Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3117/2021 09.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “İddiaçı” İstehsalat Birliyinin cavabdeh X1 qarşı “təbii qazdan qanunsuz istifadəyə görə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 17 noyabr 2020-ci il tarixli qətnamədən iddiaçı Birliyin verdiyi apellyasiya şikayətinə əsasən işə, Birliyin nümayəndəsi Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Birlik, təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi məqsədi ilə 2.925,08 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona (Birliyə) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsi, 1 №-li evdə yaşayan cavabdeh ilə iddiaçı Birlik arasında 22.11.2019-cu il tarixdə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” AKX-0183227-11-2019 nömrəli müqaviləyə əsasən Birlik cavabdehə məxsus həmin yaşayış sahəsini təbii qazla təchiz etmişdir. Bununla əlaqədar olaraq cavabdehə **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanı təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh, müqavilənin 2.3.2-ci yarımbəndinin və “X2” 6.5ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl qaz xəttinə özbaşına olaraq qoşulmaqla təbii qazı talamışdır. Birliyin işçiləri qaz xəttinə və sayğaca baxış keçirən zaman bu faktı aşkar etmiş, bu halı təsbitləyən foto çəkilişlər çəkmiş, müvafiq olaraq “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. Tərtib edilmiş 15.06.2016-cı il tarixli ******* saylı akt əsasında 70,50 manat, 29.12.2017-ci il tarixli ******* saylı akt əsasında 1.101,60 manat, 31.01,2018-ci il tarixli ******* saylı akt əsasında 863,40 manat, 23.02.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, 30.03.2018ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, 31.05.2018-ci il tarixli ******* saylı akt əsasında 89,20 manat, 29.12.2019-cu il tarixli ******* saylı akt əsasında 216 manat məbləğində Birliyə maddi zərərin dəyməsi müəyyən edilmişdir. Bundan başqa cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq sayğac üzrə 863,40 manat məbləğində borcu mövcuddur. Lakin cavabdeh, Birlik tərəfindən ona borcun ödənilməsi ilə bağlı dəfələrlə edilmiş xəbərdarlığa baxmayaraq borcu ödəməmişdir. Bu səbəbdən də, Birlik, hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 24.09.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, təbii qazdan istifadəyə görə 863,40 manat və ödənilmiş dövlət rüsumun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə natamam və birtərəfli araşdırma aparmış, nəticədə isə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, işin hallarından müəyyən edilir ki, təbii qazdan sayğacdan kənar, yəni qanunsuz olaraq istifadə etmiş cavabdeh iddiaçı Birliyin hesabına əsassız varlanmışdır. Bu hal işdə olan sənədlər ilə təsdiq edilir. Lakin Rayon Məhkəməsi iddia tələbinin bir qismini qanunsuz olaraq təmin etməmişdir. İddiaçı Birliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, iddia tələbinin bir qismi təmin edilsə də, cavabdeh qətnamədən apellyasiya şikayəti verməmiş, bu barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmışdır. İddiaçı Birlik isə Rayon Məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməməsi hissəsində mübahisələndirir. Bununla bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Birlik ilə cavabdeh arasında 22.11.2019-cu il tarixdə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” AKX- 0183227-11-2019 nömrəli müqavilədən və işdə olan digər sənədlərdən görünür ki, həmin müqaviləyə əsasən Birlik cavabdehin yaşadığı yaşayış sahəsini təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı Birlik tərəfindən ona ötürülən təbii qazın dəyərini Birliyə ödəməyi öhdələrinə götürmüşlər. Bununla əlaqədar olaraq cavabdehə **********00000 nömrəli abonent kodu verilmiş və qeyd olunan ünvanı təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. İstifadə olunmuş təbii qazın həcmi həmin qaz sayğacı vasitəsi ilə hesablanır. İşdə olan sənədlərdən görünür ki, Birliyin əməkdaşları qaz xəttinə və sayğaca baxış keçirən zaman aşkar etmişlər ki, cavabdeh, onun ünvanında quraşdırılmış qaz sayğacından əvvəl qaz xəttinə özbaşına olaraq qoşulmaqla təbii qazı talamışdır. Aşkar edilmiş faktla bağlı onlar “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. Qeyd edilən aktlara əsasən müəyyən edilmişdir ki, təbii qazdan qanunsuz istifadə etməklə cavabdeh tərəfindən Birliyə ziyan vurulmuşdur. Belə ki, 15.06.2016-cı il tarixli ******* saylı akt əsasında 70,50 manat, 29.12.2017-ci il tarixli ******* saylı akt əsasında 1.101,60 manat, 31.01,2018-ci il tarixli ******* saylı akt əsasında 863,40 manat, 23.02.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, 30.03.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, 31.05.2018-ci il tarixli ******* saylı akt əsasında 89,20 manat, 29.12.2019-cu il tarixli ******* saylı akt əsasında 216 manat məbləğində maddi zərər müəyyən edilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı Birliyin əməkdaşlarının cavabdehə məxsus yaşayış sahəsində quraşdırılmış qaz xətlərinə və qaz sayğacına baxış keçirən zaman aşkar edilmiş faktla əlaqədar tərtib etdikləri “Aktlar” qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilməmiş, “Aktların” tərtib olunmasında hal şahidlərinin iştirakını təmin etməmişdir. Buna görə də Məhkəmə hesab edir ki, “Aktlarda” göstərilən müdaxilənin məhz cavabdeh tərəfindən edilməsini təsdiq edən hər hansı sübutun iddiaçı Birlik tərəfindən məhkəmələrə təqdim edilməməsi “Aktların” etibarlı hesab edilməsini və “Aktlarda” əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Belə ki, MPM-nin 77.2 maddəsinin mənasına görə dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı “İddiaçı” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 17 noyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Birliyin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3117/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3117/2021
09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver