Məhkəmə qərarları › İş №2(103)-3118/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3118/2025

03.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3118/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ANQSİHİ Respublika Komitəsinə qarşı protokolun etibarsız hesab edilməsi və mənzil uçotunun adına keçirilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: protokolun etibarsız hesab edilməsi, mənzil uçotunun adına keçirilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X7 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3348297X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ANQSİHİ Respublika Komitəsinə qarşı protokolun etibarsız hesab edilməsi və mənzil uçotunun adına keçirilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, e- 2(005)-423/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 27 dekabr 2006-cı il tarixli Sabunçu Rayonu İcra Hakimiyyəti Başçısının Sərəncamından Çıxarışa əsasən X5 göstərilən müəssisədə beş ildən artıq işlədiyi nəzərə alınaraq, 3 nəfər ailə üzvü ilə müstəsna hal kimi mənzil növbəsinə qəbul olunması haqqında “Balaxanıneft” NQÇİ-nin müdriyyəti və HİK-nin 27 noyabr 2006-cı il tarixli, 44 saylı protokolunun təsdiq edilməsi qərara alınmışdır.

2. X9 ilə İddiaçı arasında nikah 27 may 2011-ci il tarixdə bağlanmışdır. 3 . X9 19 sentyabr 2011-ci il tarixdə vəfat etmişdir;

4. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti "xxxx"-ın rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının 02 may 2013-cü il tarixli, 4 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 29-cu bəndinə əsasən X1 ilə bərabər mənzil uçotuna götürülmüş ailə üzvlərinin ARDNŞ ilə əmək münasibətləri olmadığı üçün onun mənzil uçotu onunla bərabər mənzil uçotuna götürülmüş ailə üzvlərinin adına keçirilə bilmədiyindən İddiaçı müraciətindən imtina edilməsi və X1nun mənzil uçotundan çıxarılması qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının 4 saylı, 02 may 2013-cü il tarixli protokolunun 8-ci bəndinin (İddiaçı müraciətindən imtina edilməsi və X1nun mənzil uçotundan çıxarılması barədə) etibarsız hesab edilərək ləğv edilməsi və mərhum X4nun vəfatı ilə əlaqədar mənzil uçotunun onun adına dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında oğlu ilə birlikdə yaşayır, mənzilin sahəsi 18 kv.m olan 1 otaqdan ibarətdir. 2-ci qrup əlil, pensiyaçıdır, ürək çatışmamazlığından əziyyət çəkir. X4 "xxxx"-da müxtəlif vəzifələrdə işləmiş və 27 noyabr 2006-cı il ildə işlədiyi Balaxanı neft NQÇİ-nin müdriyyətinin və HİK-nin birgə iclasının 44 saylı protokoluna əsasən 3 nəfər ailə tərkibində mənzil uçotuna götürülmüşdür. Əri vəfat etdiyi üçün mənzil verilməmiş və onun ərini AR DNŞ-nin rəhbərliyinin ANQSİHİ Respublika Komitəsinin birgəiclasınının 4 saylı, 02 may 2013-cü il tarixli protokolu ilə mənzil uçotundan çıxarmışlar. Yaşadığı mənzil 1 otaqlıdır, yataqxanadır, ürək xəstəsi, 2-ci qrup əlil olduğu üçün ona ayrıca 1 otaq da lazımdır, oğlunun 31 yaşı var, subaydır, oğlu ilə bir otaqda yaşaya bilmir, ayrıca otaq olmadığı üçün onu evləndirə bilmir. Həmin mənzili 03 iyul 2009-cu ildə ərinə müvəqqəti ayırmışlar ki, sonra onlara 3 otaqlı mənzil versinlər. Dövlət Neft Şirkəti tərəfindən 05 oktyabr 2007-ci ildə ərinə məktub göndərilərək bildirilmişdir ki, əri mənzil növbəsində ümumi siyahıda 280-ci, növbədənkənar mənzil ilə təmin olunan işçilər arasında isə 15-cidir. Cavabdeh ailəvi yataqxanada 1 otaqlı mənzil verib onları aldatmış, sonradan 3 otaqlı mənzil verməmişdir. O, 04 mart 2024-cü il tarixdə cavabdehə müraciət edərək vəfat etmiş ərinin mənzil növbəsinin onun adına dəyişdirilməsini xahiş etmiş, cavabdeh əsassız olaraq imtina etmişdir. Bildirilmişdir ki, ərinin ailə üzvlərinin "xxxx" ilə əmək münasibətləri olmadığından mərhumun mənzil uçotunun onların ailə üzvlərinin adlarına keçməsi mümkün deyildir. Əri iş yerindən artıq pensiyaya çıxmış və uçota götürüldükdən sonra yataqxana ilə təmin olunmuşdur. Ona görə də, mənzil uçotu ərinin vəfatından sonra onun adından ailə üzvlərindən birinin adına keçirilməli idi.

7. Etiraz onunla əsaslandırmışdır ki, İddiaçı mərhum X4 3 nəfər ailə tərkibi ilə (özü, arvadı və oğulluğu) 27 noyabr 2006-cı ildə işlədiyi “Balaxanıneft” Neft Qazçıxarma İdarəsinin müdiriyyətinin və HİK-nin birgə iclasının 44 saylı protokolu ilə mənzil uçotuna götürülmüşdür. O, mənzil uçotuna götürülərkən 3 nəfər ailə tərkibi ilə Bakıxanov qəsəbəsi, 17 saylı yataqxanada qeydiyyatda olmuşdur. 2009-cu ildən isə bu ailə ünvan 2 ünvanında (ailəvi yataqxana) 1 otaqdan ibarət 18,06 kv.m yaşayış sahəsi olan 11 saylı mənzildə qeydiyyatda olmuşdur. Qeyd olunan yataqxana Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. X9 19 sentyabr 2011-ci ildə vəfat etmişdir. X1 ilə bərabər mənzil uçotuna götürülmüş ailə üzvlərinin "xxxx" ilə əmək münasibətləri yoxdur. Bu səbəbdən, qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 14 noyabr 1983-cü il tarixli 418 saylı Qərarının 20-ci bəndinə və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 29-cu bəndinə əsasən X1nun mənzil uçotu onunla bərabər mənzil uçotuna götürülmüş ailə üzvlərinin adına keçirilə bilməz və o, "xxxx"-ın və ANQSİHİ-nin Respublika Komitəsinin 02 may 2013-cü il tarixli 4 nömrəli protokolunun qərarı ilə mənzil uçotundan çıxarılmışdır. Həmin qərar Səbail Rayon İcra Hakimiyyətinin 10 iyun 2013-cü il tarixli 164 nömrəli sərəncamı ilə təsdiq olunmuşdur.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, e-2(005)- 423/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

9. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum X4nun “Balaxanıneft” NQÇİ-də beş ildən artıq işlədiyi nəzərə alınaraq, 3 nəfər ailə üzvü ilə müstəsna hal kimi mənzil növbəsinə qəbul edilmişdir. X9 vəfat etdikdən sonra İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ANQSİHİ Respublika Komitəsinə mərhum ərinin mənzil növbəsinin onun adına dəyişdirilməsi ilə bağlı ərizə ünvanlamış və ərizədən imtina olunaraq X1 mənzil uçotundan çıxarılmışdır. İddiaçı mənzil növbəsindən çıxarılmasının əsassız olduğunu bildirsə də, bu həqiqəti əks etdirmir. Onun mərhum ərinin mənzil uçotundan çıxarılması və mərhum ərinin mənzil növbəsinin onun adına dəyişdirilə bilməməsi qanunvericiliyin tələblərinə əsasən mümkün olmamışdır. Belə ki, Azərbaycan SSR Nazirlər Sovetinin 14 noyabr 1983-cü il tarixli, 418 saylı qərarının 20-ci bəndinə və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 29-cu bəndinə əsasən uçotda olan vətəndaş öldükdə və ya daimi yaşayış üçün başqa yerə köçdükdə, onun ailə üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilmələri üçün əsas qüvvədə qalarsa, onun əvəzinə ailəsinin üzvlərindən biri uçota götürülür; bu zaman ailənin üzvü iş yerində ehtiyacı olanların uçotuna ancaq bu şərtlə qəbul edilir ki, həmin müəssisədə, idarə, təşkilatda işləmiş olsun, əgər uçotda olan vətəndaş istehlakda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində vəfat edərsə, ailənin üzvü həmin müəssisədə, idarə, təşkilatda işləmədən də uçota götürülür. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə vəfat etmiş şəxsin mənzil uçotunun onun ailə üzvlərinə keçməsi halı mümkündür, lakin bu hüququn ötürülməsi üçün qanunvericilik normalarında nəzərdə tutulmuş bir sıra şərtlərin ödənməsi tələb olunur. Hazırki situasiyada qanunvericilikdə təsbit olunmuş ilkin şərt iddiaçı tərəfindən ödənmədiyindən, yəni İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti "xxxx"-la əmək münasibətlərində olmadığından mərhum ərinin mənzil növbəsinin onun adına dəyişdirilməsi qanunun tələblərinə ziddir. Həmçinin, göstərilən qanunvericilik aktlarında uçotda olan vətəndaşın istehlakda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində vəfat etməsi halında idarə, təşkilatda işləmədən də uçota götürülməsi nəzərdə tutulmuş, lakin X1nun bu hallar ucbatından vəfat etməsi ilə bağlı heç bir əsas və sübut məhkəməyə təqdim edilmədiyindən bu hal da öz təsdiqini tapmamışdır.

10. Məhkəmə gəldiyi nəticəni “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi qaydalarının təsdiq edilməsi haqqında” qərarı, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”na istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Şikayətin dəlilləri iddia əizəsində göstərdikləri hallarla eynilik təşkil edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz iddiaya etiraz ərizəsində qeyd olunan xüsusatlarla əsaslandıırlmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı qız məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdehin nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3348297X6 apellyasiya şikayətinə etirazla eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi qaydalarının təsdiq edilməsi haqqında” 14 oktyabr 1983-cü il tarixli Qərarı: 8-ci bənd. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Şəxsi mülkiyyət hüququ ilə onlara məxsus olan, eyni yaşayış məntəqəsində yerləşən yaşayış evini (evin bir hissəsini) özgəninkiləşdirmək (satmaq, bağışlamaq) yolu ilə öz mənzil şəraitini süni surətdə pisləşdirmiş vətəndaşlar, habelə öz mənzil şəraitini pisləşdirmək və uçota dayanmağa hüquq əldə etmək məqsədilə başqa yaşayış sahəsinə köçmüş vətəndaşlar öz mənzil şəraitini süni surətdə pisləşdirdikləri gündən on ildən tez olmayaraq uçota götürülürlər. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülmüş vətəndaşa onu uçota götürmüş orqan tərəfindən bu barədə yazılı şəkildə xəbər verilir. Uçota götürülməsi rədd edilmiş vətəndaşa da bu barədə eyni qaydada xəbər verilir. 20-ci bənd. Yaşayış sahəsi almaq üçün vətəndaşların uçotda olmaq hüququ aşağıdakı hallarda saxlanır: a) müvəqqəti olaraq başqa yerə getdikdə — qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna edilməklə, yaşayış sahəsindən istifadə hüququnun saxlandığı dövrdə; b) seçkili vəzifəyə keçdikdə; v) qocalığa və ya əlilliyə görə pensiyaya çıxdıqda; q) uçota götürüldükdən sonra xidməti yaşayış sahəsi və ya yataqxana verildikdə; ğ) mənzil tikintisi aparan müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən, iş şəraiti ilə əlaqədar olaraq tabeçilikdəki müəssisələrə, idarələrə, təşkilatlara keçirildikdə; d) SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində müəyyən edilmiş başqa hallarda. İş yerində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda duran vətəndaşların ixtiyarı vardır ki, başqa müəssisələrdə, idarələrdə, təşkilatlarda işə keçirildikdə, müəssisənin, idarənin, təşkilatın başqa yerə köçdüyü, müəssisənin, idarənin, təşkilatın ləğv edildiyi, işçilərin sayının və ya ştatının ixtisar edildiyi, səhhəti həmin işi davam etdirməyə maneçilik edən pis vəziyyətdə olduğu, əvvəllər bu işi görən fəhlənin və ya qulluqçunun işdə bərpa edildiyi hallarda işdən azad edildikdə uçota keçirilsinlər: əgər onların işə girdiyi müəssisə, idarə, təşkilat mənzil fonduna malikdir və mənzil tikintisi aparır və ya mənzil tikintisində payçı kimi iştirak edirsə, yeni iş yerində, yaxud yaşayış yerində xalq deputatları Sovetinin icraiyyə komitəsində, əvvəlki iş yerində onların uçota götürülməsi tarixi bu hallarda saxlanır. Uçotda olan vətəndaş öldükdə və ya başqa daimi yaşayış yerinə getdikdə, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən biri onun əvəzinə uçota götürülür, həm də iş yerində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna ailə üzvü yalnız bu halda götürülür ki, o, həmin müəssisədə, idarədə, təşkilatda işləsin, uçotda olan vətəndaş istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində öldükdə və prokurorluq işçisi xidməti fəaliyyət zamanı vəfat etdikdə isə ailə üzvü həmin müəssisədə, idarədə, təşkilatda işləyib-işləməməsindən asılı olmayaraq uçota götürülür. Uçotda olan ailə başçısını itirmiş ailələr onların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotundan çıxarıla bilməz. Mənzil növbəsinə dayanmış daxili işlər orqanları əməkdaşı öldükdə onun ailəsinin yaşayış sahəsi almaq hüququ saxlanılır. Mənzil növbəsinə dayanmış ədliyyə orqanlarının xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan işçisi xidməti fəaliyyət zamanı vəfat etdikdə, onun ailəsinin mənzil almaq hüququ saxlanılır və ailə üzvlərindən biri onun əvəzinə mənzil növbəsinə daxil edilir. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. 21-ci bənd. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların müəssisələrdə, idarələrdə, təşkilatlarda uçotunun vəziyyətinə yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri və müvafiq həmkarlar ittifaqı orqanları tərəfindən nəzarət edilir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

20. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunan xüsusatlarla əsaslandırılmışdır və birinci instansiya məhkəməsi tərəfindən konkret olaraq hansı maddi və ya prosessual hüquq normasının pozulması, işin hansı halının düzgün qiymətləndirilməməsi və s. əsaslar qeyd olunmamışdır.

21. Birinci instansiya məhkəməsi tərəfindən hüquqi əsas olaraq Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi qaydalarının təsdiq edilməsi haqqında” 14 oktyabr 1983-cü il tarixli Qərarının 20-ci bəndinə istinad olunmuşdur.

22. Həmin normada yaşayış sahəsi almaq üçün vətəndaşların uçotda olmaq hüququnun saxlandığı hallar qeyd olunmuşdur. Lakin həmin halların hər hansı birinin mövcudluğu işin halları ilə təsdiqini tapmır.

23. Həmin normanın 2-ci abzası məhz uçotda olan vətəndaş öldüyü halda ailə üzvlərindən birinin onun əvəzinə uçota götürülməsi üçün 2 şərt müəyyən edir: ailə üzvü həmin müəssisədə işləsin; uçotda olan vətəndaş istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində öldükdə.

24. Bu qaydadan istisnalar isə həmin normanın sonuncu bəndlərində yalnız prokurorluq orqanlarının əməkdaşları, ədliyyə orqanlarının xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan işçisi, müharibə əlillərinə münasibətdə nəzərdə tutulur. Lakin iddiaçının mərhum əri bu kateqoriyalara da uyğun gələn şəxs olmadığından ailə üzvünün onun əvəzinə uçota götürülməsi üçün əsas olmamışdır.

25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, e-2(005)- 423/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, e-2(005)- 423/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar