Məhkəmə qərarları › İş №2(103)-3126/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3126/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3126/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, X1 katibliyiilə İddiaçı “xxxxxx” İKB ASC-nin cavabdeh X3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-649/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxxxx” İKB ASC-nin cavabdeh X3 qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxxxx” İKB ASC-nin xeyrinə xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 53.857,42 manat əsas, 33.854,88 manat faiz, 7.468,74 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 95.181,04 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu. Rəşid Behbudov küçəsində yerləşən, 4 otaqlı, 194,6 kv.m ümumi sahədən ibarət 59 nömrəli evin 13 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən, 4 otaqlı, 194,6 kv.m ümumi sahədən ibarət 59 nömrəli evin 13 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxxxx” İKB ASCyə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən, 4 otaqlı, 194,6 kv.m ümumi sahədən ibarət 59 nömrəli evin 13 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən, 4 otaqlı, 194,6 kv.m ümumi sahədən ibarət 59 nömrəli evin 13 nömrəli mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-649/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 53.857,42 manat əsas borc, 19.785,7 manat faiz borcu, 300 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış borc 5.813,15 manat, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu olaraq ödənilmiş 10 manat, cəmi 79.796,27 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı “xxxxxx” İKB ASC-yə ödənilməsi, tələb ilkin satış qiyməti 600.000 manat müəyyən edilməklə Cavabdeh mülkiyyəti hüququ üzrə məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 59 saylı evin 13 saylı mənzilinə yönəlməklə həmin əmlakın açıq hərrac yolu ilə satılması, həmin əmlakın satışından əldə olunan vəsaitdən cəmi 79.796,27 manat məbləğində pulun “xxxxxx” İKB ASC-nin hesabına ödənilməsi, qalan məbləğin Cavabdeh verilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının tədqiqat dəyəri olan 364 manatın Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının tədqiqat dəyəri olan 133 manatın Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdeh ayrı ayrılıqda apellyasiya şikayətləri vermişdir. İddiaçı “xxxxxx” İKB ASC apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını, Cavabdeh isə qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin 3.3 bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 350 000 (üç yüz əlli min) manat məbləğində qiymətləndirilməsinə baxmayaraq, Qiymətləndirmə Xidmət Mərkəzi MMC-nin qiymətləndirmə rəyinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən, 4 otaqlı, 194.6 kv.m ümumi sahədən ibarət 59 nömrəli evin 13 nömrəli mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətinin 600 000 manat məbləğində qiymətləndirilməsinə dair rəy əmlakın real bazar dəyərini əks etdirmir və anlaşılmazdır. Bununla bağlı təkrar əmtəəşünaslıq ekspertizasının təyin olunması barədə vəsatətlə məhkəməyə müraciət etsələr də vəsatətləri təmin olunmamışdır. Bu səbəbdən də ekspertin nəyə əsasən bu qənaətə gəlməsi ekspert rəyində öz əksini tapmamışdır, rəy mötəbər deyil. Qeyd olunanlara əsasən hesab edirlər ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbutov küçəsində yerləşən, 4 otaqlı, 194.6 kv.m ümumi sahədən ibarət 59 nömrəli evin 13 nömrəli mənzilin bazar qiymətlərinin müəyyən edilməsi üçün təkrar əmtəəşünaslıq (əmlakın qiymətləndirilməsi) ekspertizası təyin edilməlidir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi 19.785,7 manat faiz borcunu, 300 manat cəriməni, habelə, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış borc 5.813,15 manat məbləğlərin hansı əsaslarla hesablanmasını qətnamədə göstərməmişdir. Məhkəmə bu sahədə heç bir araşdırma aparmamış və məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi barədə qərardad qəbul etməmişdir. Eyni zamanda, kassa məxaric orderlərinə cavabdehin adı yazılsa da, əsas borcu təşkil edən pul məbləği cavabdeh tərəfindən götürülməmişdir. Bu hallar da məhkəmə tərəfindən araşdırılmamışdır. Bundan başqa, qeyd etmək istəyirik ki, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş də cavabdehə verilməmişdir. Bu mühüm hal da, məhkəmənin diqqətindən kənarda qalmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə “xxxxxx İKB” ASC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7805/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, iddiaçının kassasiya şikayəti isə qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi bank tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, kasassiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsini yalnız “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi” hissəsində ləğv edərək işi həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarmış, qətnaməni qalan hissədə dəyişdirmədən saxlamışdır. Bu baxımdan, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının yalnız kasassiya instansiyasının təkrar baxışa göndərdiyi hissədə yoxlanılması təşkil edir. Bu həm də o deməkdir ki, qətnamənin mübahisələndirilən digər hissələri artıq yeni apellyasiya baxışının predmeti deyildir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı məzmunda olmuşdur: “...Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi ilə məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsi ilə məcburi qiymətləndirmə aparılan hallar müəyyən edilmişdir. İpoteka predmeti olan mənzil tərəflər arasında bağlanmış ipoteka müqaviləsi ilə 350.000 manat məbləğində qiymətləndirilmişdir. xx xxxx 2018-ci il tarixli qiymətləndirmə rəyi ilə ipoteka predmeti olan mənzilin bazar dəyəri 600.000 manat məbləğində müəyyən edilmişdir. Bazar qiyməti dedikdə, malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti başa düşülür. Həmin qiymətləndirmə rəyində müqayisəli yanaşma metodundan istifadə edilməklə əmlakın bazar dəyərinin müəyyən edildiyi göstərilmişdir. Əmlakın müqayisəli yanaşma üzrə qiymətləndirilməsi həmin əmlakın yerləşdiyi ərazi üzrə oxşar göstəricilərə malik olan, oxşar keyfiyyətli və satış qiymətləri məlum olan bir neçə obyektlə müqayisə edilməklə qiymətləndirilməsini ehtiva edir. Halbuki məhkəmənin əmlakın ilkin satış qiymətini müəyyən edərkən istinad etdiyi 12 vərəqi əhatə edən həmin qiymətləndirmə rəyi yalnız əmlakın qiymətləndirlməsinin anlayışını, ümumi prinsiplərini, qaydalarını və metodlarını əks etdirən nəzəri məsələləri əhatə etməklə, müstəqil qiymətləndirici tərəfindən qiymətləndirmə obyekti üzrə analoji obyektlərlə müqayisə edilməklə və ya digər üsulla ümumiyyətlə hər hansı tədqiqat aparılmamışdır”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarındakı göstərişləri (hüquqi mövqeyi) nəzərə alaraq, kollegiya hеsаb еdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Təkrar apellyasiya baxışı zamanı qiymətləndirmə ekspertizası təyin olunmuş və qiymətləndirici rəyi ilə ipoteka predmetinin likvid qiymətinin 551 000 (beş yüz əlli bir min) manat olması müəyyən edilmişdir. Kollegiya hesab edir ki, qiymətləndiricinin hazırda müəyyənləşdirdiyi qiymətin ilkin satış kimi əsas götürülməsi daha məqsədəuyğundur. Mülki Prosessual Məcəllənin384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunmalı, iş üzrə keçirilmiş ekspertiza xərci isə tərəflərdən alınaraq müvafiq hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-649/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən, 4 otaqlı, 194,6 kv.m ümumi sahədən ibarət 59 nömrəli evin 13 nömrəli mənzilin ilkin satış qiyməti 551 000 (beş yüz əlli bir min) manat müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxslərin özlərinə aid edilsin, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə aparılmış tədqiqatın dəyəri olan 300 ( üç yüz ) manatın 150 (yüz əlli) manatı “xxxxxx” İKB ASC-dən, 150 (yüz əlli) manatı isə cavabdeh X2 alınaraq “X6” MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar