Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3138/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsi və Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: torpaqdan istifadəyə yaradılmış maneənin qadağan olunması və zəbt olunmuş torpaq sahəsinin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı (Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsi və Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “torpaqdan istifadəyə yaradılmış maneənin qadağan olunması və zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli 2(001)-446/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan SSR-nin Bakı şəhəri X12 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1979-cu il tarixdə verilən 183135 saylı orderinlə Ağa Neymatulla küçəsi, Kirov qəsəbəsi, ev 6, mənzil 4 ünvanda yerləşən 30 kv.m mənzil yaşamaq üçün X7 və ailə üzvlərinə verilmişdir.
2. Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ağa Neymətulla küçəsi, bina 6-da yaşayan İddiaçı, X10, X8 tərəfindən xx.xx.2021-ci il tarixli AKT-da qeyd edilmişdir ki, “yaşadığımız binanın arxasında yerləşən 4 saylı mənzilə məxsus həyətyanı sahə mən hələ uşaq ikən ailəmiz tərəfindən müvəqqəti olaraq vaxtilə qonşumuz Əhmədov Vahaba təsərrüfat fəaliyyəti üçün verilmişdi. Sonradan qonşumuz Əhmədov Vahab bu binadan köçdükdən sonra ona verilmiş həyətyanı sahə uzun illər baxımsız olaraq xarabalığa çevrilib. Baxımsız qalan bu həyətyanı sahə dəfələrlə müxtəlif vaxtlarda gənc insanların oraya yığışması, mübahisə edərkən qeyri-etik davranışları, kriminal ab havanın olması onlarda narahatlıq yaratmışdı. Bu həyətyanı sahənin ailəsinə məxsus olduğunu bildikdən sonra gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması üçün həyətə baxış keçirdilər. Orada gördükləri natəmizliyi və.s nəzərə alaraq abadlıq işlərinə onun tərəfindən başlanılmışdır.”
3. e-2(001)-185/2022 saylı mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticəsindən görə 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, cavabdeh İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yerləşdiyi müəyyən edilmişdir. Lakin Bakı şəhəri üzrə hazırlanmış bələdiyyə xəritələrinin təsdiq olunma mərhələsi tam olaraq yekunlaşmadığından torpaq sahəsinin mülkiyyət növünün müəyyən edilməsi mümkün olmamışdır.
4. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 145 saylı Mənzil Kommunal İstismar Sahəsinin vəkil sorğusuna 28 aprel 2022-ci il tarixli cavabında göstərilmişdir ki, Rəsulzadə qəsəbəsi, Ağa Neymətulla küçəsi, bina 6, mənzil 4 sözügedən mənzil 17 oktyabr 1952-ci ildə “Kirovneft” Neft-Qaz Çıxarma İdarəsində sürücü işləyən X1 ailəsinə verilmişdir. Həmin ailə göstərilən ünvandakı mənzili boşaldıb təhvil verdikdən sonra xx.xx.1979cu il tarixli, N 183135 saylı orderlə X4 4 nəfər ailə üzvü üçün ayrılmışdır. Yaşayış binası 1952-ci ildə tikilib istifadəyə verilmişdir. 1952-ci ildən 2012-ci ilin aprel ayına qədər Azərbaycan Dövlət Neft Şirkətinin balansında olmuşdur. 2012-ci ilin aprel ayından Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin balansına verilmişdir. Sözügedən mənzil xx.xx.2006-cı il tarixli N ******* saylı Çıxarışa əsasən X4 mülkiyyətinə verilmişdir. Hal-hazırda o, həmin mənzilin mülkiyyətçisidir.
5. Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 145 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli İddiaçı verilən arayışında qeyd edilmişdir ki, ünvan 1 ünvanda yerləşən yaşayış binasının arxasında olan torpaq sahəsinə sanitar təmizlik işlərinə qonşuların xx.xx.2021-ci il tarixli aktına əsasən İddiaçı nəzarət edir.
6. 05 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısının qərarı ilə İddiaçı istifadəsində olan torpaq sahəsinin zəbt olunması barədə şikayəti əsasında aparılmış araşdırmanın nəticəsində mübahisənin mülki xarakterli olduğu bildirilmiş və mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
7. İddiaçı X2 cavabdeh İddiaçı qarşı ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Neymatulla küçəsində yerləşən 300 kv.m torpaq sahəsinin boşaldılmasına, tikilinin əvvəlki vəziyyətə gətirilməsinə, cavabdeh tərəfindən torpaq sahəsinin istifadəsinə yönəlmiş maneələrin qadağan edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1182/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 evin arxa hissəsində yerləşən torpaq sahəsinin aerokosmik görünüşü və kordinatlarına əsasən “Q” şəkilli baş hissədən 9.42 metr, qurtracaq ayaq hissədən 28.63 metr, yan sol hissədən 68.34 metr, yan sağ hissədən 55.03 metr və “Q” hərfinin qurtaracaq uc hissəsi 15.93 metr, yan hissəsi 19.71 metr, cəmi 0,10 ha torpaq sahəsinin cavabdehlər tərəfindən ortadan zəbt olunmuş hissəsindən dəmir lövhələrlə bağlanmış arakəsmənin öz hesablarına sökülərək buradan götürülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və onun torpaqdan istifadəsinə yaradılmış maneənin qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 5 evin arxa hissəsində yerləşən torpaq sahəsinin aerokosmik görünüşü və kordinatları ilə müəyyən olunmuş “Q” şəkilli baş hissədən 9.42 metr, qurtaracaq ayaq hissədən 28.63 metr, yan sol hissədən 68.34 metr, yan sağ hissədən 55.03 metr və “Q” hərfinin qurtaracaq uc hissəsi 15.93 metr, yan hissəsi 19.71 metr,cəmi 0,10 ha torpaq sahəsi qonşuların imzaları ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli “AKT”lara əsasən və 145 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 579 nömrəli xx.xx.2023-cü il tarixli təsdiq olunmuş arayışına əsasən onun istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi istifadəsinə verilməmişdən öncə baxımsız qalmış, zibilliyə çevrilmiş, həyətin darvazası çürümüş, cardaq kimi quraşdılmış dəmir barmaqlıq və lövhələrlə üstü örtülmüş əşyalar onların və uşaqların səhhəti və həyatları üçün təhlükələr yaratmış, burada tez-tez tanımadıqları şəxslər toplaşaraq səs-küylər yaratmış, ictimai qaydaları pozmuşlar. Yuxarıda qeyd olunan sənədlərə əsasən torpaq sahəsi onun istifadəsinə və nəzarətinə verildikdən sonra o, burada abadlıq işləri aparmağa başlamış, ərazini zibildən təmizləmiş, həyat üçün təhlükəli olan yararsız hala düşən darvazanı təzə darvaza ilə əvəz etmiş, işıq çəkdirmiş, suvaq işləri gördürmüş və cardaq quraşdırılmış barmaqlıqların üzərində bərkidilməmiş dəmir lövhələrini buradan yığışdırtmışdır. Ümumilikdə isə buranın təmizlənməsi və abadlaşdılması işlərinə, təzə darvazanın qoyulmasına, işığın çəkilməsinə 4.000 manata qədər xərc çəkmişdir. Bu xərclər tərəfindən 2021-2022-ci illərdə çəkilmişdir. Bundan bir müddət sonra yəni 24 dekabr 2021-ci il tarixdə Q.Paşayev ona yaxınlaşıb torpağın onun olmasını bildirmiş və o, sahə müvəkkilinə zəng edib həmin yerə çağırtdırmışdır. Bundan sonra ona qarşı X5 “zəbt olunmuş torpaq sahəsinin boşaldımasına dair” iddia ərizəsi ilə Bakı şəhəri məhkəməyə müraciət etmiş, qətnamə ilə iddia ərizəsi təmin edilməmişdir. Məhkəmədə işləri tam qurtardıqdan sonra o, 2023-cü ildə yenidən burada əlavə xərclər çəkmiş, torpağı bütövlükdə zibillikdən təmizləmiş, su, kanalizasiya çəkdirmiş, qarajın üstünə beton töktürtmüş, içini suvatdırmış, sanuzel qovşağı düzəltdirmiş, həyətdə 150 kv.m ərzaziyə beton tökdürmüş, ağaclar əkmiş, uzunluğu 30 metr hündürlüyü 2,20 metr hasar tikdirmiş ki, bunlara da 9500 manat xərc çəkmişdir. X5 işi uduzduqdan sonra o, hazırkı iş üzrə cavabdehlərlə əlaqəyə girərək onları öyrətmişdir ki, torpaq onun əlimdən çıxdı, heç olmasa siz həmin torpaq sahəsini ələ keçirin. Bundan sonra cavabdeh öz həyətinin hasarından onun istifadəsinə verilmiş, torpaq sahəsinə qanunsuz qapı açaraq girmiş, həmin torpaq sahəsini ortadan kəsərək ona maneçiliklər yaratmış və torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Bununla bağlı o, Binəqədi RPİ-yə zəbt olunmuş torpaq sahəsinin boşaldılması və cavabdehlər barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmiş, iş buradan 4-cü PB-nə göndərilmiş, işə baxılaraq 05 iyun 2023-cü il tarixli Qərarla cinayət işinin başlanması rədd edildi, mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir.
10. Məhkəmə iclasında dindirilən şahid X6 ifadəsində bildirmişdir ki, o, təxminən 7 ay olar ki, ünvan 2 ünvanından köçmüşdür, lakin köhnə evinə yaxınlıqda yaşayır. O, ünvan 2 ünvanında yerləşən mənzilinə dövlət tərəfindən ayrılmış 2 sot torpaqda ev tikmiş, daha sonra binada yerləşən evini satmışdır. Onun tikdiyi ev mübahisəli torpaq sahəsinə baxırdı. Mübahisəli torpaq sahəsində həmişə İddiaçı görmüş və Zaur oranı təmizləmişdir. Verilən suallara cavab olaraq bildirmişdi ki, 2003-cü ildən ünvan 3 ünvanında yaşamışdır. Hazırda istifadə etdiyi torpaq sahəsini Zaur özü abadlaşdırmışdır. O, ilk əvvəl binada yaşamış və həmin ev rus milliyətindən olan Petya adlı şəxsə məxsus olmuşdur. Evini Şahin adlı şəxsə satmış, lakin evini satmamışdan əvvəl mənzilinə ayrılmış torpaq sahəsində fərdi həyət evi tikmişdir. Binada evi 2 otaqdan ibarət olmuşdur və ona dövlət tərəfindən 2 sot torpaq sahəsi verilmişdir, lakin heç vaxt ona qonşulardan hansı səbəbə görə az ölçüdə torpaq sahəsinin verilməsini maraqlanmamışdır. Azatın həyətinə axıra kimi keçmədiyindən orda qapı açılıb-açılmadığını bilməmişdir. Vahabı qonşu kimi tanımış, lakin münasibəti olmamışdır. Vahabın torpaq sahəsinin hansı hissəsindən istifadə etdiyini bilmir. Zaurgilin torpaq sahəsindən əvvəllər Vahab istifadə edirdi. Qurbanı bir-iki dəfə görmüş, münasibəti olmamışdır və torpaq sahəsindən istifadə etdiyini görməmişdir. Mübahisəli torpaq sahəsi zibillik idi, torpaq sahəsini Zaur təmizlətdirdi. Zaurgilə ayrılmış torpaq sahəsinin ölçüsünü bilmir və Zaurun torpaq sahəsinə tam daxil olmamışdır. Zaurun hazırda istifadəsində olan torpaq sahəsi ilə mübahisəli torpaq sahəsinin arasında çəpər var idi, lakin çəpərin nə vaxt qoyulduğunu bilmir. Hazırda Zaurun istifadə etdiyi torpaq sahəsinə sonuncu dəfə təxminən 2 il olar girmiş və sahəsi 4 sota yaxın olardı. Torpaq sahəsinin əvvəllər Vəli tərəfindən istifadə olunubolunmamasını bilmir.
11. Məhkəmə iclasında şahid kimi dindirilən X11 ifadəsində bildirmişdir ki, “o, Zaur və Azat ilə qonşudur. Bina 1952-ci ildə tikilib, o, 1960-cı ildə anadan olmuş və anadan olandan həmin binanın 11 saylı mənzilində yaşamışdır. Onun xalasının baldızının Cənubi Azərbancandan olan əri də həmin binanın 3 saylı mənzilində yaşayırdı. Həmin şəxs mühacir idi və Bakı şəhərində tək yaşayırdı, onun ailəsi o vaxtları İranda qalmışdı. O, Bakı şəhərində mühəndis işləyirdi. Onun həmin qohumunun torpaq sahəsi Kazakovun torpaq sahəsi ilə qonşu idi. Həmin torpaq sahəsi 4 metr enində və 35 metr uzunluğunda idi. Qohumu 1972-ci ildə Bakı şəhərində vəfat edəndən sonra torpaq sahəsini xalasının əri onlara verdi. O orada 1990-cı illərdə qaraj tikdi. Onun indiki torpaq sahəsi ilə qonşu olan Azad adlı şəxs maşın aldığından ona tikdiyi qarajla onun torpaq sahəsini dəyişməyi təklif etdi. O da Azada məxsus 4 sot torpaq sahəsini öz torpağıma qatmış və qarajı Azada vermişdir. Azad bir müddət qarajda maşın saxlamış, daha sonra komputer salonu kimi işlətmişdir. Azad cavan rəhmətə getdi və Azadın anası qarajı Kazakovun həyətini alan şəxsə yəni Qurbana satdı. Bundan sonra Kazakovun həyətinin eni 9 metr oldu. Hazırda həmin eni 9 metrlik olan torpaq sahəsi Zaurun istifadəsindədir. Buna qədər isə 1978-ci ildə Kazakovun arvadı vəfat edən zaman 12 saylı mənzilin sakini Vahab, Kazakovun Qarik adlı oğluna yaxınlaşaraq onun da anasının rus milliyətindən olmasını bildirərək, torpaq sahəsini ona verməsini xahiş etmiş və Qarik də hazırda Zaurun istifadəsində olan və mübahisəli torpaq sahəsini Vahaba vermişdir. Vahabın torpağın müqabilində Qarikə pul verməsini bilmir, Qarik spirtli içki aludəçisi idi. Vahab torpaq sahəsini binadan köçənədək, yəni 2007-ci ilədək özü istifadə etmişdir. Vahab hətta torpaq sahəsində balaca otaqlar tikərək kirayəyə də verirdi. Vahabın mənzili 1 otaqlı olduğundan o və ailəsi çox vaxt torpaq sahəsində olurdular, orada yemək bişirirdilər və günlərinin çox hissəsini orada keçirirdilər. Hətta Zaurun anası Vahabın arvadı ilə rəfiqə idilər, onlar orada birgə çay içib, söhbətləşirdilər. Vahab orada özü üçün balaca otaq da tikmişdi, çox vaxt orada qalırdı. O, 1992-ci ildə onlara ayrılan torpaq sahəsində özünə ev tikmişdir. Onun torpağının sağ tərəfinə bitişik iş üzrə cavabdeh Azatın torpağıdır. Azat əvvəllər onun hasarına bitişik toyuq-cücə saxlayırdı. Azat hazırda yaşadığı torpaq sahəsini belə almışdır ki, Kvıkinin oğlu spritli işçki aludəçisi idi, 1980-cı illərdə erməni milliyyətindən olan Robik adlı şəxsə o vaxtki məzənnə ilə 2000 rubla satdı, Robik həmin ərazidə özünə qaraj tikdi, lakin qaraj sonradan dövlət tərəfindən qanunsuz tikildiyi üçün söküldü, 1988-ci ildə erməni məsələsi olanda Robik daha Rəsulzadə qəsəbəsindəki evinə gəlmədi, Robik prokurorluğunda yanında yaşayırdı, təxminən 3- 4 il Robikin torpaq sahəsi yiyəsiz qaldı. O vaxtı qonşuluqda Həsən qalırdı, Həsən qıfılı sındıraraq Robikə məxsus torpaq sahəsinin ələ keçirir, lakin Vahabın Həsənlə arası olmadığı üçün Robiklə evini dəyişmiş Qərbi Azərbaycandan qaçqın düşmüş Firidun adlı şəxsi taparaq, Robikə məxsus torpaq sahəsinin olduğunu bildirir, bundan sonra Firidun Həsənin yanına gələrək həmin ərazidən çıxmasını bildirir, Həsən çox abırlı adam olduğu üçün həmin torpaq sahəsini Firiduna verir, Firidun isə 1995-ci ilədək torpaq sahəsinə arabir baş çəkir, 1995-ci ildə isə Cavabdeh1 satır, Firidun Azata torpaq sahəsini satanda orada Robikin vaxtından yarımtikili ev var idi. Bundan başqa 1-2 olar ki, Zaur ondan onlara ayrılmış torpaq sahəsinin harada yerləşdiyini soruşdu. Zaurun atası Vəli bilirdi, lakin Zaur da ondan dəqiqləşdirmək üçün soruşdu. O, hesab edir ki, Zaurgilin 1979-cu ildən hüquqları pozulub. Verilən suallara cavab olaraq bildirmişdi ki, binada yaşayanlara mənzilin eni qədər təxminən 4-5 metr enində, 40-50 metr uzunluğunda torpaq sahəsi verilirdi ki, həmin torpaq sahəsi həmin dövrdə təsərüffatla məşğul olmaq üçün dövlət tərəfindən bina sakinlərinə verilirdi, onun torpaq sahəsi Q şəkilli idi, Azatın torpağı düz idi, Azatın evində 1-2 il əvvəl olmuşdur, mübahisəli torpaq sahəsi ilə Azatın torpağı arasında daş hasar var idi, Azat sonradan təxminən 4-5 il əvvəl daş hasarın kiçik bir hissəsini sökərək öz toyuq cücələrini həmin əraziyə buraxırdı, Kazakov 1973-cü ildə vəfat etmişdir. Kazakovun torpaq sahəsi eni təxminən 4-5 metr, uzunluğu isə 70 metr olardı, torpaq sahəsi Q şəkilli idi. 10 saylı mənzildə Kvıkin, 4 saylı mənzil də isə Kazakov adlı şəxs yaşayırdı. Vahab 12 saylı mənzildə yaşayırdı, Vahaba məxsus mənzilin torpaq sahəsi yox idi. Vəli, evi alanda Vahab artıq Zaurgilə məxsus torpaq sahəsindən istifadə edirdi. Vahab binadan köçəndə torpaq sahəsini Vəliyə verəcəyəni demişdir. Lakin Vahab binadan köçəndə torpağı Qurbana satmışdır. Kanalzasiyanı təmir etmək üçün Azata Qurbandan 100 manat pul almasını bildirmişəm, Azat da Qurbanda 100 manat alaraq mənə vermişdir. Biz qonşularla birgə kanalizasiyanı təmir etdik. Azat toyuqcücələrini ilk əvvəl mənim hasarıma bitişik saxlayırdı, daha sonra öz həyətindən mübahisəli torpaq sahəsinə balaca deşik açaraq orada saxlayırdı. Cavabdeh1 mübahisəli torpaq sahəsini 1995-ci ildə alması yalandır, çünki həmin ərazidən Vahab 2007-ci ilədək istifadə edib. Qurban 15 ildə bir dəfə də olsun gəlməyib, torpaq sahəsi zibillik içində idi. Zaurun hazırda istifadə etdiyi torpaq sahəsində sonuncu dəfə 1 ay olar ki olmuşdur, çəpərin kim tərəfindən çəkildiyini soruşduqda Azat tərəfindən çəkildiyini bildirmişdir. Torpaq sahəsini Zaur abadlaşdırıb.”
12. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid əvvəlcə ifadəsində bildirmişdir ki, 1979-cu ildən Bakı şəhərində, 1988-ci ildən isə ünvan 4 ünvanında yaşayır. Onun ailəsi ermənistandan qaçqın düşüb. Qaçqın düşən zaman ermənistandakı ata yurdunu Bakı şəhərində yaşayan erməninin evi və torpağı ilə dəyişmişdir. Həmin erməni əsilli şəxsin evi Rəsulzadə qəsəbəsində yerləşən köhnə Univermağın yanında olmuş, torpaq sahəsi isə mübahisəli torpaq sahəsi ilə qonşuluqda yerləşir. Evini dəyişərkən torpaq sahəsini özünə, Univermağın yanındakı evi isə qardaşına vermişdir. Həmin erməninin iddiaçının yaşadığı binada 1 otaqlı mənzili olmuş və ona da dövlət tərəfindən 5 sot torpaq sahəsi ayrılmışdır. Həmin mənzil 5 saylı mənzil idi və mənzil hazırda iddiaçının istifadəsindədir. O erməni ilə evi dəyişən zaman torpaq sahəsinin içərisində köhnə 1 mərtəbəli ev var idi. O hazırda həmin torpaq sahəsində iki mərtəbəli ev tikmişdir. Sonralar hazırda istifadə etdiyi torpaq sahəsinə qapı qoyan zaman Zaurdan torpağı neçəyə aldığını soruşmuş, Zaur isə halallaşdığını bildirmişdir. O isə Zaura demişdir ki, bilsəydim torpaq sahəsi satılır, öz oğluma alardım. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, Azat hazırda yaşadığı torpaq sahəsini 1991-1992-ci illərdə Firidun adlı şəxsdən almışdır. Azatın istifadə etdiyi torpaq sahəsi düz idi. Mübahisəli torpaq sahəsi ilə öz həyəti arasında qapı var idi. Vahab mübahisəli torpaqda toyuq-cücə saxlayırdı, daha sonra toyuq-cücə saxlanılan yeri Azat tikib. O, Azatı 1990-cı ildən tanımışdır, 1995-ci ildən isə gediş-gəlişləri olub, Azatdan toyuq-cücə, hinduşka alırdı. 5 saylı mənzilə ayrılmış torpaq sahəsinin Zaura məxsus olmasını bilməmiş və ona heç vaxt həmin torpaqla bağlı heç bir söz deməmişdir. Vahabı tanıyırdı, lakin Kazakov adlı şəxsi tanımamışdır. Mübahisələndirilən torpaq sahəsinə Vahab sahiblik edirdi və Vahab istifadə etdiyi vaxtdan çəpər var idi, lakin həmin çəpərin nə üçün çəkildiyini soruşmamışdır. Vahab orada pomidor, xiyar əkirdi, toyuq-cücə saxlayırdı. O Qurban adlı şəxsi tanımamış, lakin eşitdiyinə görə Vahab torpaq sahəsini Qurbana satmışdır. Zaur heç vaxt torpaqdan istifadə etməmişdir. Mübahisəli torpaq sahəsini Azat təxminən 6000-7000 ABŞ dollarına Vahabdan almışdır. Azat mübahisəli torpaq sahəsini Vahabdan alanda arada çəpər var və qapı var idi. Vəli heç vaxt torpaq sahəsində təsərrüfat işləri görməmişdir. Vahab 1995-ci ildən köçüb, həmin vaxtdan mübahisəli torpaq sahəsini Azat alıb və o istifadə edib. İddiaçı iddia etdiyi torpaq sahəsinin yarısını Vahab digər hissəsini isə Azat istifadə edirdi, lakin Azata qədər ümumi torpaqdan Vahab istifadə edirdi. Qurbanla nə o, nə də ki, Azat qohum deyildir.
13. Növbəti məhkəmə iclasında ifadəsi dəqiqləşdirilən Şahid bildirmişdir ki, İddiaçı hazırda istifadəsində olan torpaq sahəsi düz formada axıra kimi olmuş və Vahabın istifadəsində olmuşdur. 2007-ci il tarixədək bu torpaq sahəsindən Vahab istifadə etmişdir. Cavabdehlər Azatın və Zöhrabın öz evlərinin yanında çəkdikləri hasar düz formada axıra kimi çəkilmişdir. Mübahisələndirilən torpaq sahəsini Vahabdan 7000 ABŞ dollara Azatın almasını bilmirəm, görməmişəm, bunu Azatdan eşitmişəm.
14. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi ünvan 5 ünvanda yerləşən binanın arxa hissəsində yerləşir. Mübahisələndirilən torpaq sahəsi “Г” şəkilli ərazinin perependikulyar olan hissəsi ilə bağlıdır. Mübahisəli hissənin ərazisi təxminən 3-4 sot olar. Mübahisəli torpaq sahəsi həm iddiaçının, həm də sağ tərəfdən qonşunun istifadə etdiyi torpaq sahəsi ilə kəsişir və iddiaçı tərəfdən setka, taxta və dəmir lövhələrdən olan çəpərlə, qonşu tərəfdən isə setka ilə ayrılır. İddiaçı istifadə etdiyi hissəsinin girişində yeni darvaza qoyulmuş, həmin sahəyə daxil olarkən həyətin giriş hissəsinin sağ tərəfində yarımtikili yerləşir. Mübahisəli torpaq sahəsinə faktiki olaraq Cavabdeh1 hazırda yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin yuxarı tərəfindən keçid vardır. Cavabdeh1 yaşadığı evin yerləşdiyi torpaq sahəsindən mübahisəli torpaq sahəsinə daxil olarkən müəyyən edildi ki, həmin sahə ümumi olaraq istifadəsizdir. Bununla belə dəmir və taxta olan çəpərə bitişik setka ilə bağlanmış toyuq hini və it damı vardır. Torpaq sahəsinin ortasında elektrik dirəyi yerləşir. Torpaq sahəsinin sonunda yarım köhnədən qalmış yarımtikili vardır.
15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-446/2024 nömrəli iş üzrə 06 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia rədd edilmişdir.
16. Məhkəmə göstərmişdir ki, tərəflər arasında olan mübahisə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ağa Neymətulla küçəsində yerləşən 6 saylı binanın arxa tərəfində olan və iddiaçının faktiki istifadə etdiyi 300 kv.m torpaq sahəsinə bitişik olan və dəmir, taxta hasarla ayrılmış torpaq sahəsi ilə bağlıdır. Həmin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yerləşdiyi müəyyən edilsə də, mülkiyyət növünün müəyyən edilməsi mümkün olmamışdır. Qeyd edilən torpaq sahəsinə dair iddiaçının hər hansı hüquq müəyyənedici sənədi yoxdur. İddiaçının mübahisələndirilən torpaq sahəsinə dair tələb irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Belə ki, baxmayaraq ki, iddiaçı mülkiyyət hüququnun müdafiəsi ilə bağlı Mülki Məcəllənin normalarına istinad etmişdir, lakin işin faktiki halları baxımından müəyyən edilir ki, iddia tələbinin qanuni əsasını sahibliyin müdafiəsi təşkil edir. Çünki iddiaçının mülkiyyət hüququnu təsdiq edən hər hansı sənədi yoxdur. Halbuki mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Tədqiq edilmiş şahid ifadələri ilə müəyyən edilir ki, iddiaçının sahiblik hüququnun müdafiəsindən irəli gələn subyektiv hüququ yoxdur. Belə ki, həmin torpaq sahəsi mənzil mülkiyyətçilərinə ayrılan torpaq sahəsi kimi onun və ya atasının istifadə və sahibliyində nə əvvəllər, nə də ki, sonralar olmuşdur. İddiaçının da etiraf etdiyi kimi qeyd edilən torpaq sahəsini 1979-cu ildən 2007-ci ilə qədər Əhmədov Vahab adlı şəxs istifadə etmiş və həmin tarixdən sonra isə nə özünün, nə də ki, atasının istifadə və sahibliyi müəyyən edilmir. İddiaçının sahibliklə bağlı mübahisəsi həmin torpaq sahəsinə bitişik olan torpaq sahəsinə faktiki sahiblik etməsindən sonra yaranmışdır. Bundan əlavə qonşuların tərtib etdiyi və Mənzil- Kommunal İstismar Sahəsinin təsdiq etdiyi AKT isə onun hazırda istifadəsində və sahibliyində olan hissə ilə bağlı olmuş, torpaq sahəsinin digər hissəsi ilə bağlı isə iddiaçının sahibliyinin ehtimal edilməsinə əsas müəyyən edilmir. Odur ki, iddiaçının sahibliyin müdafiəsi ilə bağlı tələb irəli sürməsi üçün subyektiv hüququ olmadığından iddia əsassızdır.
17. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 164, 166.3 və Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
19. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslarını təşkil edən ünvan 5 evin arxa hissəsində yerləşən torpaq sahəsinin Aerokosmik görünüşü və koordinatlarını müəyyən edən sənədə, qonşuların imzalari ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli “Akt”lara, eləcə də 145 Saylı Mənzil-Kommunal İstismar Sahəsinin 579 nömrəli xx.xx.2023-cü il tarixli təsdiq olunmuş arayışına, şahidləri ifadələrinə, e-2(001)-185/2022 saylı mülki iş üzrə keçirilmiş mütəxəssis və ekspert rəylərinə, Azərbaycan SSR-nin Bakı şəhəri X12 İcraiyyə Komitəsi tərəfindən Neymatulla küçəsi, Kirov qəsəbəsi, ev 6, mənzil 4 ünvanda yerləşən 30 kv.m mənzilin X7 və ailə üzvlərinə verilməsi barədə xx.xx.1979-cu il tarixli 183135 saylı orderinə və mübahisələndirilən torpaq sahəsinə sonradan cavabdeh tərəfindən qanunsuz olaraq öz hasarından qapı yeri açılaraq bura girməsi barədə hasarın əvvəlki və sonrakı vəziyyəti barədə FOTO-lara əsasən müəyyən edilmişdir ki, mübahisələndilən cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsi istər fərdi, istərsə də ümumi istifadə hüququ ona və onun ailə üzvlərinə məxsus olmuşdur. Məhkəmədə tədqiq edilən sübutlara, şahid ifadələrinə, tərəflərin izahatlarına əsasən müəyyən olunmuşdur ki, mübahisələndirilən torpaq sahəsi hazırda iddiaçının istifadəsində olan torpaq sahəsinin davamı olmaqla ona məxsusdur və cavabdehin öz hissəsindəki torpaq sahəsində inşa etdiyi ev və torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədi olmamaqla yanaşı, iddiaçı və bina sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsindən istifadə edir, buradakı torpaq sahəsini zəb etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
21. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
22. İddiaçının nümayəndəsi-vəkili ərizə ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin qeyd etdiyi hala dair hər hansı sənəd əlavə etmədiyindən işə iddiaçı tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh və üçüncü şəxslər (nümayəndələr) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
25. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
26. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
40. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqlarının olmaması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.
41. Yalnız müvafiq subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
42. Məhkəmə tərəfindən şahid ifadələrinə əsasən müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçının atasına məxsus mənzilin əvvəlki sahibi olan Kazakov Aleksandrın istifadəsində olmuşdur və iddiaçının atası öz ailə üzvləri ilə 1979-cu il tarixdə həmin mənzilə köçənədək artıq Əhmədov Vahab adlı şəxsin sahibliyinə keçmişdir. X18 isə 2007-ci il tarixdə həmin ərazidən köçmüş və torpaq sahəsini iddiaçının atasına verəcəyini desə də, ona verməmiş, Qurban adlı şəxsə satmışdır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”.
45. Göründüyü kimi mübahisələndirdiyi torpaq sahəsinə dair iddiaçının hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Həmçinin həmin sahəyə iddiaçı faktik sahiblik etməmişdir.
46. Məhkəmə göstərmişdir ki, iddiaçının sahiblik hüququnun müdafiəsindən irəli gələn subyektiv hüququ yoxdur. Belə ki, həmin torpaq sahəsi mənzil mülkiyyətçilərinə ayrılan torpaq sahəsi kimi onun və ya atasının istifadə və sahibliyində nə əvvəllər, nə də ki, sonralar olmuşdur. İddiaçının da etiraf etdiyi kimi qeyd edilən torpaq sahəsini 1979-cu ildən 2007-ci ilə qədər Əhmədov Vahab adlı şəxs istifadə etmiş və həmin tarixdən sonra isə nə özünün, nə də ki, atasının istifadə və sahibliyi müəyyən edilmir. İddiaçının sahibliklə bağlı mübahisəsi həmin torpaq sahəsinə bitişik olan torpaq sahəsinə faktiki sahiblik etməsindən sonra yaranmışdır. Bundan əlavə qonşuların tərtib etdiyi və Mənzil-Kommunal İstismar Sahəsinin təsdiq etdiyi AKT isə onun hazırda istifadəsində və sahibliyində olan hissə ilə bağlı olmuş, torpaq sahəsinin digər hissəsi ilə bağlı isə iddiaçının sahibliyinin ehtimal edilməsinə əsas müəyyən edilmir.
47. Qeyd olunanlara əsasən Kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-446/2024 nömrəli iş üzrə 06 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.