Məhkəmə qərarları › İş №2(103)-3111/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3111/2020

06.03.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3111/2020 06.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X10 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi xxxxxxxxxx katibliyi ilə, Ərizəçi Betsıev Aslambekin, onun nümayəndəsi və vəkili X5, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(008)-6434/2019 nömrəli qətnaməsindən ərizəçi Betsıev Aslambek tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Betsıev Aslambek ərizə ilə məhkəməyə müraciət edərək, onun - Ərizəçi xx.xx.1998-ci il tarixdə X1 Respublikasının Qroznı şəhərində xx.xx.1980-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı X6 doğulmağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırdı ki, o, xx.xx.1998-ci il tarixdə X1 Respublikasının Qroznı şəhərində anadan olmuşdur. X16 Vaxitovna xx.xx.1980-ci ildə X1 Respublikasının İtum-Kali rayonunun İtum-Kali kəndində anadan olub, hal-hazırda Rusiya Federasiyasının vətəndaşıdır. X12 Ramazanoviç xx.xx.1962-ci ildə Gürcüstan SSR-nin Axmeta şəhərində anadan olub. O, Gürcüstan SSR-də anadan olsa da, Gürcüstan Respublikası vətəndaşı hesab olunmur. Onun hər hansı bir ölkənin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi yoxdur. O, 1986-cı ildə X1 Respublikasına gedərək orada yaşamağa başlayıb. Valideynləri 1996-cı ildə tanış olub və evləniblər (onlar nikaha daxil olmayıblar). Onların evliliyindən xx.xx.1998-ci il tarixdə doğulmuş, anasının dediyinə görə o, X1 Respublikasında anadan olsa da, orada onun doğum faktı qeydə alınmayıb. Belə ki, 1998-ci ildə ölkədə iğtişaşlar davam etdiyi üçün Çeçenistanda fövqəladə hal rejimi tətbiq olunmuşdu. Bu səbəbdən onun doğum faktının qeydiyyata alınması mümkün olmayıb. 1999-cu ildə İkinci Çeçen müharibəsi başladığı üçün həmin ilin oktyabr ayında ölkədən qaçaraq Gürcüstana getmişlər. 2000-ci ilin mart ayında isə qaçqın statusu almaq üçün Azərbaycana gəlmişlər. Həmin vaxtdan Azərbaycan Respublikasında yaşayırlar. Hazırda onlar qaçqın kimi X2 Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədirlər və ünvan 1 ünvanında yaşayırlar. Anası heç bir yerdə işləmir, atası elektrikdir, hazırda fərdi əməklə məşğuldur. O, 2005-ci ildə Bakı şəhər C. Cabbarlı adına 187 №-li tam orta məktəbin birinci sinfinə getmiş, 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığından məktəbə həmin vaxt BMT QAK tərəfindən verilən Himayə Sənədi (X9) əsasında getdiyi üçün Himayə Sənədinə (X9) uyğun olaraq onun həm ümumi orta təhsil haqqında şəhadətnaməsində, həm də tam orta təhsil haqqında attestatında soyadı Kavtarov kimi qeyd olunub. Belə ki, 2001-ci ildə BMT QAK-a müraciət etdikləri zaman ailəsindən heç kimin şəxsiyyətini təsdiq edən sənədi yox idi. Anası BMT QAK-a özünü faktiki nikahda olduğu şəxsin soyadına uyğun olaraq Kavtarova Zara kimi təqdim etmişdi (Baxmayaraq ki, atasının doğum haqqında şəhadətnaməsində soyadı Marqoşvili kimi qeyd edilib, onun təhsil haqqında şəhadətnaməsində və hərbi biletində soyadı ata babasının soyadına uyğun olaraq Kavtaroşvili kimi qeyd edilmişdir. Daha sonra ata SSRİ nümunəli pasportla təmin edilən zaman pasportu hərbi bilet əsasında aldığından hərbi biletdə göstərildiyi kimi ona Kavtaroşvili soyadı ilə pasport verilmişdir. Ona görə də anası BMT QAK-da qeydiyyata alınarkən özünü Kavtarova Zara kimi təqdim edib). Bu səbəbdən də, BMT QAK tərəfindən onlara verilən Himayə Sənədində (X9) soyadlarının anasının verdiyi şifahi məlumata əsasən "Kavtarova/Kavtarov" kimi qeyd edilmişdi. Anası 2015-ci ildə Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi tərəfindən pasportla təmin edildikdən sonra həmin pasporta uyğun olaraq Himayə Sənədində (X9) onların soyadlarını dəyişdirilərək “'Kavtarova/Kavtarov” soyadı "Betsieva/Betsiev" soyadı ilə əvəz edildi (bu barədə BMT QAK tərəfindən təqdim edilmiş arayışı əlavə edir. Orta məktəbi bitirdikdən sonra şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün təhsili davam etdirməmişdir. Fərdi əməklə məşğul olur. Rusiya Federasiyasının ərazisində doğulduğu üçün onun doğum faktının Rusiya Federasiyasının aidiyyəti orqanlarında qeydiyyata alınmaqla doğum haqqında şəhadətnamə ilə təmin edilib-edilməməyi barədə arayış verilməsi üçün yaşadığı əraziyə uyğun olaraq Maraqlı şəxs1nə müraciət etmişdir. Həmin müraciət əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsi vasitəsilə Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə sorğu göndərilmiş, sorğuya cavab olaraq X3 Respublikasının VVAQ İdarəsi arxiv və informasiya texnologiyaları şöbəsi tərəfindən verilmiş cavabda bildirilmişdir ki, 2005-ci ilədək Respublika VVAQ arxivi (ikinci nüsxələr) tamamilə məhv edilib. Bu səbəbdən də onun doğum faktımın qeydə alıb-alınmamasna dair məlumat əldə etmək mümkün olmayıb. Bundan sonra, Maraqlı şəxs1nə müraciət edərək onun xx.xx.1998-ci il tarixdə X1 Respublikasında X6 (X12 olmaqla) doğulmağı faktını qeydə alaraq onun doğum haqqında şəhadətnamə ilə təmin etmələrini xahiş etmişdir. Çünki, yuxarıda da qeyd etdiyi kimi, doğulan zaman ölkədə ixtişaşlar davam etdiyi üçün Rusiya Federasiyasında doğum faktı qeydə alınmayıb və doğum faktı qeydə alınmadan Rusiya Federasiyasının ərazisini ailə üzvlərilə birlikdə tərk etmişdir. Azərbaycana gəldikdən sonra isə ana pasportu və digər vacib sənədlərlə birlikdə onun da doğum haqqında tibbi şəhadətnaməsi olan çanta oğurlandığı üçün hazırda onun doğum faktını təsdiq edən heç bir sənəd yoxdur. Azərbaycanda qaçqın kimi yaşadıqları üçün və Rusiya - Çeçen müharibəsi ərəfəsində bir çox xəstəxanaların yandırılması səbəbindən orada olan arxiv sənədləri məhv olub, buna görə də, təkrar doğum haqqında tibbi şəhadətnaməni də almağı mümkün deyil. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(008)-6434/2019 nömrəli qətnaməsi ilə ərizəçi Betsıev Aslambekin doğum faktının müəyyən edilməsinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən ərizəçi Betsıev Aslanbek apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ərizənin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə çıxararkən düzgün nəticəyə gəlməmiş, işi düzgün, əsaslı və qanuni həll etməyərək onun hüquqlarını pozan qətnamə çıxarmışdır. Sabunçu Rayon Məhkəməsi öz qətnaməsini aşağıdakı kimi əsaslandırıb: 1) iddiaçı məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, adına X3 Respublikasında doğum şəhadətnaməsi verilmiş, bu barədə müvafiq akt qeydi aparılmışdır. Lakin həmin dövrdə mövcud olan vəziyyətlə bağlı xəstəxana, qeydiyyat şöbələri yandığından onun akt qeydi barədə arayışı almaq mümkün olmamışdır. Məhkəmənin bu fikrinə cavab olaraq bildirmək istəyir ki, o, məhkəmə prosesində belə bir fikir - "ona X1 Respublikasında doğum haqqında şəhadətnamə verildiyini" səsləndirməmişdir, məhkəmə prosesində onun doğulmağı barədə xəstəxanadan anasına tibbi şəhadətnamə verildiyini bildirmişdir. Belə ki, həm ərizəsində, həm də məhkəmədə çıxışında qeyd etmişdir ki, X1 Respublikasında anadan olsa da, orada onun doğum faktı qeydə alınmayıb. Belə ki, 1998-ci ildə ölkədə iğtişaşlar davam etdiyi üçün Çeçenistanda fövqəladə hal rejimi tətbiq olunmuşdu. Bu səbəbdən onun doğum faktımın qeydiyyata alınması mümkün olmayıb və doğum faktını qeydə alınmadan Rusiya Federasiyasının ərazisini ailə üzvləri ilə birlikdə tərk etmişdir. Azərbaycana gəldikdən sonra isə anasının pasportu və digər vacib sənədlərlə birlikdə onun da doğum haqqında tibbi şəhadətnaməsi olan çanta oğurlandığı üçün hazırda onun doğum faktını təsdiq edən heç bir sənəd yoxdur. Rusiya - Çeçen müharibəsi ərəfəsində bir çox xəstəxanaların yandırılması səbəbindən orada olan arxiv sənədləri məhv olub, buna görə də, onun təkrar doğum haqqında tibbi şəhadətnaməni də almağı mümkün deyil. Məhkəmə isə doğum haqqında tibbi şəhadətnaməni doğum haqqında şəhadətnamə kimi interpritasiya edib. Halbuki bunlar fərqli sənədlərdir: Doğum haqqında tibbi şəhadətnamə anaya uşağın doğulduğu tibb müəssisəsi tərəfindən verilən, uşağın hansı tarixdə, nə vaxt və harada doğulmasnı (uşağın cinsi barədə məlumat da daxil olmaqla) təsdiq edən sənəddir, bu sənəd doğumun dövlət qeydiyyatı üçün əsas sənəd hesab edilir. Doğum haqqında şəhadətnamə isə uşağın doğumunun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəddir. Yəni birinci növbədə, onun doğum haqqında tibbi şəhadətnaməsi olmalıdır, tibbi şəhadətnamə əsasında onun doğumu dövlət qeydiyyatına alınmalıdır, bundan sonra ona doğum haqqında şəhadətnamə verilməlidir. Onun isə doğum haqqında tibbi şəhadətnaməsi itib, doğulduğu xəstəxana da yandırıldığından xəstəxananın arxivindən - təkrar doğum haqqında tibbi şəhadətnamə də ala bilmir. Doğum haqqında tibbi şəhadətnaməsi olmadığı üçün də, doğumunun dövlət qeydiyyatına alınması mümkün olmur və nəticədə doğum haqqında şəhadətnamə ilə təmin oluna bilmir. Bu səbəbdən də, doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Sonra Məhkəmə qeyd edib ki, doğum akt qeydinin bərpası ilə bağlı Rusiya Federasiyasının səlahiyyətli məhkəməsinə müraciət etməlidir, doğum akt qeydini bərpa etməklə yeni doğum haqqında şəhadətnamə almalıdır". Bu məsələ ilə bağlı qeyd etmək istəyir ki, birincisi, 18 yaşdan yuxarı olan "şəxs olmağına baxmayaraq, onun doğumu dövlət qeydiyyatına alınmadığına görə vətəndaşlığını təsdiq edən sənədi və sərhədkeçmə sənədi yoxdur, bu səbəbdən də Rusiya Federasiyasına gedərək orada məhkəməyə müraciət etməyi mümkün deyil. İkincisi, Azərbaycanda qaçqın statusu ilə yaşayır. "Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən qaçqının sığınacaq aldığı ölkənin hüququ onun istinad etdiyi qanun hesab edilir. Bu səbəbdən də, Azərbaycanda məhkəməyə müraciət etmişdir. Bundan başqa, onun doğum faktı Rusiya Federasiyasında qeydə alınmadığı üçün qeydə alınmayan faktın bərpası (doğumun qeyd edilmə faktının müəyyən edilməsi) tələbi ilə məhkəməyə müraciət edə bilməz. Onun doğum faktı isə yuxarıda qeyd etdiyi kimi, heç vaxt qeydiyyata alınmayıb, ona görə də doğumunun qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi qanunvericiliyə görə mümkün deyil. Artıq 20 ilə yaxındır ki, Azərbaycan Respublikasının ərazisində yaşayır. xx.xx.2020-ci il tarixdə onun 22 yaşı tamam olacaq. Lakin doğum haqqında şəhadətnaməsi olmadığı üçün hər hansı ölkəyə vətəndaşlığını təsdiq edən heç bir sənədi də ala bilmir. Bu səbəbdən də vətəndaşsızlıq vəziyyətinə düşmüş və heç bir dövlətin himayəsindən