Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3120/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Vəliyeva (Xəlilova) Aygün Mahmud qızına qarşı iş üzrə (Açar sözlər: evdən çıxarılma və evə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının iştirakı ilə, İddiaçı cavabdeh Vəliyeva (Xəlilova) Aygün Mahmud qızına qarşı “evdən çıxarılma və evə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1750/2023 nömrəli 20 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəli ünvanda iki özbaşına tikili mövcuddur. Cavabdeh iddiaçının keçmiş gəlinidir, iddiaçının oğlu X9 ilə 2002-ci ildən 2022-ci ilədək rəsmi nikah münasibətlərində olmuş, 2008-ci ildən mübahisəli ünvanda yerləşən sonradan inşa edilmiş özbaşına tikiliyə köçərək orada yaşamışdır. Nikah pozulduqdan sonra iddiaçının oğlu həmin tikilini tərk etsə də, cavabdeh orada yaşamağa davam edir.
2. Yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında 14 yanvar 2020-ci il tarixli şəhadətnamə əsasında İddiaçı ünvan 1 ünvanında yerləşən 326 m torpaq sahəsi üzərində yerləşən sahəsi 202.55 kv.m olan fərdi yaşayış evinin vergi ödəyicisidir.
3. 16.12.2015-ci il, xx.xx.2014-cü, xx.xx.2018-ci il, xx.xx.2021-ci il tarixli mədaxil qəbzlərinə əsasən İddiaçı tərəfindən 50 manat, 37 manat, 50 manat, 40 manat olmaqla torpaq və əmlak vergisi ödənilmişdir.
4. Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 1/584 nömrəli məktubunda göstərilmişdir ki, Xəlilov X11 qəsəbəsi, Əliyar Əliyev (keçmiş Anaşkin) küçəsində uzun müddət bundan qabaq özünün inşa etdiyi özbaşına tikilidə ailəsi ilə birlikdə qeydiyyatsız olaraq yaşamışdır.
5. “Azəriqaz” İB və "xxxx" ASC tərəfindən tərtib edilmiş abonent saldolarına əsasən, ünvan 2 ünvanı üzrə abonent X6r (cavabdehin əri).
6. "xxxx" ASC-nin abonent saldosuna əsasən ünvan 3 ünvanı üzrə abonent X6r.
7. "xxxx" ASC-nin abonent saldosuna əsasən ünvan 4 ünvanı üzrə abonent X6r.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-623/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Muxtar Fətəliyev küçəsi 4001- 4010-cu məhəllə ev 13, 56 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Xəlil bəy Xasməmmədov küçəsi 76 M14 m4) 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə X5 mülkiyyət hüququ tanınması, Bakı şəhəri Sabunçu rayonu Y.Əliyev küçəsi 2595 saylı məhəllə 6-cı bina 1-ci blok 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 67.20 kv.m olan 37 (yeni 44) saylı mənzilə 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə X5 payları müəyyən edilməsi, “Mitsubishi Pajero” minik markalı **-EJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair X9 ilə X18 arasında bağlanmış xx.xx.2021-ci il tarixli və “Mercedes Benz 230” minik markalı 90-EO452 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair X9 ilə X19 arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız hesab edilməsi, “Mitsubishi Pajero” minik markalı **-EJ-*** dövlət nömrə nişanlı və “Mercedes Benz 230” minik markalı **-EO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə X5 paylarının müəyyən edilməsi, cavabdeh X2 50 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır.
9. Cavabdeh adına İmişli rayonu, Qızılkənd kəndində yerləşən ümumi sahəsi 180 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətdədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli ünvanda inşa etdiyi ümumi sahəsi 202.55 kv.m olan, iki mərtəbəli, birinci mərtəbəsində zal (sahəsi 28,52 kv.m), mətbəx (sahəsi 21 kv.m), sanitar qovşaq (sahəsi 5.7 kv.m), hol (sahəsi 24.3 kv.m), qaraj (sahəsi 21.2 kv.m), ikinci mərtəbəsində zal (sahəsi 23.8 kv.m), yataq otağı (sahəsi 17.01 kv.m), yataq otağı (sahəsi 11.4 kv.m), yataq otağı (sahəsi 13.2 kv.m), sanitar qovşaq (sahəsi 5.9), holl yerləşən fərdi yaşayış evindən (tikilidən) çıxarılması və onun həmin fərdi yaşayış evinə (tikiliyə) köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, oğlu X9 2002-ci ildə cavabdehlə rəsmi nikaha girməklə ailə qurmuşlar. Onların yaşamağa yerləri olmadığından müvəqqəti olaraq onun evində yaşamışlar. Daha sonra onlar kirayə mənzilə köçmüş və bir müddət kirayə mənzildə yaşamışlar. 2007-ci il ərzində yaşadığı evin həyətyanı torpaq sahəsində əlavə olaraq daha bir 2 mərtəbəli evi inşa edib təmir etdirmişdir. Təxminən 8 ay ərzində həmin tikilini tam hazır vəziyyətə gətirdikdən sonra oğlu Fəxrəddinin yaşamağa evinin olmadığını görüb özünə ev alanadək yaşaması üçün ailəsi ilə birgə yeni inşa etdiyi 2 mərtəbəli evə köçməsinə icazə vermişdir. Onlar övladları ilə birgə bu evdə yaşamağa başlamışlar. Daha sonra 2016-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 6 ünvanda yerləşən mənzili almış və oğluna həmin mənzilə köçə biləcəklərini bildirmişdir. Buna baxmayaraq onlar inşa etdiyi bu evdə yaşamağa davam etmişlər. Son dövrlər isə oğlu X9 ilə cavabdeh olan Cavabdeh arasında münasibətlər korlanmış, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuşdur. O onların arasında olan mübahisələrdən kənar qalmaq üçün tələb etmişdir ki, onun bu evini tərk etsinlər. Fəxrəddin 2 övladı ilə birgə evini tərk edib getmiş, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 6 ünvanda yaşamağa başlamışdır. Cavabdeh isə evi tərk etməmiş, yaşamaqda davam etmişdir. Onun bu evdə yaşaması onun hüquqlarını pozur, onun ədəbsiz və qeyri-etik davranışları rahat yaşayışına maneçilik törədir. Cavadehə qadağan edilmiş hərəkətlərə son qoymasını, ona məxsus torpaq sahəsini və tikilini tərk etməsini tələb etsə də bunun heç bir faydası olmamışdır.
12. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, “iddiaçının evində usta işlədiyimdən onu tanıyıram, lakin cavabdehi tanımıram. 2007ci ildə İddiaçı məxsus evdə işləri görmüşəm. Həmin vaxt mənimlə birgə fəhlə kimi Arif adlı şəxsdə işləmişdir. Məni İddiaçı ilə qonşumuz tanış edib. Orda işlədiyim zaman mənə yeməyi İddiaçı həyat yoldaşı vermişdir. Eyni zamanda bildirirəm ki, işlədiyim işin haqqını mənə İddiaçı ödəyib. 2 aya yaxın həmin evdə işləmişəm. İşlədiyim evin həyətində İddiaçı başqa bir evidə var idi. İşlədiyim müddət ərzində həyətdə İddiaçı, onun həyat yoldaşını və evin balaca oğlunu görmüşəm. Ara-sıra Akifin oğlu Fəxrəddində ora gəlmiş, lakin, Cavabdeh heç vaxt orada görməmişəm.” Suallara cavab olaraq göstərmişdir ki, “İddiaçı məxsus evdə suvaq işləri görmüşəm. Həmin evə 2007-ci ildə təxminən 2 ay işləmişəm. Həmin vaxt mənimlə birgə fəhlə kimi Arif adlı şəxsdə işləmişdir. Məni İddiaçı ilə qonşumuz tanış edib. Gördüyüm işin müqabilində ödənişi hissə-hissə olmaqla İddiaçı edib. Tikinti sahibi olaraq İddiaçı tanıdığımız üçün ondan başqa heç kim bizə ödəniş etməyib. Həmin evdə 2007-ci ildə, təxminən 2 ay işləmişəm. İşlədiyim evin həyətində İddiaçı məxsus digər bir evdə var idi. İşlədiyim müddət ərzində həyətdə İddiaçı, onun həyat yoldaşını və evin balaca oğlunu görmüşəm.”
13. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X7 izahat verərək bildirmişdir ki, o 2000-ci il tarixdən iddiaçı ilə qonşudur. İddiaçının oğlu olan Fəxrəddini tanısa da, onun arvadı Aygün xanımı tanımamışdır. Eyni zamanda bildirmişdir ki, 2008-ci il tarixində iddiaçı tərəfindən ev tikilən zaman o həmin evin plastik pəncərə işini görmüşdür. Pəncərələrin pulunu ona Akif vermişdir. O həmin ev üçün 8-10 pəncərə düzəltmiş olsa da, nə qədər pul almış olduğunu xatırlamır. Fəxrəddini ev tikilən zaman görməmişdir.
14. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X10 izahat verərək bildirmişdir ki, o iddiaçı ilə divar qonşusudur. Aygün xanımı tanımasa da onu da həmin məhəllədə görmüşdür. O həm Fəxrəddinə məxsus evlə, həmdə Akifə məxsus ev ilə divar qonşu olduqlarını bildirmişdir. Fəxrəddinə məxsus olan ev elə əvvəldən Fəxrəddin üçün tikdirilirdi. Ev tikilən zaman Fəxrəddin atasına məxsus evdə yaşayırdı. O evin tikintisinə çəkilən xərcin kim tərəfindən verilməsini tam olaraq bilmir, lakin bir dəfə ustalar pulu onlara Akifin vermiş olduğunu bildirmişdir. Akifin gəlir mənbəyinin nədən ibarət olduğunu bilməsə də, tikinti vaxtı Fəxrəddinin telefon alqısatqısı ilə məşğul olduğunu bildirmişdir. Akifin 3 övladı olduğunu, onlardan 2-nin oğlan, birinin isə qız olduğunu bilirdi. Akif müəllimin balaca oğlu da o vaxtı telefon işi ilə məşğul olurdu.
15. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X13 izahat verərək bildirmişdir ki, o 20 ilə yaxındır ki, İddiaçı ilə qonşudur. Cavabdeh isə onların gəlini olduğu üçün tanıdığını bildirmişdir. Həyətdə 2 ev olduğunu bildirmiş, bu tikilən ev Fəxrəddin üçün tikilirdi. Lakin evin tikintisinə kimin pul xərclədiyini bilmir. Lakin bir dəfə Akif müəllim qapı ustası kimi onun qaynının nömrəsini istəmişdir. Lakin qaynına pulu kim verdiyini bilmir, o sadəcə onları tanış etmişdir. Fəxrəddini evin tikintisi vaxtı tanımadığını bildirmiş, məhəlləyə çıxan zaman yalnız Akif kişini gördüyünü, Fəxrəddinin isə işə gedib-gəldiyini bildirmişdir.
16. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X9 izahat verərək bildirmişdir ki, iddiaçı onun atasıdır, cavabdehin isə onun keçmiş arvadı olmuşdur. 1998-ci ildən etibarən həmin həyatyanı sahə atasının istifadəsində olmuşdur. 2007- 2008-ci illərdə kirayədə yaşamış, 2008-ci ildə mübahisəli evə gəlmişlər və 2020-ci ilə qədər həmin evdə yaşamışlar. Mübahisəli evi atası qardaşı üçün tikdirmişdir. Ustalardan Şərifi, Zauru, Lətifi tanımışdır. Ustalardan yalnız Lətifi suvaq işi məşğul olmaq üçün atası ilə o tanış etmişdir. Onlar 2008-ci ildə evə köçərkən evi tam hazır olmuşdur. İnşaat mallarının dəyərini, ustaların məvacibinin hamısını atasının verdiyini, onun və cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyini bildirmişdir. Tikilinin birinci və ikinci mərtəbəsinin arasında beton yoxdur. Tavana alçipan vurulmuşdur. Divarlarda şkaturun altında qum daşı, suvağ, malyar olunmuşdur. İşıq xətti atasının adına rəsmiləşdirilmişdir.
17. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X14 izahat verərək bildirmişdir ki, o, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Sabunçu Qəsəbəsi nümayəndəliyində işlədiyir, iddiaçı 2007-2008-ci ildə tikinti üçün onun işlədiyi müəsissəyə müraciət etmişdir. O, iki mərtəbəli yaşayış üçün ev tikmək istədiyini bildirmiş, tikili aparılan müddətdə o həmin əraziyə gəlib-getmişdir. Gəlib gedən zaman orada ancaq iddiaçını görmüşdür. Mühəndis işlədiyini, 2014-2015-ci illərdə, 2008-2009-cu illərdə tikinti üçün icazə verildiyini bildirmişdir. O zamanadək torpaq sahəsi boş, qamışlıq olmuşdur. İddiaçının müraciət etdiyini, cavabdehi tanımadığını bildirmişdir.
18. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X21 izahat verərək bildirmişdir ki, o, iddiaçı ilə qonşudur. İddiaçının Anaşkin küçəsində yerləşən evi o hörmüşdür, lakin cavabdehi tanımır. Təxminən işi 2007- 2008-ci illərdə işləmişdir. Bütün materialları ona Akif kişi alıb vermişdir. Tikili iki mərtəbəli olmuşdur. Lakin mərtəbələrin arası beton deyildir.
19. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X8 izahat verərək bildirmişdir ki, o, iddiaçı ilə Anaşkin küçəsində olan evdə qonşudurlar. Lakin cavabdehi tanımır. Akifin Anaşkin küçəsində tikinti apardığı evdə kafelmetlax işlərini görmüşdür. Görülən işlərə görə ona çatacaq olan haqqı iddiaçı vermişdir.
20. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 aprel 2023-cü il tarixli 2(008)- 1750/2023 nömrəli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia təmin edilməmişdir.
21. Məhkəmə qeyd etmişdir ki, sözügedən evin inşası 2008-ci ildə başa çatmış və həmin tarixdən də cavabdeh ailəsi ilə birlikdə həmin evə köçərək orada yaşamağa başlamışdır. Və eyni zamanda məhkəmə iclasında tərəflərin, habelə şahid ifadələrindən o da məlum olur ki, mübahisəli evin yerləşdiyi məhlədə həmin evdən başqa da özbaşına tikili olan ev mövcuddur və həmin evdə əvvəldən iddiaçı və onun ailə üzvləri yaşayır. Belə olan halda məhkəmə eyni bir məhlədə ikinci bir evin iddiaçı tərəfindən tikilməsinə dair iddiaçının gətirmiş olduğu dəlilləri inandırıcı saymır.
22. Bundan başqa məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş şahid ifadələrinə məhkəmə qiymət verərək hesab etmişdir ki, adıçəkilən şahidlərin hər birinin ifadəsində qeyri-səmimilik müşahidə olunur. Belə ki, iddiaçının vəsaiti hesabına evinin tikintisində iştirak edən hər bir şahid vəsaiti iddiaçıdan aldıqlarını, habelə iddiaçı ilə qonşu olduqlarını, onu tanıdıqlarını bildirsələr də, onların hər biri 2008-ci il tarixindən həmin məhlədə yaşayan cavabdehi tanımadıqlarını bildirmişlər.
23. Bundan başqa məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş vergi ödəyicisi kimi iddiaçının uçota alınmasına dair sənədə, habelə Sabunçu Bələdiyyəsinə ödənilmiş qəbzlərə də hüququ qiymət verərək qeyd etmişdir ki, sözügedən torpaq sahəsində iki ev olduğundan (biri iddiaçının yaşadığı ev və digəri isə cavabdehin yaşadığı ev) sözügedən vergilərin hansı əmlaka ödənilməsi məhkəməyə məlum deyildir.
24. Bundan başqa məhkəmə iclasında şahid kimi dindirilmiş X1 evin onun tərəfindən deyil, atası tərəfindən inşa edilmiş olduğunu bildirsə də, onun atası ilə olan xoş münasibətini, cavabdeh ilə olan gərgin münasibətlərini, cavabdehin həmin mənzildən çıxarıldığı halda bu onun maraqlarına xidmət etməsini nəzərə alaraq onun şahid kimi məhkəmədə vermiş olduğu ifadəsini də səmimi qəbul etməmişdir.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 180.1, 180.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
26. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin əsasları iddia ərizəsi ilə eynilik təşkil edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
v)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər X20 və X15) 2(103)-4607/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia təmin edilmiş, Cavabdeh Bakı şəhəri, ünvan 7 ünvanında inşa edilmiş ümumi sahəsi 202.55 kv.m olan iki mərtəbəli (birinci mərtəbəsində zal (sahəsi 28,52 kv.m), mətbəx (sahəsi 21 kv.m), sanitar qovşaq (sahəsi 5.7 kv.m), hol (sahəsi 24.3 kv.m), qaraj (sahəsi 21.2 kv.m), ikinci mərtəbsində zal (sahəsi 23.8 kv.m), yataq otağı (sahəsi 17.01 kv.m), yataq otağı (sahəsi 11.4 kv.m), yataq otağı (sahəsi 13.2 kv.m), sanitar qovşaq (sahəsi 5.9), holl) fərdi yaşayış evindən (tikilidən) çıxarılması və İddiaçı həmin fərdi yaşayış evinə (tikiliyə) köçürülməsi qət edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdeh sözügedən fərdi yaşayış evinin iddiaçının oğlu ilə birgə nikahda olduqları müddətdə onlar tərəfindən tikildiyinə istinad etmişdir. Lakin istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, əksinə iddia tələbinin məzmunundan, tərəflərin izahatlarından, habelə iş materiallarında olan sübutlardan aydın olur ki, cavabdeh mübahisəli fərdi yaşayış evinə köçərkən həmin ev istismara artıq yararlı vəziyyətdə olmuşdur. Başqa sözlə, cavabdehin keçmiş əri ilə birgə nikahda olduğu müddətdə hazırda çıxarılması tələb edilən fərdi yaşayış evinin inşa edilməsində onun, yaxud keçmiş ərinin hər hansı maddi və sair xidmətlərinin olmasına dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda sözügedən evə dair cavabdehin hər hansı iqtisadi marağının mövcudluğundan söhbət gedə bilməz.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli tikili olan fərdi yaşayış evi iddiaçının uzun müddət ərzində faktiki sahibliyində olan torpaq sahəsinin üzərində inşa edilmişdir. Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavabdan müəyyən edilir ki, torpaq sahəsi və üzərindəki 1-ci ev 2000-ci il tarixdən, 2ci ev isə 2008- ci il tarixdən İddiaçı faktiki istifadəsində olduğundan onun adına vergi qeydiyyatına alınaraq, ödəniş portalına salınmışdır və vergilər də onun adından ödənilir. Bundan başqa iş materiallarında olan mübahisəli evin eskiz sxemi, tikinti və torpaq sahəsinin baş planı onun adına tərtib edilmişdir. İddiaçının xeyrinə verilmiş şahid ifadələrinin həqiqəti əks etdirməsinə birinci instansiya məhkəməsində şübhələr yaransa da, işin hallarına görə bu ifadələrin şübhə altına alınması üçün əsasların mövcudluğu müəyyən edilməmişdir, ifadələr iş üzrə toplanmış digər sübutlarla uyğunluq təşkil edir. Bundan başqa qeyd edilməlidir ki, özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olmayan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Hazırki iş üzrə bu cür halların da mövcudluğu öz təsdiqini tapmamışdır.
31. Kollegiya həmçinin bildirmişdir ki, cavabdeh özbaşına tikilidə yaşasa da, həmin tikilinin inşa olunmasında onun zəhmətinin olması halı öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı cavabdehin nikahda olduğu dövrdə əldə olunmuş Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Muxtar Fətəliyev küçəsi 4001-4010-cu məhəllə ev 13, 56 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Xəlil bəy Xasməmmədov küçəsi 76 M14 m4) və Bakı şəhəri Sabunçu rayonu Y.Əliyev küçəsi 2595 saylı məhəllə 6-cı bina 1-ci blok 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 67.20 kv.m olan 37 (yeni 44) saylı mənzilin (1/2 hissədə), İmişli rayonu, Qızılkənd kəndində yerləşən ümumi sahəsi 180 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin olduğu, bununla da onun mübahisə predmeti olan yaşayış sahəsinə ehtiyacının hər hansı zərurətdən irəli gəlmədiyi müəyyən edilmişdir.
32. Məhkəmə öz mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8, 158.2, 180.1-ci maddələrinə istinad etmişdir.
c)Kassasiya instansiya məhkəməsindəki icraat
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 2(102)-877/2024 nömrəli 14 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər M.Əhmədova (məruzəçi), V.Həsənov və Ə.Əhmədov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “09” “oktyabr” “2023”-cü il tarixli 2(103)-4607/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
34. Kassasiya instansiya məhkəməsi göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutların qiymətləndirilməsi zamanı şahid ifadələrinə qiymət verərkən cavabdehin keçmiş ərinin cavabdehlə olan gərgin, iddiaçı ilə olan səmimi münasibətindən dolayı şahid kimi ifadəsinin qərəzli olmasına diqqət yetirmədən tənqidi yanaşmamış, digər şahidlərin isə yalnız iddiaçının tikintinin aparılmasında iştirakına dair ifadə verməsinə, tikiliyə sərf edilmiş vəsaitin kimə məxsus olması ilə bağlı məlumatsız olmalarına əhəmiyyət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin nəzərə almamışdır ki, iddiaçı özü hazırki iddia ilə məhkəməyə məhz cavabdehlə oğlunun ailəsində münaqişəli vəziyyət yarandıqdan sonra, əmlakla bağlı məhkəmə çəkişmələri zamanı müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən mübahisələndirilən fərdi yaşayış evinin özbaşına tikili olmasına baxmayaraq, mülki qanunvericiliyin mülkiyyət hüquqları ilə bağlı normalarına (MM, maddə 157.8, 158.2) istinad etmiş, hazırki tələbə mülkiyyət hüququnun müdafiəsi baxımından yanaşmış, iddiaçının əmlaka sahiblik edən şəxs qismində mübahisəli özbaşına tikilidən cavabdehin çıxarılmasını və özünün köçürülməsini tələb etmək üçün subyektiv hüququnu tanımışdır. Bununla da apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını səhv tətbiq etmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi qətnaməsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olmayan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsinin mövcudluğunu göstərərək, hazırki iş üzrə bu cür halların da öz təsdiqini tapmamasını cavabdehə münasibətdə tətbiq etmiş, cavabdehin mülkiyyətində olan daşınmaz əmlakları sadalayaraq mübahisə predmeti olan yaşayış sahəsinə ehtiyacının hər hansı zərurətdən irəli gəlmədiyi göstərmişdir. Halbuki bu münasibət iddiaçıya münasibətdə araşdırılmalı, iddiaçının mübahisəli tikiliyə köçürülməsi məsələsinə qiymət verilərkən onun özünün həmin ünvandakı digər tikilidə illər ərzində fasiləsiz yaşaması konteksindən yanaşılmalı, ümumiyyətlə, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçının subyektiv hüquqlarının mövcudluğu məsələsinə qiymət verilməlidir.
35. Bundan başqa, hazırki mübahisəyə baxılarkən, məhz cavabdehin 16 il ərzində əmlaka fasiləsiz sahiblik etməsi, iddiaçının buna qarşı heç bir tələbinin olmaması, həmçinin, iddiaçının bir ailə üzvü kimi tikinti işlərinin aparılmasına nəzarət etməsinin mümkün olması, bu halın, eləcə də bələdiyyə uçotu üzrə vergi ödəyicisi olmasının mübahisəli tikilinin sırf onun vəsaiti hesabına inşa edilməsi anlamına gəlməməsi, uzun illər ərzində mübahisəli tikili üzrə kommunal xidmətlərə dair abonent saldolarının cavabdehin ərinin adına olması halı da araşdırılmalı, işə təkrar baxılarkən sübutların qiymətləndirilməsi zamanı tikilinin həqiqətən də iddiaçının vəsaiti hesabına tikilməsi ilə bağlı təqdim edilən sübutların mötəbərliyi, o cümlədən şahid ifadələrinin işin əhəmiyyəti baxımından sübut kimi nəzərə alınıb-alınmamalı olması qiymətləndirilməlidir.
