Məhkəmə qərarları › İş №2(103)-3138/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3138/2023

08.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3138/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «X5 Kompani S.A» Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı «X5 Kompani S.A» Şirkətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı «X5 Kompani S.A» Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-66/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. “X5 Kompani S.A” Şirkəti tərəfindən 22 noyabr 2017-ci il tarixdə verilmiş ümumi etibarnamədə Panama Respublikasının qanunları əsasında qanuni olaraq təsis olunan şirkətin Direktorlar Şurasının qərarı ilə şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə direktor (menecer) vəzifəsinə təyin edilmiş Pakistan vətəndaşı Pervaiz Naveedə Şirkətin adından 16 bənddən ibarət işlərin yerinə yetirilməsi üçün səlahiyyət verilmişdir.

2. 24.02.2022-ci il tarixli aktdan müəyyən olunur ki, İ saylı neft-qaz çıxarma sexin ərazisində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi ünvanında Cavabdeh tərəfindən 70-80 m2 ölçüdə olan sahədə dəfələrlə edilən xəbərdarlığa baxmayaraq özbaşına olan tikilinin başa çatdırıldığı aşkar olunmuş, nə torpaq sahəsinə, nə tikiliyə dair sənəd təqdim olunmamışdır.

3. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.1983-cü ildən ünvan 1 ünvanında qeydiyyatdadır.

4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Ağentliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisində “X5 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsinə verilmiş dövlət mülkiyyətinə aid torpaq sahəsində vətəndaş Cavabdeh tərəfindən tikinti işinin aparılmasının qarşısının alınmasına köməklik göstərilməsi barədə 1187/AS nömrəli 17 noyabr 2020-ci il tarixli müraciətinizə X1 Təşkili üzrə Dövlət Agentliyinə baxılmışdır. Müraciətdə qeyd olunan məsələ Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılmış, vətəndaş tərəfindən sözügedən ərazidə yerləşən torpaq sahəsinə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tikinti işinin aparılması faktı təsdiqini tapmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı “X5 Kompani S.A” Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 39 T 415745.00 m B 4475331.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** №-li hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "X5 Kompani S.A.” Şirkəti "Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. “X5 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün "X5 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ "X5 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neftqaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. "X5 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Halhazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüquqları mövcuddur. Son illər istifadəsində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması onların qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunsa də, cavabdehlər onların tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirmişlər. "X5 Kompani S.A. ”şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov kiiçəsi, 39 T 415745.00 m B 4475331.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Tikilidən 4 metr aralıda şirkətin balansında olan 694 saylı ləğv edilmiş, təxminən 100 metr aralıda isə, 1427, 1224 və 76354 saylı fəaliyyətdə olan neft quyuları mövcuddur. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdı. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdi. Lakin qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirlər. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-66/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı “X5 Kompani S.A.” şirkətinin Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması" tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə hesab etmişdir ki, iddia tələbinin dəlilləri işin halları ilə öz təsdiqini tapmır və iddia təmin edilə bilməz. Belə ki, cavabdehin və onun ailə üzvlərinin yaşadıqları mübahisəli fərdi yaşayış evi uzun illər öncə tikilməsinə və istifadəyə qəbul edilməsinə baxmayaraq, iddiaçı tərəf həmin evin əvəzində tikilmiş evin qanunsuz tikinti kimi sökülməsini tələb edir. İş materiallarından müəyyən olunur ki, həmin torpaq sahəsi iddiaçı şirkətin istifadəsinə 2005-ci ildən verilmiş və həmin torpaq sahəsi istifadəyə verilən zaman orada yaşayış evləri mövcud olmuş və iddiaçı tərəfindən həmin torpaq sahəsi yüklü şəkildə qəbul edilmişdir. Belə ki, cavabdeh tərəf 1983-cü ildən həmin evdə ailə üzvləri ilə birlikdə yaşamışdır. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olsa da, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehin ailə üzvlərinə, eləcə də cavabdehin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. Bu illər ərzində cavabdehin və onun ailə üzvlərinin orada yaşamasına nəinki maneçilik törədilməmişdir, əksinə onlardan həmin evdə rahat yaşamaları üçün su, qaz və elektrik xətləri çəkilməklə həmin xidmətlərə görə müvafiq haqq alınmışdır. Göstərilən orqanlar cavabdehə müvafiq kommunal xidmətlər göstərməklə və eləcə də susmaqla əslində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə dolayısı ilə öz razılıqlarını bildirmişlər. Bundan əlavə Cavabdeh və onun ailə üzvlərinin yaşaması üçün başqa yaşayış sahəsi mövcud deyildir.

9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 152.2ci maddələri, “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1, 44-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə 24 aprel 2012-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əhmədova Azərbaycana Qarşı” iş üzrə xx.xx.2021-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı «X5 Kompani S.A» Şirkəti apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-66/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır və məhkəməyə təqdim edilən sənədlərdən mübahisəli torpaq sahəsinin kontrakt ərazisinin hüdudları daxilində yerləşməsi, cavabdehin nə tikiliyə, nə də ki tikilinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin mövcud olmaması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən **********83 saylı xx.xx.2022-ci il tarixli və X1 Təşkili üzrə Dövlət Agentliyinin **********83 saylı xx.xx.2020-ci il tarixli məktubları ilə təsdiqlənmişdir. Eyni zamanda həmin tikilidən 4 metr aralıda 694 saylı ləğv edilmiş, 57 metr şimal istiqamətində 76354 və şimal-qərb istiqamətində 35 metr aralıda 1224 saylı fəaliyyətdə olan neft quyularının yerləşməsi xx.xx.2020-ci il tarixli nümayəndəliyin baş geoloq əvəzi M.Ə.Əhmədovun imzası ilə təsdiqlənmiş arayışla müəyyən edilmişdir. Lakin, birinci instansiya Məhkəməsinin hakimi bütün bunları nəzərə almamış, qətnamə çıxararkən isə maddi hüquq normalarının pozuntusuna yol vermişdir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli 2 nömrəli qərarının 3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxdıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Məhkəmələrin diqqətinə çatdırılsın ki, torpaq mübahisələrinə baxıldıqda işdə iştirak edən şəxslərin dairəsi tam müəyyən edilməli, torpaq üzərində dövlət mülkiyyət hüququna toxunan mübahisələr olduqda səlahiyyətli dövlət orqanlarının və ya onların yerli orqanlarının və digər icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin prosesdə iştirakı təmin edilməlidir. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır və məhkəməyə təqdim edilən sənədlərdən mübahisəli torpaq sahəsinin kontrakt ərazisinin hüdudları daxilində yerləşməsi, cavabdehin nə tikiliyə, nə də ki tikilinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin mövcud olmaması və həmin ərazinin ARDNŞ-nin istifadəsində olması təsdiqlənmişdir. “X5 Kompani S.A.” Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ciil tarixli Sazişə əsasən fəaliyyət göstərir. Sazişin 25.1-ci maddəsinə əsasən, “...Bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikası Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla)”. Qeyd olunan mübahisəli torpaq sahəsidə Kontrakt sahəsinin hüdudları daxilindədir. Bu, məhkəməyə təqdim edilən sənədlərdən və məhkəmə araşdırmasından tamaydın olsa da, məhkəmə bu fakta düzgün hüquqi qiymət verməmiş və nəticədə əsasız qətnamə qəbul etmişdir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır, lakin cavabdeh nə torpaq sahəsinə nə tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

13. İddiaçı «X5 Kompani S.A» Şirkətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirir ki, cavabdehə yazılı formada mübahisəli torpaq sahəsində heç bir tikinti aparılmaması tərəflərindən bildirilmişdir. Bir müddət ərzində tikinti dayandırılsa da, daha sonra cavabdeh tikintini davam etdirmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən onlara cavab yazılmışdır ki, mübahisəli torpaq sahəsi «X5 Kompani S.A» Şirkətinin hüdudları daxilində yerləşir. Tikilinin yaxınlığında quyular var ki, onlar çox təhlükəlidir. Hətta keçən həftə də partlayış olmuşdur. Həmin ərazidə evlər mövcuddur lakin, onlar 2005-ci il tarixdən əvvəl tikilmişdir. Ona görə də onlar bunu mübahisələndirə bilmirlər. Cavabdeh isə 2005-ci ildən sonrakı tarixdə evinin qarşısında əlavə tikinti işləri aparmışdır. İddianın təmin edilməsini xahiş edir.

14. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, evin birinci mərtəbəsi zirzəmidir, orada yaşamaq mümkün deyil. Qızının 4 övladı dünyaya gəldikdən sonra o, Prezident Adminstrasiyasına, X6 müraciətlər edib. Çünki həmin evdə uşaqların yaşaması mümkün deyildi. O daha sonra Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edib. Evə baxış keçiriblər və ona icazə veriblər ki, həyətdə tikinti aparsın, yaşayış evi düzəltsin. Ona icra hakimiyyətindən icazə verilib, hətta onlara icra hakimiyyəti tərəfindən maddi yardım da göstərildi.

Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikası Konstitusiyası

15. Maddə 29. İİİ bənd. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

17. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

18. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

19. Maddə 4.3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.

20. Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

21. Maddə 49.1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

22. Maddə 50.4 Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir.

23. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

24. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

25. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Apellyasiya baxışının hədləri

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, iddiaçı hazırkı iddiasında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 39 T 415745.00 m B 4475331.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili olaraq "Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən "X5 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsinə verilmiş torpaq sahəsininin hüdudları daxilində olmasına istinad edərək sökülməsini, tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılmasını xahiş edir.

31. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilmiş və ona istinad edilmişdir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olsa da, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehin ailə üzvlərinə, eləcə də cavabdehin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. Bu illər ərzində cavabdehin və onun ailə üzvlərinin orada yaşamasına nəinki maneçilik törədilməmişdir, əksinə onlardan həmin evdə rahat yaşamaları üçün su, qaz və elektrik xətləri çəkilməklə həmin xidmətlərə görə müvafiq haqq alınmışdır.

32. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, cavabdehin nə tikiliyə, nə də ki tikilinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədlər mövcud olmamış, həmin tikilidən 4 metr aralıda neft quyuları yerləşmişdir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materialından müəyyən edilmişdir ki, "X5 Kompani S.A.” Şirkəti "Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərmiş və Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. 16 avqust 2005-ci il tarixli Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün "X5 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sərəncamına vermişdir.

34. Digər tərəfdən iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.1983-cü ildən ünvan 1 ünvanında qeydiyyatdadır.

35. Cavabdehin izahatından müəyyən edilir ki, yaşadıqları yaşayış evinin pis vəziyyətdə olması səbəbindən uşaqların həmin evdə yaşamaları qeyri-mümkün olduğu üçün onların evlə təmin olunmaları ilə bağlı olaraq Prezident Administrasiyasına müraciət edilmiş, Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndələri onun yaşayış sahəsinə baxış keçirmişlər. Suraxanı rayon İcra Hakimiyyətindən isə onun yeni evlə təmin edilməsinin mümkün olmaması bildirilmiş, ona həmin həyətdə başqa yaşayış evinin tikilməsinə icazə verilmişdir. Bununla yanaşı yeni evin tikilməsi üçün maddi yardım ayrılmışdır. Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsində mövcud olan köhnə və yararsız fərdi yaşayış evi yenilənmişdir.

36. Göründüyü kimi, mübahisəli torpaq sahəsi 16 avqust 2005-ci il tarixli Sazişə əsasən iddiaçının istifadəsinə verilməmişdən əvvəl cavabdeh və onun ailəsi həmin torpaq sahəsində məskunlaşmış, torpaq sahəsində yaşayış evi tikilmişdir. Torpaq sahəsində inşa edilmiş tikili ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədlərin olmaması ilə bağlı iddiaçının şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən ona yaşayış sahəsinin ayrılması ilə bağlı müvafiq icra hakimiyyətinə müraciət edilmiş, icra hakimiyyəti tərəfindən cavabdehə mübahisəli ərazidə tikinti işlərinin aparılmasına etiraz edilmədiyi bildirilmişdir.

37. Belə ki, Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan müəyyən olunmuşdur ki, mənzil şəraitinizin yaxşılaşdırılması məqsədi ilə torpaq sahəsi ayrılması haqqında elektron ərizəyə Suraxanı Rayon icra Hakimiyyətində baxılmışdır. Bildirilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu və Torpaq Məcəlləsinin 59-cu maddələrinə əsasən 01 yanvar 2001-ci il tarixdən fərdi və kooperativ mənzil, bağ evləri, qaraj tikintisi, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün vətəndaşlara torpaq sahələrinin ayrılması yerli bələdiyyələr tərəfindən həyata keçirilir. Eyni zamanda, qardaşının öz həyatyanı sahəsindən ona ayırdığı 1 sot torpaq sahəsində mənzil şəraitini yaxşılaşdırılması məqsədi ilə fərdi yaşayış evinin tikintisinin aparılmasına RİH tərəfindən etiraz edilməmişdir.

38. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.

39. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. 40.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə etdiyi hüquqi mövqe bundan ibarətdir ki, əgər qanunsuz tikintiyə başlandığı andan etibarən aidiyyəti qurumlar (sahənin müvəkkili, bələdiyyənin işçiləri, icra hakimiyyətinin nümayəndələri) qanunsuz tikinti faktından xəbər tuturlarsa, “gözlərini yummaq” üçün susurlarsa və bununla vətəndaşa tikinti aparmaq üçün örtülü də olsa icazə verirlərsə, vətəndaş həmin evi tikib qurtarırsa, orada illərlə yaşayırsa, həmin qanunsuz tikili hesab olunan evə telefon xətti çəkilirsə, işıq, su və qaz sayğacı quraşdırılırsa, həmin evdə yaşayan şəxs yaşadığı evin bütün kommunal xərclərini ödəyirsə, onda dövlətdaxili qanunvericiliyə əsasən ev daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatdan keçməmiş olsa belə, həmin ev ümumi anlamda şəxsin mülkiyyətində olan əmlak kimi qəbul edilməlidir.

41. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15- dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir.

42. Kollegiya hesab edir ki, iddiaçı Yeni ünvan 2 ünvanında xx.xx.1983-cü ildə qeydiyyatda olmaqla yaşadığından və mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti işlərinin aparılmasına Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən etiraz edilmədiyindən hazırki iddia tələbi əsassızdır.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

44. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

45. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

46. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı «X5 Kompani S.A» Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-66/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar