Məhkəmə qərarları › İş №2(103)-3115/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3115/2022

06.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3115/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə4 və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı “qanunsuz tikilinin sökülməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1724/2020 saylı 04 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin avtomobil və piyada yolunun açılması, evin qarşısında və ümumi istifadədə olan torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz olaraq tikilmiş tikililərin onlar tərəfindən sökülməsi, 5000 manat məbləğində vurulmuş maddi və mənəvi ziyanın, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin seriya RX, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 7 T saylı evin, 1 saylı mənzil xüsusi mülkiyyətindədir, mənzilin qarşı hissəsində qanunsuz tikililər mövcuddur. Həmin tikililərin dövlət qeydiyyatından keçməsinə dair hər hansı bir sənəd yoxdur, cavabdehlər tərəfindən qanunsuz olaraq gizli yolla tikililər inşa edilmiş və onun mülkiyyətində olan mənzilin giriş-çıxış hissəsini, eyni zamanda həmin əraziyə daxil olmağa suni maneələr yaradılmışdır. Qanunsuz olaraq ərazini hasara alaraq avtodayanacaq edilmişdir, halbuki həmin dayanacağın orda tikilməsinə heç bir icazə yoxdur. Cavabdehlərin qanunsuz hərəkəti nəticəsində onun və ailə üzvlərinin evlərinə gedibgəlməsinə, həmçinin həmin ərazidə səmərəli isitifadəsinə qadağalar qoyulmuşdur. Bununla bağlı cavabdehlərlə aralarında mübahisə yaranmış, bu barədə Yasamal Rayon İcra Hakimiyyətinə və Yasamal Rayon Polis Şöbəsinə müraciət etmiş, lakin həmin orqanlar tərəfindən bu mübahisələrin həlli ilə bağlı məhkəməyə müraciət etmək töfsiyyə edilmişdir. Mülkiyyətində olan evin qarşı tərəfində olan ərazilər, avtomobil və piyada yolu olmaqla, həmçinin ümumi ictimai istifadədə olan ərazilərdir. Lakin cavabdeh həmin ərazidə qanunsuz olaraq kafe tikərək onun evinin qarşısını almaqla evinə gələn yolu bağlamışdır, həmin kafedə qanunsuz olaraq uzun müddətdir ki, qumarxana oyunlar təşkil olunur və narkotik istifadəçiləri yığışaraq əxlaqa zidd hərəkətlər etməklə yanaşı səs-küy yaradırlar. Digər cavabdehlər isə evlərinin qarşı hissəsində olan torpaq sahəsini zəbt edərək, bağ üçün tiklilər inşa edilmiş və ərazi hasara alınmışdır. Bundan başqa ümumi ictimai istifadədə olan ərazilərdə qanunsuz tikilmiş dayanacaq ərazidən keçən yüksək gərginliyi olan 10.000 kv-lıq elektrik xətlərin keçən hissəsinin torpaq sahəsinin altında yerləşir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1724/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətinə görə qətnamə çıxarılarkən maddi hüquq normaları pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli 2 2(103)-481/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 2(004)-1724/2020 saylı qətnaməsi iddiaçının apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmış, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat pulun iddiaçıdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2022-ci il tarixli 2(102)-132/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-481/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh və üçüncü şəxslər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Həm məhkəmə tikinti-texniki ekspertizasının 27 yanvar 2021-ci il tarixli rəyi ilə, həm də apelyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş yerli baxış ilə cavabdehlər tərəfindən inşa edilmiş tikililərin İddiaçı məxsus mənzilə gediş-gəliş yoluna maneçilik törətdiyi və sonuncunun öz mənzilindən istifadə üçün yalnız 12 metr uzunluğunda, 0,90 m enində keçid yoluna malik olduğu müəyyən edildiyi halda apelyasiya instansiyası məhkəməsi düzgün olmayaraq iddiaçının hüquqlarının pozulması hallarına yol verilmədiyi qənaətinə gəlmişdir. Göründüyü kimi qeyd edilən qanunsuz tikililər iddiaçının hüquq və qanuni mənafeyini pozduğundan sonuncunun həmin tikililərin sökülməsi ilə bağlı məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur. Bundan başqa həmin tikililərin 1997-ci ildə, yəni iddiaçının mənzili aldığı 2016-cı ildən əvvəl inşa edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşan apelyasiya instansiyası məhkəməsinin mövqeyinə münasibətdə qeyd edilməlidir ki, qanunvericilik maraqlı şəxsin qanunsuz tikilinin sökülməsini tələb etmək hüququnu belə bir halla məhdudlaşdırmamışdır.” İş materiallarında olan daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2016-cı il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, X3 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 7 T saylı evin, 1 saylı mənzili İddiaçı satmış və RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, həmin mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 7 T, mənzil 1-də yaşayan vətəndaş İddiaçı yaşadığı fərdi yaşayış evinin qarşısında boş torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən dəmir torla hasarlanaraq oradan müvafiq icazə sənədləri olmadan istifadəsinə dair etdiyi müraciətə əsasən icra hakimiyyəti tərəfindən həmin ünvanda araşdırma aparılmışdır. Sözügedən ünvana baxış keçirilən zaman qeyd olunanlara əsasən, torpaq sahələrinin vətəndaşlar tərəfindən qanunsuz olaraq hasarlanması müəyyən olunmuşdur. Qeyd olunan məsələ ilə əlaqədar rayon Mənzil Kommunal Təsərrüfa Birliyinin və 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən özbaşına zəbt olunmuş torpaq sahələri qanunsuz olaraq çəpərlənmə hasarlardan azad edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti 125 saylı MTK-nın xx.xx.2009-cu il tarixli arayışından görünür ki, Cavabdeh1 Bakı şəhəri, Yeni Yasamal 2 küçəsi 7 saylı evin 41 nömrəli mənzilində yaşayır və həmin binanın arxa hissəsində yerləşən sahədə ailə üzvlərinin cox olması nəzərə alaraq və yaşadığı mənzilin sahəsi imkan vermədiyinə görü ev əşyalarının yerləşdirmək üçün 1997-ci ildə orada icazəli surətdə qaraj inşa etdirmiş və qarajın etrafında kiçik ərazidə yaşıllıq sahəsi salmışdır. İş materillarında olan Yasamal Rayon Prokurorunun müavini, kiçik ədliyyə müşaviri Rəşadət Orucovun xx.xx.2019-cu il tarixli cinayət işinin başlanması haqqında qərarından görünür ki, Cavabdeh1 07 avqust 2019-cu il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal - 2, Ə.Əhmədov küçəsində yerləşən özünə məxsus kafedə olarkən, həmin kafenin yaxınlığındakı evdə yaşayan Elman, Zaur adlı və istintaqa məlum olmayan iki nəfər naməlum şəxslər kafenin qarşısına gələrək onun həmin gün onların barəsində Yasamal RPİ-nin 29-cu PŞ-nə şikayət etməsi ilə əlaqədar mübahisə edib onu qəsdən döyərək ona alt dodağın əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya və sağ ayağın İ barmağının əsas falanqasının sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişlər. Qeyd olunanlara əsasən toplanmış materialda Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasını nəzərə alaraq fakta görə həmin maddə ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə Yasamal RPİnin İŞ-nə göndərilmişdir. Əvvəlki apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 27 yanvar 2021-ci il tarixli 10/3225 saylı rəyinə əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən 7 T saylı evin 1 saylı mənzilinin qarşısında tikililərin (avtodayanacaq, qaraj, kafe və s.) yerləşdiyi, həmin tikililərin tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilir. Bundan əlavə, həmin mənzilə avtomobil yolunun olmadığı, yeganə 12 metr uzunluğunda, 0,90 m enində keçid yolunun olduğunu nəzərə alaraq, mənzilin qarşısında yerləşən iş üzrə cavabdehlərə məxsus tikililərin mənzilin gediş-gəliş yoluna qismən maneçilik törətdiyi müəyyən edilir. Həmçinin əvvəlki apelyasiya baxışı zamanı mübahisəli əraziyə məhkəmə tərəfindən yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı məxsus fərdi yaşayış evinin qarşısında cavabdehlər tərəfindən tikililər inşa olunmuş və hasarlanaraq bağça salınmışdır. Baxış keçirilərkən tikililərin bağlı olduğu və hər hansı məqsəd üçün istifadə olunmadığı, o cümlədən kafe kimi fəaliyyət göstərmədiyi, ərazidə olan avtodayanacağın cavabdehlərə aidiyyətinin olmadığı müəyyən olunmuşdur. Baxış zamanı iştirak edən cavabdehlər Cavabdeh1 və X7 bildirmişlər ki, məhəllədə salınmış həmin bağçalar sakinlərin asudə vaxtlarını keçirmək üçün nəzərdə tutulmuşdur. Baxış zamanı İddiaçı məxsus evə yalnız ensiz piyada yolunun mövcud olması, avtomobil yolunun olmaması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən 1 saylı mənzili alqı-satqı yolu ilə 2016-cı ildə almasına baxmayaraq, evinin giriş-çıxışına mane olan, iddia edərək sökülməsini tələb etdiyi tikililər Cavabdeh1 tərəfindən 1997-ci ildə inşa olunmuş və ətrafında digər cavabdehlər tərəfindən yaşıllıq sahəsi salınmışdır. Bu da öz növbəsində iddiaçının qeyd olunan mənzili əldə edərkən həmin tikililərin faktiki mövcud olmasından və mənzilinə avtomobil yolunun olmamasından xəbərdar olmasını göstərir. İşin faktiki hallarından görünür ki, iddiaçıya məxsus olan ev sonradan inşa olunduğuna görə əvvəllər orada avtomobil və piyada yolu olmamışdır. Həmçinin iş materiallarından cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurulması müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 27 yanvar 2021-ci il tarixli rəyi ilə, həm də əvvəlki apelyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş yerli baxış ilə cavabdehlər tərəfindən inşa edilmiş tikililərin İddiaçı məxsus mənzilə gediş-gəliş yoluna maneçilik törətdiyi və sonuncunun öz mənzilindən istifadə üçün yalnız 12 metr uzunluğunda, 0,90 m enində keçid yoluna malik olduğu müəyyən edilmişdir. Hazırkı apelyasiya baxışı zamanı da mübahisəli sahəyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, dayanacaqdan mübahisəli əraziyə daxil olarkən, Cavabdeh1 bağ sahəsinin kənarından 12 metr uzunluğunda, 0,90 m enində keçid yolu vardır. Evin qarşısı cavabdehlərin hasarları ilə tutulmuş, arxa çıxışı isə ensiz olmaqla iki binanın arasından keçir. İddiaçının evinin yanında həyət var. Mülki Məcəlləyə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (maddə 180.4). Göründüyü kimi, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır və maraqlı tərəf həmin tikilinin sökülməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. İşin müəyyən edilmiş hallarına əsasən qanunsuz tikililər iddiaçının hüquq və qanuni mənafelərinin pozulması ilə nəticələnir, belə ki, həmin tikililər (birinci və ikinci tikili tam, üçüncü tikili isə qismən) iddiaçının sərbəst gediş-gəlişinə və yaşayış evindən sərbəst istifadəsinə maneə törədir. İddiaçının yaşayış evinin bilavasitə qarşısında belə tikililərin mövcudluğu iddiaçının özünün və ailəsinin rahat və firavan yaşayışını mümkünsüz edir. Həmin tikililərin iddiaçının mənzili aldığı 2016-cı ildən əvvəl inşa edilməsi ilə bağlı isə Kollegiya qeyd edir ki, qanunvericilik maraqlı şəxsin qanunsuz tikilinin sökülməsini tələb etmək hüququnu belə bir halla məhdudlaşdırmamışdır. Qeyd olunanlara əsasən Kollegiya qeyd edir ki, həmin qanunsuz tikililər (birinci və ikinci qanunsuz tikili tam şəkildə, üçüncü tikili isə qismən) iddiaçıya məxsus evin qarşısı boyunca sökülməlidir. İddia tələbinin maddi və mənəvi zərər hissəsinə münasibətdə Kollegiya qeyd edir ki, bu hissədə iddia tələbinin əsaslı olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilmədiyindən, iddia tələbi bu hissədə əsassız olmaqla rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1724/2020 saylı iş üzrə 04 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehlərin Cavabdeh1, Cavabdeh2 və X7 tərəfindən qanunsuz hərəkətlərə son qoyulsun. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin avtomobil və piyada yolu açılsın, bu məqsədlə evin qarşısında və ümumi istifadədə olan torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililər həmin evin qarşı tərəfdən perimetri boyunca (bilavasitə yaşayış evinin qarşısı) cavabdehlər tərəfindən sökülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat pul cavabdehlərdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar