Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3115/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2023cü il tarixli xitam əmrinin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-522/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2023-cü il tarixli xitam əmrinin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1986-cı il təvəllüdlü olmaqla xx.xx.2004-cü il tarixdə SHXÇDX-nin Bərdə rayon idarəsindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmətini layiqincə yerinə yetirdikdən sonra ailəsinin yanına gəlmiş, daha sonra isə Vətənin keşiyində layiqincə xidmət etmək üçün xx.xx.2010-cu il tarixdən N nömrəli hərbi hissənin 2-ci tank taborunun rabitə taqımın idarəetmə manqasının baş mexaniki sürücüsü vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində hər zaman özünü nizam-intizamlı, bacarıqlı, təcrübəli, işgüzar və tələbkar bir hərbi qulluqçu kimi göstərmişdir. Xidməti vəzifəsini layiqincə tam qüsursuz, keyfiyyətlə, yüksək səviyyətdə etmişdir. Xidməti müddəti ərzində 2014-cü il tarixdən 2023-cü il tarixə qədər fəxri fərmanlar almışdır. 2020-ci il tarixdə ölkədə baş verən İİ Qarabağ müharibəsində iştirak etmiş və “Vətən müharibəsi iştirakçısı” medalı da almışdır. Lakin “Azərbaycan Respublikası Hərbi vəzifə haqqında” Qanunun 410.0.10-cu maddəsinin və SQ-nin intizamnaməsinin 50-ci maddəsinin “z” bəndinə əsasən xx.xx.2023cü il tarixdən işinə xitam verilmişdir. Halbuki, o, qanunsuz işdən çıxarılmışdır. İşdən çıxarıldıqdan sonra Azərbaycan Respublikasının Prezidentinə, Vitse Prezidentə, Müdafiə nazirinə məktublar ünvanlamış, teleqrammalar göndərmişdir. Hər dəfəsində ona bildirilmişdir ki, onu işinə yenidən geri qaytaracaqlar. Lakin onu yubadaraq bu zamana qədər işinə bərpa etməmişlər. Savadsız olduğundan da bilməmişdir ki, işinə qanunsuz xitam verildiyi zaman məhkəmə orqanlarına müraciət etməlidir. Bunun üçün də 9 ay müddətinə bilmədiyi üçün digər təşkilatlara müraciət etmişdir. Yuxarıda qeyd etdiyi bütün faktlardan açıq-aydın görünür ki, hərbi hissə işdən çıxarmaq üçün onu etmiş olduqları oyunlarının qurbanı etdilər. Bu isə onun qanunla qorunan hüquqlarının pozulmasıdır. Dəfələrlə işdən azad edilməyi barədə sənədlərini tələb etməyinə baxmayaraq verməkdən imtina etdilər. Hal-hazırda işdən azad edilməyini qanunsuz hesab etdiyi üçün yenidən işə geri qayıtmaq istəyir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, N nömrəli hərbi hissədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli 32 nömrəli akta əsasən MAHHXHQ kiçik çavuş İddiaçı xidmət müddətində özünü nizam- intizamsız bir hərbi qulluqçu kimi göstərmiş, verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirməmiş və ona tutulan iradlardan nəticə çıxarmamışdır. Buna görə də MAHHXHQ kiçik çavuş İddiaçı Azərbaycan Respublikasının qanunları və hərbi nizamnamələrin tələblərinə əsasən Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılması barədə qərar qəbul edilmişdir. MAHHXHQ kiçik çavuş İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi dövr ərzində qanunsuz olaraq sələmçilik fəaliyyəti ilə məşğul olmuş, onunla birgə xidmət edən bir çox hərbi qulluqçulara yüksək faizlər ilə sələm olaraq borca pul vermişdir (izahatların surətləri ərizəyə əlavə olunur). Həmçinin mübahisələndirilən N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 085 nömrəli əmri, həmin əmrin qəbulundan 9 ay vaxt keçdikdən iddia qaldırılmışdır. Halbuki, İnzibati Prosessual Məcəllənin 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir.
4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 522/2025 nömrəli qətnaməsi ilə (hakim F.A.Əlizadə) iddia təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Həmçinin bildirdilər ki, işə mülki məhkəmə icraatında baxılması məqsədəmüvafiqdir.
8. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
10. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarı Bənd 12. İnzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır.
11. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. Maddə 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Maddə 12.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür. Maddə 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. Maddə 28.5. Müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunun 36.1.1-ci maddəsində müəyyən edilmiş şəxslər aiddirlər. Maddə 36.1. Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə – xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər; 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Maddə 36.2. Bağlaşma əsasında həqiqi hərbi xidmətə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul olunurlar. Maddə 41.0. və 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar.
12. Azərbaycan Respublikası Silahlı X1 Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa, onun dəf edilməsinə xidmət edir. Bənd 50. “z”. Əsgərlərə, matroslara və çavuşlara verilən intizam cəzaları sırasında müddətindən artıq xidmət çavuşlarına verilən cəzalardan biri də - xidmət vaxtı başa çatmamış ehtiyata buraxmadır.
13. “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli Qərarı: Maddə 2.1. Azərbaycan Ordusunda və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. Maddə 2.4. Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olan şəxslər fiziki hazırlıqlı, mənəvi-psixoloji cəhətdən sağlam, hərbi xidmət keçəcəyi ixtisas üzrə bilikli və ən azı ümumi orta təhsilli olmalıdırlar. Maddə 2.5. Həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunu bildirmiş şəxslər həqiqi hərbi xidmətə daxil olarkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə uyğun olaraq tibbi müayinədən keçir və şəhadətləndirilirlər. Maddə 2.8. Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları ilə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə Azərbaycan Ordusu və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) arasında onların həqiqi hərbi xidmətə daxil olmasına dair bağlaşma tərtib edilir. Maddə 3.13. Həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həqiqi hərbi xidmətə könüllü daxil olduqda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” və bu Qayda ilə tanış edildikdən sonra, onlarla Azərbaycan Ordusu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) arasında həqiqi hərbi xidmətə daxil olmağa dair öhdəlik eyni hüquqi qüvvəyə malik iki əsl nüsxədən ibarət tərtib edilir (bu Qaydaya 2 nömrəli əlavə). Maddə 3.15. Həqiqi hərbi xidmətə könüllü daxil olmuş Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasına və onun xalqına sadiq olacaqları barədə hərbi and içirlər. Maddə 3.17. Bağlaşma hər iki tərəf imzaladıqdan sonra qüvvəyə minir. Şəxsin həqiqi hərbi xidmətə qəbul edilməsi barədə şəxsi heyət üzrə əmr verilir. Bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanların həqiqi hərbi xidmətinin başlanğıcı bağlaşmanın imzalandığı gün hesab edilir. Maddə 3.20. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissənin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanların həqiqi hərbi xidmətinin sonu hesab edilir. Maddə 4.2. Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olan hərbi qulluqçuların hərbi vəzifələrinin yerinə yetirilməsi ilə bağlı tədbirlərin maddi təminatı Azərbaycan Respublikası dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin, habelə təşkilatların vəsaiti hesabına “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 6 (a). Hərbi qulluqçulara bu Məcəllə şamil edilmir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsi barədə müraciətinə dair” xx.xx.2025-ci il tarixli Qərardadı: Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Müqavilənin inzibati və ya mülki hüquqi müqavilə olması, tərəflər arasında yaranan münasibətlərin xarakteri mübahisənin mülki mühakimə icraatı qaydasında, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması, yəni məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd olunmalıdır ki, inzibati hüquq münasibətləri digər hüquq münasibətlərindən başlıca olaraq subyekt tərkibinə və predmetinə görə fərqlənir. İnzibati, yəni publik hüquq münasibətlərinin obyektini məhz dövlət idarəçiliyi və yerli özünüidarəetmənin həyata keçirilməsi prosesində yaranan ictimai münasibətlər təşkil edir. Bu münasibətlərdə tərəflərdən biri qismində mütləq şəkildə inzibati orqan və ya qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilən hər hansı bir subyekt çıxış edir. İnzibati hüquq münasibətlərini yaradan hüquqi faktlardan biri qismində inzibati müqavilələr çıxış edir. Qeyd olunmalıdır ki, müqavilə mülki hüququn ənənəvi institutu olsa da, dövlətin idarəetmə funksiyalarını daha çevik və səmərəli həyata keçirməsi məqsədilə, eləcə də inzibati hüququn inkişafı nəticəsində müqavilə anlayışı inzibati hüquqa da daxil olmuşdur. İnzibati müqaviləyə Azərbaycan Respublikasının qanunvericiliyində konkret anlayış verilməsə də, belə müqavilələr bir sıra səciyyəvi xüsusiyyətlərə malikdir ki, bununla da onlar mülki hüquqi müqavilələrdən fərqlənir. İlk növbədə nəzərə alınmalıdır ki, inzibati müqavilələrin tərəflərindən ən azı biri qismində məqsədi konkret inzibati hüquq münasibətlərini yaratmaq, dəyişdirmək və ya sona çatdırmaq olan inzibati orqanlar (publik hakimiyyət daşıyıcıları) çıxış edir. Lakin tərəflərdən birinin inzibati orqan olması özlüyündə həmin müqavilənin inzibati müqavilə hesab olunması üçün kifayət qədər əsas təşkil etmir. Müqavilənin inzbati müqavilə hesab edilməsi üçün onun tərəfləri ilə yanaşı, müqavilənin obyektinin, məqsədinin, müqavilə münasibətlərinə şamil olunan qanunvericiliyin xüsusiyyətlərinin nəzərə alınması mütləqdir. İnzibati müqavilələrin obyekti, yəni bu müqavilə ilə tənzimlənən münasibətlər dövlətin idarəetmə funksiyalarının həyata keçirilməsi ilə əlaqədardır. Bu müqavilələr ictimai faydaya əsaslanmaqla ictimai və ya dövlət maraqlarının təminatına xidmət edir. Eyni zamanda inzibati müqavilələrin obyektini məhz inzibati hüquq normaları ilə tənzimlənməli olan münasibətlər təşkil edir. Belə ki, mahiyyətcə daha çox dispozitiv xarakterli olan, şərtləri tərəflərin azad iradə ifadəsi ilə müəyyən edilən mülki hüquqi müqavilələrdən fərqli olaraq, inzibati müqavilələrin bağlanma qaydası, bir sıra mühüm şərtləri və s. məsələlər inzibati hüquq normaları ilə müəyyənləşdirilir. İnzibati müqavilələrin məzmunun müəyyənləşdirilməsində tərəflər tam sərbəst olmamaqla, belə müqavilələrin müəyyən şərtləri inzibati qanunvericiliyin imperativ müddəalarına tabedir. O da nəzərə alınmalıdır ki, inzibati müqavilələrdə tərəflər heç də həmişə hakimiyyəttabeçilik münasibətlərində olmasalar da, belə müqavilələrin əsas xüsusiyyətlərindən birini tərəflərin qeyri-bərabərliyi, yəni inzibati orqanların publik hakimiyyət daşıyıcısı kimi daha üstün vəziyyətdə olması təşkil edir. Bir sıra hallarda qanunvericilikdə inzibati müqavilələr və onların bağlanması proseduru ilə bağlı mülki (xüsusi) hüquqdakı bərabərlik prinsipindən kənara çıxan, inzibati orqana bir sıra üstünlüklər tanıyan qayda və şərtlər (müqavilə üzrə kontragentə və onun müəyyən edilməsinə dair xüsusi şərtlər və qaydalar, müqavilənin digər tərəfinin müqavilə şərtlərinə uyğun fəaliyyət göstərib-göstərmədiyinin yoxlanılması, müqavilənin inzibati orqan tərəfindən birtərəfli qaydada ləğvi, şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi imkanı və s.) mövcud olur. İnzibati orqanlar ilə kommersiya və ya digər iqtisadi maraqlardan çıxış edən fiziki və ya hüquqi şəxslər arasında bağlanılan inzibati müqavilələrdə inzibati orqanlara bu kimi üstünlüklərin verilməsi sonuncuların ictimai və dövlət maraqlarına xidmət etməsindən irəli gəlir. İnzibati orqan inzibati müqavilənin məcburi tərəfidir. İnzibati müqavilə inzibati orqanın ictimai-hüquqi səlahiyyətlərinin həyata keçirilməsinə yönəldilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qeyd olunanları ümumiləşdirməklə inzibati müqavilələrin əsas səciyyəvi xüsusiyyətlərinə aşağıdakılar aid edilə bilər: · müqavilə tərəflərindən ən azı birinin inzibati orqan olması; · müqavilənin predmetinin dövlətin idarəetmə funksiyalarının həyata keçirilməsi ilə bağlı olması; · müqavilənin məqsədinin ictimai və ya ümumdövlət maraqlarının təmin olunmasına, ictimai ehtiyacların ödənilməsinə və ya birbaşa ictimai xidmətlərin icra edilməsinə yönəldilməsi; · müqavilənin bir sıra şərtlərinin inzibati hüquq normaları ilə tənzimlənməsi; · müqavilə tərəflərinin qeyri-bərabərliyi və s. O da nəzərə alınmalıdır ki, müəyyən hallarda müqavilə tərəfləri arasında mübahisələr müqavilədən irəli gələn öhdəliklərlə bağlı deyil, qanunvericiliklə həmin müqavilə ilə əlaqədar olaraq inzibati orqanın daşıdığı bu və ya digər vəzifənin icra edilməməsi və ya lazımınca icra edilməməsi (hərəkət və hərəkətsizlik) səbəbindən də yarana bilər. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən bu Qərardadda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həm tərəflər arasında bağlanmış müqavilənin xarakteri, həm də mübahisənin predmeti dəqiq müəyyənləşdirilməli, mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-522/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata, bu tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir.
18. İş materialları ilə müəyyən edilir ki, iddiaçı həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən şəxs kimi bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 085əç nömrəli əmri ilə bağlaşma ləğv edilərək iddiaçı həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır.
19. İddiaçı hazırda həmin əmri mübahisələndirir və xidmətə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.
20. Birinci instansiya məhkəməsi mübahisəyə Əmək Məcəlləsinin müddəalarını tətbiq edərək hesab etmişdir ki, iddiaçı əmri mübahisələndirmək üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin kateqoriya kimi inzibati orqan olmasına baxmayaraq hazırki mübahisə üzrə tərəflər arasında əmək münasibətləri hakimiyyət (şaquli) xarakterli deyil, müqavilə (üfüqi) münasibətlərinə əsaslanır. Yəni, işçi qismində iddiaçı cavabdeh orqanda hərbi qulluqçu qismində əmək münasibətlərində olsa da, həmin münasibətlərin yaranma əsası müvafiq bağlaşmaya (müqavilə, razılıq) əsaslanır. Həmin bağlaşma isə müqavilə qismində qiymətləndirilir. Nəticədə, tərəflər arasında münasibətlər müqaviləyə əsaslanır, mübahisə inzibati orqanın inzibati icraat nəticəsində qəbul etdiyi inzibati akta əsaslanmır. Deməli, mülki işin məhkəmə aidiyyatı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsidir.
21. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmır.
22. Yuxarıda istinad olunan qanunvericiliyin müddəalarının təhlili belə qənaətə gəlməyə əsas verir ki, tərəflər arasında bağlanmış müqavilə (bağlaşma) inzibati müqavilə olmuş, bununla da tərəflər arasında inzibati hüquq münasibətləri mövcud olmuşdur.
23. Belə ki, müqavilənin bir tərəfi inzibati orqan olmuş, müqavilənin məqsədi ümumdövlət maraqlarının təmin olunmasına yönəldilmiş (dövlətin suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsi, dövlətə silahlı hücumun qarşısının alınması və s.), müqavilənin digər tərəfinə dair tələblər, müqavilələrin bağlanma qaydası, onun nümunəsi, bir sıra şərtləri inzibati hüquq normaları ilə tənzimlənmişdir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, həmin müqavilənin ləğv edilməsi barədə cavabdehin əmri inzibati məhkəmədə mübahisələndirilməlidir.
24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:
İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 522/2025 nömrəli qətnaməsi ləğv edilsin, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2023-cü il tarixli xitam əmrinin ləğv edilməsi və işə bərpa” tələbinə dair iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçı bu tələblə ərazi aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Hakimlər: a