Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3130/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X12 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X3, iddiaçının vəkili X5, Cavabdeh1 və Cavabdeh2 vəkili X6 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5334/2017 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X18 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evdən Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X10 və Cavabdeh2 çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(005)- 5334/2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(103)-22/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(005)-5334/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)-8078/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh2 vəkili X15 apellyasiya şikayəti ilə razı olduğunu bildirdi, iddiaçının nümayəndəsi X14 və iddiaçının vəkili X16 isə apellyasiya şikayətinə etiraz etdilər. Digər cavabdehlər və üçüncü şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və mübahisənin predmetinin bölünməz olduğunu nəzərə alaraq kollegiya qeyd edir ki, apellyasiya şikayətinin yalnız Cavabdeh1 tərəfindən verilməsinə baxmayaraq, qətnamənin əsaslığı tam yoxlanılır. Mübahisə Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə qəsəbəsi, Batumi küçəsində yerləşən evlə bağlıdır. Həmin evin birinci mərtəbəsində iddiaçı, ikinci mərtəbəsində isə cavabdehlər ailə üzvləri ilə birlikdə yaşayırlar. İddiaçı bildirir ki, həmin evin yerləşdiyi torpaq sahəsini satın almaqla, həmin evi öz şəxsi vəsaitləri hesabına inşa etmiş və cavabdehlərə müvəqqəti olaraq həmin evdə yaşamalarına icazə vermişdir. Hazırda cavabdehlər evdə birgə yaşayış qaydalarını pozmaqla, onun və ailə üzvlərinin evdən sərbəst şəkildə istifadə etmələrinə mane olurlar. Ona görə də, cavabdehlərin həmin evdən çıxarılmalarını tələb edir. Cavabdeh1 iddiaya etiraz edir və bildirir ki, həmin evi o, öz maddi vəsaiti hesabına inşa edib və hazırda ona sahiblik və istifadə hüquqlarından istifadə edərək orada ailəsi ilə birlikdə yaşayır. Belə ki, o, 2015-ci ilin əvvəllərində özünə məxsus olan ünvan 2 ünvanındakı ikiotaqlı mənzili satıb əvəzində nisbətən geniş həyət evi tikmək qərarına gəlmişdir. Həmin ərəfədə münasibətləri yaxşı olan qardaşı Arif Abbasov ona bildirdi ki, həyat yoldaşı İddiaçı evinin yanında 1,4 sot sahəsi olan sənədsiz torpaq var, həmin sahəyə müvəqqəti sahiblik edir və orada özünün hər hansı tikinti aparmağa imkanı olmadığına görə onun özü üçün ev tikməyinə etiraz etmir. O, özünə məxsus ikiotaqlı mənzilini satmış, ondan iki gün sonra, yəni xx xxxxxx 2015-ci il tarixdən xx xxxxx 2015-ci il tarixədək müddət ərzində mübahisəli evi inşa etmiş və ailəsi ilə birlikdə oraya köçmüşdür. Həmin vaxtdan orada məcburi köçkün kimi qeydiyyatdadırlar. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mübahisəli ev Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Çünki həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və onun tikintisi üçün lazımi icazələr alınmamışdır. Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə isə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının əldə edilməsi mümkün deyildir. Bununla yanaşı iddiaçının istinad etdiyi halları (mübahisəli evin istifadəsində olan torpaq sahəsində onun vəsaiti hesabına inşa edilməsi) və Mülki Məcəllənin 11.1-ci maddəsinin (qanunun analogiyası) tələblərini nəzərə alaraq kollegiya qeyd edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, işin halları və qeyd olunan maddənin dispozisiya şərtlərinə görə iddianın əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının qanuni istifadə və sahibliyində olan torpaq sahəsidir, həmin ev yalnız iddiaçı tərəfindən inşa edilmiş, lakin cavabdehlər qanunsuz olaraq həmin torpaq sahəsi və evdən istifadə edirlər. Hazırkı işdə isə bu şərtlərin mövcudluğu təsdiq olunmur. Belə ki, mübahisəli torpaq sahəsinin iddiaçının qanunı istifadəsinə verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş və hər iki tərəflə ortaq qohum olan şahidlər X7, X11, X8, X4 və X1 və tikintidə işləyən digər şahid X9 ifadələrinə əsasən isə müəyyən olunur ki, mübahisəli evin tikintisində həm iddiaçının əri X3, həm də Cavabdeh1 vəsaiti xərclənmişdir. Göründüyü kimi mübahisəli ev iddiaçı ilə Cavabdeh1 birgə vəsaiti hesabına ortaq inşa edilmiş və hazırda da birinci mərtəbədə iddiaçı, ikinci mərtəbədə isə cavabdehlər yaşayırlar. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehlərin həmin evdən çıxarılmasını tələb etməkdə haqlı deyildir. Ona görə də, iddia tələbləri rədd edilməlidir. İddiaçının həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmasına dair kollegiya qeyd edir ki, qeydiyyatın məqsədi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda açıqlanmışdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi qeydiyyat hər hansı hüquq yaratmır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Sonuncuya dair kollegiya qeyd edir ki, əşyalara dair əmlak hüquqlarının yaranması, qeydiyyatı və s. məsələləri tənzimləyən mülki və mənzil qanunvericiliyinin tələblərinə görə iddiaçının mübahisəli yaşayış sahəsinə dair istifadə hüquqları yaranmamışdır. Çünki yuxarıda da qeyd olunduğu kimi Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının əldə edilməsi mümkün deyildir. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)-8078/2019 saylı qərarında göstərilənlərlə bağlı kollegiya qeyd edir ki, mübahisəli evin Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə qəsəbəsi, Batumi küçəsində yerləşməsi, həmin evin yeni inşa olunması və evin birinci mərtəbəsində iddiaçının, ikinci mərtəbəsində isə cavabdehlərin ailə üzvləri ilə birlikdə yaşamaları işin mübahisəsiz hallarıdır. Ona görə də, prosessual qənaət prinsipi baxımından mübahisəli evin hansı nömrəli ev olmasının araşdırılmasına zərurət yoxdur. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini, Konstitusiya Məhkəməsinin məsələ ilə bağlı şərhini və Ali Məhkəmənin mübahisə edilən qərarla bağlı hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verilərkən yuxarıdakı müzakirələrdən irəli gəlinən nəticədən qeyrisinə gəlmək mümkün olmur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5334/2017 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X18 və Cavabdeh2 qarşı ünvan 1 ünvanda yerləşən evdən Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X10 və Cavabdeh2 çıxarılmaları barədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2(103)-3130/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3130/2020
09.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver