Məhkəmə qərarları › İş №2(103)-3117/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3117/2023

16.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3117/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə (Açar sözlər: işə bərpa) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X6 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-749/2023 saylı 16 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 16 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" MMC-nin X10 Stansiyası ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 94 nömrəli əmək müqaviləsindən müəyyən edilir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Maliyyə şöbəsinə 10-cu dərəcəli mühəndis vəzifəsinə təyin edilmişdir. Əmək haqqı 387,2 manat olmuşdur.

2. "xxxx" MMC-nin X10 Stansiyası ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 156 nömrəli əmək müqaviləsindən müəyyən edilir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən BATS-ın Maliyyə şöbəsinə 7-ci vəzifə kateqoriyalı mühəndis vəzifəsinə keçirilmişdir. Əmək haqqısı 410 manat müəyyən edilmişdir. Müqaviləyə edilmiş 1-6 saylı əlavələrə müvafiq olaraq müqavilənin müddəti xx.xx.2019-cu il tarixdə bir il, xx.xx.2020-ci il tarixdə bir il, xx.xx.2021-ci il tarixdə 3 ay, xx.xx.2022-ci il tarixdə 3 ay, xx.xx.2022-ci il tarixdə 3 ay, xx.xx.2022-ci il tarixdə 3 ay müddətinə (xx.xx.2022-ci ilədək) uzadılmışdır.

3. "xxxx" MMC-nin X10 Stansiyasının xx.xx.2022-ci il tarixli, 168 nömrəli əmrinə əsasən maliyyə şöbəsinin mühəndisi İddiaçı xx.xx.2022-ci il tarixdən əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən - əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilərək vəzifəsindən azad edilmişdir. İşçiyə istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyanın hesablanaraq köçürülməsi əmr edilmişdir.

4. İddiaçı ******* nömrəli əmək kitabçasına əsasən müəyyən edilir ki, o, xx.xx.1985-ci ildə Qəbələ (Qutqaşen) rayon ATS-də elektro-mexanik vəzifəsinə təyin edilmiş, xx.xx.1991-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1994-cü il tarixdə Qəbələ rayon Rabitə Qovşağında radio əməliyyatçısı vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci il tarixdə əmək müqaviləsinə xitam verilərək eyni tarixdə BATS-da 9-cu dərəcəli böyük mexanik vəzifəsinə qəbul edilmiş, xx.xx.2028-ci il tarixdə əmək müqaviləsinə öz xahişi ilə xitam verilərək xx.xx.2018-ci il tarixdə Texniki departament Şəbəkə idarəetmə mərkəzinin operativ idarəetmə sektoruna mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə ərizəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir, xx.xx.2018-ci il tarixdə xx.xx.2018-ci il tarixli, 496 nömrəli əmrə əsasən X10 Stansiyası (BATS) Maliyyə şöbəsinə 10-cu dərəcəli mühəndis vəzifəsinə qəbul edilmiş, 147 saylı, xx.xx.2019-cu il tarixli əmrə əsasən BATS-ın yeni təsdiq olunmuş ştat cədvəlinə əsasən Maliyyə şöbəsinə 7-ci vəzifə kateqoriyalı mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə isə xx.xx.2022-ci il tarixli, 168 nömrəli əmrə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir.

5. Hesabdan çıxarışdan müəyyən edilir ki, iddiaçıya sonuncu əmək haqqı məbləği xx.xx.2022-ci il tarixdə köçürülmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 168 saylı əmin ləğv olunması, X10 X3 10-cu dərəcəli mühəndis vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək müqaviləsinə xitam verildiyi gündən işə bərpa olunduğu günə kimi əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 1982-ci ildə Bakı Rabitə Elektrotexnikomuna daxil olmuş, X9 üzrə təhsil almışdır. 1985-ci ildə təhsilini başa vurduqdan sonra həmin ilin oktyabr ayının 4-dən etibarən Qəbələ Rayon Avtomat Telefon Stansiyasında mühəndis kimi əmək fəaliyyətinə başlamış və 2007-ci ilə kimi həmin qurumda işləmişdir. 2007-ci ildən xidməti yerdəyişmə ilə əlaqədar Cavabdeh MMCnin X10 Stansiyasında 2022-ci ilə qədər qüsursuz işləmişdir. Lakin, 2022-ci ildə onun razılığı olmadan əmək müqaviləsinə dəyişiklik edilərək müddətli, 3 aylıq əmək müqaviləsi bağlanmışdır, bundan sonra müqavilənin müddəti uzadılmadan 14 oktyabr 2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi ilə işdən uzaqlaşdırılmışdır. Bununla bağlı ona heç bir xəbərdarlıq olunmamışdır. O öz narazılığını bildirdikdə isə ona onlarda ona uyğun iş olmadığı bildirilmişdir. Bildirmək istəyir ki, o, uzun illər dövlətə xidmət etmişdir, peşəkar, işdə yüksək staja malik olan şəxsdir. Onunla əmək müqaviləsinin müddətli bağlanması üçün hər hansı əsas mövcud olmamışdır

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 fevral 2023-cü il tarixli 2(004)-749/2023 saylı qətnaməsi ilə (hakim Günel Əkbərli) iddia təmin edilmiş, "xxxx" MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022- ci il tarixli, 168 nömrəli əmrin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə, yəni "xxxx" MMC-nin X10 stansiyasının Maliyyə şöbəsinə 7-ci vəzifə kateqoriyalı mühəndis vəzifəsinə bərpa edilməsi, "xxxx" MMC tərəfindən məcburi işburaxma müddəti üçün xx.xx.2022-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi, cavabdeh "xxxx" MMC-dən 50 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

9. Məhkəmə belə nəticəyə gəlmişdir ki, müddətsiz əmək müqaviləsi əsasında eyni müəssisədə, eyni fəaliyyət istiqaməti üzrə xx.xx.1985-ci ildən xx.xx.2018-ci il tarixədək işləyən işçinin öz təşəbbüsü ilə könüllü olaraq əmək müqaviləsinə xitam verilməsi barədə ərizə verməsi və onun dərhal sonra yenidən işə qəbul olunmaq üçün ərizə verərək 1 illik, daha sonra isə 3 aylıq müddətli əmək müqaviləsi bağlamaq istəməsi inandırıcı deyildir. Belə ki, mübahisəsizdir ki, müddətsiz əmək müqaviləsinin bağlanması işçinin əmək hüquqlarının təmin edilməsi üçün daha uyğundur. Həmçinin müəyyən edilir ki, iddiaçı ilə müddətli əmək müqaviləsi işəgötürənin diqtəsi ilə bağlanmış və iddiaçının həqiqi iradəsini ifadə etməmişdir. İddiaçı özü də bildirir ki, müəssisədə yenidən işə bərpa olunmaqdan məhrum olmamaq üçün məcburiyyət qarşısında qalaraq ərizə yazmalı olmuşdur. İddiaçının əmək fəaliyyəti dövründə hər hansı nöqsanlara yol verməsi, əmək funksiyalarını lazımınca yerinə yetirməməsi ilə bağlı hal müəyyən edilmədi. Yalnız struktur dəyişikliyi olmuş, eyni Cəmiyyətin tabeliyində olan bir müəssisədən digər müəssisəyə köçürülmüş, lakin fəaliyyət istiqaməti daimi xarakter daşıyan müəssisədə eyni vəzifə olmamasına baxmayaraq, işçi ilə bir il müddətinə əmək müqaviləsinin bağlanması, sonrakı tarixlərdə isə 3 dəfə bir il, 4 dəfə isə üç ay müddətinə müddətinin uzadılması işçinin əmək hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. İşçi ilə bağlanmış əmək müqaviləsinin məzmunundan görünür ki, iddiaçının tutduğu vəzifə daimi xarakterə malik olmuş və işin bu halı cavabdeh tərəfindən mübahisə olunmur. Həmçinin yeni yaradılan MMC iddiaçının əvvəl işlədiyi İB-in hüquqi varisidir və struktur dəyişikliyindən sonra onun bazasında eyni fəaliyyətlə (mühəndis) məşğul olmuşdur ki, iddiaçı əvvəl həmin müəsisədə müddətsiz əmək müqaviləsi əsasında uzun illər işləmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 2.3, 12.1, 45.1, 45.3, 45.4, 47 “f”, 68.2 “b”, 84.1, 69, 300.1-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apelyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh MMC və X10 Stansiyası ayrı-ayrı hüquqi şəxslər və işəgötürənlərdir, eyni zamanda Əmək Məcəlləsinə əsasən əmək funksiyası daimi xarakter daşısa belə, işəgötürənlə işçi arasında razılığa əsasən müddətli əmək müqaviləsi bağlana bilər. Məhkəmə prosesi zamanı Cavabdeh MMCnin ayrı hüquqi şəxs olduğu qeyd edilsə də, məhkəmə bu faktı nəzərə almamış, qətnamədə işin mahiyyətini tam olaraq aydınlaşdırmayaraq heç bir hüquqi əsas olmadan iddiaçının tutduğu vəzifənin daimi xarakterə malik olması və Cavabdeh MMC-nin iddiaçının əvvəl işlədiyi İstehsalat Birliyinin hüquqi varisi olduğunu, struktur dəyişikliyindən sonra onun bazasında eyni fəaliyyətlə məşğul olmasını qeyd etmişdir. Birinci instansiya məhkəməsi X10 Stansiyasının (VÖEN: **********) ayrı bir hüquqi şəxs olduğunu nəzərə almamışdır. İddiaçının iddia tələbi üzrə işə bərpa olunmaq istədiyi iş yeri X10 Stansiyasının Maliyyə şöbəsi qeyd edilməsinə və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin X10 Stansiyası tərəfindən verilməsinə baxmayaraq, məhkəmə əsl cavabdehi nəzərə almamış və qeyri-qanuni olaraq Cavabdeh MMC-nin qəbul etdiyi əmrin ləğvi barədə qərar vermişdir. Əmrin Cavabdeh MMC tərəfindən deyil, X10 Stansiyası tərəfindən qəbul edildiyi faktını nəzərə almamışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, X10 Stansiyası müstəqil balansa malik, müstəqil VÖEN ilə fəaliyyət göstərən müstəqil hüquqi şəxsdir. X10 Stansiyasının nizamnaməsini təqdim etdi.

15. İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

17. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

18. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

19. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir.

24. İddiaçı hazırki tələbində cavabdeh qismində "xxxx" MMC-ni göstərməklə, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsini, X10 X3 10-cu dərəcəli mühəndis vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək müqaviləsinə xitam verildiyi gündən işə bərpa olunacağı günə kimi əmək haqqının ödənilməsini tələb etmişdir.

25. İddiaçıya məxsus əmək kitabçasından müəyyən edilir ki, iddiaçı xx.xx.2007-ci il tarixdə X10 Stansiyasına texniki şöbəyə S.Babayevanın sosial məzuniyyəti dövrünə 9-cu dərəcəli el.böyük müxanik vəzifəsinə qəbul edilib, xx.xx.2010-cu il tarixdə həmin şöbəyə daimi 9-cu dərəcəli böyük el.mexanik vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nin xx.xx.2015-ci il tarixli 183 saylı Sərəncamına əsasən CavabdehİB-nin təşkilatı-hüquqi forması dəyişdirilərək Cavabdeh MMC-yə çevrilmişdir. xx.xx.2018-ci il tarixdə Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh MMC Texniki departament Şəbəkə idarəetmə mərkəzinin Operativ idarəetmə sektoruna (sosial məzuniyyətdə olan X8 yerinə) operativ idarəetmə üzrə mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən tutduğu vəzifədən azad edilib və əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci il tarixdə X4 Maliyyə Şöbəsinə 10-cu dərəcəli mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə BATS-ın yeni təsdiq olunmuş ştat cədvəlinə əsasən Maliyyə şöbəsinə 7-ci vəzifə kateqoriyalı mühəndis keçirilmişdir. xx.xx.2022ci il taridə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən vəzifəsindən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir.

26. Göründüyü kimi iddiaçı 2018-ci il tarixdə X10 Stansiyasına Maliyyə şöbəsinə 10-cu dərəcəli mühəndis vəzifəsinə qəbul edilmiş, 2022-ci il tarixli əmrlə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilmiş, hazırki tələbində də həmin əmrin ləğv edilməsini və X10 Stansiyasına həmin vəzifəyə bərpa edilməsini xahiş etmiş, lakin tələbini X10 Stansiyasına deyil, "xxxx" MMC-yə qarşı yönəltmiş, məhkəmə də iddianı sonuncuya münasibətdə təmin etmişdir.

27. Apelyasiya baxışı zamanı X10 Stansiyasının Nizamnaməsi təqdim edilmişdir.

28. X10 Stansiyası müstəqil VÖEN və nizamnaməsi olan qurumdur. İddiaçı da X10 Stansiyası ilə əmək müqaviləsi bağlayaraq işə qəbul edilmiş, X10 Stansiyasının əmri ilə də əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir.

29. Kollegiya qeyd edir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər.

30. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi).

31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki tələb üzrə cavab verməli olan şəxs (cavabdeh) "xxxx" MMC deyil, X2malıdır. Lakin apelyasiya icraatı mərhələsində əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması mümkün olmadığından, iddiaçı hazırki tələblə X1rşı yeni iddia qaldırmalıdır.

32. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-749/2023 saylı iş üzrə 16 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar