Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3115/2024 31.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı Şəhəri 31 saylı Notariat Ofisi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən edilməsi tələbi barədə” ilk iddiasına, Cavabdeh1 iddiaçılar İddiaçı2 və İddiaçı1 qarşı “mirasın faktiki qəbulu və miras əmlaka vərəsəlik payının tanınması tələbi barədə” qarşılıqlı iddiasına, üçüncü şəxslər X8 və X7 cavabdehlər İddiaçı2, Cavabdeh1 və İddiaçı1 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən olunması tələbi barədə” müstəqil iddiasına, üçüncü şəxs X4 cavabdehlər İddiaçı2, İddiaçı1 və Bakı Şəhəri 31 saylı Notariat Ofisinə qarşı “mirasın faktiki qəbulu və miras əmlaka vərəsəlik payının tanınması tələbi barədə” müstəqil iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 iyul 2023-cü il tarixli qətnamədən Cavabdeh1 və üçüncü şəxs X10 tərəfindən birgə, üçüncü şəxslər X8 və X12 tərəfindən isə ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili (nümayəndəsi) Vəkil1, özü cavabdeh olmaqla yanaşı həmçinin üçüncü şəxs X4 da qanuni nümayəndəsi olan Cavabdeh1, Cavabdeh1 və üçüncü şəxs X4 birgə vəkili (nümayəndəsi) Vəkil7, üçüncü şəxslər X8 və X7 birgə vəkili (nümayəndəsi) Vəkil6 Şirinbalayeviçin iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) işin halları
1. Miras əmlak Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ceyhun Mirzəyev küçəsində yerləşən və ümumi sahəsi 139.8 kv.metr olan 42 saylı fərdi yaşayış evi və həmin ünvanda yerləşən, ümumi sahəsi 0,06447 ha olan torpaq sahəsindən ibarətdir.
2. Həmin ev və torpaq sahəsi X6 mülkiyyətində olmuşdur.
3. Tofiq Heydərov xx.xx.2006-cı il tarixdə Bakı şəhərində ölmüşdür.
4. Miras qoyan Tofiq Heydərov sağlığında üç dəfə nikaha daxil olmuşdur: birinci nikah 1960-cı ildə X1 ilə, ikinci nikah xx.xx.1974-cü il tarixdə X3 ilə, üçüncü nikah isə xx.xx.1997-ci il tarixdə X8 ilə bağlanmışdır.
5. İlk iddia üzrə Cavabdeh1 və müstəqil iddia irəli sürmüş İradə Heydərova birinci nikahdan, ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ikinci nikahdan, müstəqil iddia irəli sürmüş Azər Heydərov isə üçüncü nikahdan doğulmuşlar.
6. Müstəqil iddia irəli sürmüş üçüncü şəxs Kamilə Heydərova isə Tofiq Heydərovun sonuncu arvadıdır.
7. Miras qoyanın övladlarından biri – İradə Heydərova Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-2822/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.
8. Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının 10 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamı ilə Cavabdeh1 bacısı İradə Heydərova üzərində qəyyum təyin edilmişdir.
9. Cavabdeh1 xx.xx.2018-ci il tarixli müraciəti əsasında 31 saylı Notariat Ofisində 2V-152 reyestr nömrəli vərəsəlik işi açılmışdır.
10. Həmin vərəsəlik işi üzrə verilmiş xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən miras əmlaka tək vərəsə kimi Cavabdeh1 tam miras payı müəyyən edilmişdir.
11. Həmin şəhadətnamə əsasında mübahisə predmeti olan fərdi yaşayış evi və torpaq sahəsi xx.xx.2021-ci il tarixdə “Daşınmaz əmlakın dövlət reyestrində” Cavabdeh1 adına tam pay hüquqlu xüsusi mülkiyyət kimi qeydə alınmışdır. b) iddialar barədə məlumat
12. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsi, onun əsasında xx.xx.2021-ci il tarixdə verilmiş mülkiyyət haqqında çıxarışın ləğv olunması, miras əmlak üzərində hər birinin 1/2 hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, miras əmlak yalnız iddiaçılar tərəfindən faktiki qəbul edilmişdir. Miras qoyanın digər övladları miras əmlakı qəbul etməmişlər. Cavabdeh1 mübahisəli evdən 1991-ci ildən qeydiyyatdan çıxaraq atalarının ona bağışladığı 2 otaqlı mənzilə ailə quraraq köçmüşdür. 2022-ci ilin avqust ayında iddiaçılara məlum olmuşdur ki, Cavabdeh1 miras əmlaka tək vərəsə kimi yiyələnmişdir. Notarius tərəfindən vərəsəlik şəhadətnaməsi verilərkən digər vərəsələrin olması araşdırmamışdır.
14. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, həmin əmlak üzərində ona düşən vərəsəlik payına uyğun vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 miras əmlakı faktiki qəbul etmişdir. Mirasın qəbul edilməsi üçün məhz Notariat Ofisinə müraciət etməli olduğunu bilmədiyi üçün gec müraciət etmişdir. Müraciətində mərhum atasının ondan başqa vərəsələrinin olmasını bildirmiş və həmçinin onların adlarının yazılı qeyd edildiyinə də əmin olmuşdur. Lakin vərəsələrdən heç birinin Notariat Ofisinə gələrək öz paylarını qəbul etməkdə maraqlı olmamalarını öz təqsiri hesab etmir. Miras əmlak bərabər paylarda olmaqla vərəsələr arasında bölünməlidir.
16. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər Kamilə Heydərova və Azər Heydərov iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsi, onun əsasında xx.xx.2021-ci il tarixdə verilmiş mülkiyyət haqqında çıxarışın ləğv olunması, miras əmlakı faktiki qəbul etmələri və miras əmlak üzərində hər birinin 1/2 hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
17. Həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Kamilə Heydərova miras qoyanla nikaha daxil olduqdan sonra onlar mübahisəli evdə yaşamışlar. Digər vərəsələr mübahisəli evdə yaşamadıqlarından mirası Kamilə Heydərova və Azər Heydərov faktiki qəbul etmişlər. Miras qoyan vəfat edən zaman faktiki olaraq Kamilə Heydərova ilə nikahda olduğundan əmlakın 50%-i Kamilə Heydərovaya çatmalı, qalan əmlak isə yenidən vərəsələr arasında bərabər payda bölünməlidir. Mübahisəli mənzil birgə nikah dövründə əldə edilməsə də, birgə nikah dövründə əldə edilən vəsait hesabına təmir edildiyindən birgə mülkiyyət hesab ediməlidir. Bundan başqa, notariat orqanı digər vərəsələrin olubolmaması barədə hər hansı tədbir görməmişdir.
18. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs İradə Heydərova iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, həmin əmlak üzərində ona düşən vərəsəlik payına uyğun vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Həmin iddia tələbi isə belə əsaslandırılmışdır ki, miras əmlak üzərində İradə Heydərovanın da payı vardır. Miras əmlak bərabər paylarda olmaqla vərəsələr arasında bölünməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
20. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın və üçüncü şəxslərin iddialarının rədd edilməsini qət etmişdir.
21. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçıların miras əmlakı faktiki qəbul etməsi iş materialları ilə təsdiq edildiyi üçün ilk iddia əsaslı hesab edilərək, təmin edilməlidir. Digər vərəsələr tərəfindən isə miras qəbul edilmədiyi üçün digər iddialar əsassız hesab edilərək, rədd edilməlidir. d) apellyasiya şikayətləri barədə məlumat
22. İlk iddia üzrə Cavabdeh1 və üçüncü şəxs İradə Heydərova həmin qətnamədən birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın rədd edilməsi, onlar tərəfindən verilmiş iddiaların isə təmin edilməsini xahiş etmişlər.
23. Əsasları qarşılıqlı iddianın və üçüncü şəxs İradə Heydərovanın iddiasının əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, Rayon Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozularaq qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur.
24. Üçüncü şəxs Kamilə Heydərova da Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın rədd edilməsi, onun iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Müstəqil iddia tələbinin məzmununa uyğun əsaslandırılmış bu apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi işdə olan sübutlara və işin hallarına düzgün səhv qiymət verməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir.
26. Üçüncü şəxs Azər Heydərov da həmçinin Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın rədd edilməsi, onun iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Müstəqil iddia tələbinin məzmununa uyğun əsaslandırılmış bu apellyasiya şikayətində də əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi işdə olan sübutlara və işin hallarına düzgün səhv qiymət verməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. e) apellyasiya icraatı zamanı iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
28. Özü cavabdeh olmaqla yanaşı həmçinin üçüncü şəxs İradə Heydərovanın qanuni nümayəndəsi olan Cavabdeh1 və onların hər ikisinin birgə vəkili (nümayəndəsi) Vəkil7, özləri tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və bu şikayətin məzmununa uyğun izahat verdilər.
29. Üçüncü şəxslər Kamilə Heydərova və Azər Heydərovun birgə vəkili (nümayəndəsi) Vəkil6 apellyasiya baxışı iclasında iştirak edərək, təmsil etdiyi şəxslərin verdikləri apellyasiya şikayətlərinin dəlillərini müdafiə etdi və həmin şikayətlərin məzmununa uyğun izahat verdi.
30. İş üzrə cavabdehlər 31 saylı Notariat Ofisi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 1 saylı Bakı Ərazi İdarəsi işə apellyasiya qaydasında baxılmanın iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclaslarında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
31. İlk iddia üzrə iddiaçılar İlham və İddiaçı2ların birgə vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək, qətnamədən verilmiş apellyasiya şikayətlərinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
32. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilərək iddiaların qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
33. Belə ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi, 127-ci maddəsinin İİ hissəsi).
34. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cü maddəsinin İ, İİ, İİİ, İV, Vİİ hissələri).
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (maddə 1133.1.). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (maddə 1133.2.). Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər (maddə 1134.2.). Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (maddə 1145.). Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146.). Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır (maddə 1147.1.). Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır (maddə 1147.2.). Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1.). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (maddə 1243.1.). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2.). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243.3.). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (maddə 1255.). Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər (maddə 1261.). Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir (maddə 1269.). Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər (maddə 1272.). Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir (maddə 1273.). Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər (maddə 1321.1.). Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir (maddə 1321.2.). Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun (maddə 1321.3.). Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir (maddə 1322.). Bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir (maddə 1323.).
36. Qeyd edilənləri nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, hazırki iş üzrə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı qəbul edildikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı qəbul edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarı ilə Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və həmin qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir. Mülki Məcəllənin artıq qüvvədən düşmüş 1246-cı maddəsində qeyd edilirdi ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin artıq qüvvədən düşmüş 1273-1-ci maddəsində isə qeyd edilirdi ki, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarında qeyd etmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.
37. Məhkəmə qeyd edir ki, MPM-in 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.
38. Belə olan halda, vərəsələrin qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməməsi və ya mirası faktiki qəbul edəcək hərəkətlər etməməsinin onun öz subyektiv vərəsəlik hüququnu həyata keçirməməsi kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə vərəsələr tərəfindən ataları X5 miras qalmış əmlakın qəbul edilməsindən imtina edilməmişdir.
39. Kamilə Heydərova tərəfindən Bakı Şəhəri 25 saylı Notariat Kontoruna verilmiş xx.xx.2006-cı il tarixli ərizədən görünür ki, o, əri Tofiq Heydərova məxsus evdə pasport qeydiyyatında olmamış və orada yaşamamışdır. Onun həmin evə dair heç bir iddiası yoxdur, gələcəkdə də həmin evə dair hər hansı bir vərəsəlik işi açılanda o, həmin evdən heç bir pay tələb etməyəcəkdir və bu barədə məhkəmə orqanlarında heç bir iddia qaldırmayacaqdır.
40. Məhkəmə Kamilə Heydərovanın bu ərizəsini nəzərə alaraq hesab edir ki, Kamilə Heydərova miras əmlakı qəbul etməmiş və mirasın qəbulundan imtina etmişdir. Buna görə də, onun və övladı Azər Heydərovun birgə verdikləri iddianın ona aid hissəsi təmin edilə bilməz.
41. Kamilə Heydərova ilə Azər Heydərovun birgə verdikləri iddiada Kamilə Heydərovaya münasibətdə qeyd edilir ki, mübahisəli ev Kamilə Heydərova ilə Tofiq Heydərovun birgə nikahları dövründə əldə edilməsə də, birgə nikah dövründə əldə edilən vəsait hesabına təmir edildiyindən birgə mülkiyyət hesab ediməlidir.
42. Məhkəmə, Kamilə Heydərovanın mübahisəli evin və torpaq sahəsinin Tofiq Heydərovla birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi barədə dəlilini də əsassız hesab edir.
43. Belə ki, mübahisəli fərdi yaşayış evində müəyyən yaxşılaşdırmalar apardığını bildirən Kamilə Heydərova bu halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Kamilə Heydərova qeyd etdiyi xüsusatı sübuta yetirə bilmədiyindən qəbul edilməlidir ki, onun tərəfindən verilmiş iddia tələbi və apellyasiya şikayəti əsassızdır.
45. Bundan başqa apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, mərhum Tofiq Heydərovun övladı Cavabdeh1 “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” almaqla mirası qəbul etsə də, mərhumun digər 4 övladı – İddiaçı1, İddiaçı2, İradə Heydərova və Azər Heydərov miras əmlakın qəbulundan imtina etməmişlər.
46. İşin müəyyən edilmiş bu halına “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqedən yanaşdıqda müəyyən edilir ki, mərhumun birinci növbə vərəsələri olan hər 5 övladı mirası qəbul etmişlər. Lakin “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” yalnız Cavabdeh1 verilmiş və mirası əmlak üzərində yalnız onun payı müəyyən edilmişdir. g) apellyasiya baxışının nəticəsi
47. Miras əmlak üzərində mərhumun hər 5 övladının bərabər payı olduğundan Məhkəmə hesab edir ki, 31 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh1 adına “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2021-ci il tarixdə verilmiş “Çıxarış” ləğv olunmalı və vərəsələrin miras əmlak üzərində hər birinin payı 1/5 hissədə müəyyən edilməlidir. Bu baxımda da iddialar qismən əsaslı hesab edilməlidir.
48. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan, MPM-in 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Apellyasiya şikayətləri qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 iyul 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdikləri ilk iddia, Cavabdeh1 qarşılıqlı iddiası, müstəqil tələb irəli sürən üçüncü şəxslər X8 və X7 birgə verdikləri müstəqil iddia və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 müstəqil iddiası qismən təmin edilsin. Bakı Şəhəri 31 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına verilmiş 2V-152 sayla reyestrdə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilsin. Həmin şəhadətnamə əsasında Cavabdeh1 adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli “Çıxarış” ləğv olunsun. X5 miras qalmış və Xəzər rayonu, Buzovna qəsəbəsi, Ceyhun Mirzəyev küçəsində yerləşən 42 saylı fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, Cavabdeh1, X4 və X7 hər birinin payı 1/5 hissədə müəyyən edilsin. Qalan hissələrdə iddialar təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.