Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3133/2021 23.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “mənzillə bağlı notariat rəsmiləşdirməsinin təmin edilməsinə məcbur edilmə barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina № 29-da yerləşən 34 №-li mənzillə bağlıdır (bundan sonra – mənzil). 27.06.2018-ci il tarixdə mənzilə dair iddiaçı ilə cavabdehin arasında “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” müqavilə bağlanıb. Müqaviləyə əsasən cavabdeh həmin mənzili tikməyi, iddiaçı isə mənzilin qiymətini tam ödəməyi öhdəsinə götürüb. Cavabdehin verdiyi maliyyə arayışına görə iddiaçı mənzilin dəyərini tam ödəyib və cavabdehə borcu yoxdur. “Hüquqların qabaqcadan qeydiyyatı barədə” daşınmaz əmlakın dövlət reyestrindən arayışa görə cavabdehin mənzil üzərində mülkiyyət hüququ 20.12.2017-ci il tarixdə dövlət reyestrində qeydə alınıb. Cavabdeh həmin arayışı iddiaçıya təhvil verib. O cümlədən mənzil iddiaçının sahibliyində və istifadəsindədir. Tələb və onun həlli: İddia ərizəsinə tələb olunub ki, mənzillə bağlı hüquqların notariat rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün zəruri olan hərəkətlərin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, iddiaçının mənzillə bağlı hüquqlarının notariat rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün zəruri olan hərəkətlərin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Çoxmənzilli yaşayış binasında mənzil tikintisi ilə bağlı münasibətlər podrat münasibəti hesab olunur. Mülki Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Göründüyü kimi “hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir” ifadəsi ilə mülkiyyəti sifarişçiyə vermək podratçının vəzifəsi kimi müəyyən edilib. Ona görə də cavabdeh mənzil üzərində mülkiyyəti iddiaçıya verməyə borcludur. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 27.06.2018-ci il tarixli müqaviləni etibarsız hesab edir. Cavabdehin 1-ci dəlili ondan ibarətdir ki, iddiaçı həmin mənzili əldə etmək üçün cavabdehlə notariat qaydasında müqavilə bağlamalı idi. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçını hazırkı tələbi məhz notariat rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün zəruri olan hərəkətlərin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədədir. Əgər notariat qaydasında bağlanmış müqavilə mövcud olsayıdı hazırkı tələbin irəli sürülməsinə zərurət olmazdı. Ona görə də bu dəlil iddianın rədd edilməsinə əsas ola bilməz. Cavabdehin 2-ci dəlili ondan ibarətdir ki, müqaviləni cavabdehin adından bağlayan Mail İbadova (MMC-nin Baş direktoruna) cavabdehin təsisçiləri tərəfindən mənzilləri yalnız alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmək səlahiyyəti verilmişdi. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin halın mübahisənin düzgün həlli üçün əhəmiyyəti yoxdur. İddiaçı ilə bağlanmış müqaviləni cavabdehin səlahiyyətli şəxsi (MMCnin Baş direktoru) imzalayıb və müqavilə cavabdehin möhürü ilə təsdiq olunub. Müqavilə bağlanana qədər iddiaçıya Baş direktorun belə müqavilə bağlamağa səlahiyyətinin olmaması barədə məlumat verilməyib. Cavabdehin 3-cü dəlili ondan ibarətdir ki, müqavilədə və maliyyə arayışında mənzilin qiyməti qeyd olunmayıb. Bununla bağlı məhkəmə qeyd edir ki, belə müqavilələrdə qiymət mühüm (zəruri) şərt deyil. Ona görə də qiymətin göstərilməməsi müqavilənin etibarsızlığına səbəb ola bilməz. Maliyyə arayışında cavabdeh etiraf edib ki, iddiaçı mənzilin qiymətini tam ödəyib. Əgər iddiaçının həmin müqavilə üzrə cavabdehə borcu qalıbsa cavabdeh müvafiq sübutlar təqdim etməklə qiymətin ödənilməsi barədə tələb irəli sürə bilər. Birinci instansiya məhkəməsi iddianı təmin etsə də, qətnamə ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, 1-ci, qətnamədə kooperativlərlə bağlı maddi hüquq normalarına istinad olunub, lakin hazırkı mübahisənin tərəfi MMC-dir, kooperativ münasibətləri mövcud deyil. 2-ci, qətnamənin nəticə hissəsində cavabdehin üzərinə vəzifə qoyularkən “mənzillə bağlı hüquqlarının notariat rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün zəruri olan hərəkətlərin edilməsi vəzifəsi” ifadəsindən istifadə olunub, bu ifadə hüquqi müəyyənliklə bağlı tələbə cavab vermir, çünki hansı hüququn və hansı hərəkətin nəzərdə tutulduğu aydın deyil. Ona görə də mənzilin iddiaçının mülkiyyətinə verilməsi üçün zəruri olan əqdi iddiaçı ilə bağlamaq vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin belə əqd bağlamaq vəzifəsi Mülki Məcəllənin 752.2-ci maddəsinin göstərişindən irəli gəlir. Cavabdeh başqa mülki işdə “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 27.06.2018-ci il tarixli müqavilənin etibarsız sayılması barədə tələb irəli sürsə də həmin hal hazırkı iş üzrə icraatın dayandırılmasına əsas deyil, çünki müqavilənin etibarsız sayılması üçün cavabdehin istinad etdiyi halların hazırkı işdə araşdırılması və qiymətləndirilməsi mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina № 29-da yerləşən 34 №-li mənzilin İddiaçı mülkiyyətinə verilməsi üçün zəruri olan əqdin notariat qaydasında bağlanması vəzifəsi “xxxx” MMC-nin üzərinə qoyulsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3133/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3133/2021
23.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver