Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3145/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)- 254/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Şıxlar qəsəbəsi 259-260/1046-1047 ünvanda yerləşən bağ evinə istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Şıxlar qəsəbəsi 259-260/1046-1047 ünvanda yerləşən bağ evi 03 oktyabr 2014-cü il tarixdə atası X1 tərəfindən ona bağışlama müqaviləsi əsasında hədiyyə verilmişdir. 2019-cu ildə bacısı Cavabdeh ona müraciət edərək, yeni tikili binada ev aldığını, mənzildən çıxarışı olmadığı üçün qeydiyyata düşə bilmədiyindən onun mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Şıxlar qəsəbəsi 259-260/1046-1047 ünvanda yerləşən bağ evinə qeydiyyata alınmasına icazə verməsini xahiş etmişdir. O da, bacısının qeydiyyata alınmasına etiraz etməmişdir. Göründüyü kimi, cavabdeh onun mülkiyyətində olan bağ evində formal olaraq pasport qeydiyyatında qalır. Hazırda zərurət yarandığından cavabdehin onun mülkiyyətində olan mənzildən pasport qeydiyyatından çıxarılması üçün mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin onun mülkiyyətində olan bağ evində pasport qeydiyyatında qalması səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşır. Qanunvericilik ailə üzvlərinin dairəsini müəyyən edərək, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynlərini aid etmişdir. İşin halları ilə müəyyən edilmişdir ki, Cavabdeh bağ evi mülkiyyətçisi kimi onun ailə üzvü deyil və cavabdehin bağ evindən istifadə hüququ yaranmamışdır. Onun məqsədi cavabdehin qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002) 254/2024 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və iş üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qanunvericiliyin müddəaları ilə işin halları düzgün əlaqələndirilməmiş, bununla da iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qərardad çıxarılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə istinad edilərək bildirilmişdir ki, qanunvericilik ailə üzvlərinin dairəsini müəyyən edərək, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynlərini aid etmişdir. İşin hallarından aydın olur ki, Cavabdeh mənzil mülkiyyətçisi olan iddiaçının ailə üzvü deyil və cavabdehin mübahisəsi mənzilə istifadə hüququ yaranmamışdır. Buna görə də, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı və Cavabdeh istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmalı idi. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, e-2(002)- 254/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Qaradağ rayonu Şıxlar qəsəbəsi 259-260/1046-1047 ünvanda yerləşən bağ evi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının razılığı ilə 2018-ci ildə həmin bağ evinə qeydiyyata alınmışdır. Hazırki iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin istifadə hüququ olmayan şəxs hesab edilməsini xahiş etsə də, iddiaçının hüquqi marağı iddia ərizəsinin məzmununda da qeyd etdiyi kimi, cavabdehin mənzildə olan formal qeydiyyatına son qoymaqdır. Bununla yanaşı iş materiallarından görünür ki, Cavabdeh hazırda həmin mənzildə yaşamır, daşınmaz əmlak faktiki olaraq iddiaçının istifadəsindədir və cavabdehin həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatı məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi hazırki mübahisə - mülkiyyətçinin öz razılığı əsasında mənzilə qeydiyyata düşmüş və orada faktiki yaşamayan şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı olmuşdur. Qeydiyyata isə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməli, bu müraciətdən imtina edildiyi halda isə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin həmin orqanın üzərinə qoyulması barədə tələblə inzibati məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iş üzrə ictaata xitam verilməsi və iddiaçıya qeyd edilən mübahisə ilə bağlı inzibati orqana müraciət etmək, inzibati orqan tərəfindən imtina edildikdə isə inzibati orqanın üzərinə öhdəlik qoyulması tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququnun olduğunu izah edilməsi barədə birinci instansiya məhkəməsin düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçı şikayətində cavabdehin mənzilə istifadə hüququ yaranmadığından işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğunu bildirmişdir. Göründüyü kimi, iddiaçı həm iddia ərizəsində həm də şikayətində cavabdeh tərəfin mənzilə istifadə hüququnun yaranmadığını göstərmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh hazırda həmin mənzildə yaşamır, daşınmaz əmlak faktiki olaraq iddiaçının istifadəsindədir. Qeyd olunan halların mövcudluğu isə hazırki tələbə mülki qaydada Azərbayjan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2013-cü il tarixli qərarının tələbləri əsasında baxılmasını istisna edir. Çünki Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir və mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına məhz mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin müddəaları ilə işin halları düzgün əlaqələndirilərək qəbul edilmiş qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassız olmaqla formal mülahizələrdən ibarətdir və qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)-254/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2(103)-3145/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3145/2024
07.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver