Məhkəmə qərarları › İş №2(103)-3132/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3132/2025

02.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3132/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qızına qarşı iş üzrə (Açar sözlər: “mənzildən istifadə hüququnun tanınması, evə köçürülmə, istifadə qaydalarının müəyyən edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması, evə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-2326/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı xx.xx.2012-ci il tarixdə cavabdehin oğlu X8 ilə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X12, xx.xx.2017-ci il təvəllüdlü X9, xx.xx.2019-cu il təvəllüdlü X11 doğulmuşlar. Nikah Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4899/2024 nömrəli qətnaməsi ilə pozulmuşdur.

2. "xxxx" MTK ilə payçı Cavabdeh arasında olan xx.xx.2004-cü il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən, MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/ sahəsi, Xudu Məmmədov küçəsi, ev 20, korpus 1, giriş A, 18 saylı mənzil payçıya verilmiş, payçı mənzilin pay dəyərini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən mənzilin dəyəri Cavabdeh tərəfindən tam ödənilmişdir.

3. Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Xətai Rayonu, Əhmədli yaşayış sahəsi, Xudu Məmmədov küçəsi, ev 20, korpus 1, giriş A, 18 saylı mənzil Cavabdeh adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmaqla xüsusi mülkiyyətindədir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109.94 kv.metr olan 18 saylı mənzilə azyaşlı övladları – xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X11 ilə birlikdə köçürülmə və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş qaynatasıdır. O, iddiaçıya və keçmiş həyat yoldaşı X5 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2(011)-6941/2024 saylı mülki iş hakim Aynur Abdullayevanın icraatında olmuşdur. O, qarşılıqlı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbinin təmin edilərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109.94 kv.metr olan 18 saylı mənzilə azyaşlı övladlarının - 16 aprel 2013-cü il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X11 ilə birlikdə mənzilə köçürülmə və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdi. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6941/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadına əsasən iddiaçının Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması, köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” barədə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı ilə X8 arasında olan rəsmi nikah Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4899/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamənin surətini qarşılıqlı iddia ərizəsinə əlavə etmişdir. Bildirmişdir ki, cavabdeh X1 şəhərində yerləşən N saylı hərbi hissədə çalışırdı və onun aylıq əmək haqqı 1.350 manat təşkil edirdi. X10 N saylı hərbi hissədə artıq çalışmadığı üçün aylardır ki, iddiaçı aliment pulunu ala bilmir. İcra məmurundan aliment pulunun ödənilməsini tələb etdikdə, cavabdehin başqa gəlirlərinin olmadığını bildirir. İddiaçı bu ciddi məsələ ilə bağlı Mediasiya təşkilatında da müraciət etmişdir. Cavabdeh ona qərəzli münasibəti səbəbindən doğma övladlarına maddi yardım göstərmir. 6 aydır ki, iddiaçı övladlarına çətinliklə də olsa tək başına baxır. Bildirmişdir ki, onların ailəsinin dağılmasına səbəb cavabdehin iddiaçıya xəyanət etməsi olmuşdur. O, qazancını öz maraqlarına və evindən, övladlarından kənar xərcləməsi, qazancını iddiaçıdan gizləməsi və 3 övladı ilə maddi cəhətdən maraqlanmaması olmuşdur. Cavabdeh 2022-ci ilin may ayında öz xoşu ilə onu və 3 azyaşlı övladını yaşadıqları evdən qovmuşdur. Buna səbəb isə özünün ona birbaşa dediyi və özündən 6 yaş böyük bir qadınla 10 ildir ki, ailə münasibətlərində olduğu və artıq onu sevdiyini deməsi olmuşdur. Onu da qeyd etmişdir ki, o 3 azyaşlı övladı ilə birlikdə anası və atasının himayəsində yaşayır. Əmək haqqısı qətnamədə göstərildiyi kimi 2.000 manat deyil, iddiaçı 1.600 manat məbləğində əmək haqqı alır. Anası xəstədir və ahıl yaşlıdır. Övladlarına baxmaq üçün 400 manat məbləğində pul ödəyir və uşaqlarına dayə baxır. Bundan əlavə, övladlarının ikisi məktəblidir və onları məktəbə taksi aparıb-gətirir və məlumdur ki, bu da xərcdir. O, 3 övladı ilə birlikdə darısqal bir şəraitdə yaşayır. Onun övladlarının evə ehtiyacı var. Onun tək dərdi övladlarının normal yaşayışını qurmaq və onlara normal gələcək bəxş etməkdir. Cavabdeh özü 120 kv.m sahəsi olan evdə yaşayır və hər iki valideyni işləyir, kifayət qədər qazancları vardır. Onu qeyd etməyi vacib bilmişdir ki, o, 2023-cü ilin sentyabr ayından cavabdehin rəsmi işləməsi barədə sənədi əldə edə bilmir ki, icra məmuruna təqdim etsin və onun borcu hesablansın. Hazırda isə qətnamədə qeyd olunmuşdur ki, "xxxx" MMC-də təhlükəsizlik xidməti üzrə qoruyucu vəzifəsində çalışır və 556 manat məbləğində əmək haqqı alır. Halbuki, icra məmuru bildirir ki, o, işdən çıxıb və ona aliment ödənilmir. İddiaçı 2023-cü ilin sentyabr ayından aliment ala bilmir. Buna səbəb cavabdehin gəlirinin olmaması göstərilmişdir. Buna görə də məcbur olub hazırki iddiasını məhkəməyə ünvanlamışdır. İddia tələbini məhkəməyə ünvanladıqdan sonra cavabdehin işlədiyi də üzə çıxmışdır. İddiaçının bunları nəzərə çatdırmaqda məqsədi, nikah ləğv olundu və o, nə normal aliment ala bilir, nə yaşayış yeri ilə təmin olunur. Bir sözlə, 3 azyaşlı övladı ilə birlikdə o, küçəyə atılmışdır. O, 3 övladının haqqını istəyir. Bildirmişdir ki, o, gəlin köçdüyü gündən, yəni 2012-ci ildən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109.94 kv.metr olan 18 saylı mənzildə yaşamışdır. İddiaçının cehiz əmlakları da həmin mənzilə yerləşdirilmişdir. Hal-hazırda da cehiz əmlakları həmin mənzildədir və Cavabdeh tərəfindən yararsız hala salınmışdır. Onun əmlakları olan otaq səliqəsiz və paltarlar pis gündə, əşyalar üst-üstə yığılaraq yarasız hala salınmış, taxt, stol-stul və s. avadanlıqlar qırılıb-tökülmüşdür. Halbuki, onu evdən qovan zaman əmlakları tam istifadəyə yararlı vəziyyətdə idi. Belə ki, mübahisəli mənzil müqavilə ilə alınmışdır. Daha sonra Cavabdeh öz adına çıxarış əldə etmişdir. X8, Cavabdeh və ailənin digər üzvləri ilə birlikdə həmin evdə yaşamışdır və onlarla birlikdə təsərrüfat aparmışdır. Vacib məqamı bildirmişdir ki, Cavabdeh mediasiya təşkilatına müraciət etmədən birbaşa həmin iddia tələbini məhkəməyə ünvanlamışdır. İddiaçı 3 azyaşlı övladı ilə çətin bir vəziyyətdə yaşayır. Övladlarına həm atalıq, həm də analıq edir. 3 övladının bütün yükü onun üzərindədir. Onun bir xanım olaraq böyük dəstək və köməyə ehtiyacı var. Qanunların Aliliyinə inanır və buna görə də hazırkı tələbini məhkəməyə ünvanlamışdır.

6. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçı artıq 3 ildir ki, bu evdə yaşamır. Yoldaşı ilə ayrılıb. İddiaçı evdən çıxana qədər hər gün qırğın-dava olub. O, iddiaçını evdən qovmamışdır. Oğlu ilə ayrıldıqdan sonra evdən çıxmışdır. Əşyalarını hələ də çıxarmayıb, oğlu ilə nikahları pozulub. Oğlu atası xəstə olduğuna görə mübahisəli evə gəlib-gedir. İddiaçı gəlib onlarla yaşasa, evdə yenidən davalar yaranar. Əgər o gəlsə, gərək cavabdeh və ailəsi evdən çıxsın, iddiaçı yaşasın.

7. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, o, övladları ilə həmin mənzildə müvəqqəti sığınacaq əldə edib, kirayə haqqı ödəməməklə ilkin ödəniş yığıb övladlarına bir otaqlı mənzil almaq istəyir. Övladlarının gələcəyi üçün cəhd edir. Kirayədə qala-qala heç nə edə bilmir. Övladlarına görə heç kimlə qərəzi yoxdur. Mənzildə də yaşamaq hüququnu müvəqqəti istəyir. Övladlarına ilkin ödəniş ödəyərək, ev alıb həmin mənzildən çıxacaqdır.

8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 2326/2025 nömrəli qətnaməsi ilə (hakim S.C.Hacıyeva) iddia təmin edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, Cavabdeh ilə İddiaçı arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və bununla da İddiaçı qeyd edilən evdən istifadə hüququ yaranmadığından, cavabdeh iddiaçıya münasibətdə ailə üzvü olmadığından, mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə iddia tələbi də məhkəmə tərəfindən təmin edilə bilməz.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinə, Mülki Məcəlləsinin 27.2, 152, 228.1, 228.2, 228.5-ci maddələrinə, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2, 5, 9-cu maddələrinə, AR Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarına, Mülki-Prosessual Məcəllənin 9.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, o, 2012-ci ildə həmin mənzilə gəlin köçmüş, cehiz əmlakları həmin evə yerləşdirilmiş, cavabdehin razılığı ilə həmin mənzilə qeydiyyata alınmış və ailə üzvləri ilə birlikdə təsərrüfat aparmışdır. 2022-ci ildə mənzildən çıxmağına səbəb üç azyaşlı övladlarına cavabdehin kinli münasibət bəsləməsi səbəb olmuşdur. Ona olan haqsızlıqlara dözsə də, bir ana kimi övladlarına qarşı olunanlara dözə bilməmişdir. Bildirmək istəyir ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsində istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Onun və 3 azyaşlı övladının yaşamağa yeri yoxdur. Onun övladlarını mənzillə təmin etmək üçün maddi imkanı yoxdur. X2 tərəfindən müəyyən edilmiş aliment pulu da ödənilmir. O, daimi yaşamaq üçün istifadə hüququ istəmir. Müvəqqəti istəyir. Çünki kirayə haqqı ödəməkdə çətinlik çəkir. Övladlarının xərci, kirayə pulu, işlədiyi üçün övladlarına dayə tutmuş və onun haqqı və bütün bu xərcləri düşündükdə, ilkin ödəniş toplayaraq, mənzil sahibi ola bilmir. O, yuxarıda da qeyd etdiyim kimi müəyyən müddətə üç azyaşlı övladına sığınacaq istəyir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

15. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə iclasında iştirak edə bilməməsinin üzürlü səbəblərinə dair sübutlarını ərizəyə əlavə etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

18. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı: Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.https://e-qanun.az/framework/46945 Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamə tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdehin mənzilinə 2012-ci ildə sonuncunun oğlu ilə nikaha daxil olduqdan sonra köçmüş, evə dair cavabdehin mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Həmin tarixədək mənzil "xxxx" MTK ilə xx.xx.2004-cü il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehin sahibliyində və istifadəsində olmuşdur.

25. Kollegiya qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur.

26. Yuxarıda istinad olunan qanunvericiliyin tələblərinə əsasən iddiaçı cavabdehin ailə üzvü və ya digər qohumu hesab edilmədiyindən, onun cavabdehin mənzilindən istifadə hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir.

27. Beləliklə, iddiaçının cavabdehin mülkiyyətində olan mənzilindən istifadə hüququ mövcud olmadığından onun övladları ilə həmin mənzilə köçürülməsi və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilə bilməz.

28. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

29. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı cavabdehin keçmiş ailə üzvü hesab edilmədiyindən onun cavabdehə məxsus mənzildən müvəqqəti istifadə etmək hüququnun təmin edilməsi barədə xahişi məhkəmənin qərarı ilə təmin oluna bilməz.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

31. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-2326/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar