Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3114/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs1) ərizəsi üzrə (Açar sözlər: barışıq sazişinin təsdiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, ərizəçinin nümayəndəsi (vəkili) Vəkil1, maraqlı şəxsin nümayəndəsi (vəkili) Vəkil2 və apelyatorun nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs kimi Maraqlı şəxs2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 10 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Ərizəçi və Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-00647 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: - Ərizəçi adına olan, Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti ünvanında yerləşən ümumi sahəsi 5.2 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 2825 kv.m olan 240 çarpayılıq xəstəxananın yarımçıq tikilisinin 1/2 hissəsinə Ərizəçi, digər 1/2 hissəsinə Maraqlı şəxs1 payı müəyyən edilsin; -Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 111, 16 saylı mənzilin 1/2 hissəsinə Ərizəçi, digər 1/2 hissəsinə Maraqlı şəxs1 payı müəyyən edilsin; -Bakı şəhəri Nərimanov rayonu, X5 prospekti, ev 113 saylı ünvanda yerləşən qeyri yaşayış sahəsinin 38.1 kv.m hisəsinin 1/2 hissəsinə Ərizəçi, digər 1/2 hissəsinə Maraqlı şəxs1 payı müəyyən edilsin; -ünvan 3 ünvanda yerləşən qeyri yaşayış binasının 1/2 hissəsinə Ərizəçi, digər 1/2 hissəsinə Maraqlı şəxs1 payı müəyyən edilsin; -Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisi, 2074 saylı bağ evinin ½ hissəsinə Ərizəçi və digər ½ hissəsinə Maraqlı şəxs1 payı müəyyən edilsin.
Birinci instansiya məhkəməsində icraat
2. Ərizəçi (Maraqlı şəxs1 maraqlı şəxs qismində göstərilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs1 arasında Bakı şəhəri 16 saylı Mediasiya təşkilatının mediatoru X2 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti ünvanda yerləşən ümumi sahəsi 5,2 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 2825 kv.m. olan 240 çarpayılıq xəstəxananın, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 111, 16 saylı mənzilin, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 113 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 38.1 kv.m hissəsinin, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış binasının və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisı, 2074 saylı bağ evinin Ərizəçi ilə Maraqlı şəxs1 arasında ½ hissədə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
3. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs1 ilə xx.xx.1994-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikah xx.xx.2019-cu il tarixdə birgə ərizələri əsasında Nərimanov rayon Qeydiyyat şöbəsində pozulmuşdur. Birgə nikah dövründə Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti ünvanda yerləşən ümumi sahəsi 5.2 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 2825 kv.m. olan 240 çarpayılıq xəstəxananı, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 111, 16 saylı mənzili, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 113 saylı ünvanda yerləşən qeyriyaşayış sahəsinin 38.1 kv.m hissəsini, ünvan 5 ünvanda yerləşən qeyriyaşayış binasını və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisı, 2074 saylı bağ evini birgə nikahda olduqları müddət ərzində birgə qazancları hesabına əldə etmişlər. Bakı şəhəri 16 saylı Mediasiya təşkilatında, mediasiya prosesi zamanı əmlaklarda onların hər birinin ½ hissədə payının müəyyən edilməsi ilə bağlı razılığa gəlmiş və bununla bağlı xx.xx.2023-cü il tarixdə barışıq sazişi tərtib edilərək təsdiq olunmuşdur. “Barışıq sazişi”-nin 7-ci bəndinə əsasən tərəf barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-2126/2022 saylı iş üzrə 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) ərizə təmin olunaraq, Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-00647 nömrəli barışıq sazişi təsdiq edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337, 340, 404.1, 460.1, 666.1, 666.2-ci maddələri və digər əlaqədar normalarla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
6. Maraqlı şəxs2 MMC qətnamədən maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti vermiş və şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ərizənin rədd olunmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər Maraqlı şəxs1 və Ərizəçi gələcəkdə qəbul ediləcək məhkəmə aktlarının icrasına mane olmağı və məhkəmə aktlarının icrasından yayınmağı lap əvvəldən planlaşdırmışlar. Maraqlı şəxs1 bundan əvvəl həmin daşınmaz əmlakları arvadı Ərizəçi bağışlamış, lakin “ERBİ-H" MMCnin tələbinə əsasən həmin müqavilələr məhkəmə tərəfindən etibarsız sayılmışdır. Onlar nikahlarını 09 fevral 2019-u il tarixdə pozmuşlar. ERBİ-H MMC-ə qarşı külli miqdarda mənimsəmə etdiyi üçün Maraqlı şəxs1 məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş və hazırda həmin iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Bağışlama müqavilələri kimi tərəflərin mediasiyada bağladığı barışıq sazişi də formal xarakterli olduğu üçün məhkəmə qaydasında etibarsız hesab edilməli və onun yaratdığı bütün hüquqi nəticələr tamamilə ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Apelyatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
10. Ərizəçinin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
11. Maraqlı şəxsin nümayəndəsi də apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Maddə 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Maddə 355-25.3 və 355-25.4. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə maraqlarına toxunan şəxs kimi Maraqlı şəxs2 MMC tərəfindən mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını yalnız həmin apellyasiya şikayətinə münasibətdə və həmin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
16. Mülki Məcəlləyə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər (maddə 355-23.1).
17. Göründüyü kimi, mülki qanunvericilik mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə ərizəçinin barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək hüququnu nəzərdə tutmuşdur. Ərizəçi də məhz bu hüququndan istifadə edərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.
18. MPM-in 355-26-cı maddəsində barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün aşağıdakı halların mövcudluğu tələb olunur: barışıq sazişinin və ya onun bir hissəsinin qanuna zidd olması; barışıq sazişinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılması.
19. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə barışıq sazişinin təsdiqinə mane olan hər hansı hal müəyyən edilməmişdir. Tərəflər barışıq sazişini könüllü, kənar təsir olmadan özləri bağlamış və iradələrini ifadə etmişlər. Mediasiya prosesində Ərizəçi ilə Maraqlı şəxs1 arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs1 tərəfindən könüllü qaydada icra edilməmişdir. Eləcə də, belə bir razılaşma üçüncü şəxslərin marağına toxunmur.
20. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.
21. Maraqlı şəxs2 MMC apellyasiya şikayətini Maraqlı şəxs1 barışıq sazişini bağlamaqda məqsədinin Maraqlı şəxs2 MMC-nin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin icrasından yayınmaq olduğu ilə əsaslandırmışdır.
22. Məhkəmə kollegiyası bununla razılaşmır və qeyd edir ki, əslində mübahisələndirilən əmlaklarda tərəflərin paylarının müəyyən olunması Maraqlı şəxs2 MMC-nin istinad etdiyi həmin qətnamənin icrasını daha mümkün hala gətirir. Belə ki, hazırkı iş üzrə barışıq sazişi bağlanmaqla tərəflərin paylarının müəyyən olunması Maraqlı şəxs2 MMC-nin özünü gələcəkdə Ailə Məcəlləsinin 36.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə davasından azad etmişdir.
23. Ailə Məcəlləsinin 41.1-ci maddəsinə əsasən ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Yəni, tərəflər arasında paylar müəyyən edilməsə və bu barədə barışıq sazişi bağlanmasa belə Maraqlı şəxs1 öhdəliklərinə görə ödəmə yalnız ümumi əmlakdan ona çatası paya yönəldilə bilər. Maraqlı şəxs1 öhdəliklərinə görə ödəmə həmin əmlaklardan Ərizəçi çatası paya yönəldilə bilməz.
24. Ailə Məcəlləsinin 32.1, 32.2-ci maddələrinə görə nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır və bu zaman ümumi gəlirlər hesabına əldə olunan bu əmlakların, o cümlədən daşınmaz əmlakların kimin adına alınmasının və kimin adına qeydiyyatdan keçməsinin əhəmiyyəti yoxdur.
25. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
26. Mübahisələndirilən barışıq sazişinin məzmunundan göründüyü kimi hazırkı işdə ər-arvadın, yəni Ərizəçi və Maraqlı şəxs1 ümumi əmlaklarda payları Ailə Məcəlləsinin 37.1-ci maddəsinin tələbinə uyğun olaraq bərabər hesab edilmiş, Ərizəçi payı artırılmamışdır.
27. Məhkəmə kollegiyası hesab edir ki, payların bərabər müəyyən olunduğu belə vəziyyətdə nə bağlanmış barışıq sazişi, nə də onu təsdiq edən hazırkı qətnamə Maraqlı şəxs2 MMC-nin hər hansı marağına toxunmur. Maraqlı şəxs2 MMC-nin mübahisələndirilən əmlaklardakı marağı yalnız ümumi əmlakdan Maraqlı şəxs1 çatası payda özünü göstərə bilər ki, həmin pay da yerində olmaqla özgəninkiləşdirilməmişdir.
28. Məhkəmə kollegiyası iş materiallarına əsasən onu da qeyd edir ki, barışıq sazişinin predmeti olan daşınmaz əmlaklar daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Maraqlı şəxs1 adına qeydə alınmışdır və onun mülkiyyət hüququ heç kim, o cümlədən Maraqlı şəxs2 MMC tərəfindən mübahisələndirilməmişdir. Mülki Məcəllənin 140-cı maddəsinin tələbinə görə isə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
29. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən bu qənaətə gəlir ki, birgə nikah dövründə əldə olunmuş və ər-arvaddan birinin adına qeydiyyatdan keçmiş daşınmaz əmlaklarda payların müəyyən olunması ər-arvadın qanunla qorunan hüququdur və onlar bu hüquqlarından istifadə edərək barışıq sazişi bağlamışlar. Bu barışıq sazişi Maraqlı şəxs2 MMC-nin hüquqlarını pozmur. Eləcə də, qəbul edilmiş qətnamə ilə Maraqlı şəxs2 MMC-nin hüquq və vəzifələrinə dair hər hansı məsələ həll olunmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Maraqlarına toxunan şəxs kimi Maraqlı şəxs2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 27 aprel 2023-cü il tarixli qətnaməsi həmin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.