Məhkəmə qərarları › İş №2(103)-3129/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3129/2024

11.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3129/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X* ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə3, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə baxılmasına dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3289/2023 nömrəli 13 dekabr 2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Məcburi köçkün vəsiqəsinə əsasən Ərizəçi Laçın rayonundan məcburi köçkün düşmüşdür.

2. 02.03.2023-cü il tarixli 33/04 saylı arayışa əsasən Ərizəçi həqiqətən Laçın rayonundan məcburi köçkün düşərək, Xəzər rayon Buzovna qəsəbəsi “Gilavar” düşərgəsində müvəqqəti məskunlaşmışdır.

3. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Laçın rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 28 saylı arxiv arayışında göstərilmişdir ki, Ərizəçi 1983- 1992-ci illərdə Su tikinti İdarəsində işləməyi barədə arxiv sənədləri rayonun işğalı ilə əlaqədar işğalda qalmışdır.

4. Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə1 müraciətinə cavab olaraq bildirilmişdir ki, pensiya təminatı üçün tələb olunan sosial sığorta stajı əmək kitabçası və ya arxiv arayışı əsasında müəyyən edilir.

5. X1 əmək kitabçasına əsasən o, 14.0*.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın təsərrüfat hesablı tikinti sahəsində mühasib işləmişdir.

6. X2 əmək kitabçasına əsasən o, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın təsərrüfat hesablı tikinti sahəsində katibə-makinaçı vəzifəsində işləmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1983-cü ildən 1992-ci il may ayının 18-ə kimi Laçın rayon Su tikinti idarəsində kadrlar şöbəsində mütəxəssis vəzifəsində işləməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1960-ci il tarixdə Laçın şəhərində anadan olmuşdur. 1983-ci ildən 1992-ci il may ayının 18-ə kimi Laçın rayon Su tikinti idarəsində kadrlar şöbəsində mütəxəssis işləmişdir. 1992-ci ilin may ayın 18-də Laçın rayonunun erməni qəsbkarları tərəfindən işğal olunması ilə əlaqədar Laçın rayonundan məcburi köçkün düşərək, hal-hazıradək Xəzər rayonu, Buzovna qəsəbəsi, X8 məskunlaşmışdır. Laçın rayonunu tərk edərkən əmək kitabçası işlədiyi Su tikinti idarəsində, yəni işğal zonasında qalmışdır. Halbuki, 1983-ci ildən 1992-ci ilin may ayının 18-ə kimi Laçın rayon Su tikinti idarəsində kadrlar şöbəsində mütəxəssis vəzifəsində işlədiyini şahidlər təsdiq edə bilərlər. Təqaüdə çıxmalı olsa da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna əmək stajı barədə sənədi - əmək kitabçasını təqdim etməlidir. Lakin həmin sənəd işğal zonasında qaldığı üçün əmək fəaliyyətini təsdiq edəcək sənədi təqdim edə bilmir. Onun 1983-cü ildən 1992-ci il may ayının 18-ə kimi Laçın rayon Su Tikinti İdarəsində kadrlar şöbəsində mütəxəssis vəzifəsində işləməyi barədə sənədin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsinə müraciət etmişdir. Müraciətinə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı cavab vermişdir ki, işçilərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərlə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Mərkəz ona bildirir ki, pensiya təyinatı üçün tələb olunan sosial sığorta staji əmək kitabçası əsasında müəyən edilir. Bu səbəbdən də ərizənin təmin edilməsindən imtina olunmuşdur. Əmək kitabçası olmadığı üçün əmək stajı müəyyən edilə bilmir. Əmək stajının müəyyən edilməsi ona təqaüdə çıxarkən düzgün hesablamanın aparılması üçün lazımdr. İş stajını təsdiq edən lazmı sənədləri başqa qaydada əldə edə bilmədiyinə görə məhkəməyə müraciət etməli olmuşdur.

9. Şahid qismində dindirilmiş X13 bildirmişdir ki, o, ərizəçinin qohumudur. Laçın rayonunda Su tikinti idarəsində 1988-1991-ci il tarixdə yanacaq avtomobilinin sürücüsü vəzifəsində işləmişdir. Həmin dövrdə Sevil də orada mütəxəssis işləyirdi. Sevil ondan bir neçə il əvvəldən orada işləmişdir. Laçın rayonu işğal olunanadək orada işləmişdir. Digər işçilər kimi Elbrus, Arif, İsa, Elçini tanımışdır.

10. Şahid qismində dindirilmiş Nümayəndə3 bildirmişdir ki, o, ərizəçinin oğludur. 1992-ci il tarixdə o, 3-cü sinifdə oxumuşdur. Həmin vaxtlar anasının Laçın rayonunda Su idarəsində işlədiyini bilir. Anası Su tikinti idarəsində işləyərkən tez-tez onun iş yerinə getmişdir. Anası işdə olduğundan dərslərini etməkdə anası ona kömək etmişdir. Anasının müdüri də yadındadır. Onun göy rəngli maşını olmuş, özü isə qıvrım saçlı kişi idi. Sonra bir gün anası günorta evə gəlmiş və müharibə başladığını bildirmişdir. Bu səbəbdən onlar Laçın rayonundan məcburi qaçqın düşmüşlər.

11. Şahid qismində izahat vermiş X10 bildirmişdir ki, 1*.06.1972-ci il tarixdə Laçın rayonunda anadan olmuş və 1990-1992-ci illərdə Laçın rayon Su tikinti idarəsində baş mühasib işləmişdir. Onlarla birlikdə Dilarə, Sevil, Elçin işləmişdir. İdarənin müdiri Elbrus adında şəxs olmuşdur. Abbasov Eyvaz orada sürücü işləmişdir. Həmin dövrlərdə Sevil Abasova da onunla birlikdə orada işləmişdir. Sevil həmin idarədə kadrlar idarəsində işləmişdir. Sevil ondan təxminən bir neçə il əvvəl, yəni 1982-1983-cü illərdən işləmişdir. İş yoldaşı kimi onların arasında yaxşı münasibətlər olmuşdur. O, Laçın rayonu işğal edilməmişdən qısa müddət qabaq digər işə çıxdığından əmək kitabçası işğalda qalmamışdır.

12. Şahid qismində dindirilmiş X11 bilmişdir ki, xx.xx.1969-cu ildə anadan olmuşdur. Halhazırda Moskva şəhərində yaşayır. Sevili Laçın rayonunda bir yerdə işlədikləri idarədən tanımışdır. Sevillə 1990-cı illərdə eyni müəssisədə, yəni Laçın rayon Su tikinti idarəsində işləmişlər. Sevillə normal münasibətləri olmuşdur.

13. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 dekabr 2023-cü il tarixli 2(003)-3289/2023 nömrəli qətnaməsi ilə (hakim Ramilə Xəzri) ərizə təmin edilmiş, Ərizəçi 1983-cü ildən 1992-ci il may ayının 18-nə kimi Laçın rayon Su tikinti idarəsində kadrlar şöbəsində mütəxəssis vəzifəsində işləməklə əmək stajına malik olmasına dair hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi qət edilmişdir.

14. Məhkəmə hesab etmişdir ki, ərizəçinin izahatı, şahid ifadələri və işin materialları ilə ərizəçinin 1983-cü ildən 1992-ci ilin may ayının 18-nə kimi Laçın rayon Su tikinti idarəsində kadrlar şöbəsində mütəxəssis vəzifəsində işləməklə əmək stajına malik olması tam sübuta yetirilmişdir. İddiaçıya məxsus əmək kitabçası onun tərəfindən işə qəbul olarkən işəgötürənə təqdim edilsə də, sonradan, Laçın rayonu işğal olduğundan, iddiaçı tərəfindən həmin əmək kitabçası iş yerindən götürülməmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 4.1, 30*.1.1, 307.1, 311, 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək onun ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətində göstərilmişdir ki, şahidin verdiyi ifadələr heç bir mötəbər sübuta əsaslanmır, belə ki, N.Abbasovanın əmək kitabçasının olub-olmaması, Ərizəçi ilə bir yerdə işləmələrinə dair hər hansı sənədin təqdim edilib-edilməməsi qətnamədə öz əksini tapmamışdır. X4 əmək kitabçası və digər hüquqmüəyyənedici sənədi olmadığından dedikləri mötəbər sübut olaraq qəbul edilməməlidir. Nümayəndə3 şahid kimi qəbul oluna bilməz. Şahid N.Həziyevanın xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon Su tikinti İdarəsində nəzərə alınan iş stajı dövrü sadəcə Ərizəçi işlədiyini iddia etdiyi 1990-1992-ci illər arasındakı dövrlərlə üst-üstə düşür. X3 və X9 əmək fəaliyyətini təsdiq edən sənədlər mövcud olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

20. Ərizəçinin nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 30*.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.

24. Maddə 307. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

25. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 38*.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

32. İş materiallarından görünür ki, ərizəçi ona əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin ona əmək pensiyası təyin edilməsindən imtina olunmuşdur.

33. Ərizəçinin hazırki ərizə ilə məhkəməyə müraciət etməsində prosessual məqsəd aydındır. Hazırki iş üzrə hüquqi faktın müəyyən edilməsində məqsəd pensiya təyin edilməsi üçün iş stajının müəyyən edilməsidir. Ərizəçi işləmə faktının müəyyən edilməsinə dair sənədi başqa qaydada almasının mümkün olmadığına görə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir.

34. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür.

35. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*.11.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə görə, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 17-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.

37. Göründüyü kimi iş stajının təsdiq olunması üçün: ən azı iki nəfər şahid olmalı; həmin şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və iddia olunan müddətdə şahidlərin özlərinin işləmələri barədə sənəd olmalıdır.

38. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qohumudur. Laçın rayonunda Su tikinti idarəsində 1988-1991-ci il tarixdə yanacaq avtomobilinin sürücüsü vəzifəsində işləmişdir. Həmin dövrdə Sevil də orada mütəxəssis işləyirdi. Sevil ondan bir neçə il əvvəldən orada işləmişdir. Laçın rayonu işğal olunanadək orada işləmişdir. Digər işçilər kimi Elbrus, Arif, İsa, Elçini tanımışdır.

39. Şahid qismində dindirilmiş Nümayəndə3 ifadəsində göstərmişdir ki, o, ərizəçinin oğludur. 1992-ci il tarixdə o, 3-cü sinifdə oxumuşdur. Həmin vaxtlar anasının Laçın rayonunda Su idarəsində işlədiyini bilir. Anası Su tikinti idarəsində işləyərkən tez-tez onun iş yerinə gətmişdir. Anası işdə olduğundan dərslərini etməkdə anası ona kömək etmişdir. Anasının müdüri də yadındadır. Onun göy rəngli maşını olmuş, özü isə qıvrım saçlı kişi idi. Sonra bir gün anası gunorta evə gəlmiş və müharibə başladığını bildirmişdir. Bu səbəbdən onlar Laçın rayonundan məcburi qaçqın düşmüşlər.

40. Şahid qismində izahat vermiş X10 bildirmişdir ki, 1*.06.1972-ci il tarixdə Laçın rayonunda anadan olmuş və 1990-1992-ci illərdə Laçın rayon Su tikinti idarəsində baş mühasib işləmişdir. Onlarla birlikdə Dilarə, Sevil, Elçin işləmişdir. İdarənin müdiri Elbrus adında şəxs olmuşdur. Abbasov Eyvaz orada sürücü işləmişdir. Həmin dövrlərdə Sevil Abasova da onunla birlikdə orada işləmişdir. Sevil həmin idarədə kadrlar idarəsində işləmişdir. Sevil ondan təxminən bir neçə il əvvəl, yəni 1982-1983-cü illərdən işləmişdir. İş yoldaşı kimi onların arasında yaxşı münasibətlər olmuşdur. O, Laçın rayonu işğal edilməmişdən qısa müddət qabaq digər işə çıxdığından əmək kitabçası işğalda qalmamışdır.

41. Şahid qismində dindirilmiş X11 bildirmişdir ki, xx.xx.1969-cu ildə anadan olmuşdur. Halhazırda Moskva şəhərində yaşayır. Sevili Laçın rayonunda bir yerdə işlədikləri idarədən tanımışdır. Sevillə 1990-cı illərdə eyni müəssisədə, yəni Laçın rayon Su tikinti idarəsində işləmişlər. Sevillə normal münasibətləri olmuşdur.

42. Məhkəmə ərizəçinin izahatı və şahid ifadələrinə əsasən ərizəçinin 1983-cü ildən 1992-ci ilin may ayının 18-nə kimi Laçın rayon Su tikinti idarəsində kadrlar şöbəsində mütəxəssis vəzifəsində işləməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qənaətinə gəlmişdir.

43. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərdən yalnız ikisi - X10 və X11 əmək kitabçası təqdim etmişlər.

44. Belə ki, X1 əmək kitabçasına əsasən o, 14.0*.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın təsərrüfat hesablı tikinti sahəsində mühasib işləmişdir.

45. X2 əmək kitabçasına əsasən o, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın təsərrüfat hesablı tikinti sahəsində katibə-makinaçı vəzifəsində işləmişdir.

46. Göründüyü kimi bu iki şahidin əmək kitabçasına əsasən onların 1990-1992-ci illər ərzində Laçın təsərrüfat hesablı tikinti sahəsində işləməsi müəyyən edilir.

47. Belə olan halda ərizəçi 1983-cü ildən Laçın rayon Su tikinti idarəsində kadrlar şöbəsində mütəxəssis vəzifəsində işləməsi faktının müəyyən edilməsini tələb etsə də, əmək kitabçası olan şahidlərin ifadələrinə əsasən ərizəçinin xx.xx.1990-18.0*.1992-ci illərdə Laçın rayon Su tikinti idarəsində kadrlar şöbəsində mütəxəssis vəzifəsində işləməsi faktı təsqini tapır. Ondan əvvəlki dövr (1983-1989-cu illər) üzrə isə ərizəçinin müəyyən edilməsini tələb etdiyi fakt təsdiqini tapmamışdır.

48. Ona görə də Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və Ərizəçi xx.xx.1990-cı il tarixdən 1992-ci il may ayının 18-nə kimi Laçın rayon Su tikinti idarəsində kadrlar şöbəsində mütəxəssis işləməsi faktı müəyyən edilməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 40*-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3289/2023 nömrəli iş üzrə 13 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. Ərizəçi 03 yanvar 1990-cı il tarixdən 18 may 1992-ci il tarixə kimi Laçın rayon Su tikinti idarəsində kadrlar şöbəsində mütəxəssis vəzifəsində işləməklə əmək stajına malik olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar