Məhkəmə qərarları › İş №2(103)-3141/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3141/2023

15.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3141/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: «mənzilin boşaldılması, payçı müqaviləsinin, çıxarışın və texniki pasportun ləğvi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1303/2019 saylı, 18 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. xx.xx.2016-cı il tarixli, ********* saylı Payçı müqaviləsinə əsasən İddiaçı MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 1- ci bina, 1-ci blok, 6-cı mərtəbədə yerləşən, 2 otaqlı 86 №-li mənzili Cavabdeh1 83.664 manata satılmışdır.

2. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 103-xx-xx-2016-MR- BY saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 240 ay müddətinə, illik 8%-lə 83.664 manat kredit verilmişdir.

3. Kreditor "xxxx" ASC ilə borclu Cavabdeh1 və zamin qismində İddiaçı MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli 103- xx-xx-2016-MR-BY saylı zaminlik müqaviləsinə əsasən zamin İddiaçı MTK bankla Cavabdeh1 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə zamin durmuşdur. 4.«İpoteka saxlayan» qismində "xxxx" ASC ilə «İpotekaqoyan» qismində Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən «İpoteka qoyan» mülkiyyət hüququ ilə ona məxus olan Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu ünvanında yerləşən 16B nömrəli binanın 2-ci girişində ümumi 48,9 kv.m. sahədən ibadər 86 nömrəli 2 otaqlı mənzili xx.xx.2016-cı il tarixli 103-11-05- 2016-MR-BY saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir.

5. Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu,16 B saylı binanın, giriş 2, ümumi sahəsi 48,9 kv.m. olan 2 otaqdan ibarət 86 nömrəli mənzil 19 iyul 2018-ci ildə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı Cavabdeh1 qarşı mənzilin boşaldılması, payçı müqaviləsinin, mülkiyyət hüququna dair çıxarışın və texniki pasportun ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, giriş 2, mənzil 86, ümumi sahəsi 48,9 kv.m. olan 2 otaqlı mənzilin boşaldılması, xx.xx.2016-cı il tarixli payçı müqaviləsinin və Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Komitəsi yanında DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş Dövlət Reyestrindən Çıxarışın və Texniki Pasportun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiada göstərilir ki, kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən Cavabdeh1 aldığı kredit vəsaitini 240 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 12-si tarixindən gec olmayaraq ödəməli idi. Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, lakin yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə gecikdirilmiş borc 2395,00 manat təşkil edir və bununla da o, müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Kredit müqaviləsinin 13.2-ci bəndinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəlmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borc verən borc alandan Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən İddiaçı MTK və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, giriş 2, mənzil 86, ümumi sahəsi 48,9 kv.m. olan 2 otaqlı mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeyri-şərtsiz olaraq həmin sahəni boşaldır. İddiaçı MTK zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, mənzil 86, ümumi sahəsi 48,9 kv.m. olan 2 otaqlı mənzil öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. İddiaçı MTK-a Cavabdeh1 dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. X1 tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da cavabdeh müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetirməmişdir. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, 86 saylı mənzildə yaşamasa da, bəzi şəxsi əşyalarını həmin mənzilə yerləşdirmişdir. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1303/2019 saylı, 18 iyun 2019-cu il tarixli qətnaməsi (hakim Şahin Abdullayev) ilə iddia tələbinin təmin edilərək Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu küçəsində yerləşən 16B saylı evin ümumi sahəsi 48,9 kv.m. olan 2 otaqdan ibarət 86 saylı mənzili Cavabdeh1 tərəfindən boşaldılması; Cavabdeh1 ilə İddiaçı arasında bağlanan xx.xx.2016-cı il tarixli Payçı müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş Dövlət Reyestrindən Çıxarışın və Texniki Pasportun ləğv edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli payçı müqaviləsinə əsasən MTK pay qismində çıxış edən Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 1-ci bina, 1-ci blok, 6-cı mərtəbədə yerləşən, 2 otaqlı, 86 saylı mənzili tikib payçı Cavabdeh1 mülkiyyətinə verməyi, Cavabdeh1 isə müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış müqavilənin 2.4-cü bəndinə, həmçinin xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin 2-ci bəndinə əsasən həmin mənzilin qiyməti - 83664 manat "xxxx" ASC tərəfindən ödənilir, alınan mənzil üçtərəfli ipoteka müqaviləsinə əsasən yüklü edilir və Cavabdeh1 kredit vəsaitinin hesabına alınan mənzilin dəyərini 240 ay müddətində, illik faiz dərəcəsi 8% olmaqla tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2.7-ci maddəsinə əsasən Cavabdeh1 müqavilənin şərtlərini pozduqda və kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə, “MTK” bankla və payçı arasında imzalanmış zaminlik müqaviləsinə əsasən payçının öhdəliklərini yerinə yetirməlidir. Cavabdeh1 payçı və ipoteka müqavilələrinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və bu səbəbdən “MTK” bankdan rəsmi bildirişi aldıqdan sonra Cavabdeh1 bank qarşısında olan öhdəliklərini zamin kimi tam icra etmişdir. Bu səbəbdən iddiaçı bank qarşısında öhdəlikləri icra etmiş şəxs kimi cavabdehə satılmış mənzilin boşaldılması, həmin mənzilə dair iddiaçının adına verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydiyyatdan keçsə də, həmin hüquqlar ipoteka müqaviləsi ilə yüklü edilmiş və iddiaçının müqavilənin şərtlərinə əsasən həmin mənzilə dair sərəncam hüquqları yalnız müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra yaranması nəzərdə tutulmuşdur. Lakin cavabdeh bu öhdəliklərini yerinə yetirmədiyindən, əksinə həmin öhdəliklər müqavilənin şərtlərinə əsasən ididaçı tərəfndən yerinə yetirildiyindən, iddiaçı bağlanılmış müqavilələrin tərəfi kimi hazırki tələblə çıxış etməkdə subyektiv hüququ var. Tərəflər arasında payçı müqaviləsi xx.xx.2016-cı il tarixdə bağlanıldığına görə, həmin mübahisəyə baxarkən Mülki Məcəllənin 178.8-ci maddəsinin həmin vaxt qüvvədə olan müddəaları nəzərə alınmalıdır. MPM-in 217.2-ci maddəsiən əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2017-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə hüququ əldə edirlər. Kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasına tələb etmək hüququ vardır. Cavabdeh1 xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, yəni mənzil üzrə pay haqqını ödəmədiyindən, onun həmin mənzilə mülkiyyət hüquqları yaranmamışdır. Digər tərəfdən cavabdeh mənzilin dəyərini tam ödəmədiyindən, mənzil-tikinti kooperativi üzvləri tərəfindən mənzilin ona verilməsi ilə bağlı hər hansı qərar da qəbul edilməmişdir. Mülki Məcəllənin 112.1-ci maddəsinə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin mühasibat balansı təsdiq edildikdən sonra həyata keçirilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Qeyd edilən Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə), daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, iddiaçı zaminlik müqaviləsinin şərtlərinə əsasən cavabdehin əvəzinə sonuncunun bank qarşısında olan öhdəlikləri tam yerinə yetirdiyindən, həmçinin Cavabdeh1 payçı kimi üzərinə düşən öhdəlikləri, yəni mənzilin dəyərini hissə-hissə ödənilməsi ilə bağlı öhdəlikləri icra etmədiyindən, onun həmin mənzilə hər hansı hüquqları yarana bilməz və bu səbəbdən mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqlara xitam verilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətində göstərir ki, Mülki Məcəllənin 423.1.-ci maddəsinin tələbi pozulmuş, halbuki həmin maddəni tətbiq etməklə iddianın rədd etməli idi. Maddənin tələbindən göründüyü kimi müqavilə tərəflərin razılığı ilə, razı olmadıqda isə müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqdan sonra məhkəməyə müraciət edə bilər. Lakin iş materiallarına baxdıqda iddiaçının müqavilənin ləğv edilməsi ilə bağlı hər hansı bir təklifin olmasına dair sübutun olmadığı görsənir. X2 hüquq və azadlıqları haqqında Konvensiya, həm Azərbaycan Respublikasının Konstitusiyası hər bir şəxsin mülkiyyət hüququna böyük önəm verir. Mülkiyyət hüququnun qorunması insan hüquq və azadlıqları kateqoriyasına daxil edilir və eyni zamanda göstərir ki, hər bir şəxsin mülkiyyət hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada məhrum ola bilər. Ancaq Bakı şəhəri Səbail Rayon Məhkəməsi 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin mülkiyyəti olan mənzili heç bir əsas olmadan məhrum edilməsi, onun adına verilmiş çıxarışın ləğv edilməsi hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyət hüququna birbaşa qəsddir. Birinci instansiya məhkəməsi tərəfindən MPM-in qeyd edilən maddəsi pozulmuş, sübutlara obyektiv, tam və hərtərəfli qiymət verilməmişdir. Baxmayaraq ki, iddiaçı bankla cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinin icra edilməməsinə istinad etmiş, amma cavabdeh ilə öz arasında olan müqavilənin ləğvini tələb etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı MTK-nın nümayəndəsi, eləcə də mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC-nin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikası Konstitusiyasının:

13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 və 386.2. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Maddə 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara(imperativ normalara) uyğun gəlməlidir. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 399.3 və 399.4. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin, həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.

18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

22. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

23. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işin faktiki halları yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmırdı. 24.Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.

25. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddiaçının iddia ərizəsinin nəticə hissəsində tələbin bir neçə hissəyə bölünməsi iddiaların yalnız bu qaydada təmin olunması üçün əsas ola bilməzdi. Çünki, məhkəmə özü də iddiaçının tələblərinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir.

26. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir.

27. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər(MM.m.447.1). Bu normadan göründüyü kimi, müqavilədən imtina, ləğvetmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirilən andan etibarən deyil, müqavilənin bağlandığı andan əmələ gətirir. Müqavilənin ləğv olunması hallarında isə ləğvetmənin baş verdiyi andan sonra üçün hüquq münasibətinə xitam verilir. Buna görə də ləğvetməyə qədər əmələ gələn hüquq və vəzifələr öz qüvvəsində qalır. Lakin müqavilədən imtinada isə müqavilə üzrə öhdəliklər bağlandığı andan etibarən aradan qalxmış olur. İmtina olunan müqavilə üzrə öhdəliklər heç icra olunmamışsa, onda imtina ilə bərabər öhdəliklərə də xitam verilir. Ancaq imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam və ya qismən icra olunmuşsa, yada hər iki tərəfdən qismən icra olunmuşsa onda icra edilən öhdəliklərin geriyə qaytarılması tələb olunur. Demək ki, icra olunmuş müqavilə öhdəlikləri baxımından ləğvetmədən söhbət gedə bilməz. Başqa sözlə ləğvetmənin daha öncə icra olunmuş müqavilə öhdəliklərinə təsiri ola bilməz. Lakin müqavilədən imtinada əvvəl icra olunmuş müqavilə öhdəliklərinə təsir göstərərək onların geriyə qaytarılmasının hüquqi əsasını təşkil edir. Bu hala görə də müqavilədən imtina müqavilənin etibarsızlığı ilə oxşarlıq təşkil edir. Lakin etibarsızlıqdan fərqili olaraq müqavilədən imtinada əvvəldən hüquqi əsas olur, lakin imtinadan sonra əvvəldən olan hüquqi əsas aradan qalxır.

28. Göründüyü kimi, hazırki iddia üzrə iddiaçı cavabdehin bankla bağladığı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə mübahisə predmeti olmuş mənzilə dair eyni tarixli payçı müqaviləsinin ləğvini və ondan törəyən digər tələbləri irəli sürür. Tərəflər arasında hazırki mübahisənin yaranmasının səbəbi də cavabdehin bankla bağladığı 11 may 2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsidir. Belə ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini əsas gətirib, eyni tarixli zaminlik müqaviləsinə əsasən cavabdehin 240 ay müddətinə ödəməli olduğu kredit borcunu birdəfəyə ödəmiş, bununla da cavabdehin bank qarşısında olan öhdəliyi tam icra edilmişdir. Bu işin mübahisəsiz halıdır. Ən azından bu halı iddiaçı və bank mübahisələndirmir.

29. Deməli, iddiaçı cavabdehin bank qarşısında olan, kredit müqaviləsindən irəli gələn öhdəliyini yalnız zamin olduğu üçün icra etmişdir. Ona görə də iddiaçıya öhdəliyi icra etmiş zamin kimi kreditorun (bankın) həmin öhdəlik üzrə hüquqları və kreditora girov(ipoteka) kimi mənsub olmuş hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə keçə bilər, həmçinin kreditora ödədiyi məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

30. Ancaq iddiaçı zamin kimi cavabdehdən kreditora ödədiyi məbləği tələb etmək əvəzinə, fərqli bir iddia ilə məhkəməyə müraciət etmişdir. Bu cür iddia qaldırılması üçün gərək faktiki hallar hansısa maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun olsun.

31. İddiaçı mübahisəli mənzilə dair bankın girov (ipoteka) saxlayan kimi hüquqlarının da ona keçdiyini düşünərək bu cür iddia irəli sürsə də, payçı, kredit və zaminlik müqavilələri bağlanan tarixlərdə həmin mənzil ipoteka predmeti olmamış və ona dair ipoteka müqaviləsi yalnız 31 iyul 2018-ci ildə bağlanmışdır. Mənzilə dair ipoteka müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması işdən görünməsə də ipoteka müqaviləsinin 5.1-ci bəndində də ipoteka predmetinə tutmanın qüvvədə olan qanunvericiliyə uyğun yönəldilməsi nəzərdə tutulmuşdur. Demək, iddiaçıya bankın ipoteka saxlayan kimi hüquqları keçmiş olsaydı belə yenə də cavabdehə qarşı iddia tələbi hazırkı formada olmamalı idi.

32. Kredit müqaviləsinin 13.9-cu bəndində göstərilən, yəni borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda...borcverən borcalandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx.xx.2016-cı il tarixli iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin predmeti olmuş mənzilinin boşaldılmasını tələb edir, borcalan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır şərti isə əhəmiyyətsiz hesab edilir. Çünki, həmin vaxt mənzil mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmasa və ipoteka predmeti olmasa da qeyd olunan formada razılaşma şərti etibarsızdır. Bu cür şərt cavabdehin mənzil üzərində olan sahiblik və istifadə hüquqlarını, mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə mülkiyyət hüququnu açıq-aşkar pozan razılaşma hesab olunur. Ona görə də bu etibarsız şərt bank üçün hansısa hüquq yaratmadığından iddiaçıya da o şərtə əsaslanaraq hazırki iddianı irəli sürməyə əsas vermirdi.

33. İddiaçı cavabdehə qarşı hazırki iddianı mübahisəli mənzilin alınmasına dair xx.xx.2016-cı il tarixli müqavilənin 4.2.7-ci bəndinin şərtlərinə əsasən əsaslandırmağa cəhd etsə də bu hal da iddianın əsaslı olduğuna dəlalət etmir. Çünki, Mülki Məcəllənin 529-cu maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Cavabdeh də iddiaçı ilə mübahisəli mənzilin alınmasına dair bağladığı müqavilə üzrə öhdəliklərini tam icra etmişdir. Başqa sözlə iddiaçı mənzilə görə ödənilməli olan vəsaitin ödənilmədiyini mübahisələndirmir. Əksinə özünün verdiyi maliyyə arayışına əsasən(bax.i.v.31 və 60)cavabdeh xx.xx.2019-cu il tarixə kimi banka 20786,31 manat ödəmiş, bunun 4023,84 manat əsas, 16762,47 manat isə faiz olaraq təyin edilmiş, xx.xx.2019-cu il tarixinə kimi kreditin əsas məbləği 79640,16 manat, ödənilməyən faiz borcu 3421,54 manat təşkil etmiş, zaminlik müqaviləsinə əsasən Cavabdeh1 83 061,17 manat kredit borcu zamin MTK tərəfindən ödənilmişdir. Deməli, iddiaçı xx.xx.2019-cu ilə kimi cavabdehin kredit müqaviləsi üzrə ödənişlərini həyata keçirdiyini təsdiq etməklə, mənzilin dəyərinin bank tərəfindən tam ödənildiyini də təsdiq edir.

34. Demək, cavabdehin qeyd olunan müqavilə üzrə iddiaçı qarşısında heç bir öhdəliyi qalmamışdır. Eyni zamanda öhdəlik icra olunduğu üçün müqavilə də artıq hüquqi qüvvəsini itirmişdir. Bu cür vəziyyətdə iddiaçının qüvvədə olmayan, daha doğrusu icra olunmuş müqavilədən birtərəfli qaydada imtina etməsinin hər hansı bir hüquqi nəticəsi, eləcə də həmin mənzilə dair hansısa üçüncü şəxslə yeni müqavilə bağlamaq hüququ ola bilməzdi.

35. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, hazırki iş üzrə qətnamənin qəbul edilməsindən uzun müddət keçdiyindən və iş materialları ilə qətnamənin tam icra olunduğu təsdiq olunduğundan istisna olunmur ki, artıq mübahisə predmeti olmuş mənzil üçüncü şəxs(lər)in xeyrinə özgəninkiləşdirilmiş və yeni mülkiyyətçi vicdanlı əldə edən sayılır. Bu cür vəziyyətdə, Mülki Prosessual Məcəllənin 236-1.1 və 236-1.2-ci maddələrində nəzərdə tutulan, yəni icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddia tamamilə... rədd edilməsi haqqında qətnamə... çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə isə, həmin əmlakın dəyərini tutmalıdır, məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə... onu həll etməlidir tələbi hazırki iş üzrə tətbiq edilə bilməz. Birincisi ona görə ki, mənzilin yeni mülkiyyətçisi vicdanlı əldə edən olduğu halda Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, yəni daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməli olduğundan həmin mənzil hər bir halda geri qaytarıla bilməz. İkincisi, iş materialları ilə təsdiq olunur ki, mübahisə predmeti olmuş mənzillə bağlı kredit müqaviləsi üzrə iddiaçı zamin kimi cavabdehin əvəzinə əsas və faiz borcla birikdə 83061,17 manat ödəmişdir. Ona görə də mənzilin qaytarılması mümkün olmasa da onun dəyəri də iddiaçıdan cavabdehin xeyrinə tutula bilməz. Buna baxmayaraq, cavabdeh mübahisə predmeti olmuş mənzillə bağlı hüquqlarının iddiaçı tərəfindən pozulduğunu və bununla da ona zərər vurulduğunu güman edərsə və buna əsas olarsa iddiaçıdan vurulmuş zərərin əvəzini tələb edər. Məhz qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan mənzili vicdanlı əldə edəni müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi iddiaçının tərəfində hazırki işdə iştirak etmək üçün cəlb etməyə zərurət və əsas görmədi. Çünki, hazırki iş üzrə qətnamənin ləğv edilərək iddianın tam rədd edilməsi barədə yeni qətnamənin çıxarılması yuxarıda qeyd olunanlara əsasən onun hüquq və vəzifələrinə dair məsələni həll etmədiyindən hüquqlarının pozulması ilə nəticələnməyəcəkdir. Çünki, hazırki iş üzrə həll edilən məsələlər sırf iddiaçı və cavabdehin hüquq və vəzifələrinə aiddir. 36.Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

37. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1303/2019 saylı, 18 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.

38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1303/2019 saylı, 18 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilsin.. İddiaçı Cavabdeh1 qarşı mənzilin boşaldılması, payçı müqaviləsinin, mülkiyyət hüququna dair çıxarışın və texniki pasportun ləğvinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar