Məhkəmə qərarları › İş №2(103)-3120/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3120/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3120/2023 05.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh1 ASC-yə qarşı "xxxx" MMC 3-cü şəxs qismində cəlb edilməklə “ipoteka müqaviləsinə xitam verilməsi və dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ipoteka müqaviləsinə xitam verilməsi və dövlət qeydiyyatının ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh1 ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-856/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. "xxxx" İKB ASC ilə X6 arasında 26 fevral 2010-cu il tarixli 2289(G) saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit öhdəliyinin təminatı olaraq İddiaçı arasında ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak 26 fevral 2010-cu il tarixli, 2289(1)c nömrəli ipoteka müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və həmin yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır.

2. "xxxx" İKB ASC ilə X7, "xxxx" MMC və "xxxx" MMC ("xxxx" MMC adından X6 imza edib) arasında bağlanılmış 04 noyabr 2013-cü il tarixli “Borcun köçürülməsi və hüququn güzəşti haqqında” müqaviləyə əsasən 26 fevral 2010-cu il tarixli 2289 (G) nömrəli kredit müqaviləsi üzrə öhdəliklər yeni borcalan "xxxx" MMC-yə keçmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh1 ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" İKB ASC ilə X6 arasında bağlanmış 26 fevral 2010-cu il tarixli 2289(G) saylı kredit müqaviləsinin təminatı kimi 26 fevral 2010-cu il tarixli 2289 (1) saylı ipoteka müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin xeyrinə yüklü edilmiş, ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakın ipotekasına xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi, eləcə də ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun, 300 (üç yüz) manat vəkil xərcinin və 17,25 (on yeddi manat 25 qəpik) manat nümayəndə üçün ödənilən xərcin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC ilə X6 arasında 26 fevral 2010-cu il tarixli 2289(G) saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit öhdəliyinin təminatı olaraq ona məxsus ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak 26 fevral 2010-cu il tarixli, 2289(1)c nömrəli ipoteka müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və həmin yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Daha sonra "xxxx" İKB ASC ilə X7, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanılmış 04 noyabr 2013-cü il tarixli “Borcun köçürülməsi və hüququn güzəştihaqqında” müqaviləyə əsasən 26 fevral 2010-cu il tarixli 2289 (G) nömrəli kredit müqaviləsi üzrə öhdəliklər yeni borcalan "xxxx" MMC-yə keçmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə görə əsas öhdəlik üzrə borc başqasına keçdikdə ipoteka qoyan ipotekanın qüvvədə qalmasına ipoteka saxlayana yazılı razılıq vermədikdə ipotekaya xitam verilir. Eyni ilə Mülki Məcəllənin 292-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, əgər girov qoyan yeni borclunun əvəzinə cavabdeh olacağı barədə kreditora razılıq verməyibsə, girova xitam verilir. 26 fevral 2010-cu il tarixli 2289(G) saylı kredit müqaviləsi üzrə borc "xxxx" MMC-yə keçdikdə ipotekanın (girovun) qüvvədə qalmasına tərəfindən razılıq verilməmişdir. Kredit öhdəlikləri yerinə yetirilmədiyinə görə "xxxx" İKB ASC tərəfindən kredit borcunun tutulması və tutmanın ona məxsus olan ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsi barədə iddia qaldırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli, 2(004)-4774/2017 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər X6, X9, X8 və İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli, 2(103)-564/2020 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli, 2(004)-4774/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələrin gəldikləri nəticə onunla əsaslandırılmışdır ki, ipoteka ilə təmin edilmiş borc başqa şəxsə keçdiyi və ipotekanın qüvvədə qalmasına ipoteka qoyan tərəfindən razılıq verilmədiyi üçün iddia rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1282/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli, 2(103)- 564/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəsini almışdır. Məhkəmə prosesləri zamanı “Borcun köçürülməsi və hüququn güzəşti haqqında” 04 noyabr 2013-cü il tarixli müqavilə iddiaçı "xxxx" İKB ASC tərəfindən mübahisələndirilməmiş və ya müqavilənin məzmununun qeyri-dəqiq və yaxud ziddiyyətli olmasına istinad olunmamışdır. Həmin müqavilə ləğv olunmamış və ya məhkəmə qaydasında etibarsız hesab edilməmişdir. Eyni zamanda həmin müqavilədə aydın şəkildə göstərilmişdir ki, X6 ilə bağlanmış xx.xx.2010-cu il tarixli 2289(G) saylı kredit müqaviləsi üzrə ******* manat manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər yeni borclu "xxxx" MMC-yə keçmişdir. Yuxarıda qeyd edilən məhkəmə qərarlarını əsas götürərək əmlakın girovdan azad edilməsi barədə tərəfindən dəfələrlə cavabdehlərə müraciət olunmasına baxmayaraq əmlakı yüklülükdən azad edilməmişdir. Əmlakı hazırda hər hansı bir kredit borcunun təminatı deyil və bank tərəfindən ona tutma yönəldilə bilməz və əmlakı hər hansı bir borc qarşılığında bankın balansına götürülə bilməz.

5. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-856/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 ASC ("xxxx" İKB ASC) ilə X6 arasında bağlanmış 26 fevral 2010-cu il tarixli, 2289 (G) saylı kredit müqaviləsinin təminatı kimi 26 fevral 2010-cu il tarixli, 2289 (1) saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 ASC-nin ("xxxx" İKB ASC-nin) xeyrinə yüklü edilmiş, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın ipotekasına xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 ASC-dən tutularaq İddiaçı ödənilməs, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə hesab edir ki, İddiaçı xəbəri olmadan borclu şəxs öhdəlikləri "xxxx" MMC-yə ötürmüş, buna dair 3 tərəfli müqavilə bağlanmış, "xxxx" İKB ASC tələbin ona ötürülməsinə etiraz etməmişdir. İddiaçı, ipoteka qoyan İddiaçı ipotekanın qüvvədə qalmasına, yəni öhdəliyin üçüncü şəxsə keçməsi ilə bağlı, həmin şəxsində öhdəliklərinin icrasının imtinasına dair mülkiyyətində olan əmlakın girov qoyulması barədə "xxxx" İKB ASC-yə yazılı razılıq verməmiş və bununla da, yeni borclunun əvəzinə cavabdeh olacağı barədə kreditora razılıq verməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia tələbinin ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi hissələrində əsaslı olduğundan təmin edilməlidir.

7. Məhkəmə mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 4.1, 9, 269.4, 292, 421.1, 528-ci maddəsi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.8, 3.1, 4.2, 12.1, 14.1.1, 15.129, 48.1.2, 48.1.2-ci maddələri və Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 78.1, 80, 81, 121.1, 119, 217.4, 216-220, 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh1 ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-856/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1 və 269.4-cü maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmireyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Göründüyü kimi girov və ipoteka oxşar anlayışlar olsa da, eyni deyildir və məhkəmə həmin anlayışlara eyni məzmunda yanaşaraq girova dair müddəaları ipotekaya aid etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, hər bir halda iddiaçı ona məxsus əmlakı ipoteka ilə yüklü edərkən öz üzərinə öhdəlik götürmüş və yerinə yetirməmişdir. Bu isə öhdəlik götürənin vicdansızlığına dəlalət edir. Hesab edir ki, məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməmişdir. Belə ki, iddiaçı iddia tələbinin əsasını təşkil edən halları lazımi qaydada məkhəmədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmiş, yalnız adi kserokopiya qaydasında təqdim edilmiş sənədlərə əsasən qətnamə çıxarmış, lazımi qaydada sübutlarını təqdim etməyən iddiaçının xeyrinə hərəkət etmişdir. Birinci instansiya məhkəməsi işdə olan sübutlara düzgün qiymət verməyərək səhv nəticəyə gəlməklə iddia tələbini təmin etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi ipotekaya xitam verərkən iş üzrə zəruri olan halları tam araşdırmamışdır. Belə ki, əvvəla hüquqların ötürülməsi barədə müqaviləni əsas götürərkən həmin vaxt iddiaçının razılığının alınıbalınmaması barədə halları tam araşdırmamışdır. Hazırda faktiki olaraq kredit müqaviləsi üzrə öhdəliyin hazırda icra olunmamışdır və bu səbəbdən ipotekaya xitam verilə bilməz. Mahiyyət etibarilə ipoteka öhdəliyin təmini üsullarından biridir və öhdəlik icra olunmadığı müddətdə ipotekaya xitam verilməsi qeyri-mümkündür.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz ünvanlanmış, etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin verdiyi apellyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur və təmin edilməməlidir. Belə ki, cavabdeh qətnamə qəbul olunarkən maddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1 və 269.4-cü maddələrinin tələblərinin pozulduğunu iddia etsə də həmin normaların pozuntusunun nədən ibarət olduğunu əsaslandıra bilməmişdir. Cavabdeh daha sonra şikayətində qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsi pozulmuşdur. Sözügedən norma özündə öhdəliyin icra edilməməsini ehtiva edir. Yuxarıda qeyd edildiyi kimi, həm Yasamal Rayon Məhkəməsinin, həm də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qətnamələri ilə onun Cavabdeh1 ASC qarşısında heç bir öhdəliyinin olmaması sübuta yetirilmişdir. Həmin qətnamələr qanuni qüvvələrini almışlar. Prosessual hüquq normalarının pozulmasına dair cavabdehin dəlilləri də həqətə uyğun deyil. Dəfələrlə keçirilən məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iddia tələbinə qarşı heç bir dəlil irəli sürməmiş, iddia tələbi ilə razılaşmadığını əsaslandıra bilməmişdir. Cavabdeh şikayətində qeyd edir ki, hüquqların ötürülməsi barədə müqavilə imzalanarkən iddiaçının razılığının alınıb-alınmaması halları tam araşdırılmamışdır. Bu fikirlə də razı deyil, belə ki, məhkəmə prosesləri zamanı sözügedən üçtərəfli müqavilə cavabdeh tərəfindən heç vaxt mübahisələndirilməmiş və ya müqavilənin məzmununun qeyri-dəqiq və yaxud ziddiyyətli olmasına istinad olunmamışdır. Həmin müqavilə ləğv olunmamış və ya məhkəmə qaydasında etibarsız hesab edilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, mübahisələndirilən məhkəmə qətnaməsi qəbul olunarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir və qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsas yoxdur. Cavabdeh sadəcə vaxtı uzatmaq üçün əsassız şikayət vermişdir.

b) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X4 çıxış edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, əlavə olaraq bildirir ki, iddiaçı öhdəliyini icra etməyib. Buna görə də ipotekanın xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi ilə razı deyillər. Hazırda kredit müqaviləsi üzrə öhdəlik icra olunmamışdır və bu səbəbdən ipotekaya xitam verilə bilməz. Yeni borcluya qarşı yekun məhkəmə aktı çıxarılmışdır.

12. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, əlavə olaraq bildirir ki, güzəşt müqaviləsinin surəti notarial qaydada təsdiq edilmiş və məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsində ekspertiza təyin olunmuşdur və cavabdeh heç bir sübut təqdim edə bilməmişdir. Onun "xxxx" MMCyə qarşı heç bir öhdəliyi yoxdur. O qətnamələri və Ali Məhkəmənin qərarını da məhkəməyə təqdim edib. Cavabdehin banka qarşı da heç bir öhdəliyi yoxdur.

Tətbiq edilən hüquq normaları:

13. Mülki Məcəlləsi Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 292. Girovla təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, əgər girov qoyan yeni borclunun əvəzinə cavabdeh olacağı barədə kreditora razılıq verməyibsə, girova xitam verilir. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 525. Tələb üçün verilmiş zaminlik və girov hüququ öhdəliyin verilməsi nəticəsində ləğv edilir. Əgər tələb üçün ipoteka mövcuddursa, kreditorun ipotekadan etiraz etdiyi zaman baş verən eyni nəticələr baş verir. Əgər zamin və ya öhdəliyin verildiyi məqamda yüklü əşyanın mənsub olduğu şəxs razılıq verərlərsə, bu göstərişlər tətbiq edilmir. Müflisolma halı üçün tələblə bağlı üstünlük hüququ müflisolma zamanı öhdəliyi qəbul edənin əmlakı barəsində həyata keçirilə bilməz.

14. “İpoteka haqqında” Qanun Maddə 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Maddə 1.0.8. əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. Maddə 3.1. İpoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. Maddə 3.2. Gələcəkdə ortaya çıxa biləcək tələblərin icrası üçün də ipoteka qoyula bilər. Bu halda bu Qanunun 10.5-ci maddəsində nəzərdə tutulmuş şərtlərə əməl edilməlidir. Maddə 29. Əsas öhdəlik üzrə borc başqasına keçdikdə ipoteka qoyan ipotekanın qüvvədə qalmasına ipoteka saxlayana yazılı razılıq vermədikdə ipotekaya xitam verilir.

15. Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3 Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. İddiaçı hazırkı iddia tələbində 04 noyabr 2013-cü il tarixli “Borcun köçürülməsi və hüququn güzəşti haqqında” müqaviləyə əsasən 26 fevral 2010-cu il tarixli 2289 (G) nömrəli kredit müqaviləsi üzrə öhdəliklər yeni borcalan "xxxx" MMC-yə keçməsi zamanı ipotekaqoyan olaraq onun razılığının alınmamasına istinad edərək, kredit müqaviləsinin təminatı olaraq onunla bağlanmış olan 26 fevral 2010-cu il tarixli 2289 (1) saylı ipoteka müqaviləsinin ləğv edilməsini və ipoteka predmeti olan ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakın ipotekasına xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsini xahiş edir.

21. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, "xxxx" İKB ASC ilə X6 arasında 26 fevral 2010-cu il tarixli 2289(G) saylı kredit müqaviləsinin təminatı olaraq İddiaçı ilə "xxxx" İKB ASC arasında ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsi ilə bağlı müqavilə imzalanmış, 04 noyabr 2013-cü il tarixli “Borcun köçürülməsi və hüququn güzəşti haqqında” müqaviləyə əsasən 26 fevral 2010-cu il tarixli 2289 (G) nömrəli kredit müqaviləsi üzrə öhdəliklər yeni borcalan "xxxx" MMC-yə keçmişdir.

22. Qanuni qüvvəsini almış Yasamal rayon məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər X6, X9, X8 və İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

23. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsində qeyd edilir ki, ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.

24. Mülki Məcəllənin 292-ci maddəsində qeyd edilir ki, girovla təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, əgər girov qoyan yeni borclunun əvəzinə cavabdeh olacağı barədə kreditora razılıq verməyibsə, girova xitam verilir.

25. Göründüyü kimi, kredit müqaviləsi üzrə öhdəliklər X2 yeni borcalan "xxxx" MMC-yə keçmişdir və bu zaman İddiaçı razılığı alınmamış, bununla bağlı sübutlar cavabdeh bank tərəfindən məhkəməyə təqdim edilməmişdir.

26. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

27. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-856/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar