Məhkəmə qərarları › İş №2(103)-3137/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3137/2020

04.06.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3137/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X1 və xndan ibarət tərkibdə, Məhkəmə iclas katibi X17 oğlunun katibliyi, İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X6 və X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin boşaldılması, açarların təhvil verilməsi, mənzildən istifadə, sahiblik hüquqlarının həyata keçirilməsinə müdaxilələrə son qoyulması öhdəliyinin cavabdehə həvalə edilməsi və mənəvi ziyanın ödənilməsi barədə iddiası üzrə Xətai rayon Məhkəməsinin 2(011)-3195/2017 saylı, xx xxxxx 2017-ci il tarixli qətnaməsindən (hakim Namidar Misirzadə) Cavabdeh apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri Xətai rayonu Levanevski küçəsində yerləşən 12 saylı evin 16 nömrəli mənzilinin orada yerləşən əşyalarla birlikdə tam boşaldılaraq natura şəklində iddiaçıya təhvil verilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi ilə eyni vaxtda mənzilin açarlarının cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi, mənzildən iddiaçının maneəsiz istifadə, sahiblik və bu kimi qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlarının həyata keçirilməsi zamanı müdaxilələrə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş 50000 manat məbləğində mənəvi ziyanın və iddia ərizəsinin məhkəməyə verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli ev “X3 Mərkəzi” MMC tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələblərinə əsasən 44.200 manata ona satılmışdır. O, hərrac mərkəzindən almış olduğu ünvan 1 mənzil 16 ünvanda yerləşən mənzilə dair xx.xx.2016-cı il tarixdə mülkiyyət hüquqlarını təsdiq edən RX seriyalı ******* saylı çıxarış almışdır. Cavabdeh bu günədək həmin evdən qeydiyyatdan çıxmır və evi boşaltmaqdan imtina edir. Qeyd edilən mənzilin hərracda əldə edilməsinin səbəbi, vaxtı ilə mənzilin ipoteka ilə yüklü edilməsi olmuşdur. Mənzil ipoteka ilə kredit təşkilatının qarşısında yüklü edilən zaman, heç kəs orada qeydiyyatda olmamışdır. Hətta bu günə qədər də həmin evdə qeydiyyatda olan yoxdur. Bu isə əvvəlki mülkiyyətçinin, eləcə də əvvəlki mülkiyyətçinin icazəsi ilə hər hansı üçüncü şəxsin (şəxslərin) həmin mənzildə faktiki olaraq yaşamasını, həmin şəxslərin yaşamaq hüquqlarının və ya mənzildən istifadə hüquqlarının olmasını istisna edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2 (011)-3195/2017 saylı, xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayonu Levanevski küçəsi 12 saylı evin 16 saylı mənzilinin orada yerləşən əşyalarla birlikdə tam boşaldılaraq natura şəklində İddiaçı təhvil verilməsi, mənzilin açarlarının Cavabdeh alınaraq İddiaçı təhvil verilməsi, həmin mənzillə bağlı İddiaçı maneəsiz istifadə, sahiblik və digər hüquqlarının həyata keçirilməsi zamanı müdaxilələrə son qoyulması öhdəliyinin Cavabdeh üzərinə qoyulması, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3195/2017 saylı, xx xxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunsuzdur. Məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün düzgün nəticəyə gəlməmişdir. Belə ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-294/13 saylı, xx xxxxxxxx 2013-cü il tarixli icra vərəqəsi, Azərbaycan Respublikası Ali məhkəməsinin 2(102)-439 saylı, xx xxxxxx 2015-ci il tarixli icra vərəqəsi və Bakı şəhəri X20 Şöbəsinin xx/xx-27433/2 saylı, xx xxxx 2016-cı il tarixli sifariş məktubunun icrasına əsasən onun “xxxxxxxxxxxxxxxxx” MMC-yə olan borcu ipoteka ilə yüklü edilmiş ona məxsus Bakı şəhəri, Xətai rayonu, Levanevski küçəsi, ev 12, 16 saylı mənzilə yönəldilmiş, həmin mənzil “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə əsasən xx xxxxxxx 2016-cı il tarixdə keçirilən hərracda 44200 (qırx dörd min iki yüz) manata İddiaçı satılmış və bu barədə tərəflər arasında 68/01 saylı, xx xxxxxxx 2016-cı il tarixli açıq hərracın nəticələri haqqında yekun protokol imzalanmışdır. Hesab edir ki, məhkəmə qətnaməsi əsasında tutma yönəldilmiş ona məxsus olan mənzilin 52000 manat dəyərində ilkin hərrac qiymətləndirilməsi və 44200 manata satılması mövcud bazar qiymətlərinə uyğun deyildir. Həmin mənzil “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən 82.000 manat dəyərində qiymətləndirilmişdir və hal-hazırda mübahisəli mənzilin bazar qiyməti həmin ərazidə 82.000 manatdan az deyildir. Mənzilin qiymətləndirilməsindən onun xəbəri olmamışdır. Onun və ailəsinin yaşamağa başqa yaşayış yeri yoxdur. Buna görə də, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təşkil edilmiş xx xxxxxxx 2016-cı il tarixli hərracın və onun nəticələri haqqında tərtib edilmiş müqavilə qüvvəsinə malik olan 68/01 saylı protokolun etibarsız hesab edilməsi və ona məxsus ünvan 1 mənzil 16 ünvanda yerləşən mənzilin yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3195/2017 saylı, xx xxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsini ləğv edən Azərbaycan Respublikası Ali Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərarını aşağıdakılarla əsaslandırmışdır: “...Cavabdeh mübahisəli mənzildə tək deyil, ailəsi ilə birlikdə yaşayır. Birinci instansiya məhkəməsi mübahisəli mənzildə heç kimin pasport qeydiyyatında olmaması barədə Mənzil İstismar Sahəsinin verdiyi arayışı əsas götürərək cavabdehin mübahisəli mənzildə yaşayan ailə üzvlərini işdə iştirak etməyə cəlb etməmiş və mənzilin tam boşaldılıb iddiaçıya təhvil verilməsi və s. barədə qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bununla bağlı dəlilləri üzrə heç bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış və həmin qətnamələni dəyişdirmədən saxlamışdır. Halbuki, mənzildə yaşayan digər şəxslər cəlb edilmədən qəbul olunanbu məzmunda qətnamə gələcəkdə icra mərhələsində çətinlik və qeyri-müəyyənlik yaradacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, mənzilin tam boşaldılması özü-özlüyündə təkcə Cavabdeh deyil, həm də orada yaşayan bütün şəxslərin və əşyaların çıxarılmasını ehtiva edir və bu baxımdan qəbul olunan qətnamə ilə həmin şəxslərin də hüquq və vəzifələrinə dair məsələ həll olunduğundan onlar işdə iştirak etməyə cəlb olunmalıdırlar. Apellyasiya məhkəməsi işə yenidən baxarkən qeyd olunan pozuntunu aradan qaldırmalı, mübahisəli mənzildə cavabdehlə birlikdə yaşayan ailə üzvlərini işdə iştirak etməyə cəlb etməklə məhkəmə iclasının vaxtı və yeri haqqında onları lazımi qaydada xəbərdar etməli, onların mənzildə hansı əsasla yaşadıqlarını müəyyən etməli və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətlərinə qiymət verilməlidir.» Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə təkrar apellyasiya baxışı zamanı Cavabdeh ailə üzvləri olan X7, X10, X12, X8 və X9 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. Apellyasiya instansiyası məhkəməsində işə cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X9 məhkəmə iclasında izahat verərək Cavabdeh həyat yoldaşı olduğunu, həyat yoldaşı və uşaqları ilə birlikdə mübahisəli mənzildə yaşadıqlarını, lakin başqa ünvanda qeydiyyatda olduqlarını bildirmişdir. O, hazırda da həmin mənzildə yaşmaqda davam etdiklərini, həmin mənzildən savayı başqa yaşayış yerlərinin olmadığını bildirərək, iddiaya etiraz etdiklərini, verilmiş apelyasiya şikayətini müdafiə etdiklərini bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş digər şəxslər də X9 ilə eyni məzmunlu izahatlar verərək apellyasiya şikayətini müdafiə etdiklərini bildirmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı və Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə mövqeyini nəzərə alıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Levanevski küçəsi, ev 12, mənzil 16 İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 101 saylı MKİS tərəfindən verilmiş 437 saylı, xx.xx.2012-ci il tarixli arayışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Levanevski küçəsi, 12 saylı evin, 16 saylı mənzilində qeydiyyatda heç kim yoxdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 (102)-439/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-664/2014 saylı iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi illik 56% dərəcəsi ilə hesablanmış 3547.68 manat məbləğində borcun tutulması hissəsində dəyişdirilməsi, həmin hissədə borc məbləğinin 1773,84 manat müəyyən edilməsi, Cavabdeh ümumilikdə 27159,13 manat məbləğində pul tutulub iddiaçı “X19 X11” X2 xüsusi hesabına köçürülməsi qərara alınmışdır. İş materiallarında olan 68/01 saylı xx.xx.2016-cı il tarixli “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında protokolu”ndan və xx.xx.2016-cı il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilədən görünür ki, Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, Levanevski küçəsi 12 saylı evin, 16 saylı mənzili 44200 manata İddiaçı əldə etmişdir. Mənzilin ilkin satış qiyməti 52000 manat olmuşdur. İş materiallarında olan məhkəmə qərarlarından görünür ki, iddiaçı Cavabdehlər xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə, “xxxxxxxxxxxxxxxxx” MMC-yə və Xətai Rayon İcra Şöbəsinə qarşı “hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbi barədə iddiası Nərimanov rayon Məhkəməsinin 2 (005)-72/2017 saylı, xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2 (103)-8842/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2 (103)- 8842/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı cavabdehin kredit borcuna görə ipoteka ilə yüklü edilmiş və kredit borcunu ödəmədiyinə görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tutma yönəldilmiş Bakı şəhəri Xətai rayonu Levanevski küçəsi 12 saylı evin 16 saylı mənzilini açıq hərracda qanuni əsaslarla əldə etmişdir və hazırda həmin mənzilin mülkiyyətçisidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edlmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş redaksiyada 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq,əmlakdan istifadə etmək və onun barəsində sərəncam verməkhüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, müİkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndənbu hərəkətlərə son qoymağıtələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdəmülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilətələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Xətai rayonu Levanevski küçəsi 12 saylı evin 16 saylı mənzilinin orada yerləşən əşyalarla birlikdə tam boşaldılaraq natura şəklində İddiaçı təhvil verilməsi, mənzilin açarlarının Cavabdeh alınaraq İddiaçı təhvil verilməsi, həmin mənzillə bağlı İddiaçı maneəsiz istifadə və sahiblik hüquqlarının həyata keçirilməsi zamanı müdaxilələrə son qoyulması öhdəliyinin Cavabdeh üzərinə qoyulması, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi ilə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mənzillə bağlı iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlarının həyata keçirilməsi zamanı müdaxilələrə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, iddia tələbi həmin hissədə qeyri-müəyyən olmaqla, iddiaçının pozulmuş hansı hüququnun təmin edilməsini əks etdirmir. Bu səbəbdən də, qeyd edilən tələbin təmin edilməsi qətnamənin icra mərhələsində çətinlik yaratmaqla, faktiki olaraq cavabdehin hər hansı digər hüququnun mövcud olub-olmadığına qiymət verilməsini qətnaməni icra edən qurumun üzərinə qoymuş olacaqdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün hüquqi və fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının 6.8-ci bəndinə görə, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində irəli sürülmüş dəlillər iddianın tam rədd edilməsi üçün əsas olmasa da, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının «iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlarının həyata keçirilməsi zamanı müdaxilələrə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair hissədə düzgün tətbiq edilməməsi ilə çıxarıldığı, məhkəmənin həmin tələblə bağlı gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığı üçün apellyasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə qismən ləğv edilməli və iş üzrə müəyyən olunmuş hallar üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3195/2017 saylı, xx xxxxx 2017-ci il tarixli qətnaməsi qismən – «Bakı şəhəri Xətai rayonu Levanevski küçəsi 12 saylı evin 16 saylı mənzillə bağlı iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlarının həyata keçirilməsi zamanı müdaxilələrə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması» hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3195/2017 saylı, xx xxxxx 2017-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Əsli ilə düzdür: Hakim: Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar