Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3112/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, İddiaçı, Cavabdeh1 Cavabdeh2 nümayəndəsi-vəkili X6 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-478/2024 saylı, 12 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları ünvan 5anov rayonu, E.İsaqzadə küçəsi, ev 1, mənzil 4 ünvanındakı mənzil 12 aprel 2002-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 isə gəlinidir. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 Cavabdeh1 ilə 2018-ci il tarixində ailə qurmuş, mübahisəli ünvan 5anov rayonu, E.İsaqzadə küçəsi, ev 1, mənzil 4 ünvanındakı mənzilə gəlin köçərək yaşamağa başlamışdır. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X10 anadan olmuşdur. Hazırda İddiaçı cavabdehlərin azyaşlı uşaqları və cehiz əşyaları ilə birgə mənzildən çıxarılmasını, Cavabdeh2 isə özünün və azyaşlı uşaqların mənzildən istifadə hüququnun tanınmasını məhkəmədən xahiş edirlər. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzilindən azyaşlı uşaqları və cehiz əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 qaynanasıdır. Cavabdeh2 iddiaçının oğlu Cavabdeh1 ilə rəsmi nikahdadır. Hazırda cavabdehin davranışı səbəbindən münasibətləri korlanmışdır. Cavabdehlə oğlu Xəyyamın birgə nikahdan olan kiçik övladının 1 yaşı tamam olmadığından nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə müraciət edə bilmir. Lakin cavabdeh bir evdə yaşadıqları halda oğluna qarşı aliment tələbinə dair iş üzrə mediasiya təklifi göndərmişdir. Hal-hazırda da cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 5anov rayonu, E.İsaqzadə küçəsi, ev 1, mənzil 4 ünvanındakı mənzilində qeydiyyatsız yaşayırlar. İddiaçı cavabdehlərin yeni ailə qurmasını nəzərə alıb müvəqqəti olaraq yaxınlıqda olan özbaşına tikili hesab edilən digər evdə yaşayır. Həmin yaşayış yeri ona məxsus olmadığından öz mülkiyyətində yaşamaq istəyir. Cavabdehlərin davranışı isə birgə yaşayışın mümkün olmadığını göstərir. İddiaçının mülkiyyətində olan, cavabdehlərin hazırda yaşadığı ünvan 2 ünvanında yerləşən sözügedən mənzil Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı №118832 saylı Qeydiyyat Vəsiqəsinə əsasən 18 iyun 2002-ci il tarixdən İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdeh2 ilə iddiaçı arasında olan münasibətlər dözülməz həddə çatmış, Cavabdeh2 iddiaçı barəsində Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə İddiaçı barədə əsassız və uydurma şikayətlərlə müraciət etdiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları və cavabdehə məxsus cehiz əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması qərarına gəlmişdir. Bununla yanaşı iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə (iddia tələbi dəqiqləşdirilmişdir) məhkəməyə müraciət edərək, ünvan 1 ünvandakı mənzilə onun və birgə nikahdan olan övladları xx.xx.2023-cü il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X2 istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx.xx.2018-ci ildə 5 saylı X17 nikahları bağlanmışdır. ünvan 5anov rayonu, Elçin İsaqzadə qəsəbəsi, DMZ-1,4 ünvanına gəlin gəlmişdir. Onun cehiz əşyaları həmin mənzildədir. O hesab edir ki, bu səbəbdən orada yaşayış hüququ yaranmışdır. Bundan başqa birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X10 doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4283/2023 saylı, 21 noyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinin istifadə hüququnun tanınması” tələbinə dair 2(005)-4283/2023 nömrəli mülki iş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Niyazı oğluna qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair 2(005)-4158/2023 nömrəli mülki işlər birləşdirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-478/2024 saylı, 12 fevral 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh1, Cavabdeh2 və onların azyaşlı övladları İddiaçı xüsusi mülkiyyətində olan ünvan 5anov rayonu, E.İsaqzadə küçəsi, ev 1, mənzil 4 ünvanındakı mənzildən çıxarılması, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi və birləşdirilmiş iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 iddiaçının oğlu Cavabdeh1 ilə 2018-ci ildə nikah münasibətlərinə daxil olduğundan, mübahisəli mənzilə gəlin olaraq 2018-cı ildə köçdüyündən, mübahisəyə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Cavabdeh2 mübahisəli mənzilin mülkiyyətçisi olan qayınanasının deyil, sonuncunun övladının ailə üzvü hesab olunur və bu əsasla da o, mübahisəli mənzildə yerləşən yaşayış sahəsinə dair istifadə hüququ əldə etməmişdir. Çünki, artıq qeyd edildiyi kimi, cavabdeh ilə mülkiyyətçi arasında etibarlı ailə münasibətləri olmadığından o, mülkiyyətçinin ailə üzvü olmamış və yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün aralarında müqavilənin bağlanması vacib olmuşdur. Nəzərə alınmalıdır ki, Mülki Məcəlləsinin 228.5-ci maddəsində nəzərdə tutulan: “Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir” cümləsində mülkiyyətçinin razılığı dedikdə də məhz mülkiyyətçi ilə “digər ailə üzvləri” arasında notariat qaydada bağlanaraq rəsmi reyestrdə qeydə alınmalı olan yazılı müqavilə nəzərdə tutulur. Lakin, belə bir müqavilə yoxdur. Odur ki, cavabdeh mübahisəli mənzildən istifadə hüququ qazanmamışdır. Qeyd olunduğu kimi, hazırkı iş üzrə Cavabdeh2 mübahisəli mənzilin mülkiyyətçisininqaynanasının ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Eyni zamanda Cavabdeh2 həmin mənzildə qeydiyyatı olmadan yaşayır. Belə ki, ünvan 5anov rayonu, E.İsaqzadə küçəsi, ev 1, mənzil 4 ünvanındakı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Bu baxımdan da Cavabdeh2 həmin mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci və ya 228.1-ci maddələrinə əsasən yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanın bağlanması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla mülkiyyətçi arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Hüquqi nəticə etibarı ilə Cavabdeh2 ünvan 5anov rayonu, E.İsaqzadə küçəsi, ev 1, mənzil 4 ünvanındakı mənzil ünvanında istifadə hüququ yaranmamışdır. Cavabdeh2 nə hər hansı bir müqaviləyə, nə də qanuna görə yaşayış sahəsindən istifadə hüququ yaranmır. Belə ki, yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Yaşayış sahəsindən istifadə hüququnun əsaslarını müəyyən edən Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Cavabdehin bu əsaslarla yaşayış sahəsindən istifadə hüququnun yaranmadığı tam aydındır. Mənzildən istifadə hüququnun digər hüquqi əsasını müəyyən edən norma Mənzil Məcəlləsinin 30-cu maddəsidir. Bu normada göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə nəzər saldıqda görünür ki, cavabdeh iddiaçının gəlini olmaqla, iddiaçının ailə üzvləri sırasına aid olmamışdır. Hazırki iş üzrə Cavabdeh2 Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dispozitiv şərtləri çərçivəsində iddiaçının ailə üzvü və digər qohumları hesab edilmir. Qeyd edilən normaya əsasən, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarındakı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə iddia tələbinin Cavabdeh1 ünvan 1 ünvanındakı mənzildən çıxarılması hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh iddia tələbini etiraf edir və həmin mənzildən başqa yerdə yaşayacağını bildirərək, çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, Cavabdeh1 ilkin iddia üzrə iddiaçının ailə üzvü olsa belə, onun iddia tələbini qəbul etməsi nəzərə alınmalı iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X5 aid hissədə isə qeyd etmişdir ki, qanunvericliyin tələbinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatmamış olmaqla valideynləri ilə birlikdə yaşayırlar. Belə olan halda onlar, cavabdehlərlə bərabər mənzildən çıxarılmalıdırlar. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə almışdır ki, cavabdehlər X3 ilə Cavabdeh2 arasında nikah münasibətləri davam etməkdədir. Cavabdeh1 öz izahatında nikahın pozulması tələbi ilə məhkəməyə müraciət edəcəyini bildirsə də, bu sadəcə bir ehtimaldır və hazırda cavabdehlər və övladları bir ailə kimi birgə yaşayırlar. Eyni zamanda ehtimal oluna bilər ki, gələcəkdə tərəflərin münasibətləri yenidən normallaşsın və birgə yaşamağa davam etsinlər. Beləliklə, hazırda azyaşlı uşaqlar hər iki valideynin himayəsindədirlər. Cavabdehlər Cavabdeh2 və X1 azyaşlı uşaqların valideynləri olaraq onları saxlamaq və böyütmək, yaşayış yeri ilə təmin etmək kimi öhdəlikləri vardır. Cavabdeh1 da öz izahatında iddia tələbini qəbul etdiyini, uşaqların yaşaması üçün şərait yaradacağını bildirmişdir. Birləşdirilmiş iş üzrə məhkəmə bildirmişdir ki, iddiaçı köçmək istədiyi evin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Belə ki, ünvan 5anov rayonu, E.İsaqzadə küçəsi, ev 1, mənzil 4 ünvanında yerləşən mənzil cavabdeh İddiaçı xüsusi mülkiyyətindədir. Belə olan halda, iddiaçının köçmək istədiyi cavabdeh mülkiyyətçiyə məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyəti olmadığı kimi, istinad olunan normalar baxımından yanaşıldıqda iddiaçının məhz köçmək istədiyi mənzil ilə bağlı hazırki cavabdehə qarşı tələb irəli sürmək üçün subyektiv hüququnun olması da istisna olunur. Qeyd olunan mənzildə faktiki yaşamış olsa belə, bu hal birləşdirilmiş iş üzrə iddiaçının həmin mənzilə hansısa subyektiv hüquqlarının yaranması demək deyildir. Birləşdirilmiş iş üzrə iddiaçının qaynanasının mülkiyyətində olan mənzildə yaşaması onun iddiasının əsaslı olmasına dəlalət etmir. Çünki, birləşdirilmiş iş üzrə iddiaçının qeyd olunan fərdi yaşayış evinin mülkiyyətçisi olan qaynanasının ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından çıxmaq istəmədiyi mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Ona görə də, birləşdirilmiş iş üzrə iddiaçının bu istəyi ərinin deyil, qaynanasının bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından iddia tələbi əsassızdır. Bundan əlavə, birləşdirilmiş iş üzrə iddiaçı iddia ərizəsində mübahisəli mənzildə yaşamaq üçün hüququnun hansı əsasla yarandığını açıqlamır. Qeyd olunan mənzilə gəlin köçməsi və başqa yaşayış yerinin olmadığı həqiqi olsa belə, bu hallar iddianın təmin edilməsi üçün əsas ola bilməz. Çünki, bu vəziyyətdə də birləşdirilmiş iş üzrə cavabdehin mülkiyyət hüququ pozulmuş olur. Azyaşlılara münasibətdə də məhkəmə qeyd etmişdir ki, İddiaçı uşaqların nənəsi olsa da, Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Hazırki iş üzrə belə hal müəyyən edilməmişdir. Eyni zamanda Cavabdeh2 Cavabdeh1 qarşı "aliment" tələbi də qismən təmin edilmişdir. Beləliklə, azyaşlıların mübahisəli mənzildən istifadə hüququnun yaranması müəyyən edilmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Eyni zamanda ilk iş üzrə iddia tələbinin cavabdehlərin cehiz əşyaları ilə birlikdə çıxarılması hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin cehiz əşyaları, onların siyahısı ilə bağlı hər hansı sənəd təqdim etməmişdir. İddia tələbi bu hissədə qeyri müəyyəndir. Eyni zamanda məhkəmənin icraatında cehiz əşyaları ilə bağlı müvəqqəti təminat tədbiri olmadığından, həmin cehiz əşyalarının siyahısı da mövcud deyildir. İddia tələbinin bu hissəsi ilə bağlı kifayət qədər sübut təqdim edilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Həmin qətnamədən narazı qalan cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, İddiaçı iddiasının rədd edilməsi və tərəfindən verilmiş iddianın təmin edilməsi barədə yeni qətnamə edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərin nikahları davam etməkdədir. Belə olan təqdirdə hesab edir ki, Cavabdeh2 və onun övladlarının mənzildən istifadə hüquqları tanınmalıdır. Birinci instansiya məhkəməsi qətnaməsində ziddiyətli mövqe tutaraq yazmışdır ki, “qeyd olunan mənzilə gəlin köçməsi və başqa yaşayış yerinin olmadığı həqiqi olsa belə, bu hallar iddianın təmin edilməsi üçün əsas ola bilməz”. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddiası əsaslı olduğu ücün təmin edilməli idi və İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası tamamilə rədd edilməli idi. İşin hallarından da görünür ki, iddianın Cavabdeh1 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası formal olaraq qaldırılmışdır. Lakin Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən bu hallar ümimiyyətlə araşdırılmamışdır, məhkəmə həmin hallara göz yümmuşdur, sanki görməmişdir, onlara lazımi hüquqi qiymət verməmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Məhkəmə birgə nikahdan olan övladları xx.xx.2023-cü il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X2 istifadə hüququnun tanınması barədə qətnamə qəbul etmək əvəzinə bunu etməmişdir. Halbuki həmin uşaqların yaşamaq üçün yerləri yoxdur və ataları Cavabdeh1 oğluna qarşı “istifadə hüququnun itirilməsi tələbinə dair iddiası formal olaraq qaldırılmışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili X13 izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, İddiaçı iddiasının rədd edilməsi və tərəfindən verilmiş iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası hesab edir ki, qətnamə - İddiaçı təmin edilən və Cavabdeh2 iddiasının rədd edilən hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Həmçinin qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir Belə ki, İşin faktiki hallarından göründüyü kimi, iş materiallarında olan ******* nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 5anov rayonu, E.İsaqzadə küçəsi, ev 1, mənzil 4 ünvanındakı mənzil xx.xx.2002-ci il tarixində X11 xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının oğlu ilə 03 mart 2018-ci ildə nikaha daxil olaraq həmin dövrdə ünvan 5anov rayonu, E.İsaqzadə küçəsi, ev 1, mənzil 4 ünvanındakı mənzilə köçməklə yaşamağa başlamışlar. Hazırda Cavabdeh1 və Cavabdeh2 qeydiyyatsız olaraq övladları ilə birlikdə həmin mənzildə yaşayırlar. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 895/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il tarixdə doğulmuş X7 və xx.xx.2023-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 220 manat, xx.xx.2024-cü il tarixdən isə 235 manat sabit pul məbləğində aliment, eyni zamanda X10 3 yaşına çatana qədər hər ay əlavə olaraq 50 manat məbləğində aliment Cavabdeh1 iddiaçı Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. İddiaçı cavabdehlərin azyaşlı uşaqları və cehiz əşyaları ilə birgə mənzildən çıxarılmasını, Cavabdeh2 isə özünün və azyaşlı uşaqların mənzildən istifadə hüququnun tanınmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyası Cavabdeh2 iddiaçının oğlu Cavabdeh1 ilə 2018-ci ildə nikah münasibətlərinə daxil olduğundan, mübahisəli mənzilə gəlin olaraq 2018-cı ildə köçdüyündən, mübahisəyə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməli olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. İş materiallarından görünür ki, Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla mülkiyyətçi arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Hüquqi nəticə etibarı ilə Cavabdeh2 ünvan 5anov rayonu, E.İsaqzadə küçəsi, ev 1, mənzil 4 ünvanındakı mənzil ünvanında nə hər hansı bir müqaviləyə, nə də qanuna görə istifadə hüququ yaranmamasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Yaşayış sahəsindən istifadə hüququnun əsaslarını müəyyən edən Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Cavabdehin bu əsaslarla yaşayış sahəsindən istifadə hüququnun yaranmadığı tam aydındır. Mənzildən istifadə hüququnun digər hüquqi əsasını müəyyən edən norma Mənzil Məcəlləsinin 30-cu maddəsidir. Bu normada göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Göründüyü kimi cavabdeh iddiaçının gəlini olmaqla, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dispozitiv şərtləri çərçivəsində iddiaçının ailə üzvü və digər qohumları hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh2 mübahisəli mənzilin mülkiyyətçisi olan qayınanasının deyil, sonuncunun övladının ailə üzvü hesab olunur və bu əsasla da o, mübahisəli mənzildə yerləşən yaşayış sahəsinə dair istifadə hüququ əldə etmədiyindən birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh mübahisəli mənzildən istifadə hüququ yaranmadığından iddiası da əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, ünvan 5anov rayonu, E.İsaqzadə küçəsi, ev 1, mənzil 4 ünvanında yerləşən mənzil cavabdeh İddiaçı xüsusi mülkiyyətində olması işin qeyd olunan halları ilə təsdiqini tapmış. Beləliklə də, Cavabdeh2 həmin mənzilə istifadə hüquqnun yaranması üçün əsas müəyyən edilməmişdir. Çünki birləşdirilmiş iş üzrə iddiaçının bu istəyi ərinin deyil, qaynanasının bilavasitə razılığı ilə şərtləndirilmişdir və sonuncunun da belə razılığı olmamışdır. Həmçinin məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, Cavabdeh2 başqa yaşayış yerinin olmadığı təsdiq edilsə belə, mübahisəli mənzilə istifadə hüququnun tanınması üçün əsaslar müəyyən edilməməsi fonunda onun iddia tələbi əsassızdır. Qeyd olunan hal apellyasiya şikayətinin - cavabdehlərin nikahlarının davam etməsi dəlilinə münasibətdə tətbiq edilməlidir, çünki cavabdehlərin nikahlarının davam etməsi Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün əsas yaratmır, istifadə hüququnun yaranması üçün qanunla müəyyən edilmiş (yuxarıda qeyd edilən) əsaslar isə mövcud olmamışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iş materiallarından görünür ki, Cavabdeh1 iddia tələbini etiraf etmiş və həmin mənzildən başqa yerdə yaşayacağını bildirərək, çıxarılmasını xahiş etmişdir. Beləliklə də məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinin rədd edilməsi, eləcə də Cavabdeh2 və onun azyaşlı övladları İddiaçı xüsusi mülkiyyətində olan ünvan 5anov rayonu, E.İsaqzadə küçəsi, ev 1, mənzil 4 ünvanındakı mənzildən çıxarılmaları barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin mübahisələndirilən hissədə qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh2 özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-478/2024 saylı, 12 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Azad İmanov