Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3128/2023 25.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüqunun itirilmiş hesab edilməsi tələbinə dair” ilkin, Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə və sahiblik hüququnun tanınması, mənzilə köçürülmə tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(010)-384/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, 3 saylı evin 8 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddianın rədd edilməsi və onun Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, 3 saylı evin 8 saylı mənzilindən istifadə və sahiblik hüququnun tanınması, mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Cavabdeh qarşılıqlı iddia ərizəsinə əlavə verərək, onun Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, 3 saylı evin 8 saylı mənzilindən istifadə və sahiblik hüququnun tanınması, mənzilə köçürülməsi və birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Xəzər rayonu, Zığ qəsəbəsi, Şınçi b/y-nın 42 saylı bağ sahəsində yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpağının bərabər paylar əsasında yəni 1/2 hissədə onunla İddiaçı arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-384/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi üzrə verilmiş qarşılıqlı iddia ərizəsinə əlavə icraata qəbul edilmədən geri qaytarılmış, cavabdehə müstəqil qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərardaddan cavabdehin verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə görə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 156-cı maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, məhkəmədə iddiaçı tərəfindən qaldırılan tələb mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, qarşılıqlı iddia üzrə qaldırılan tələb isə həmin mənzildən istifadə və sahiblik hüququnun tanınması, mənzilə köçürülmə ilə bağlıdır. Cavabdeh tərəfindən irəli sürülmüş qarşılıqlı iddia ərizəsinə verilən əlavədə göstərilən tələb isə birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi ilə bağlıdır. Qarşılıqlı iddia ərizəsinə əlavə ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmədiyindən, qarşılıqlı iddia ərizəsinə əlavədə göstərilən tələblə ilk iddia arasında qarşılıqlı əlaqə mövcud olmadığından və həmin tələbə bir icraatda baxılması mümkün olmadığından qarşılıqlı iddia ərizəsinə əlavə icraata qəbul edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, Kollegiya qeyd edir, qarşılıqlı iddia ərizəsi ilə ilk iddia tələbi qarşılıqlı əlaqəli olduğu halda, qarşılıqlı iddia ərizəsinə əlavədə olan tələb müstəqil xarakterli tələb olmaqla ilkin iddianı aradan qaldırmır, ilkin iddia ilə qarşılıqlı əlaqəsi yoxdur, məhkəmə haqlı olaraq icraata qəbul etməmiş və həmin tələblə müstəqil iddia qaldırmaq hüququnu izah etmişdir. Şikayətin dəlilləri formal xarakter daşımaqla qanuni və əsaslı olan qərardadın ləğv edilməsi üçün əsas vermir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(010)- 384/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3128/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3128/2023
25.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver