Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3124/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “X8 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh qarşı iş üzrə ( Açar sözlər: özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin istifadəyə qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), İx oğlu və Sx oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı “X8 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı “X8 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması tələbinə dair iddiası üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-17/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli 587 №-li Sərəncama əsasən Suraxanı qəsəbəsi, 4-cü Mədən, 290 nömrəli evin qarşısındakı yaşadığı 289 nömrəli evin sahəsinə bitişik olan sahədə 600 km torpaq sahəsi fərdi ev tikintisi üçün ünvan 1 ünvanında yaşayan Cavabdeh istifadəsinə ayrılmış, həmin sahədə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı H.Abutalıbov tərəfindən təsdiq edilmiş cizginin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1999-cu il tarixli 587 №-li Sərəncam əsasında Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 290 nömrəli evin qarşısındakı sahədə istifadə olunan 600 kv.m. torpaq sahəsi vətəndaş Cavabdeh üçün nəzərdə tutulmuşdur. Torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı “X8 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi 39 T 415954.72 m B 4473875.87 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması, ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC Suraxanı filialının AZ69A1İB******************** №-li hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X8 Kompani S.A.” şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış xx.xx.2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. “X8 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X8 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X8 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. “X8 Kompanı S.A. ” şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, əməliyyat şirkətinin balansında olan 39 T 415954.72 m B 4473875.87 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair mülkiyyət hüququnu təstiq edən sənəd təqdim etməmişdir. Cavabdehin məskunlaşdığı mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahəsidir. Cavabdehin hər hansı bir hüquq müəyyənedici sənədi yoxdur. Mübahisəli tikili isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və lazımı layihə-smeta sənədləri tərtib edilmədən inşa edilmiş qanunsuz tikilidir.
5. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 17/2023 nömrəli qətnaməsi ilə (hakim Ü.H.Mirzəyeva) iddia təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş sərəncamdan görünür ki, qeyd olunan ərazidə ona fərdi yaşayış evinin tikintisinin aparılması üçün qanuni şəkildə icazə verilmişdir.
7. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı cavabdehə verilmiş torpaq sahəsi ilə bağlı Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş sərəncamı məhkəmə qaydasında mübahisələndirməmişdir. Məhkəmə qeyd etmişdir ki, gözlənilən mülkiyyət (əmlak) və istifadə hüququnun toxunulmamazlığı üzrə onun mübahisələndirilməməsi hazırki iddianın ərz edilən əsaslarla müzakirəsini yolverilməz edir və bu iddianın müzakirəsi mümkünlüyü dövlət tərəfindən tanınan hüququnun ləğvi (və ya müvafiq kompensasiya verilməklə hüquqa xitam verilməsi) halında mümkündür.
8. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəlləsinin 139.1, 146.1, 152.2-ci maddələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 107, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə mahiyyəti üzrə baxarkən maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan faktiki halları hərtərəfli, tam və obyektiv aydınlaşdırmamış, məhkəmənin müəyyən etdiyi hallar sübut edilməmiş və məhkəmə qətnaməsində göstərilən nəticələr işin həqiqi hallarına uyğun gəlmədiyi halda əsassız və qanunsuz qətnamə çıxarmışdır. Belə ki, “X8 Kompani S.A.” Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Sazişin 25.1-ci maddəsinə əsasən, “...Bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikası Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəalarıbu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur (bu Sazişdə konkret olaraq başqacür göstərilən hallar istisna olmaqla)”. Qeyd olunan mübahisəli torpaq sahəsi də Kontrakt sahəsinin hüdudları daxilindədir. Bu, məhkəməyə təqdim edilən sənədlərdən və məhkəmə araşdırmasından tam aydın olsa da, məhkəmə bu fakta düzgün hüquqi qiymət verməmiş və nəticədə əsasız qətnamə qəbul etmişdir. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır və məhkəməyə təqdim edilən sənədlərdən mübahisəli torpaq sahəsinin kontrakt ərazisinin hüdudları daxilində yerləşməsi, cavabdehin nə tikiliyə, nə də ki tikilinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin mövcud olmaması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən **********79 saylı, xx.xx.2022-ci tarixli məktub ilə təsdiqlənmişdir. Lakin, birinci instansiya Məhkəməsinin hakimi bütün bunları nəzərə almamış, qətnamə çıxararkən isə maddi hüquq normalarının pozuntusuna yol vermişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, torpaq sahəsi şirkətin qanuni istifadəsinə ayrıldığından orada aparılan tikinti işlərinə göz yuma bilməzlər, çünki sonradan məsuliyyət şirkətin üzərində qalacaqdır. Torpaq sahəsində əvvəllər cavabdehin evi olub, lakin hazırda yeni tikili inşa edilir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və bildirdi ki, sərəncam verilən vaxt uşaqları balaca olduğundan tikinti işlərini həyata keçirə bilməmişdir. O vaxt bir mərtəbə tikilisi var idi, orada nəmişkil olduğundan uşaqları xəstələnirdi. Sonradan 2019-cu ildə onun üzərində bir mərtəbə inşa etmişdir. Ona ayrılan torpaq sahəsindən kənara çıxmayıb. Ətrafında ancaq evlər və doğum evi var, heç bir neft buruğu yoxdur.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ-İV. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5 Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Maddə 46. Dövlətin obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
17. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
18.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvesiyasının1 saylı Protokolunun 1-ci maddəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malik dir.Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsip ləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz.
19. “X2 Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı.
20. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı.
21. “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı.
22. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı.
23. “Yordanov və başqaları Bolqarıstana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Hazırkı işdə iddia təmin edilmədiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, iş materillarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli 587 №-li Sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Suraxanı qəsəbəsi, 4-cü Mədən, 290 nömrəli evin qarşısındakı yaşadığı 289 nömrəli evin sahəsinə bitişik olan sahədə 600 km torpaq sahəsi fərdi ev tikintisi üçün ünvan 1 ünvanında yaşayan Cavabdeh mülkiyyətinə verilmişdir.
29. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı H.Abutalıbov tərəfindən təsdiq edilmiş cizginin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1999cu il tarixli 587 №-li Sərəncam əsasında Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 290 nömrəli evin qarşısındakı sahədə istifadə olunan 600 kv.m. torpaq sahəsi vətəndaş Cavabdeh üçün nəzərdə tutulmuşdur və həmin torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün verilmişdir.
30. Göründüyü kimi, mübahisəli torpaq sahəsi cavabdehə Dövlət orqanı tərəfindən xx.xx.1999-cu il tarixli sərəncamla ayrılmış, qeyd olunan torpaq sahəsi cavabdehə ayrıldıqdan məhz bir neçə il sonra torpaq sahəsinin yerləşdiyi ərazi Dövlət tərəfindən iddiaçının istifadəsinə verilmişdir.
31. Həmin sərəncam iddiaçı tərəfindən mübahisələndirilməmiş, beləliklə də, öz hüquqi qüvvəsini itirməmişdir.
32. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsi qanunsuz zəbt edilməmiş, orada özbaşına tikinti işləri aparılmamışdır.
33. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda istinad olunan müddəalarından göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir.
34. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin(o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu iddia edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər
35. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır.
36. Beləliklə, Dövlət tərəfindən öz mülkiyyətində olan torpaq sahəsinə mülkiyyət hüququnu əldə etmək hüququ cavabdehə verilmiş, yəni cavabdehin həmin torpaq sahəsinə “qanuni gözləntisi” var.
37. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.
38. 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın.
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə 24 aprel 2012-ci il tarixli qərarında hesab etmişdir ki, Yordanovun və başqalarının Sofiya şəhərində yaşadıqları icazəsiz tikilmiş müvəqqəti tikilidən çıxarılmaları demokratik cəmiyyətdə zərurilik prinsipinə uyğun deyil və insanların şəxsi və ailə həyatına hüququnu müəyyən edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir. Həmin qərarda insanların illər ərzində yaşadıqları evlərdən çıxarılması onların həyat tərzinə, ev, şəxsi həyat və ailə həyatına hörmət hüquqlarına müdaxilə kimi qiymətləndirilmişdir.
40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, dövlət orqanları qanunsuz olaraq zəbt edilmiş torpağı geri almaq hüququna malik olsa da, qanunsuz yerləşməyə on illərlə göz yummuş və bununla ərizəçilərə qonşuluqda güclü əlaqələr yaratmaq və sosial həyat qurmasına imkan vermişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qaraçı icmasına daxil olan insanların yaşadıqları evlərdən çıxarılmasını qanunsuz hesab edərkən onlara alternativ yaşayış sahəsinin təklif olunmamasını və onların evsiz qalmaq riskinin nəzərə alınmamasını da əsas kimi göstərmişdir. İnsanların uzun illər ərzində özlərinin yaşayış yeri kimi istifadə etdikləri qanunsuz tikiliyə təxminən eyni münasibət İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X5rşı” qərarında da öz əksini tapmışdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, oxşar iş üzrə “X2 Azərbaycana qarşı” şikayəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarında qeyd etmişdir ki, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə Azneft yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişlər.”
42. Kollegiya onu da qeyd edir ki, işdə olan xəritədən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında fərdi yaşayış evləri inşa edilmiş, küçələr salınmışdır.
43. Belə olan vəziyyətdə iddiaçının həmin ərazinin, xüsusilə də cavabdehə ayrılmış topraq sahəsinin neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğu da ağlabatan deyil.
44. Məhkəmə qeyd edir ki, torpaq sahəsindən cavabdehin çıxarılması, onun üzərində inşa edilmiş tikilinin sökülməsi yalnız ona kompensasiya ödənilməklə həyata keçirilə bilər.
45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olduğu müəyyən edildiyindən, həmin torpaq sahəsinə cavabdehin “qanuni gözlənti”si olduğundan, onun üzərində inşa edilmiş tikilinin sökülməsini, həmin evdən çıxarılmasını tələb etməyə iddiaçının həm də subyektiv hüququ yoxdur.
46. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı “X8 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 17/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.