36. Kollegiya göstərmişdir ki, apellyasiya instansiya məhkəməsi digər tərəfdən qeyd edir ki, cavabdehin mübahisəli evin tikilməsində zəhməti olmamış və onun digər yaşayış sahələrinə malik olması mübahisəli evdən ehtiyacının aradan qalxdığını təsdiq edir. Bununla bağlı qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi ilkin olaraq cavabdehin mülkiyyətində olan evlərin birgə nikah dövründə, birgə vəsait əsasında əldə edilib-edilməməsi, məhz cavabdehin həyat yoldaşı ilə münasibətlərinin pozulmasından sonra baxılan iş üzrə tələbin irəli sürülməsi, həqiqətən bu tələbin cavabdehin ehtimal olunan mülkiyyət hüququnun aradan qalxmasına yönəlməsini (çünki cavabdehin dəlillərindən biri bu tələbin irəli sürülməsi birgə nikah müddətində birgə vəsait əsasında tikilmiş mübahisəli evdən onun məhrum edilməsi ilə bağlı olmasını göstərir), göstərilən evlərin birgə birgə mülkiyyət olması təsdiq olunması zamanı bu evin ər-arvad tərəfindən tikilməsinin mümkün ola biləcəyi müəyyən edilməli idi. Lakin göstərilən halların aydınlaşdırılmasının nəticəsində yuxarda göstərildiyi kimi iddiaçının subyektiv hüquqa malik olması müəyyən oluna bilər. Bunların aydınlaşdırılmadığı təqdirdə isə digər yaşyayış sahələrinin mövcud olması və evin tikilməsində cavabdehin zəhmətinin olmamasına istinad edilərək iddianın təmin olunması dair apelyasiya instansiya məhkəməsinin mövqeyi əsaslı hesab edilə bilməz.
c) Proses iştirakçılarının izahatı
37. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, mübahisəli evi şəxsi vəsaitləri hesabına tikmişlər. Həyat yoldaşı özü tikintidə işləyir və işlərin çoxunu özü görmüşdür. 2007-ci ildə mübahisəli evə köçmüşlər, əvvəl ikinci mərtəbə hazır olmuş və onlar həmin ikinci mərtəbəyə köçmüşlər, orada yaşadıqları dörvdə 2014-cü ildə birinci mərtəbə təmir olunub.
38. İddiaçı teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, eyni zamanda vəkil qismində iştirak edən Vəkil1 ərizə ünvanlayaraq, hazırki iclasla eyni saatlarda digər iclasları olduğundan iclasda iştirakının mümkün olmayacağını bildirmiş və iclasın növbəti tarixə təxirə salınmasını xahiş etmişdir. Nə iddiaçı, nə də vəkil tərəfindən qeyd edilən hallara dair hər hansı sənəd təqdim edilmədiyindən işə iddiaçı tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
39. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
40. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
41. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
48. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
50. Göründüyü kimi mübahisəli ev özbaşına tikilidir, ümumiyyətlə sözügedən ünvanda iki özbaşına tikili mövcuddur. Tikilinin birində iddiaçı yaşayır. Cavabdeh iddiaçının keçmiş gəlinidir, iddiaçının oğlu X9 ilə 2002-ci ildən 2022-ci ilədək rəsmi nikah münasibətlərində olmuş, 2008-ci ildən mübahisəli ünvanda yerləşən və sonradan iddiaçının oğlu ilə birgə nikah dövründə inşa edilmiş digər tikiliyə (mübahisəli tikili) köçərək orada yaşamışlar. Nikah pozulduqdan sonra iddiaçının oğlu həmin tikilini tərk etsə də, cavabdeh orada yaşamağa davam edir.
51. İddiaçı hazırki tələbində mübahisəli tikilinin ona məxsus olduğunu iddia edərək cavabdehin çıxarılmasını və özünün köçürülməsini tələb etmişdir.
52. Cavabdeh isə tikililərin bir-birindən ayrı yerləşdiyini, eyni torpaq sahəsində olmadığını, aralarında hasar olduğunu və həyətə girişin belə ayrı olduğunu, birgə nikah dövründə ər-arvad kimi hər ikisinin işləyərək ailəlikcə birgə vəsaitləri hesabına həmin tikilini inşa etdiyini bildirmişdir.
53. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur.
54. İddiaçı tələbinin əsası kimi həmin ünvanda yerləşən bələdiyyə torpağı üzrə vergi ödəyicisi olması, tikilinin öz vəsaiti hesabına digər övladı üçün tikməsi, cavabdeh və ailəsinin müvəqqəti olaraq ora köçürülməsi, sonradan onlara başqa ev alıb ora köçməsini təklif etsə də, həmin ünvandan çıxara bilməməsini göstərərək, istinad etdiyi halların sübutu kimi məhkəməyə şahid ifadələri təqdim etmişdir.
55. Bələdiyyə torpağı üzrə vergi ödəyicisi olmasına münasibətdə Kollegiya qeyd edir ki, iddiaçının bələdiyyə uçotu üzrə vergi ödəyicisi olması mübahisəli tikilinin sırf onun vəsaiti hesabına inşa edilməsi nəticəsinə gəlməyə əsas vermir.
56. İddiaçı mübahisəli evi digər övladı üçün tikdiyini bildirsə də, məhz iddiaçının özü tərəfindən şahid qismində dəvət edilmiş X10 göstərmişdir ki, “o, həm Fəxrəddinə məxsus, həm də Akifə məxsus ev ilə divar qonşusudur. Fəxrəddinə məxsus olan ev elə əvvəldən Fəxrəddin üçün tikdirilirdi. Ev tikilən zaman Fəxrəddin atasına məxsus evdə yaşayırdı.”
57. Digər şahid X13 göstərmişdir ki, tikilən ev Fəxrəddin üçün tikilirdi.
58. Göründüyü kimi iddiaçının özü tərəfindən iştirak edən şahidlərin bəziləri evin məhz Fəxrəddin üçün tikildiyini bildirmişlər.
59. Digər şahidlər də evin məhz iddiaçının digər oğlu üçün tikildiyini göstərməmişlər.
60. Kollegiya hesab edir ki, iddiaçı mübahisəli evin məhz onun tərəfindən, öz vəsaiti hesabına tikilməsini təsdiq edən əsaslı sübutlar təqdim edə bilməmişdir. İddiaçı tərəfindən dəvət edilmiş şahid ifadələri qeyri-səmimi olmaqla, konktet və müfəssəl olmamışdır. Digər tərəfdən şahidlərin bir qismi iddiaçının bildirdiyinin əksinə olaraq, mübahisəli evin Fəxrəddin (cavabdehin əri) üçün tikildiyini bildirmişlər.
61. Həmçinin məlumdur ki, mübahisəli ev iddiaçının özünün yaşadığı evlə hasarla ayrılmışdır, ayrıca darvazası, giriş-çıxışı vardır. Evə aid kommunal xidmətlərə dair abonent saldoları da məhz cavabdehin ərinin adınadır.
62. Göründüyü kimi, əvvəla iddiaçının mübahisəli evin yerləşdiyi torpaq sahəsinə aidiyyəti müəyyən edilməmiş, mübahisəli evin məhz iddiaçı tərəfindən onun vəsaiti hesabına tikilməsi də təsdiqini tapmamışdır.
63. Kollegiya onu da qeyd edir ki, hətta evin tikilməsində iddiaçının hər hansı formada (fiziki, maddi və s.) iştirakı müəyyən edilmiş olsa idi belə, mübahisəli ev məhz iddiaçının oğlunun ailəsi ilə birlikdə yaşaması üçün tikildiyindən, iddiaçı tərəfindən çəkilən maddi vəsaitin həmin vaxt ər-arvad olmuş iddiaçının oğlu və cavabdehə bağışlanması kimi dəyərləndiriləcəkdir.
64. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçının tələbi əsassız olduğu üçün məhkəmə haqlı olaraq onun rədd edilməsi qənatinə gəlmişdir.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1750/2023 nömrəli iş üzrə 20 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.