effektiv istifadə edə, şəxsi və sosial münasibətlərə daxil ola və vətəndaş kimi hüquqlarından yararlana bilmir. Məhkəmə iclasında ərizəçi Betsıev Aslanbek bildirdi ki, o, Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 187 saylı orta məktəbi bitirmiş, atestatı var. Anası və özü Çeçenistana getmək və oranın vətəndaşı olmağını istəyir. Anasının artıq şəxsiyyət vəsiqəsi var. Lakin onun sənədi yoxdur. Ona göprə də şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili X11 şikayəti müdafiə etdi, həmçinin bildirdi ki, doğum haqqında şəhadətnaməsi veriləndən sonra şəxsiyyət vəsiqəsinin verilməsi üçün müraciət edə biləcək. Hazırda bu şəxsin mövcudluğunu təsdiq edən yeganə sənəd BMT-nin verdiyi sənəddir. Ona görə də doğum faktının təsdiq edilməsini xahiş edirlər. İşə baxılması vaxtı və yeri haqqında maraqlı şəxslərə məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs1 nümayəndəsinin iştirakını təmin etməmiş, 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən isə, mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılması barədə ərizə daxil olmuşdur.Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, BMT-nin QAK tərəfindən verilmiş ***-*******1 nöməlri himayə sənədinə əsasən Aslambek Betsıev xx.xx.1998-ci ildə Rusiya Federasiyasında doğulmuş və ona qaçqın statusu verilmişdir. Dövlət Miqrasiya Xidməti Bakı şəhər X7 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən xx.xx.1998-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Aslambek Betsıev (himayə sənədi №***- *******1) xx.xx.2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, xx.xx.2021-ci il tarixinədək ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və ərizənin təmin olunması üçün əsas ola bilməz. Əvvəla ona görə ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hazırki iş üzrə ərizəçinin müəyyən edilməsini istədiyi faktı dolayı da olsa təsdiq edən sənədlər, o cümlədən X2 Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin təqdim etdiyi sənədlər mövcuddur. Ərizəçinin son olaraq istəyi və arzusu doğulduğu ölkəyə, yəni X1 Respblikasına getmək və həmin ölkənin vətəndaşlığını əldə etməyə nail olmaqdır. Lakin bunun üçün də əsas qanuni olmalıdır. Ərizəçinin bu faktın müəyyən edilməsi yolu ilə istəyi və arzusunun təmin edilməsi isə huquqa uyğun ola bilməz. Bunun üçün, ərizəçi başqa vasitələrdən (məsələn Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət etmək və.s) istifadə edə bilər. Lakin o, məqsədinə nail olmaq üçün doğru yol seçməmişdir. İkincisi, ərizəçi tələbinin əsası kimi istinad etdiyi hallara dair də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcədə ərizədə göstərdiklərinə dair mötəbər dəlillər gətirməmişdir. Belə ki, ərizəçi həqiəqətən də, xx.xx.1998-ci il tarixdə X1 Respublikasının Qroznı şəhərində xx.xx.1980-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı X8 doğulmuşdursa, bu barədə məhkəməyə mötəbər sübutlar təqdim edilməlidir. Təqdim edilən sənədlərdə göstərilənlər isə ərizəçinin müəyyən edilməsini istədiyi faktı təsdiq edən inandırıcı və ağlabatan məlumatlar deyildir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizəçinin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Ərizəçi Betsıev Aslambekin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(008)- 6434/2019 nömrəli qətnaməsi ərizəçi Betsıev Aslambekin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza İkram Şirinov Düzdür: Hakim: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar