Məhkəmə qərarları › İş №2(103)-3135/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3135/2025

11.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3135/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X6 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Ərizəçinin oğulları X9 və X4, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fillialı maraqlı şəxs qismində cəlb edilməklə) əmək stajı faktının müəyyən edilməsinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-487/2025 saylı, 06 fevral 2025-ci il tarixli qətnaməsindən maraqlı şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə 11 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fillialı maraqlı şəxs qismində cəlb edilməklə) əmək stajı faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyi Nərimanov rayonu 1 saylı avtokolonunda sürücü peşəsində işəməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1979-cu ildən başlamışdır. 2023-cü ilin noyabr ayında 65 yaşı olduğuna görə ona yaşa görə müavinət təyin edilmişdir. 30 ilə yaxın əmək stajı olsa da, əmək kitabçasını itirdiyinə görə stajının olduğunu sübut edə bilməmişdir. Müxtəlif sənədlərlə stajının 13 ilini bərpa edə bilmişdir. O, xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi X10 2 nömrəli avtokolonunda sürücü işləmişdir. Çörək daşıyan maşınla mağazalara çörək daşımışdır. İşlədiyi müəssisə əvvəlcə Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyi Nərimanov rayonu 1 saylı avtokolonu adlanırdı. Sonradan həmin müəssisə ləğv olunmuş və əvəzində səhmdar cəmiyyəti yaradılmışdır. Hal-hazırda səhmdar cəmiyyəti yoxdur və harada yerləşməsi barədə məlumatı yoxdur. Ona görə də, əmək stajı barədə məlumat əldə edə bilmir. Onun həqiqətən Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyi Nərimanov rayonu 1 saylı avtokolonunda xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi sürücü işləməsini həmin dövrdə onunla bərabər işləmiş şəxslər təsdiq edə bilərlər. Arxiv idarəsinə müraciət etsə də, ona cavab olaraq bildirilmişdir ki, Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyi Nərimanov rayonu 1 saylı avtokolonun sənədləri arxivə verilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-487/2025 saylı, 06 fevral 2025-ci il qətnaməsi ilə ərizənin təmin olunması, Ərizəçi xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyinin 1 saylı avtokolonunda sürücü işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən maraqlı şəxsin nümayəndəsi tərəfindən apelyasiya şikayəti verilərək, qeyd olunmuşdur ki, ərizəçi yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Mərkəzi Filiala müraciət etməmişdir. Ərizəçinin tələbi qanunsuz və əsassız olduğundan aşağıda qeyd olunanlara görə təmin edilməməlidir. Belə ki, iş üzrə icraat materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Ərizəçi xx.xx.1958-ci il tarixdə doğulmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş "xxxx" ASC-nin arxiv arayışına əsasən Ərizəçi xx.xx.1976-cı il tarixdə tornaçı şagirdi peşəsinə qəbul olmuş xx.xx.1977-ci il tarixdə işdən azad olunmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş 2901.2024-cü il tarixli 14-2/2-E-311-1/2024 nömrəli arxiv arayışına əsasən, Ərizəçi xx.xx.1977-ci il tarixdə Suraxanı texnoloji nəqliyyat idarəsinin 3 nömrəli kolonuna avtomobillərin təmiri üzrə 1-ci dərəcəli çilingər peşəsinə qəbul edilmiş, xx.xx.1977-ci tarixdə ordu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. İş üzrə icraat materiallarında olan əmək müqaviləsi bildirişlərinin surətinə əsasən, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş üzrə icraatı materialları ilə müəyyən edilir ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etməmişdir. Əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq eden lazımi sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmadığını müəyyən etmişdir. Lakin, ərizəçi tərəfindən ərizəçinin işlədiyini iddia etdiyi dövrlər üzrə (xx.xx.1981xx.xx.2000) təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallar baş verməmiş və ya bununla bağlı hər hansı bir sənəd, sübut təqdim edilməmişdir. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının hüquqi marağı ona iş stajını təsdiqlədərək yaşa görə əmək pensiyası təyin edilməsi olsa da, iddiaçının ümumi stajı qanunvericiliklə tələb olunan 25 ilə tamamlanmadığından hüquqi nəticə yaratmayacaqdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin oğulları (doğum haqqında şəhadətnamələr əsasında şəxsiyyətləri eyniləşdirilmişdir) X9 və X7 ölüm haqqında şəhadətnamə təqdim edərək ataları və eyni zamanda Ərizəçi xx.xx.2025-ci ildə vəfat etdiyini bildirmişlər. Əlavə olaraq anası X1 isə atasından daha öncə - xx.xx.2023-cü il tarixdə dünyasını dəyişdiyini bildirərək müvafiq ölüm haqqında şəhadətnaməni məhkəməyə təqdim etmişlər. Nəticə etibarilə iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi üzrə icraata xitam verilərək qətnamə ləğv olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. O cümlədən iş materiallarında olan xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, ərizəçinin arvadı X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. MPM-in 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. MPM-in 58.2-ci maddəsinə əsasən, hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Yuxarıda da göstərildiyi kimi Ərizəçi xx.xx.2025-ci il tarixdə vəfat etmiş, həmçinin mərhumun həyat yoldaşı X3 da xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Lakin iddia tələbi ərizəçinin əmək stajı faktının müəyyən olunması ilə bağlı olduğundan, o cümlədən həmin faktın müəyyən olunması nəticəsində yarana biləcək pensiya hüququnun da ərizəçinin arvadına ötürülməsi sonuncunun da vəfatı səbəbilə mümkün olmadığından hazırda barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən icraatın davam etdirilməsinin mümkün olmadığı qənaətinə gələrək bildirir ki, iş üzrə icraata xitam verilməlidir. MPM-in 261.0.7-ci maddəsinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, iş üzrə icraata xitam verilməlidir. MPM-in 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. MPM-in 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384, 387, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-487/2025 saylı, 06 fevral 2025-ci il qətnaməsi ləğv olunsun və Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Xüsusi icraat qaydasında ərizənin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onu ödəmiş şəxsə aid olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar