Məhkəmə qərarları › İş №2(103)-311/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-311/2021

06.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-311/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, Birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı və vəkili Vəkil3, Birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “çıxarışın etibarsızlığı və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli qətnaməsindən həmin iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “çıxarışın etibarsızlığı və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, M.İbrahimov küçəsi, 49 ünvanında yerləşən mənzildə anadan olmuş və həmin mənzildə daimi qeydiyyatda olmaqla yaşamışdır. Ailə qurduqdan sonra da ailəsi ilə birlikdə həmin mənzildə yaşamaqda davam etmişdir. 2 ay əvvəl atası X13 həmin mənzilin kilidlərini dayişdirərək onun və ailə üzvlərinin mənzildə yaşamalarına icazə verməmişdir. Həmin mənzildən məcburi qaydada çıxarıldığı anadək orda yaşamışdır. Hazırkı ana qədər də, ona məxsus bütün əşyaları həmin mənzildədir. Bildirmək istəyir ki, qeyd edilən mənzil anası X10 mülkiyyətində olmuş və anası vəfat etdikdən sonra mənzilin anasının adında qaldığını güman etmişdir. Lakin atası X13 onu mənzilə buraxmadıqdan sonra, 28.08.2018-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvanında yerləşən mənzilin 27.03.1998-ci il tarixində X7 adına qeydiyyata alınması barədə cavab verilmişdir. Mənzilin atasının adına qeydiyyata alındığı vaxt 19 yaşı olmuş və mənzilin anasının adından atasının adına rəsmiləşdirilməsi zamanı razılığı alınmalı idi. Lakin razılığı alınmadan və xəbəri olmadan mənzil atasının adına rəsmiləşdirilmişdir. Bildirmək istəyir ki, anasının sağlığında həmin mənzili atasının adına rəsmiləşdirmək kimi niyyəti olmamışdır və həmin mənzilin atasının adına hansı qaydada rəsmiləşdirilməsi ona məlum deyil. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmcinin, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə” dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı Firidun oğlunun (yetkinlik yaşına çatmayan X21 ilə birlikdə) Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsi, 49 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh İddiaçı (yetkinlik yaşına çatmayan X21 ilə birlikdə) Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsi, 49 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Hər iki qətnamədən İddiaçı Firidun oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və apellyasiya instansiyası məhkəməsində mülki işlər baxılması üçün bir icraata birləşdirilmişdir. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, mənzil ada keçirilərkən bütün yetkinlik yaşına çatan ailə üzvlərinin razılığı alınmalı idi. Lakin onun belə bir razılığı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi qətnamənin 2-ci səhifəsinin 7-ci abzasında göstərilən, guya mübahisəli mənzilin özəlləşdirilməsinə onun və mərhum anası X10 razılıqları imzaları ilə təsdiq etməyi barədə göstərilənlər tamamilə əsassızdır. Belə ki, həmin ərizədəki imza ona məxsus olmamışdır. Həmin imza atası Firudin Muradov tərəfindən saxtalaşdırılmışdır. Bununla bağlı ekspertizanın keçirilməsi üçün verilmiş vəsatətləri isə qərəzli olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Bu isə qətnamənin həm qanunsuz olmasını, həm də onun konstitusion hüquqlarının kobud surətdə pozulması ilə qəbul edilməsini bir daha açıq-aşkar göstərməkdədir. Bundan başqa Yasamal rayon məhkəməsi cavabdehin adına 27.03.1998ci il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində iddia tələbinin müəyyən olunmuş müddəti ötürdüyü üçün əsassız olduğunu qeyd etmişdir. Halbuki, birinci instansiya məhkəməsinin düzgün hüquqi qiymət vermədiyi məqam ondan ibarətdir ki, onun həmin mənzildə yaşadığı müddətdə mənzilin cavabdehin adına rəsmiləşdirilməsindən məlumatı olmamışdır. Belə ki, cavabdeh Firudin Muradov onu evə buraxmadıqdan sonra o, evin kimin adına qeydiyyatda olması ilə maraqlanmağa başlamış və 28.08.2018-ci il tarixdə sorğu ilə AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Yalnız həmin sorğuya cavab verildikdən sonra onun sözügedən evin cavabdeh Firudin Muradovun adına rəsmiləşdirilməsi barədə məlumatı olmuşdur. Bu məlumatı əldə etdikdən dərhal sonra isə məhkəməyə müraciət etmişdir. Bu da, açıq-aşkar özlüyündə iddia tələbi ilə bağlı müddəti ötürmədiyini göstərir. İddiaçı həmçinin qeyd etmişdir ki, mənzildən istifadə hüququna xitam verilməsi yalnız kompensasiya verilməsi yolu ilə mümkün idi. Lakin birinci instansiya məhkəməsi əsassız olaraq onun adına başqa mənzilin qeydiyyatda olması səbəbi ilə iddia tələbini təmin etmişdir. Hesab edir ki, onun adına başqa evin qeydiyyatdan keçməsi, onun istifadə hüququna xitam verilməsinə səbəb ola bilməz. Məhkəmə iclasında birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı və vəkili Vəkil3 apellyasiya şikayətlərini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmiş, qarşı tərəfin onun ögey oğlu olduğunu, onu saxlayıb böyütdüyünü, ona mənzil alınmasına kömək etdiyini və apellyatorun hal-hazırda özünə məxsus olan mənzildə yaşadığını, hazırkı mənzilin özəlləşdirilməsini də apellyatorun özünün həyata keçirdiyini bununla bağlı sənədləşmə işini özünün apardığını, bu səbəbdən də İddiaçı guya mənzilin özəlləşdirilməsindən xəbəri olmadığı barədə dediklərinin yalan olduğunu bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnamələri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hər iki iddia üzrə toplanmış sübutlarla müəyyən olunmuşdur ki, Bakı şəhəri Oktyabr (indiki Yasamal) rayon XDS-nin İcraiyyə Komitəsinin 16.11.1990-cı il tarixli, 19/1 saylı qərarı ilə ünvan 2 ünvanında yerləsən mənzil X15 və İddiaçı ibarət ailə tərkibi ilə yaşamaq üçün Cavabdeh Ağamirzə oğluna verilmişdir. X15 və İddiaçı Bakı şəhəri Texniki İnventarizasiya bürosunun rəisinə 25.02.1998-ci il tarixli ərizələrlə müraciət edərək mənzilin özəlləşdirilməsinə razılıqlarını imzaları ilə təsdiq etdiklərini bildirmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 3 ünvanlanmış 11.09.2018-ci il tarixli, **********46 saylı məktubdan görünür ki, ünvan 4 ünvanında verləsən mənzil ilkin olaraq 27.03.1998-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır. Həmin mənzilin 2 otağı 5 saylı DNK-nın 4ə-6-834 reyestr nömrəli 16 noyabr 2002-ci il tarixli alqısatqı müqaviləsi əsasında X11 mülkiyyətinə keçmiş, lakin onun vəfatından sonra notarius E.Ə.Kərimov tərəfindən təsdiqlənən 2V-1-74 reyestr nömrəli, 13.04.2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzilin 2 otağını X4 qızı irs almışdır. Sarabskaya-X1 əmlakdan onun payına düşən 2 otağını 5 saylı DNK-nın 4ə-01- 131 reyestr nömrəli, 13 may 2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən X6 hədiyyə etmişdir. ünvan 5 ünvanında yerləsən mənzil hazırda X8 (2 otaq y/s-20.5 kv.m) və X5 (2 otaq y/s 34.0 kv.m) adlarına dövlət reyestrində qeydiyyatdadır. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri 5 saylı dövlət notariat kontoru tərəfindən təqdim edilmiş 4Ə-6-834 saylı notariat işində olan materiallardan aşağıdakılar müəyyən edilmişdir: - 16.11.2002-ci il tarixli, 172284 saylı müqaviləyə əsasən X13 mülkiyyətində olan ünvan 6 ünvanında yerləsən mənzilin 4 otağından iki otağını X2. X15 və İddiaçı Bakı şəhəri 5 saylı dövlət notariat kontoruna ərizə təqdim edərək X9 məxsus mənzilin satılmasına razılıq verdiklərini bildirmişlər. Ərizələr təsdiq edilərək reyestrdə müvafiq olaraq 7E40-16318 və 7E40-16317 nömrə ilə qeydiyyatdan keçmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 16.11.2018-ci il tarixli, **********61 saylı cavab məktubundan görünür ki, İddiaçı adına ünvan 7, 62 saylı mənzili qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı Apellyasiya Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(103)-3405/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2020-ci il tarixli məktubu ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Belə ki, İddiaçı 1995-2000-ci illərə aid sərbəst xətt və imza nümunələrini təqdim edə bilməmişdir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, ünvan 4 ünvanında yerləşən mənzil ilkin olaraq 27.03.1998-ci il tarixdə X10 və İddiaçı 25.02.1998-ci il tarixli razılıq ərizələri vermələri əsası ilə X7 adına qeydiyyata alınmışdır. Həmin mənzilin 2 otağı 16 noyabr 2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X10 və İddiaçı yazılı razılıqları əsasında X3, sonuncunun adına qeydə alındığı üçün keçmiş mülkiyyətçi olan X13 və onun ailə üzvləri, o cümlədən İddiaçı mənzilin həmin otaqlarına dair istifadə hüquqlarına xitam verilmişdir. ünvan 7, 62 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İddiaçı tələbini ünvan 4 ünvanında yerləsən mənzilin X7 adına qeydiyyata alınması barədə razılıq ərizəsindəki imzanın ona məxsus olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası İddiaçı Cavabdeh qarşı “çıxarışın etibarsızlığı və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli qətnaməsi üzrə apellyasiya şikayətinin dəlillərinə qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 11.09.1964-cü ildə qəbul olunmuş və 01.09.2000-ci ildən qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri sayır ki, mənzilin Cavabdeh mülkiyyətinə qeydə alınması ən azından 16 noyabr 2002-ci il tarixli alqı-satqı müqaviləsi bağlandığı və 2 otağının onların istifadəsindən çıxdığı vaxtdan İddiaçı bəlli olsa da, o, hazırkı tələblə 20.09.2018-ciil tarixdə iddia müddətini dəfələrlə keçirdikdən sonra müraciət etmişdir. iddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğundan, mənzilin X7 mülkiyyətinə qeydə alınması ilə bağlı hərəkətlərin qanunvericiliyə riayət edilib edilmədən həyata keçirilməsi məsələsinin araşdırılması zəruriliyini aradan qaldırır. Məhkəmə kollegiyası iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il qətnaməsi üzrə apellyasiya şikayətinin dəlillərinə qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 08.10.2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında qeyd olunmuşdur ki, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır;- yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Sözügedən qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə ailə üzvlərinin arasında etibarlı ailə əlaqələrinin kəsilməsi və onun, yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmaması - hüququ əmələ gətirən əsasın aradan qalxması ailə üzvünün mənzildən istifadə hüququnun xitamı ilə nəticələnir. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri sayır ki, cavabdeh İddiaçı özünün və yetkinlik yaşına çatmayan övladının yaşayış sahəsinə olan ehtiyacını ünvan 7 ünvanında yerləşən və mülkiyyətindəki 62 saylı mənzildən istifadə etməklə qarşılamaq imkanı olduğundan və bununla da, onun yetkinlik yaşına çatmayan övladı ilə birgə iddiaçıya məxsus yaşayış sahəsinə ehtiyaclarının aradan qalxması mənzildən istifadə hüququna xitam üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27.07.2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüquqlarının itirilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarına müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək onları əsassız hesab edir. Belə ki, İddiaçı apellyasiya şikayətində qeyd etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kollegiya bu qənaətə gəlir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 may 2019-cu il və 27 noyabr 2020-ci il tarixli qətnamələri qanuni və əsaslı olmuşdur və həmin qətnamələrin ləğv edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnamələri qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 393-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 may 2019-cu il və 27 noyabr 2020-ci il tarixli qətnamələri verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar