Məhkəmə qərarları › İş №2(103)-3114/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3114/2022

26.09.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3114/2022 26.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1168/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı xx.xx.2000- ci il tarixdən xx.xx.2002-ci ilədək N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. Hərbi hissə döyüş bölgəsində yerləşdiyi qeyd edilmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 944 №-li, xx.xx.2017-ci il tarixli Qərarına əsasən İddiaçı Xocalı RHK tərəfindən 2000-ci ildə hərbi xidmətə çağrılmış, hərbi xidmət keçərkən xx.xx.2001-ci ildə aldığı və xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma diaqnoz: “Sağ baldırın küt travması. Sağ qamış və incik sümüklərinin yerini dəyişən açıq sınığı. Travmatik şok İİ dərəcə” və xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma diaqnoz: “Sağ baldır sümüklərinin aşağı 1/3-nin yerinidəyişən açıq sınığı, sağ topuğun yarımçıxığı. Sağ baldır sümüklərinin İlizarov aparatı ilə osteosintezi (xx.xx.2001)” (Azərbaycan Respublikası SHXÇDX-nin Xocalı rayon bölməsinin xx.xx.2017-ci il tarixli 3 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli, 13 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.2001-ci il tarixli çıxarış epikrizi, N nömrəli hərbi hissədən verilmiş xx.xx.2001-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR”.

3. xx.xx.2017-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən İddiaçı xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək ikinci dərəcə əlillik təyin edilmişdir. Əlilliyin səbəbi: hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillikdir. Diaqnoz: Baldır sümüklərinin, aşıq-baldır oynağı daxil olmaqla sınığı, hərbi xidmət zamanı sağ baldır sümüklərinin aşağı 1/3-nin, sol baldır sümüklərinin orta 1/3-nin yerini dəyişən açıq-sınıqları, sağ topuğun çıxığı. Oynağın ankilozu, sağ aşıq-baldır oynağının postravmatik ankilozu. Paraplegiya və tetraplegiya, hər iki aşağı ətrafın paraplegiyası, əzələlərin atrofiyası, dayaq-hərəkət funksiyasının ciddi pozulması, qamış sinirinin baldır səviyyəsində travması, sol incik və sağ qamış sinirlərinin postravmatik nevriti.

4. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti İddiaçı ünvanladığı xx.xx.2020-cİ il tarixli, 07-07-420 saylı məktubunda iddia müddətinin keçməsini əsas gətirərək müraciətin icrasından imtina etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı (bundan sonra - iddiaçı) sığorta ödənişinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən(bundan sonra cavabdeh) “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda İİ dərəcə əlillər üçün nəzərdə tutulmuş 6600(altı min altı yüz) manat sığorta ödənişinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiasında göstəmişdir ki, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci ilədək N saylı Hərbi Hissədə hərbi xidmət keçmişdir. xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilə qədər hərbi xidməti dövründə vəzifəsini yerinə yetirərkən hərbi travma almış və müalicə olunmuşdur. Hərbi xidmət dövrü aldığı yaralanma (travma) ilə əlaqədar 2017-ci il tarixdə ona İİ dərəcə əlillik təyin edilmişdir. Əlilliyin səbəbi "Hərbi travmadır, hərbi xidməti vəzifəsini yerinə yetirərkən" ifadəsi ilə göstərilmişdir. Lakin bu günə qədər İİ dərəcə əlillər üçün nəzərdə tutulan sığorta ödənişini ala bilmir. Cavabdehə bu barədə ərizə ilə müraciət etsə də sığorta ödənişi verməkdən imtina edilmişdir.

7. Cavabdeh iddia tələbini etiraf etməyib etirazında göstəmişdir ki, hərbi qulluqçuların icbari sığorta qaydalarını müəyyən edən və tənzimləyən «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin «ç» bəndinə görə... ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar 3 il müddətində sığorta olunanın əlilliyi müəyyən olunduqda İİ qrup əlilliyə görə - 60 faiz məbləğində (6600 manat) sığorta ödənişi verilir. İddiaçıya əlillik ehtiyata buraxıldığı gündən 3 il sonra təyin edildiyi üçün sığorta ödənişinin verilməsi qanunauyğun deyildir. Belə ki, hərbi xidmətlə bağlı əlillik, hərbi xidmət zamanı alınmış yaralanmanın (travma, kontuziya, zədələnmə) və ya xəstəliyin bilavasitə nəticəsinə görə, yaxud da bunların fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. Bu hadisə 3 il müddətində baş vermədiyi üçün sığorta təminatına aid deyildir. Əlilliyin 3 il müddətində təyin olunması şərti imperativ normadır və baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması üçün bu müddətin gözlənilməsi zəruridir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1168/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş edir və şikayətini iddiaya etirazla eyni məzmunda əsaslandırır.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Ziya Şirinov) 2(103)-7091/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş və iş üzrə Nəsimi Rayon Məhkəməsinin 2(006)-1168/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

c) Kassasiya instansiyası məhkəməsində icraat:

11. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7091/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən tədqiq edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-281/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qərarına əsasən cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7091/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

13. Kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması düzgün tətbiq edilmədiyi üçün əsaslı və qanuni sayıla bilməz.

14. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı xx.xx.2002-ci ildə hərbi xidmətdən tərxis edilmişdir. Hərbi xidmət keçərkən xx.xx.2001-ci ildə travma almış və xx.xx.2001xx.xx.2001-ci il tarixlərdə hərbi hissədə müayinə və müalicədə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı xx.xx.2017-ci il tarixdə, 2-ci dərəcə əlillik isə xx.xx.2017-ci il tarixdə müəyyən edilmişdir.

15. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin “c” bəndinə əsasən ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunanın əlilliyi müəyyən olunduqda sığorta ödənişi verilməlidir. İddiaçı isə xx.xx.2002-ci ildə travma alsa da, həmin tarixdən qanunda nəzərdə tutulduğu kimi 3 il deyil, 14 il sonra şəhadətləndirilmiş, ondan da bir il sonra əlillik dərəcəsi almışdır. Bu halda istinad edilən qanunun tələbi baxımından Dövlət Sığorta Kommersiya Şirkətinin sığorta ödənişinin verilməsindən imtinası əsassız olmamışdır.

16. Apellyasiya məhkəməsi tərəfindən isə qanunun bu tələbi baxımından mübahisəyə düzgün qiymət verilməmiş, alınan travmaya görə əlillik dərəcəsinin müəyyən edilməsi üçün müraciətin hansı üzrlü səbəblərdən vaxtında edilməməsi, 2002-ci il tarixdən 2017-ci il tarixədək şəxsin hərəkətsizlik göstərməsinin səbəbləri araşdırılmamış və iş üzrə əsaslandırılmış qətnamə qəbul edilməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi hüquq normalarının tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir.

18. Kassasiya instansiya məhkəməsi hüquqi mövqeyini “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2, 3, 4-cü maddələrinə və 5-ci maddəsinin “c” bəndinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, İddiaçı, heç bir üzrlü səbəb olmadan sığorta ödənişinin verilməsi üçün sığorta hadisəsi tarixindən iyirmi ilə yaxın zaman sonra, yəni 2020-ci ildə müraciət etmişdir. Göründüyü kimi, sığorta hadisəsinin baş verməsi tarixindən artıq iyirmi ilə yaxın müddət keçmiş və sığorta ödənişinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 27-ci maddəsinə uyğun olaraq hərbi qulluqçuların həyatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 99-6 və xx.xx.1992-ci il tarixli, 426-20 saylı qərarları ilə icbari sığortalanmış və həmin qərarlar xx.xx.1998-ci il tarixdən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 140 saylı qərarı əsasında) qüvvədən düşmüşdür. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Beləliklə, hərbi qulluqçuların icbari sığortasını tənzimləyən bu Qanunun qüvvəyə minməsindən əvvəl baş vermiş sığorta hadisələrinə və xx.xx.1997-ci il tarixdən əvvəl hərbi xidmətdə olan hərbi qulluqçulara şamil edilə bilməz.

20. Azərbaycan Respublikası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” Haqqında Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirilməsi ilə əlaqədar olaraq xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda sığorta məbləğinin faizlə sığorta ödənişləri verilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci (Mülki qanunvericiliyin zamana görə qüvvəsi) maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericiliyin geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmin Məcəllənin 7.3-cü maddəsinə görə mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulan istisna fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

21. İddiaçının tələbi isə onun hüquqi vəziyyətinin yaxşılaşdırılması və hüquq məsuliyyətinin aradan qaldırılması ilə əlaqədar deyil, sığorta ödənişinə dair maddi tələbdən ibarətdir.

22. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci bəndinə əsasən, ölən, həlak olan, xəbərsiz itkin düşən, hərbi əməliyyatlarla bağlı itkin düşən, habelə hərbi rütbədən məhrum edilən hərbi qulluqçular “Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin Uçotu haqqında Təlimat”la müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılır. Dinc dövrdə xəbərsiz itkin düşmüş və hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılması korpus (diviziya) komandirinin, Silahlı Qüvvələr növlərinin komandanlarının, mərkəzi tabelikdə olan bölmələrin və hərbi hissələrin komandirlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, idarə, müstəqil şöbə (xidmət) rəislərinin vəsatəti əsasında hərbi qulluqçunun yoxa çıxması haqqında məlumatın alınmasından 3 ay gec olmayaraq onun xəbərsiz yoxa çıxmasının səbəblərinin və şəraitin təhqiqatının nəticələrinə görə müvafiq icra hakimiyyəti orqanının əmri ilə həyata keçirilir. Həmin Əsasnamənin 3-cü bəndinin ikinci hissəsinə əsasən, həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar.

23. Beləliklə, qanunvericiliyə müvafiq olaraq, Azərbaycan Respublikasının hər bir vətəndaşı hərbi xidmətə çığırılarkən hərbi hissənin siyahısına qeyd olunandan, hərbi hissənin siyahısından çıxarılana kimi, yəni hərbi xidmətdə olduğu dövrdə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, icbari sığorta olunurlar.

24. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci (sığorta ödənişinin verilməsindən imtinanın əsasları) maddəsinə görə müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda, hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsində olması sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

25. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

26. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

27. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 12. İ hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 16. İ hissə. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 25. İ hissə. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİİ hissə. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir... İV hissə. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Vİ hissə. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar. Maddə 38. İ hissə. Hər kəsin sosial təminat hüququ vardır. İİİ hissə. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

28. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 5. Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunanın əlilliyi müəyyən olunduqda: - İİ qrup əlilliyə görə — 60 faiz;

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli Qərarında göstərilir ki, ... Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri:

31. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.

32. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

33. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

35. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

36. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

37. İddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

38. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbinin qanuni əsası kimi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respulikası Qanununun 4.1-ci maddəsi və 5-ci maddəsinin birinci hissəsinin “ç” bəndinin birinci və üçüncü abzası nəzərdə tutula bilər. Faktiki hallar həmin maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığına, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığına görə birinci və apellyasiya instansiya məhkəmələri iddianı haqlı saymışlar, lakin kassasiya instansiya məhkəməsi bu nəticə ilə yuxarıda göstərilən səbəblərdən razılaşmamışdır.

39. İddiaçının hərbi xidmət dövründə xəsarət alması və bunun nəticəsi olaraq İİ dərəcə əlil olması işin mübahisəsiz halıdır. Çünki, bu faktı cavabdeh də mübahisələndirmir.

40. İşin mübahisəli halı isə ondan ibarətdir ki, cavabdeh «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin «ç» bəndinə əsasən hesab edir ki,... iddiaçının əlilliyi ehtiyata buraxıldığı gündən 3 il sonra müəyyən edildiyi üçün sığorta ödənişinin verilməsi qanunauyğun deyildir. Çünki, əlilliyin 3 il müddətində müəyyən olunması şərti imperativ normadır və baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması üçün əlillik bu müddətdə müəyyən edilməlidir.

41. Məhkəmə təcrübəsində birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin hazırki və analoji xarakterli iddialar işlər üzrə demək olar ki, heç vaxt fikir ayrılıqları olmamışdır. Başqa sözlə bu iş üzrə kassasiya instansiyası məhkəməsinin sonuncu mövqeyi nəzərə alınmasa, bu cür iddialar əksər hallarda “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respulikası Qanununun 5-ci maddəsinin birinci hissəsinin “ç” bəndinin birinci abzasında göstərilən üç illik müddət nəzərə alınmadan təmin olunmuşdur. Yəni, hərbi qulluqçu ehtiyata buraxıldığı gündən üç il sonra da əlilliyin müəyyən edilməsi və bunun səbəblərinin hərbi xidmət dövrü ilə əlaqədar olduğu təsdiq olunduğuna görə bu cür iddiaların təmin olunması barədə yüzlərlə qətnamələr qəbul edilərək qanuni qüvvəsini almışdır.

42. Məhkəmələrin “mübahisəli normaya” yanaşması ondan ibarət olurdu ki, hərbi qulluqçuya hərbi xidmətdən ehtiyata buraxıldığı gündən üç il müddətində əlillik müəyyən olunmaması onun təqsirindən deyil, iradəsindən asılı olmayan səbəblərdən baş verir. Bu səbəblər həm şəxsin sağlamlığında gedən proseslərlə əlaqədar ola (hərbi xidmət zamanı alınmış travmanın sonradan ağırlaşması və.s), həm də digər hallarla bağlı, məsələn əlillik dərəcəsi müəyyən edilməsində bu və ya digər səbəbdən marağın və istəyin olmaması və.s ola bilərdi. Buna görə də qeyd olunan müddətin də üzrlü, yaxud üzrsüz səbəblərdən ötürülməsinin iddianın əsaslılığına heç bir təsiri olmadığı qənaətinə gəlinirdi. Çünki, əlilliyin gec rəsmiləşdirilməsi həmin vaxtadək faktiki olaraq əlilliyin olmadığını yaxud hərbi xidmət dövründə alınmış travmanın(xəstəliyin) sığorta hadisəsi sayılmasını istisna etmirdi.

43. Qeyd olunduğu kimi iddiaçının əlil olmasına səbəb olmuş xəsarətin(travmanın) hərbi xidmət dövründə alınması mübahisələndirilməyən faktdır. Əlillik səbəbinin bilavasitə həmin travma ilə əlaqədar olması təqdim olunmuş mötəbər sübutlarla mübahisəsiz təsdiq olunur. Buna görə də, gec müəyyən olunmuş əlilliyə görə iddiaçının sığorta ödənişini almaq hüququndan məhrum edilməsi onun Konstiusiyada nəzərdə tutulmuş bərabərlik və sosial təminat hüquqlarını pozubpozmamasının yenidən şərh edilməsinə zərurət yaradırdı.

44. Tutaq ki, bir hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxıldığı gündən üç ilin tamam olmasından bir gün əvvəl əlilliyi müəyyən edilir, digərinin isə bir gün sonra, demək ki, kassasiya instansiyası məhkəməsinin sonuncu mövqeyinə görə birinci şəxs üçün hərbi xidmət dövründə aldığı travma sığorta hadisəsi sayılır və buna görə sığorta ödənişi verilməlidir, ikinci şəxsin əlilliyinin müəyyən edilməsi bir gün gec baş verdiyinə görə onun hərbi xidmət dövründə aldığı travma sığorta hadisəsi sayılmır və buna görə sığorta ödənişi verilməsini yumşaq desək Qanun qadağan edir, yaxud mümkün hesab etmir. Əlbətdə ki, bu yanaşmanın açıq-aşkar bərabərlik prinsipinə zidd olmasının əlavə izahına ehtiyac qalmır.

45. Düzdür, Konstitusiya Məhkəməsi Plenumu 28 yanvar 2014-cü il tarixli qərarında göstərmişdir ki,... “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış və bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara və ya onların vərəsələrinə bu məbləğin ödənilməsindən imtina konstitusiya prinsipi olan bərabərlik hüququnu pozmuş olur. Belə ki, hərbi qulluqçular eyni kateqoriyaya aid və bərabər statusa malikdirlər və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən onlara eyni sığorta riskinə qarşı eyni təminatlar verilir. Konstitusiya prinsipi olan bərabərlik prinsipi isə bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrı seçkiliyin tətbiq olunmasını qadağan edir. Əslində bu cür şərhin bilavasitə olmasa da hazırki xarakterili iddialar üzrə işlərə baxan məhkəmələr üçün dolayı da olsa məcburiliyi nəzərə alınmalıdır. Çünki, şərhin mahiyyətindən də bəlli olur ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qəbul edilməmişdən xeyli əvvəl, ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddət keçdikdən sonra, Qanunun sonradan qüvvəyə minməsi ilə əlaqədar sığortaolunanın əlilliyi müəyyən edilmiş olsa da onlara sığorta məbləğinin ödənilməsindən imtina konstitusiya prinsipi olan bərabərlik hüququnu pozmuş olur. Belə ki, üç il müddət keçməmiş yaxud üç il keçdikdən sonra əlilliyi müəyyən olunan hərbi qulluqçular eyni kateqoriyaya aid və bərabər statusa malikdirlər və Qanuna əsasən onlara eyni sığorta riskinə qarşı eyni təminatlar verilir. Başqa sözlə bərabərlik prinsipi eyni kateqoriyaya aid şəxslərə ayrı seçkiliyin tətbiq olunmasını qadağan edir.

46. Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli qərarında həmçinin vurğulanır ki,... şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. Göründüyü kimi, əlilliyin müəyyən edilmə tarixinin sığorta hadisəsinin baş vermə faktını inkar etməməsini və bu sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün müstəqil əsas ola bilməməsini artıq Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında müəyyən etmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, hüququn bütün prinsipləri, o cümlədən bərabərlik prinsipi həqiqətin müəyyən edilməsi yolu ədalətin bərqarər olmasını istisna etmir, əksinə buna bir zəmin yaradır. Çünki, hüququn ali məqsədi ədaləti təmin etməkdir. Əgər məhkəmə aktında ədalətin təmin olunması hiss olunmursa, demək hüququn ali məqsədi də təmin olunmur. Hazırki iş üzrə iddiaçı xüsusi statuslu kateqoriyaya malik hərbi qulluqçu olmuş və hərbi xidmət dövründə, hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə əlaqədar aldığı xəsarət ilə əlaqədar ehtiyata buraxıldıqdan üç il müddət keçdikdən sonra sığortaolunan kimi əlilliyi müəyyən edilib hadisənin sığorta hadisəsi hesab olunması müəyyən edildiyinə görə sığorta ödənişinin verilməsi üçün cavabdehə müraciət etsə də, yuxarıda şərh olunan səbəblərə görə ona sığorta ödəniş verilməsindən imtina edilmişdir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə mövqeyi bu kateqoriya şəxslər arasında haqlı narazılıq yaradacağını istisna etmədiyindən Konstitusiya Məhkəməsinə yeni müraciətin edilməsi zərurətini bir az da artırmış oldu və qaçılmaz etdi.

48. Bununla əlaqədar, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.6-cı maddəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsini və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(103)-3114/2022 nömrəli mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1168/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə bağlı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respulikası Qanununun 5-ci maddənin birinci hissəsinin “ç” bəndinin birinci abzasında nəzərdə tutulan... “üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə” müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ,İV,Vİ hissələri və 38-ci maddəsinin İ və İİİ hissələrinə uyğunluğu baxımından və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respulikası Qanununun 5-ci maddənin birinci hissəsinin “ç” bəndinin birinci abzasının... həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar “üç il müddətindən sonra sığortaolunanın əlilliyi müəyyən edildikdə” bunun sığorta hadisəsi hesab edilməsi və ona görə sığorta ödənişinin bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilməsinin mümkünlüyü konstitusion hüquq olan bərabərlik və sosial təminat hüququ baxımından şərh olunması üçün Konstitusiya Məhkəməsinə müraciət edildi.

49. Müraciətlə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Bakı Apelllyasiya Məhkəməsinin müraciətinin Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunmasından imtina edilmişdir.

50. Həmin qərarda qeyd edilir ki, əlilliyin həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən 3 il müddətində təyin olunması şərti imperativ norma olmaqla, baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması üçün bu müddətin gözlənilməsi zəruri hesab edilmişdir.

51. Nəzərə alınmalıdır ki, bu müddətin eyni kateqoriyaya aid olan hərbçilərin bir qisminə (Qanun qüvvəyə mindkdən sonra yaranan münasibətlərə) tətbiq edilməsi, digər qisminə isə ümumiyyətlə tətbiq edilməməsi Konstitusiyanınn 25-ci madddəsinin tələbləri və bu maddə ilə bağlı Konstittiusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi baxımından problemli görünür.

52. Bu səbəbdən hər bir konkret iş üzrə alınmış xəsarətə (yaralanma, travma, kontuziya) və ya xəstəliyə görə əlilliyinin dərəcəsinin müəyyən edilməsi üçün Qanunda nəzərdə tutulmuş üç illik müddətin üzrlü və ya üzrsüz səbəblərdən buraxılması faktı araşdırılmalı və nəticəsindən asılı olaraq Qanunun tələblərinə uyğun qərar qəbul edilməlidir.

53. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Palatası belə nəticəyə gəlmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin müraciətinin Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul edilib baxılması zərurətdən irəli gəlmir.

54. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin bütün hüquqi cəhdlərinə baxmayaraq Konstitusiya Məhkəməsinin Palatası da müraciətin Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul edilib baxılmasının zərurətdən irəli gəlmədiyini öz qərardadında təsdiqlədi. Demək, apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan kassasiya instansiyası məhkəməsinin qərarında və Konstitusiya Məhkəməsi Palatasının qərardadındakı məcburi göstərişləri nəzərə almaması üçün hüquqi imkanları tükənmiş vəziyyətə gəlmişdir.

55. Şərh olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1168/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir.

56. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1168/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar