Məhkəmə qərarları › İş №2(103)-3113/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3113/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3113/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1606/2020 saylı 26.10.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o o, İran, Çin, Hindistan dövlətlərindən gətirdiyi santexnika məhsullarının Sədərək ticarət mərkəzində və Nizami rayonu 8-ci kilometr bazarında topdan və pərakəndə satışı ilə məşğul olur. Yaxın tanışlıq münasibətləri yarandıqdan bir müddət sonra Nəsimi müraciət edərək ondan mal götürüb Şəki-Oğuz-İsmayıllı rayonları, Sumqayıt şəhərində və Xırdalan şəhərində yerləşən “Eurohome” ticarət mərkəzində satmaq istədiyini bildirib, ona nisyə mal verməsini xahiş etmişdir. Götürülən malların pulunun 30 gün müddətində ödənilməsi şərti ilə Nəsimiyə nisyə mal verməyə razılaşmışlar. Bir müddət normal ticarət əməkdaşlığı olsa da, sonradan cavabdeh pulları vaxtlı-vaxtında ödəməmiş və borcu yaranmışdır. Nəsimi 2018-ci ilin avqust ayına qədər bütün borcunu qaytaracağını söz vermiş, borcun bir hissəsini ödəsə də, 8500 manat borcu ödəməmişdir. Borcu ödəmək istəməyən Nəsimi onu bıçaqlamış və iş məhkəmədə olarkən Nəsimi ona borcu olduğunu məhkəmə iclasında etiraf etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-161/2019 saylı 07 iyun 2019-cu il tarixli hökmü ilə onun mülki iddia tələbi qismən təmin edilərək, Cavabdeh 8000 manat pulun tutulub ona ödənilməsi müəyyən edilmişdir. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmündən apelyasiya şikayəti vermiş, apelyasiya şikayəti hökmün bu hissəsində təmin olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi 1(103)- 1042/2019 saylı 06 sentyabr 2019-cu il tarixli qərarı ilə bildirmişdir ki, məhkum Cavabdeh ilə zərərçəkmiş şəxs İddiaçı arasında hadisəyə qədər mövcud olmuş ticarət münasibətləri nəticəsində yaranmış borc məbləği hazırkı cinayət işi ilə bağlı olmadığından həmin məbləğin cinayət mühakimə icraatı qaydasında deyil, mülki mühakimə icraatı qaydasında mübahisələndirilərək tələb edilməsi qanuna müvafiq hesab edilməlidir. Öz növbəsində Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona verdiyi 637.000 manat pulun, ödədiyi 28.000 manat icarə pulunun, anbarın və mağazanın təmirinə xərclənmiş 12.700 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 677.730 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə 2017-ci ilin mayiyun aylarından gömrük işləri ilə əlaqədar tanışdır. 2017-ci ilin dekabr ayında Rəhman ona iş təklif edərək, maliyyə cəhətdən imkanının olmadığını bildirdimiş və ona şərikli iş görməyi təklif etmişdir. Qarşılıqlı razılaşma əsasında Rəhman ona Xırdalan qəsəbəsində “Eurohome” ticarət mərkəzində santexnika avadanlıqları satılan mağaza açdırmışdır. İlk olaraq 600 kv.m anbar və 120 kv.m satış mağazası açmışdır. Onların təmiri üçün 12.700 manat pul sərf etmişdir. 2018-ci il yanvar ayından avqust ayına kimi hər ay 3500 manat icarə haqqı tərəfindən ödənilmişdir. Yanvar-avqust aylarında, ümumilikdə, 637.000 manat pulu Rəhmana işin qurulması üçün vermişdir. X3 və X4 bu pulların verilməsinin bir qismində iştirak etmişlər. Hətta müəyyən hissəsini Elnur şəxsən özü aparıb Rəhmana vermişdir. O, ilk olaraq həmin məbləğin bir hissəsini Günəşli qəsəbəsində “Ləvəngi” restoranında dostu Elnurun yanında vermişdir. 2-ci hissəsini gömrükdə sənədləşmə işləri ödənişlərinə, qalan ödənişi isə Çin Xalq Respublikasına köçürmək üçün, qalan məbləğləri isə ayrıayrı vaxtlarda dostu Ceyhun və Elnurla birlikdə vermişlər. Tərəfindən bu qədər pul məbləğinin cavabdehə verilməsinə baxmayaraq, açdığı mağazaya cəmi bir tır maşın santexnik avadanlıqları gəlmiş, onun da satışını özü həyata keçirmişdir. Cavabdehə məxsus Babək prospektində yerləşən anbarından ümumilikdə 40-50.000 manat dəyərində (hesab fakturalar cavabdehdə var) santexnik avadanlıqlarını rayonlara satışa göndərilmişdir. Malın pulunu anında ona olan aralarındakı borc hesabından çıxmış və əvəzləşmə aparmışdır. Rəhman ona şərikli iş qurmaqları üçün verdiyi pulları öz maraqlarına xərcləyərək onu aldatmışdır. Belə ki, ona barəsində şikayət olduğunu və işi müəyyən vaxt ərzində dayandırıldığını, yolda maşınlarını saxlatdırdığını bildirmişdir. O isə etiraz olaraq 8 aylıq mağaza icarə haqqlarının tərəfindən ödənildiyini, rayonlardan olan sifarişlərin isə heç birini göndərə bilmədiyini, gələn maşınların öz şəxsi anbarlarına niyə apardığını bildirmişdir. Rəhman isə ona “bir işdir olub, əsas bandoteldəki məsələ bitsin, yoldaşım uşaq saldı, mənə kömək elə, bu iş bitsin yoldakı maşınların hamısı ikimizə olan anbara gedəcək” deyərək məni sakitləşdirmişdir. 2018-ci ili avqustun 15-i Rəhmanla danışaraq ona borclu olduğu məbləğdən 64.000 manatın təcili çatmalı olduğunu bildirmişdir. Rəhman isə səhər tezdən həyat yoldaşını xəstəxanadan çıxarıb görüşərək pul ödəyəcəyini bildirmişdir. Lakin həmin vaxtdan sonra onunla əlaqə saxlaya bilməmişdir. Telefonları söndürdüyü üçün Sədərəkdəki anbara qardaşının yanına getmişdir. Söhbət əsnasında nə arvadının xəstə olmamasını, nə də ki anbarın fəaliyyətinin dayandırılmadığını öyrənmişdir. Qardaşı vasitəsilə Rəhmanla danışıb görüş yeri təyin etmişlər. Görüşdükdə isə o, Rəhmandan pul tələb etmişdir. Rəhman onu tanımadığı əraziyə apararaq kimdənsə pul alacağını bildirmişdir. Hansısa evin qarşısında saxlayaraq düşüb getmiş və 20 dəqiqə sonra isə qayıdaraq pulun olmadığını bildirmişdir. Aralarında mübahisə yaranmış və məlum hadisə baş vermişdir. Onun Rəhmana pul verməsini təsdiq edən şahidlər məhkəmə iclasında iştirak edib işin halları ilə bağlı ifadə verməyə hazırdırlar. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən hər iki iddia tələbi əsassız hesab edilərək təmin olunmamışdır. İlk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, mənim iddia tələbimin təmin olunmamasına dair hissədə ləğv edərək, Cavabdeh 8500 (səkkiz min beş yüz) manat pulun və ödənilmiş dövlət rüsumlarının (45 manat) tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasanı xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsalandırmışdır ki, işə baxan məhkəmə onun ilkin iddia tələbinin rədd edilməsinə dair hissədə gəlmiş olduğu yanlış hüquqi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, işə birtərəfli baxmaqla yanaşı, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. məhkəmə hazırki işə baxarkən iş üçün əhəmiyyətli olan sübutları tam araşdırmayaraq qətnamə qəbul etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1606/2020 saylı 26.10.2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməni qismən, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edib, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmadan və qanun normalarını düzgün tədbiq etmədən baxmışdır,işin həqiqi hallarını araşdırmamış, işin müəyyən olunmuş halları ilə bağlı düzgün nəticəyə gəlməməsi ilə bərabər maddi və prosessual normalarına da riayət etməyərək, hüquq pozuntularına yol vermişdir, şahid X5 işin halları barədə məlumat verməsinə baxmayaraq məhkəmə şahidin ifadəsini nəzərə almamışdır.Qeyd olunanları və digər əsasları gətirərək apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq ilk iddia üzrə Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, şikayətini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin şikayətini qəbul etməyərək rədd olunmasını xahiş edən ilk iddia üzrə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Sabunçu rayon Məhkəməsinin 2(008)- 1606/2020 saylı 26.10.2020-ci il tarixli qətnaməsi ilk iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilməli, ilk iddia tələbi qismən təmin ediərək, Cavabdeh 8000 manat pul tutulub İddiaçı verilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməməlidir.Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır Apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, eləcə də mübahisənin predmeti bölünməz olduğundan qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi ilk iddianı rədd edərkən qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı mülki iddiasının qismən təmin edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli 1(008)-161/2019 №-li hökmü mülki iddiaya aid hissədə dəyişdirildiy və mülki iddianın qismən təmin edilməsinə dair iddiaların hökmdən xaric edildiyndən, İddiaçı hazırkı iddia tələbinə münasibətdə preyudisial qüvvəyə malik olmayan hökmə istinad edərək, Cavabdeh pul tələb etməsinin əsassız oduğu əsas göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəsini hüquqi cəhətdən əsaslandırmadan və işin hüquqi hallarına düzgün qiymət vermədən gəldiyindən qətnamə həmin hissədə qanuni sayıla bilməz. Azərbaycan Respublikası CPM-nin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4. maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Kollegiya hesab edir ki, birinci instansya məhkəməsi iş üzrə əsassız nəticəyə gəlmiş, tərəflər arasında yaranmış ilkin hüquq münasibətlərini araşdırarkən tərəflər arasında olan borcun olmasını düzgün müəyyən etməmiş və nəticədə tərəflər arasında olan borc mübahisəsini düzgün həll etmək mümkün olmamışdır. Halbuki, işin faktiki hallarından mübahisəsiz göründüyü kimi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-161/2019 saylı 07 iyun 2019-cu il tarixli hökmü ilə İddiaçı mülki iddia tələbi qismən təmin edilərək, Cavabdeh 8000 manat pulun tutulub ona ödənilməsi müəyyən edilmişdir. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmündən apelyasiya şikayəti vermiş, apelyasiya şikayəti hökmün bu hissəsində təmin olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi 1(103)-1042/2019 saylı 06 sentyabr 2019-cu il tarixli qərarı ilə bildirmişdir ki, məhkum Cavabdeh ilə zərərçəkmiş şəxs İddiaçı arasında hadisəyə qədər mövcud olmuş ticarət münasibətləri nəticəsində yaranmış borc məbləği hazırkı cinayət işi ilə bağlı olmadığından həmin məbləğin cinayət mühakimə icraatı qaydasında deyil, mülki mühakimə icraatı qaydasında mübahisələndirilərək tələb edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə mülki iddia rədd edilməmişdir, hökmdən ona görə xaric edilmişdir ki, həmin mülki iddianın predmeti olan pul məbləği cinayət əməli nəticəsində vurulmuş ziyan deyil. Əksinə cinayət işi həmin pulun qaytarılmamasına görə baş vermişdir. Bundan başqa məhkəmə iclas protokolunda da təqsirləndirilən şəxsin etirafı vardır və o, həmin etirafla bağlı məhkəmə iclas protokoluna qeyd verməmişdir. Mülki iddianın təmin olunmasına dair müddəa hökmün nəticə hissəsindən xaric edilsə də, bütövlüklə hökmlə sübuta yetirilir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə borcu olub, o, borcunu istəyən zərərçəkmişi bıçaqlayıbdır. Beləliklə, ilk iddia üzrə İddiaçı 8000 manat borcun olması Cavabdeh tərəfindən yuxarıda qeyd olunan cinayət işinə baxılarkən etiraf edildiyindən, ilk iddia üzrə İddiaçı həmin pulu ondan tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən ilkin iddia üzrə işin faktiki hallarını kifayət qədər araşdırmamış, nəticədə hüququn tətbiqində səhv buraxmış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin əsassız qətnaməsinin həmin hissədə qismən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, Cavabdeh İddiaçı 677.730 manat məbləğində pulun alınaraq ona verilməsini tələb etmiş, lakin məhkəmə araşdırması zamanı öz tələbinin əsası kimi istinad etdiyi halları müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları nə birinci instansiya məhkəməsinə, nə də ki, kollegiyanın iclasında təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən qarşılıqlı iddia tələbi öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X5 186.000 ABŞ dolları məbləğinin olduğunu qarşılıqlı iddiaçının sözlərindən bildiyini, Nəsiminin Rəhmana 64000 manat pulun verildiyini görmədiyini, həmin pulun Nəsimi tərəfindən Mayak adlı yerdə yerləşən binada müvafiq hesaba köçürdüyü bildirmişdir. Bundan başqa, pulun verilməsi ilə bağlı şahid X2 ifadəsi Cavabdeh izahatı ilə ziddiyyət təşkil etmişdir. Bələliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, tərəflər arasında iş birliyinin olduğu işin araşdırılan hallar ilə təsdiq edilsə də, Cavabdeh İddiaçı borc pul verməsi öz təsdiqini tapmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hazırkı iddia tələbinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, onun iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyiyindən, iddia ərizəsini həmin hissədə təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İlk iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1606/2020 saylı 26.10.2020-ci il tarixli qətnaməsi ilk iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilsin. İlk iddia tələbi qismən təmin edilsin. Cavabdeh 8000 manat pul tutulub İddiaçı verilsin. Qətnamə qalan, qarşılıqlı iddianın təmin olunmamış hissəsində dəyişdiridmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar