.xx.2024-cü il tarixdə bağ sahəsinin 1/2 hissəsinin, xx.xx.2024-cü il tarixdə isə qalan 1/2 hissəsini öz arvadı Cavabdeh3 bağışlamışdır. Cavabdeh1 bunu ona görə eləmişdir ki, iddiaçı, mərhum atasının vərəsəsi olaraq həmin bağ sahəsi üzərində mülkiyyət hüququnu rəsmiləşdirə bilməsin. İddiaçı miras əmlakı faktiki və təkbaşına qəbul etdiyi üçün cavabdehlərin yuxarıda göstərilən hərəkətlərini qanunsuz və etibarsız hesab edir. İddiaçı ilə cavabdehlərin münasibətləri yoxdur. Onlar mübahisəni öz aralarında həll edə bilmirlər. Bu səbəbdə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) iş üzrə tərəflərin məhkəmə baxışı iclaslarında iştirakı və birinci instansiya məhkəməsində verdikləri izahatlar barədə məlumat

3. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq Rayon Məhkəməsinə bildirmişdir ki, o, 1991-ci ilədək mübahisəli bağ evinə mütəmadi olaraq gedib-gəlmiş, ağaclara qulluq etmişdir. 1991-ci ildə isə pensiyaya çıxdıqdan sonra, bağ evində ailəsi ilə birlikdə daimi yaşayır. X10 Əliyev də həmçinin təsərrüfata baş çəkmək üçün atasının ölümündən sonra bağa gəlib-gedirdi. Təxminən 2 il əvvəl qardaşı ona müraciət edərək həmin torpaq sahəsində ev inşa edərək yaşamaq istəməsini bildirmiş, o da qardaşının böyük olmasını nəzərə alaraq ona orada ev inşa etməyə icazə vermişdir. Lakin qardaşı tərəfindən inşa edilmiş ev mübahisəli torpaq sahəsində deyil, Bələdiyyə məxsus torpaq sahəsində yerləşir. Cavabdeh iddiaçını və bacıları Nailə Rəhimovanı aldadaraq notariusa aparmış, mirası hər üçü tərəfindən qəbul edildiyini və hər üçün adına çıxarış alınacağını demiş, lakin bağı yalnız öz adına rəsmiləşdirmişdir.

4. İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə da Rayon Məhkəməsinə eyni məzmunlu izahat vermişdir.

5. Cavabdeh3 vəkili (nümayəndəsi) Vəkil2 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, onun əri Cavabdeh1 və iddiaçının atası Teymur Əliyev xx.xx.1989-cu il tarixdə vəfat etmiş, bundan sonra vərəsəlik işi açılmışdır. Həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməlidir və nəzərə alınmalıdır ki, həmin dövrdə miras əmlakın qəbul edilmə müddəti 6 ay idi. Bu müddət ərzində iddiaçı mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişdir. Bununla da iddiaçı vərəsə kimi miras əmlak üzərindəki hüquqlarını itirmişdir. Odur ki, iddia tələbi rədd edilməlidir.

6. Cavabdeh “DƏDK və R” PHŞ-in 1 saylı Bakı Əİ-nin nümayəndəsi və Cavabdeh1 məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunsalar da, məhkəmə baxışı iclaslarında iştirak etməmiş, bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmiş, yazılı izahat və mülahizələrini Rayon Məhkəməsinə təqdim etməmişlər. Bu hal işin baxılmasına mane olmadığından Rayon Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Rayon Məhkəməsi tərəfindən üçüncü şəxs qismində işin baxılmasına cəlb edilmiş X2 Rayon Məhkəməsinə verdiyi izahatda göstərmişdir ki, qardaşı olan iddiaçı həmin bağ sahəsində yerləşən və ataları tərəfindən inşa edilmiş bağ evində 1991-ci ildən etibarən daimi olaraq yaşayır. 1991-ci ilədək iddiaçı mütəmadi olaraq bağa gedərək, oradakı ağaclara, təsərrüfata qulluq edirdi. Əvvəllər yəni atasının sağlığında hamısı ora gedib-gəlmişdir. O özü ailə qurduqdan sonra ancaq yay aylarında bağa gedib-gəlmişdir. Digər qardaşı – Cavabdeh1 isə bağ evində yaşamamışdır. Bir müddət bundan əvvəl Cavabdeh1 orada özünə ev tikmişdir. Cavabdeh1 ondan mirasdan imtina barədə ərizə yazmağını istəsə də o yazmamışdır. Qeyd olunan əmlakda onun payının da müəyyən edilməsini istəyir. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Cavabdeh1 18 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-305 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsini, həmin şəhadətnamə əsasında onun adına “Daşınmaz əmlakın dövlət reyestrində” aparılmış xx.xx.2023-cü il tarixli ********** nömrəli qeydiyyatın ləğv edilməsini, Cavabdeh1 ilə Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Bağışlanma müqaviləsinin” etibarsız hesab edilməsini, həmin müqavilə əsasında Cavabdeh3 adına “Daşınmaz əmlakın dövlət reyestrində” aparılmış xx.xx.2024cü il tarixli ********** nömrəli və Cavabdeh1 adına aparılmış xx.xx.2024-cü il tarixli ********** nömrəli qeydiyyatın ləğv edilməsini, Cavabdeh1 ilə Rəbiyə İsmayılova arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsini, həmin müqavilə əsasında Cavabdeh3 adına “Daşınmaz əmlakın dövlət reyestrində” aparılmış xx.xx.2024-cü il tarixli ********** nömrəli qeydiyyat ləğv edilməsini, “Daşınmaz əmlakın dövlət reyestrindən” mərhum Teymur Əliyevin adına verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mübahisəli bağ torpaq sahəsi üzərində iddiaçı ilə Cavabdeh1 hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

9. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Vişnyovka-1 (Albalılıq-1) bağ massivində yaşayır. İddiaçı onun qonşusudur. O, iddiaçını 1987-ci ildən tanıyır və həmin vaxtdan etibarən iddiaçını bağda dəfələrlə görmüşdür. Təxminən 1993-cü ildən isə iddiaçı bağda daima yaşayır. İddiaçı öz bağına və onun bağına qulluq edirdi. İddiaçının qardaşı olan Cavabdeh1 də qonşusudur. Onunla əlaqəsi yoxdur. Onu son illərdə görmüşdür. Şahid2 ifadəsində bildirmişdir ki, o, Vişnyovka-1 (Albalılıq-1) bağ massivində yaşayır. İddiaçı onun qonşusudur. O qeyd olunan ərazidə yaşadığı vaxtdan – 2004-cü ildən qonşu olaraq iddiaçını tanıyır. Cavabdeh1 tanımır. Həmin bağ-torpaq sahəsində iddiaçıdan başqa heç kimi görməmişdir. O özü, yay aylarında bağda qalır. Lakin iddiaçı ilboyu orda qalır. O ora köçəndə iddiaçı artıq orada yaşayırdı. Onun həyətində heç nə bitmirdi. İddiaçının sahəsində bitirdi və hamı iddiaçının yaxşı bağban kimi tanıyır. İş üzrə tərəflərin verdikləri izahatlardan, şahidlərin verdikləri ifadələrdən və iş materiallarından göründüyü kimi, miras açılarkən vərəsə kimi hazırki iş üzrə iddiaçıya məlumat verilmədiyindən mirasda digər vərəsə - Cavabdeh1 tam hissədə pay aldığı halda, iddiaçı vərəsə kimi müəyyən edilmədiyindən pay almamışdır. Belə olan halda xx.xx.2023cü il tarixli “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə” etibarsız hesab edilməli və onun əsasında verilmiş “Çıxarış” ləğv edilməlidir. Həmçinin bundan sonrakı hərəkətlər olan “Bağışlama müqavilələrinin” etibarsız hesab edilməli və onların əsasında verilmiş “Çıxarışlar” da ləğv edilməlidir. Miras qiyan Teymur Əliyevin 3 vərəsəsi olmuşdur: iddiaçı, Cavabdeh1, üçüncü şəxs Nailə Rəhimova. X9 miras əmlakı nə faktiki, nə də atası öldüyü andan 6 ay müddətinə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməmişdir. Buna görə də, miras əmlakda iddiaçının 1/2 hissədə, Cavabdeh1 1/2 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikasında xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 528-ci maddəsinə görə, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Mülki Məcəllənin 532-ci maddəsinə görə, qanun üzrə vərəsəlikdə payların bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə görə, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onları mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Qeyd edilənlər nəzərə alındıqda hesab edilməlidir ki, iddiaçı atasından qalan miras əmlakını atası vəfat etdikdən sonra faktiki surətdə idarə etməyə başlamış, 35 ildən çoxdur ki həmin torpaq sahəsində olan fərdi yaşayış evində yaşayır. Bu hal iddiaçı və üçüncü şəxsin izahatları, eləcə də şahid ifadələri də öz təsdiqini tapmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, mübahisəli əmlakın hazırki mülkiyyətçisi olan Cavabdeh3 vicdanlı əldə edən şəxs hesab edilmir. Çünki o, Cavabdeh1 arvadıdır və əri ilə iddiaçının eyni dərəcə vərəsə olmalarını, onların arasındakı gərgin münasibətlərdən xəbərdar idi. d) apellyasiya şikayəti barədə məlumat

10. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdr ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, onunla iddiaçının atası Teymur Əliyev xx.xx.1989-cu il tarixdə vəfat etmiş, bundan sonra vərəsəlik işi açılmışdır. Bu baxımdan həmin dövrdə vərəsəliklə bağlı münasibətlərə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 552-ci maddənin tələblərinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Bu baxımdan mirası qəbul etmək üçün müəyyən hərəkətlərin edilməsi vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir ki, iddiaçının miras əmlakın predmeti olan torpaq sahəsini 6 ay ərzində qəbul etməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hərəkətlərin edilməsi işin faktiki halları ilə müəyyən edilməmişdir. İddiaçının mirası qeyri-rəsmi üsulla, yəni miras əmlakını faktiki idarə etməklə və ona yiyələnməklə faktiki qəbul etməsi müəyyən edilmir, eyni zamanda notariat orqanına mirası qəbul etmək barədə ərizə də verilməmiş, iddiaçı tərəfindən mirasın 6 ay ərzində qəbul edilməsinə dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Maştağa bələdiyyəsi tərəfindən verilmiş mədaxil qəbzlərində qeyd edilmişdir ki, mübahisəli bağ sahəsinin torpaq vergisinin 2002-ci ildən 2012-ci ilədək iddiaçı tərəfindən ödənilmişdir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Şahid2 ifadəsindən göründüyü kimi, Şahid2 qonşuluqda yerləşən bağ sahəsində 2004-cü ildən yaşayır. Digər Şahid1 isə ifadəsində bildirmişdir ki, iddiaçı mübahisəli bağ sahəsində təxminən 1993-cü ildən yaşayır, lakin iddiaçını 1987-ci ildən bağ gedib-gəldiyini görmüşdür. Şahid1 yalan ifadə verir. Çünki Şahid1 bağ sahəsi Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 1993-cü il tarixli müqavilə əsasında verilmişdir. Deməli o, iddiaçının 1987-ci ildən bağa gedib-gəlməsini görə bilməzdir. Göründüyü kimi, iddiaçının miras açılandan sonra 6 ay ərzində mirası qanunla və ya faktıki qəbul etməsi halı sübuta yetmir. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır. Bundan başqa qeyd edilməlidir ki, Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” bütövlükdə etibarsız hesab edilməsi barədə mövqeyi də yanlışdır. Belə ki, əgər Rayon Məhkəməsi miras əmlakda iddiaçının payının 1/2 hissədə olmasını müəyyən etmişdirsə, onda şəhadətnamənin tam həcmdə etibarsız hesab etməli deyildi. Daha sonra nəzərə alınmalıdır ki, Cavabdeh1 mərhum atasına məxsus olmuş və Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsində yerləşən daşınmaz əmlakı miras əmlak kimi qəbul etmişdir. Hazırda qüvvədə olan Mülki Məcəllənin 1243.3-cü maddəsinə görə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Bu baxımdan qəbul edilməlidir ki, mübahisəli bağ sahəsi də, Cavabdeh1 tərəfindən tamamilə qəbul edilmişdir. Buna görə də, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı hesab edilə bilməz. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar barədə məlumat

12. Cavabdeh1 vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

13. İddianın vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi.

14. İş üzrə cavabdeh “DƏDK və R” PHŞ-in 1 saylı Bakı Əİ-nin nümayəndəsi, Cavabdeh3 və iş üzrə üçüncü şəxs olan Nailə Rəhimova apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunsalar da, apellyasiya baxışı iclaslarına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

15. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının hədləri barədə məlumat

16. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbini qismən təmin etsə də, iddiaçı iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir.

17. Qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh1 isə qətnamədən verdiyi apellysiya şikayətdə qətnamənin tam ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirmir.

18. Odur ki, Məhkəmə göstərilənləri nəzərə alaraq Rayon Məhkəməsinin qətnaməsinin iddianın bir qisminin təmin edilməməsi barədə hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

19. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, iddiaçının atası Teymur Əliyev ilə Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış xx.xx.1986-cı il tarixli, 16371 nömrəli müqavilədən görünür ki, Vişnyovka-1 (Albalılıq-1) bağ massivində yerləşən 0,10 hektar 1087 nömrəli bağ sahəsi Teymur Əliyevə ayrılmışdır.

21. İşdə olan “Ölüm haqqında şəhadətnamələrdən” görünür ki, Teymur Əliyev xx.xx.1989-cu il tarixdə, onun arvadı (iddiaçının və Cavabdeh1) anası xx.xx.1986-cı il tarixdə vəfat etmişlər.

22. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin verdikləri məlumatlardan bəlli olur ki, Teymur Əliyevin vəfatından 33 il keçdikdən sonra Cavabdeh1 Bakı Şəhəri 18 saylı Notariat Ofisinə müraciət edərək, bağ sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsinə dair onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsini xahiş etmişdir. Notariat Ofisinin məktubuna əsasən mübahisəli bağ sahəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi “Daşınmaz əmlakın dövlət reyestrində” mərhum Teymur Əliyevin adına qeydiyyata alınmış və bununla bağlı olaraq mərhumun adına xx.xx.2022-ci il tarixli “Reyestrdən çıxarış” verilmişdir. Bundan sonra isə, yəni xx.xx.2023-cü il tarixdə 18 saylı Notariat Ofisi tərəfindən Cavabdeh1 adına 2V-305 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir.

23. “DƏDK və R” PHŞ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarışdan” görünür ki, (yeni qaydalarla: Maştağa qəsəbəsi, Mirzə Fərəc küçəsi, giriş 12 ünvanda yerləşən) mübahisəli 0,10 ha bağ-torpaq sahəsi xüsusi mülkiyyətdə olan əmlak kimi reyestrdə Cavabdeh1 adına qeydiyyata alınmışdır.

24. İşdə olan sənələrdən bəlli olur ki, Cavabdeh1, bağ sahəsi xüsusi mülkiyyətdə olan əmlak kimi reyestrdə onun adına qeydə alındıqdan sonra, yəni onunla arvadı Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Bağışlama müqaviləsinə” əsasən bağ sahəsinin 1/2 hissəsinin, xx.xx.2024-cü il tarixdə isə bağlanmış “Bağışlama müqaviləsinə” əsasən bağ sahəsinin qalan 1/2 hissəsini Cavabdeh3 bağışlamışdır. Qeyd edilən bu müqavilələr əsasında Cavabdeh3 adına “Daşınmaz əmlakın dövlət reyestrində” müvafiq olaraq xx.xx.2024-cü il tarixdə ********** nömrəli qeydiyyat, xx.xx.2022-ci il tarixdə isə ********** nömrəli qeydiyyat aparılmış və bunu təsdiq edən “Çıxarışlar” verilmişdir.

25. Maştağa bələdiyyəsi tərəfindən verilmiş “Mədaxil qəbzlərindən” görünür ki, həmin bağ sahəsinin torpaq vergisi 2002-ci ildən 2012-ci ilədək iddiaçı tərəfindən ödənilmişdir.

26. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Vişnyovka-1 (Albalılıq-1) bağ massivində yaşayır. İddiaçı onun qonşusudur. O, iddiaçını 1987-ci ildən tanıyır və həmin vaxtdan etibarən iddiaçını bağda dəfələrlə görmüşdür. Təxminən 1993-cü ildən isə iddiaçı bağda daima yaşayır. İddiaçı öz bağına və onun bağına qulluq edirdi. İddiaçının qardaşı olan Cavabdeh1 də qonşusudur. Onunla əlaqəsi yoxdur. Onu son illərdə görmüşdür.

27. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Vişnyovka-1 (Albalılıq-1) bağ massivində yaşayır. İddiaçı onun qonşusudur. O qeyd olunan ərazidə yaşadığı vaxtdan – 2004-cü ildən qonşu olaraq iddiaçını tanıyır. Cavabdeh1 tanımır. Həmin bağ-torpaq sahəsində iddiaçıdan başqa heç kimi görməmişdir. O özü, yay aylarında bağda qalır. Lakin iddiaçı ilboyu orda qalır. O ora köçəndə iddiaçı artıq orada yaşayırdı. Onun həyətində heç nə bitmirdi. İddiaçının sahəsində bitirdi və hamı iddiaçının yaxşı bağban kimi tanıyır.

28. Göstərilənləri nəzərə almış Rayon Məhkəməsi iş üzrə tərəflər arasında yaranmış mülki mübahisəni yuxarıda qeyd edilmiş qaydada həll etmişdir.

29. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, Rayon Məhkəməsinin iş üzrə müəyyən etdiyi hallar, yəni miras açılarkən vərəsə kimi hazırki iş üzrə iddiaçıya məlumat verilmədiyindən mirasda digər vərəsə - Cavabdeh1 tam hissədə pay alması, iddiaçının miras açıldığı vaxtdan etibarən miras əmlakını faktiki surətdə idarə etməyə başlamasına və mirasa yiyələnməsinə baxmayaraq vərəsəliyə cəlb edilməməsi halları öz təsdiqini tapır.

30. Belə ki, apellyasiya icraatı Məhkəmə tərəfindən mübahisəli bağ-torpaq sahəsinə yerində müayinə keçirilən zaman müəyyən edilmişdir ki, Teymur Əliyevdən miras qalmış bağ-torpaq sahəsində iki ev mövcuddur. Evlərdən biri təxminən 3 il bundan əvvəl Cavabdeh1 tərəfindən inşa edilmiş və həmin evdə Cavabdeh1 öz ailəsi ilə yaşayır. Digər evdə, yəni Teymur Əliyevin sağlığında inşa edilmiş evdə hazırda iddiaçı və iddiaçının ailə üzvləri ilə yaşayır. Evlərin yerləşdiyi torpaq sahəsi iddiaçı ilə Cavabdeh1 tərəfindən faktiki olaraq naturada ayrılmış və bir birindən ayrılmış torpaq sahələri arasında hündürlüyü təxminən 0,5 metr olan hasar var. Buna baxmayaraq sahələr arasında bir sahədən digər sahəyə keçmək üçün rahat cığır yolu mövcuddur

31. Yerində müayinə zamanı bağ sahəsində Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Şahid1 olmuşdur. O, Məhkəməyə bildirmişdir ki, ona məxsus olan və mübahisəli bağ sahəsi ilə qonşuluqda yerləşən bağ-torpaq sahəsi Bağlar Təsərrüfatı İdarəsi tərəfindən ona 1993-cü ildə verilmişdir. Bundan sonra o, öz bağına gəlib-getmişdir. Həmin vaxtdan da mübahisəli bağ sahəsində yalnız iddiaçını görmüş, həmin vaxtlar Cavabdeh1 bağa gəlib-getməsini görməmişdir. O, Cavabdeh1 3-4 ildir ki, mübahisəli bağda görür.

32. Yerində müayinə zamanı bağ sahəsində iş üzrə üçüncü şəxs olan Nilə Rəhimova da olmuşdur. O, Məhkəməyə bildirmişdir ki, atası vəfat etdikdən sonra qarşıları olan iddiaçı və Cavabdeh1 bağa gəlib-getmiş, bağa qulluq etmiş, lakin bağda yaşamamışlar. İddiaçı, bağ sahəsində yerləşən və ataları tərəfindən inşa edilmiş bağ evində 1991-ci ildən etibarən daimi olaraq yaşayır. Cavabdeh1 isə bağ evində yaşamamışdır. Təxminən 2 il bundan əvvəl Cavabdeh1 bağ sahəsində özünə ev tikmişdir və hazırda ailəsi ilə bilikdə həmin evdə yaşayır.

33. Göründüyü kimi, iş üzrə üçüncü şəxs olan Nilə Rəhimovadan başqa iddiaçının miras açıldığı xx.xx.1989-cu il tarixdən sonra (6 ay müddətində) bağ evini miras əmlak kimi faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi faktını təsdiq edən şəxs(lər) şahid qismində məhkəmələrə təqdim olunmasa da, Cavabdeh1 miras açıldığı tarixdən sonra (6 ay müddətində) bağ evini miras əmlak kimi faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi faktını təsdiq edən şəxs(lər) də şahid qismində məhkəmələrə təqdim olunmamışdır.

34. Odur ki, bunu və Cavabdeh1 mirasın qəbulu ilə bağlı notariat orqanına miras açıldıqdan 33 il sonra müraciət etməsini nəzərə alan Məhkəmə iş üzrə üçüncü şəxs olan Nilə Rəhimovanın məhkəmələrə verdiyi məlumatı etibarlı sübut kimi qəbul edir.

35. Bununla da müəyyən edilir ki, Rayon Məhkəməsi iddiaçının miras açıldığı xx.xx.1989-cu il tarixdən sonra (6 ay müddətində) bağ evini miras əmlak kimi faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi faktını işin müəyyən edilmiş halı kimi qəbul etməkdə haqlı olmuşdur.

36. Apellyasiya şikayətinin “Rayon Məhkəməsi etibarlı sübut olmadan iddiaçının miras əmlakı qəbul etməsi faktını tanımışdır” haqqında dəlili əsassızdır.

37. Qeyd edilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasında xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin tələblərinə görə, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün hesab olunur (maddə 528.). Qanun üzrə vərəsəlikdə payların bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir (maddə 532.; hissə 1.). Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar (maddə 532.; hissə 2.). Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir (maddə 552.; hissə 1.). Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur (maddə 552.; hissə 2.). Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir (maddə 552.; hissə 3.). Yalnız başqa vərəsələr olmadığı və ya onları mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır (maddə 552.; hissə 4.). Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur (maddə 552.; hissə 5.).

38. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, Rayon Məhkəməsi mirasın iddiaçı tərəfindən vaxtında qəbul etməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.

39. Məhkəmə hesab edir ki, istər iddiaçının, istərsə də, Cavabdeh1 mirası qəbul etmələri faktı müəyyən edildiyindən Rayon Məhkəməsi onların miras əmlak üzərində hər birinin payını bərabər hissədə müəyyən etməkdə və bu səbəbdən də, Cavabdeh1ə 18 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-305 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab etməkdə haqlı olmuşdur.

40. Belə ki, onların hər ikisi istər xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş, istərsə də, hazırda qüvvədə olan Mülki Məcəllənin tələblərinə görə mərhum miras qoyanın bərabər payalara malik olan birinci növbə vərəsələridir. Buna baxmayaraq iddiaçı vərəsəlikdən kənarda qalmış, miras əmlakdan məhrum olmuşdur.

41. Bu baxımdan qəbul edilməlidir ki, apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.

40. Apellyasiya şikayətində Cavabdeh1 həmçinin bildirir ki, Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” bütövlükdə etibarsız hesab edilməsi barədə mövqeyi də yanlışdır. Belə ki, əgər Rayon Məhkəməsi miras əmlakda iddiaçının payının 1/2 hissədə olmasını müəyyən etmişdirsə, onda şəhadətnamənin tam həcmdə etibarsız hesab etməli deyildi.

41. Məhkəmə, apelyasiya şikayətinin bu dəlilinin də qətnamənin müzakirə edilən həmin hissəsinin ləğv edilməsi üçün əsaslı hesab etmir. Çünki həqiqətən də, Cavabdeh1 vərəsə olaraq miras əmlak üzərində 1/2 hissədə payı olsa da, şəhadətnamə qanunvericiliyin tələblərinin pozulması ilə və vahid sənəd şəklində verilmişdir.

42. Bu baxımdan qəbul edilməlidir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi də əsaslı olmuşdur.

43. Bundan başqa Cavabdeh1 apellyasiya şikayətində bildirir ki, o, mərhum atasına məxsus olmuş və Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsində yerləşən daşınmaz əmlakı miras əmlak kimi qəbul etmişdir. Hazırda qüvvədə olan Mülki Məcəllənin 1243.3-cü maddəsinə görə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Bu baxımdan qəbul edilməlidir ki, mübahisəli bağ sahəsi də, onun tərəfindən tamamilə qəbul edilmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır.

44. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, həqiqətən də, hazırda qüvvədə olan Mülki Məcəllənin 1243.3-cü maddəsinin tələbinə görə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

45. Lakin nəzərə alınmalıdır ki, həmin qayda hazırkı iş üzrə iddiaçıya da şamil edilməlidir. Belə olan halda qəbul edilməlidir ki, Cavabdeh1 mərhum atasına məxsus olmuş başqa daşınmaz əmlakı miras əmlak kimi qəbul etməsi halı iddiaçını mübahisəli miras əmlakı qəbul etmək hüququndan məhrum etməmişdir.

46. Bu baxımdan müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır.

47. Göründüyü kimi, işin hallarından müəyyən edilir ki, Cavabdeh1 “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” qanunvericiliyin tələblərinin pozulması ilə verilmişdir.

48. Belə olan halda qəbul edilməlidir ki, Rayon Məhkəməsi işin bu halını nəzərə alaraq həmin şəhadətnamə əsasında Cavabdeh1 adına “Daşınmaz əmlakın dövlət reyestrində” aparılmış xx.xx.2023-cü il tarixli ********** nömrəli qeydiyyatın ləğv edilməsini qət etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsinə aid dəlili əsassızdır.

50. Yuxarıda artıq qeyd edildiyi kimi işə baxmış Rayon Məhkəməsi Cavabdeh1a verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni” etibarsız hesab edilməsi və mübahisəli miras əmlaka dair həmin şəhadətnamə əsasında onun adına “Daşınmaz əmlakın dövlət reyestrində” aparılmış qeydiyyatın ləğv edilməsi ilə yanaşı qət etmişdir ki, Cavabdeh1 ilə onun arvadı Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə bağlanmış “Bağışlanma müqavilələri” də etibarsız hesab edilməli, həmin müqavilələr əsasında Cavabdeh3 adına “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə aparılmış qeydiyyatlar ləğv edilsin.

51. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu nəticəyə gəlməkdə haqlı olmuşdur. Çünki Mülki Məcəllənin tələblərinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.2.). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (maddə 337.1.).

52. Cavabdeh1, onunla iddiaçının bərabər hissələrlə mülkiyyətində olan mübahisəli bağ sahəsi ilə bağlı təkbaşına, yəni iddiaçının buna razılığı olmadan sərəncam vermiş, bununla da iddiaçının mülkiyyət hüququnu pozmuşdur.

53. Qeyd edilənlər nəzərə alındıqda müəyyən edilir ki, apellyasiya şikayətinin Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsinə aid dəlili də əsassızdır.

54. Rayon Məhkəməsi bu nəticəyə gəldikdə həmçinin o halı da nəzərə almışdır ki, Cavabdeh3 mübahisəli əmlak üzərində mülkiyyət hüququnu vicdanla hərəkət etməyərək əldə etmişdir. Çünki o, Cavabdeh1 arvadıdır və əri ilə iddiaçının eyni dərəcə vərəsə olmalarını, onların arasındakı münasibətlərin gərgin olmasını bilirdi. Buna görə də Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış “Bağışlama müqavilələrinin” etibarsız hesab edilməsini istisna hal yoxdur.

55. Mülki Məcəllənin 182.1-ci maddəsinə görə, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır.

56. Qeyd edilən maddi hüquq normasının tələbini nəzərə alan Məhkəmə, Cavabdeh1 ilə Cavabdeh3 ər-arvad olmasını, Cavabdeh1 ilə iddiaçı arasındakı münasibətlərin gərgin olması barədə Cavabdeh3 məlumatının olmamasını təsdiq edə biləcək sübutların məhkəmələrə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu mövqeyi əsaslıdır. h) apellyasiya baxışının nəticəsi

57. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmetini təşkil edən nəticə mahiyyətcə və faktlar nöqteyi-nəzərindən düzgündür. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır.

58. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

59. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

60. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 mart 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh1 hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər proses iştirakçıları hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar