Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3110/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə podrat müqaviləsindən əmələ gəlib. xx.xx.2020-ci ildə iddiaçı (sifarişçi) ilə cavabdeh "xxxx" MMC-nin (podratçının) arasında yazılı formada podrat müqaviləsi bağlanıb. Podratçı üzərinə öhdəlik götürüb ki, sifarişçiyə aid olan, Pirşağı qəsəbəsi, “Hidrotexniki” b/y-nin 131/132 nömrəli bağ sahəsi ərazisində yerləşən torpaq sahəsində bağ evinin tikinti işlərinin icrasını həyata keçirəcək. Müqavilədə qeyd olunub ki, podratçı işləri öz qüvvə, avadanlıq, alət, mexanizm və digər lazımi materialları ilə icra etməyi öhdəsinə götürür. Sifarişçi isə üzərinə öhdəlik götürüb ki, bu işin müqabilində podratçıya muzd ödəyəcək. Podratçı tərəfindən görüləcək işin ümumi həcmi 343 kv.m, sifarişçi tərəfindən ödəniləcək pulun ümumi məbləği isə 65.000 manat müəyyən edilib. Ödənişin göstərilən qaydada həyata keçirilməsi razılaşdırılıb: 1) birinci mərhələyə aid işlər üçün 19.500 manat müqavilə imzalandığı zaman ödəniləcək; 2) ikinci mərhələyə aid işlər üçün 19.500 manat birinci mərhələyə aid işlər tamamlandıqdan dərhal sonra ödəniləcək; 3) üçüncü mərhələyə aid işlər üçün 19.500 manat ikinci mərhələyə aid işlər tamamlandıqdan dərhal sonra ödəniləcək; 4) işlər tamamlandıqdan və işlərin nəticəsi təhvil-təslim aktı ilə qəbul edildikdən sonra qalıq 6.500 manat ödəniləcək. Müqavilədə qeyd olunub ki, işlər 90 gün ərzində tamamlanacaq. Podrat müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə sifarişçi ilə podratçının arasında xx.xx.2021-ci ildə müqavilə bağlanıb. Bu müqavilədə qeyd olunub ki, evin inşasının üçüncü mərhələsində nəzərdə tutulmuş dəmir-beton-tavan işlərinin tamamlanması üçün sifarişçi tərəfindən alınacaq materiala (12 mm-lik 2,2 ton armatur və digər) çəkiləcək xərclər podrat müqaviləsinin 3.2.4-cü bəndində göstərilən məbləğdən (işlərin nəticəsi təhvil-təslim aktı ilə qəbul edildikdən sonra ödəniləcək 6.500 manatdan) çıxılacaq və podratçı üzərinə öhdəlik götürür ki, podrat müqaviləsi üzrə öhdəliklərini bu müqavilənin imzalandığı xx.xx.2021-ci ildən sonra 30 təqvim günü ərzində yerinə yetirəcək. Tərəflərin arasında mübahisə yaranıb. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, tikintinin başa çatdırılması üçün tələb olunan 25.851 manat, habelə ekspertiza xərcinin əvəzi kimi 800 manat cavabdehlərdən tutularaq iddiaçıya verilsin. Tələb onunla əsaslandırılıb ki, iddiaçı üzərinə düşən öhdəliyi icra edib, lakin cavabdeh müqavilədə göstərilmiş müddətdə evi tam inşa etməyib. Sabunçu RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, 25.851 manat cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulsun, iddia digər cavabdehlərə münasibətdə rədd olunsun. Qətnamədə məhkəmə xəclərinə dair məsələ də həll olunub. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilərək yeni qətnamə qəbul olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Qətnamənin yoxlanılması: Podrat müqaviləsi xx.xx.2020-ci ildə bağlanıb, işlərin icra müddəti 90 gün müəyyən edilib, daha sonra işlərin icrası müddəti xx.xx.2021-ci ildən hesablanmaqla 30 təqvim günü uzadılıb, bununla da işlərin icrası müddəti xx.xx.2021-ci ildə başa çatıb. Bundan 4 ay sonra - xx.xx.2022-ci ildə hazırkı iddia ərizəsi verilib. İddia ərizəsinə birinci instansiya məhkəməsində baxılarkən müəyyən edib ki, evin tikintisi tam başa çatmayıb, yarımçıq vəziyyətdə olan evin tikintisinə podrat müqaviləsinin bağlandığı tarixdən xx.xx.2021-ci il tarixədək mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq təqribən 40.145 manat (xidmət haqqı və tikinti materialları daxil olmaqla) xərclənməsi müəyyən edilir. Podrat müqaviləsinin şərtlərinə əsasən evin tikintisinin tam başa çatdırılması üçün, podrat müqaviləsinin bağlandığı tarixdən xx.xx.2021-ci il tarixədək mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq təqribən 19.276 manat (xidmət haqqı və tikinti materialları daxil olmaqla) tələb olunub, hazırkı dövrdə mövcud olan bazar qiymətlərinə uyğun olaraq təqribən 25.851 manat (xidmət haqqı və tikinti materialları daxil olmaqla) tələb olunur. Bu hal Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5346 №-li ekspert rəyi ilə müəyyən olunub. Müəyyən olunur ki, sifarişçi podratçıya cəmi 59.550 manat ödəyib. Podratçının gördüyü işə (yarımçıq işə) 40.145 manat xərclənib. Əgər işlər vaxtında (podrat müqaviləsində müəyyən edilən müddətdə) yerinə yetirilsəyidi qalan işə (yarımçıq işin tamamlanmasına) 19.276 manat xərclənəcəkdi. Bu 2 məbləğin cəmi 59.421 manat təşkil edir (40.145 manat + 19.276 manat = 59.421 manat). Göründüyü kimi, sifarişçi podratçıya işin vaxtında tamamlanması üçün zəruri olan xərcdən 129 manat artıq pul ödəyib (59.550 manat - 59.421 manat = 129 manat). Lakin iş tamamlanmayıb. Podrat müqaviləsinin müddəti isə bitib. Yarımçıq işin tamamlanması üçün hazırkı dövrdə mövcud olan bazar qiymətlərinə uyğun olaraq tələb olunan pulun məbləği 25.851 manat təşkil edir. Birinci instansiya məhkəməsi həmin məbləğin tutulmasını qət edib. Bu, düzgün nəticədir. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsində “zərərə” verilmiş anlayışdan görünür ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkməli olduğu xərclər də nəzərdə tutulur. Sifarişçinin hüququ pozulub, yəni podartçı ona yarımçıq iş təhvil verib. Pozulmuş hüququn bərpası (yarımçıq işin tamamlanması) üçün sifarişçi hazırkı dövrün bazar qiymətlərinə görə 25.851 manat xərc çəkməlidir. Sifarişçi podratçıya ümumilikdə 65.000 manat ödəməyi öhdəsinə götürsə də, 59.550 manat ödəyib. O, qalan 5.450 manatı (65.000 manat – 59.550 manat = 5.450 manat) ödəməyə borclu deyil. Çünki sifarişçi podratçıya işin razılaşdırılmış müddətdə tamamlanması üçün zəruri olan xərcdən 129 manat artıq pul ödəyib, lakin podratçı işi tamamlamayıb. Müqavilənin şərtlərinə görə, qalan 5.450 manat o halda tələb oluna bilərdi ki, podratçı işi podrat müqaviləsində müəyyən edilmiş müddətdə tamamlasın və işin nəticəsini sifarişçiyə təhvil versin. Beləliklə, qətnamə iddianın təmin edilən hissəsində əsaslıdır, ona görə də həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3110/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3110/2023
09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver