Məhkəmə qərarları › İş №2(103)-3139/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3139/2025

12.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3139/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), X1 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən çıxarılma və əmlakın boşaldılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3387/2024 nömrəli 04 aprel 2025-ci il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən çıxarılma və əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, ev 4, 99 nömrəli mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3387/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, ev 4, 99 nömrəli mənzildən çıxarılması, mənzil boşaldılaraq “Yelobank" ASC-yə təhvil verilməsi qət edilmişdir. Qətnamadən xx.xx.2025-ci il tarixində Cavabdeh3 apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair ərizə verərək, buraxılmış prosessual müddəti üzrlü hesab edilərək bərpa edilməsini və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3387/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətini baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3387/2024 nömrəli 04 aprel 2025ci il tarixli qərardadı ilə cvabdehin ərizəsi təmin edilməmişdir. Qərardaddan cavabdehin verdiyi şikayət məhkəmənin 15 aprel 2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh3 şikayətini belə əsaslandırılmışdır ki, məhkəmə öz qərardadında göstərir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3387/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi elektron imza ilə təsdiq edilməklə mülki iş üzrə cavabdeh olan Cavabdeh4 və Cavabdeh5 məxsus şəxsi elektron kabinetində xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Halbuki, həmin zaman onun nəinki elektron kabineti, heç asan imza nömrəsi olmamışdır. Köhnə asan imza, yəqin ki, istifadə qaydasından və yaxud işləmə mexanizimindən görünür ki, təxminən 1 ilə yaxın vaxtdır ki, yararsız vəziyyətdədir. Hazırki asan imza nömrəsini yeni almışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3387/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi 19 fevral 2025-ci il tarixdə əldə etmişdir. Əldə etdikdən sonra apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Məhkəmə belə qənaətə gəlmişdir ki, məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetində yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3387/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi elektron imza ilə təsdiq edilməklə mülki iş üzrə cavabdeh olan Cavabdeh4 və Cavabdeh5 məxsus şəxsi elektron kabinetində xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Göründüyü kimi qətnamə xx.xx.2024-cü il tarixdə cavabdehlərin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış “elektron kabinetinə” yerləşdirilmişdir. Cavabdeh3 da həmin cavabdehlərin yaxın qohumu olmaqla eyni ünvanda yaşayır. Ona görə də onun qətnamədən məlumatsız olması həm də inandırıcı deyil. Kollegiyanın qənaətinə görə, Cavabdeh3 hərəkətləri prosessual hüquqdan sui-istifadəyə yönəlmişdir. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Prosessual müddətin ötürülməsi üzrlü səbəbdən baş verməmişdir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Cavabdehin şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, “Asan İmza” sertikatının işləməsi, imzanın yararsız vəziyyətdə olması məsələləri onun sahibinin risk dairəsinə aid olan məsələlərdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh3 tərəfindən apellyasiya şikayəti vermək üçün prosessual müddətin üzrlü səbəb olmadan buraxıldığı barədə qənaətə gəlmişdir. Şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3387/2025 nömrəli 04 aprel 2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar