Məhkəmə qərarları › İş №2(103)-3141/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3141/2020

18.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3141/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evin mülkiyyətçisi olduğunu, evi vərəsəlik qaydasında qəbul etdiyini, evində qeydiyyatda olan cavabdehlərin orada yaşamadıqlarını, onların harada olmalarından məlumatsız olduğunu, lakin cavabdehlərin əvəzinə də kommunal xərcləri ödəmək məcburiyyətində qaldığını bildirmiş, buna görə də 10 000 manat kompensasiya ödənilməklə onların həmin evdən yaşayış və istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini və işin hallarına uyğun gəlməyən qərar qəbul etdiyini irəli sürmüşdür. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə etməklə yanaşı cavabdehlərə təklif etdiyi kompensasiya məbləğini 15 000 (on beş min) manata artırdığını bildirmiş və iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi X5 apellyasiya şikayətinin əsassız olduğunu irəi sürsə də, iddiaçı tərəfindən kompensasiyanın məbləği artırıldıqdan sonra həmin məbləğlə razı olduqlarını bildirmiş, digər cavabdeh isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, Cavabdeh1 1996-cı ildə iddiaçının oğlu ilə nikaha daxil olaraq ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüş, 1997-ci ildə onların hazırkı iş üzrə digər cavabdeh olan oğulları dünyaya gəlmiş, münasibətləri pozulduğundan Cavabdeh1 1999-cu ildə uşağını da götürərək atası evinə getmiş, 2001-ci ildə nikahları ləğv olunmuş, Əzizbəyov Rayon Məhkəməsinin 11.07.2001-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 oğlu ilə birlikdə sözügedən evə istifadə hüquqlarının tanınması və oraya köçürülmələri qət olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16.04.2015-ci il tarixli qətnaməsi ilə evə istifadə hüquqları itirilmiş, Bakı Apellyasiya Məhkəməsinin 06.10.2015-ci il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilərək İddiaçı onlara qarşı “yaşayış və istifadə hüquqlarının itirilməsi” tələbi təmin olunmamışdır. Göründüyü kimi, cavabdehlərin ünvan 1 ünvanında yerləşən evə istifadə hüquqlarının olduğu işin mübahisəsiz halıdır və bu səbəblə də hazırkı iddia tələbi üzrə aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən iddiaçı, cavabdehlərə qarşı kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlı olmuşdur. Beləliklə, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R. Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclərlə bağlı nəzərə alınmalıdır ki, “xxxx” MMC tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş arayışa görə, mübahisəsi gedən evin aylıq kirayə haqqı 300 manat təşkil edir; apellyasiya baxışı zamanı isə iddiaçı cavabdehlərə təklif etdiyi kompensasiyanın məbləğini artıraraq onların istifadə hüququna 15 000 manat müqabilində xitam verilməsini istəmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. ... Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. ... Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər”. Kollegiya hesab edir ki, iddiaçının apellyasiya baxışı zamanı təklif etdiyi kompensasiya ilə ana-oğul olan cavabdehlər birlikdə təqribən 4 (il) il, ayrılıqda isə 2 (iki) il müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olurlar, bu isə onların mübahisəli mənzildə ümumən yaşadıqları dövr nəzərə alındığında ağlabatan dövr kimi qəbul edilə bilər. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdehlərin mübahisəli evin əldə edilməsində hər hansı töhfələri olmamış, onlar tərəfindən mənzilin təmirinə və ya yaxşılaşdırılmasına hər hansı xərc çəkildiyinə dair sübutlar da təqdim edilməmişdir. Həmçinin cavabdehlər hər ikisi əmək qabiliyyətlidirlər. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, kompensasiyanın məbləği evin dəyəri nəzərə alınmaqla müəyyənləşdirilmədiyinə görə təklif olunan məbləğə ev almağın mümkün olub-olmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Buna görə kollegiya hesab edir ki, iddiaçıdan kompensasiya məbləğinin alınıb cavabdehlərəverilməsi ilə onların mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3215/2019 saylı iş üzrə 30 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh1 7500 (yeddi min beş yüz) manat, Cavabdeh27500 (yeddi min beş yüz) manat kompensasiya ödənilməklə onların ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarına xitam verilsin. İddiaçı kompensasiya məbləğlərinin alınıb Cavabdeh1 və Cavabdeh2verilməsi ilə onların mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunsun. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar