Məhkəmə qərarları › İş №2(103)-3147/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3147/2025

18.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3147/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 Akif oğluna, Cavabdeh4 qarşı ilkin iddiası, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh1na, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, mənzildən istifadə hüququna xitam verilməsi, alqı-satqı müqaviləsinin etibarsızlığı, sübutetmə yükü) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlundan və X1 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X2, cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-164/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsindəki 17 saylı evin ümumi sahəsi 43,20 kv.m olan 3-cü mənzili (bundan sonra – mübahisəli mənzil) Cavabdeh2 xüsusi mülkiyyətində olmuşdur. Cavabdeh3 Akif oğlu onun oğlu, Cavabdeh4 isə nəvəsidir.

2. 14 dekabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh2 mübahisəli mənzili alıcı İddiaçı (bundan sonra – iddiaçı) 93500 manata satmışdır, mənzil 19 dekabr 2022-ci il tarixdən sonuncunun mülkiyyətindədir.

3. Alqı-satqı zamanı Cavabdeh3 Akif oğlu və Cavabdeh4 Cavabdeh1na xx.xx.2022-ci il tarixli ərizələr ünvanlayaraq mübahisəli mənzilin özgəninkiləşdirilməsinə, satılmasına və bağışlanmasına etiraz etmədiklərini bildirmişlər.

4. "xxxx" ASC Dostluq Filialının 14 dekabr 2022-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı alqı-satqı müqaviləsi üzrə 93500 manat ödəniş etmişdir.

5. Ödəniş qəbzlərinə əsasən 2023-cü ildə iddiaçının kart hesabına 1700 manat (1000 + 700) və 1915 manat pul vəsaitləri köçürülmüşdür.

6. Hazırda Cavabdeh2, Cavabdeh3 Akif oğlu və X10 mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayırlar.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılaraq mənzilin ona təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mübahisəli mənzili 14 dekabr 2022-ci il tarixdə Cavabdeh2 Midhət qızından notarial qaydada alqı-satqı yolu ilə almışdır. Cavabdeh2 Midhət qızı 14 mart 2023-cü İl tarixə kimi qeydiyyatdan çıxmağı, evi təhvil verməyi və bütün kommunal ödənişləri ödəməyi öz üzərinə götürmüşdür. Qeydiyyatda Cavabdeh3 Akif oğlu, Cavabdeh4 da vardır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də evi təhvil verməmişdir. Hətta ərazinin sahə müvəkkili də Cavabdeh2 xəbərdarlıq edib.

9. Eyni zamanda, Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla iddiaçı arasında bağlanmış, Bakı şəhəri 54 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 14 dekabr 2022-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və iddiaçının adına verilmiş mülkiyyət hüququna dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırmışdır ki, 14 dekabr 2022-ci il tarixdə oğlu Cavabdeh3 ona notariusa getməyini, bir sıra sənədlərə imza etməyini xahiş etmişdir. Orada bilmişdir ki, oğlu Samir iş üzrə cavabdehin atası Böyükkişi Əliyevdən 55.000 ABŞ dolları məbləğində faizə pul almaq barədə razılığa gəlmiş və cavabdehin atası pulun əvəzində ondan təminat istəmişdir. O da təminat olaraq Cavabdeh2 evini təklif etmişdir. Böyükkişi bununla razılaşaraq evin girov qoyulması barədə notariusda müqavilə bağlamaq lazım olduğunu ona bildirmişdir. Onlar xx.xx.2022-ci il tarixdə 54 saylı notariat idarəsinə getmiş və orada sənədlər hazırlanmışdır. İddiaçıya həmin sənədlərə imza etməsini bildirmişlər. Sənədlərə imza edən zaman görmüşdür ki, orada mənzilin alqı-satqısı yazılmış, buna etiraz edərək bildirmişdir ki, o, mənzili satmır, pulun əvəzində girov qoyur. Lakin bu zaman Samir bildirmişdir ki, narahat olmasın, sənədləşmə ancaq bu qaydada aparılır, imzalamasa pulu verməyəcək. O da məcbur qalıb həmin sənədlərə imza etmişdir. Böyükkişi oğluna ümumilikdə 55.000 ABŞ dolları məbləğində pulu faiz kimi vermiş, o həmin vaxtdan 3 ay, hər ay 2000 AZN olmaqla Böyükkişi Əliyevə faizləri ödəmiş, lakin sonradan maliyyə imkanları ilə bağlı işləri yaxşı getmədiyi üçün artıq faiz pulu ödəyə bilməmişdir, faktiki olaraq ona məxsus mənzillə bağlı cavabdeh İddiaçılə aralarında alğısatqı münasibətləri, onun mənzili satmaq fikri və belə bir iradəsi olmamışdır. Mənzili yalnız oğlu Samir pul qarşılığında girov qoymuşdur. Eyni zamanda alqı-satqı predmeti olmuş mənzil Bakı şəhəri Nərimanov rayonunun ən prestijli və bahalı yerində yerləşir. "Stalin" layihəli 4 mərtəbəli daş binanın 2-ci mərtəbəsində yerləşir. Mənzilin çıxarışında sahəsi 43.20 kv.m göstərilsə də, mənzilin hazırki ümumi sahəsi 132.3 kv.m təşkil edir, təmirli mənzildir. İddia ərizəsinə əlavə edilmiş ekspert rəyindən görünür ki, hələ 2021-ci ildə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə, həmin vaxt mənzilin real bazar dəyəri təqribən 230.202.00 manat təşkil etmişdir. Həmin müddətdən iki il keçməsini və mənzil bazarında qiymət artımının olduğu nəzərə alınarsa, hazırda mənzilin dəyəri göstərilən qiymətdən yuxarıdır. Necə ola bilər ki, həmin mənzilin real qiyməti 250.000 manata yaxın olduğu halda, 93.500 manata satılsın. Mənzilin real bazar qiymətindən qat-qat aşağı satılması dediklərinin doğru olmasını bir daha isbat etmiş olur. Bundan başqa, mənzilin satılması heç bir zərurətdən və ehtiyacdan irəli gəlməmişdir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-211/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərardadına əsasən hər iki iddia üzrə mülki işlər bir icraatda birləşdirilmişdir.

12. Birinci iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, X7 öz iddiasının əsası kimi bildirmişdir ki, girov müqaviləsinin əvəzinə alqı-satqı müqaviləsi bağlamış, bunu həmin an bilmiş və hətta bağlanmasına etiraz da etmişdir. Bu isə o deməkdir ki, şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir. Hesab edir ki, vacib əhəmiyyətli yanılmanın təsiri nəticəsində girov müqaviləsi əvəzinə alqı-satqı müqaviləsi bağlayıb və müqaviləni imzalayarkən bunu bilib. Yəni, iddiaçı 14 dekabr 2022-ci il tarixdə müqaviləni imzalayarkən bu haqda artıq məlumatlı idi. Lakin iddiaçı əqdin etibarsız hesab edilməsi tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsini rəhbər tutmaqla hesab edir ki, iddiaçı 1 ay ərzində müqaviləni mübahisələndirməli idi. Lakin iş materiallarından və iddia ərizəsindən bəlli olur ki, iddiaçı müqavilə bağlandıqdan 7 ay sonra əqdi mübahisələndirməyə başlayıb. Beləliklə hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürüb.

13. İkinci iş üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 birinci iş üzrə iddiaçının iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə qarşı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, cavabdeh sözügedən alqı-satqı müqaviləsinin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmasına istinad etsə də, işin müəyyən edilmiş hallarına əsasən istinad edilən maddi normaların dispozisiya şərtləri yaranmamışdır. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin müqavilə bağlanan zaman mənzilin alğı-satqısı məqsədi daşımamış, müqavilə görünüş üçün, amma tərəflərin iradə ifadəsi əsasında bağlanmışdır. Müqavilənin tərəflər arasında pulun təminatı olaraq bağlanması barədə razılığa gəlmiş olsalar belə, bu razılıq tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanması ilə əldə edilmiş razılıqdır. Hesab edir ki, iddiaçı cavabdeh İddiaçılə məhz alğısatqı müqaviləsi bağladığını, lakin formal bağladığını dərk etmişdir. Yəni, nəticədə faizə verilmiş pulun alınması üçün iddiaçı cavabdeh İddiaçı ilə alqı-satqı müqaviləsinin bağlanmasına razı olaraq onunla həmin məzmunda müqavilə bağlanmasına razılığını vermiş, onu istəmiş və bağladığı əqdin məzmunu ona izah edilərək, tərəfindən həmin məzmunda bağlanmasını qəbul etmişdir. Bu səbəbdən müqavilənin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması halı baş verməmişdir. O halda müqavilə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış hesab oluna bilərdi ki, cavabdehin istinad etdiyi girov müqaviləsi bağlanmasını istəsin, lakin bağlandıqdan sonra alqı-satqı müqaviləsinin olduğu aşkar edilsin. İddiaçı oğlunun alğı-satqı müqaviləsinin bağlandığı halda pulun əldə edilə biləcəyini bildikdən sonra, Cavabdeh2 alğı-satqı müqaviləsinin bağlanmasına könüllü razılıq verərək, alğı-satqı müqaviləsi kimi rəsmiləşdirmişdir. Göründüyü kimi, tərəflər arasında mübahisələndirilən alğı-satqı müqaviləsindən başqa, digər müqavilə - girov müqaviləsi bağlanması barədə hər hansı razılaşma olmamışdır. Mübahisələndirilən müqavilə cavabdehlə iddiaçı arasında uydurma olaraq, saxta və formal olaraq, həqiqətə uyğun olmayan və həqiqəti əks etdirməyən məzmunda bağlanmışdır. Mübahisəli mənzillə bağlı cavabdehlə iddiaçı arasında bağlanmış 14 dekabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi görünüş üçün bağlandığından (uydurma əqd) etibarsız əqddir.

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-164/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 Akif oğluna, Cavabdeh4 qarşı “mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası təmin, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh1na, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair iddiası rədd edilmiş, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi, onların mübahisəli mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir (hakim Solmaz Ədilova).

15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 mənzilin alqısatqısını girov niyyətilə həyata keçirilməsini təsdiq edən, oğlu və İddiaçı atası arasında telefon danışıqlarını əks etdirən səs yazıları, yazışmaların və şahidlərin olduğunu bildirsə də, həmin halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, qeyd olunan tərəflərin əsl niyyətinin aydınlaşdırılması, müqavilədəki iradə ifadələrinin həqiqi məzmunu, tərəflərin müqavilədən öncəki və sonrakı davranışları barədə məlumat verə biləcək hər hansı şahidin ifadə verməsi təmin edilməmiş, bundan başqa oğlu və İddiaçı atası arasında olan yazışmaları, o cümlədən sonuncuların telefon danışıqları ilə bağlı səs yazılarını təqdim etməmişdir. Təqdim edilmiş yazışmalarda yalnız 1915 manat, 700 manat və 1000 manat məbləğində pulun Böyükkişi Əliyevin bank kartına köçürülməsi barədə ödəniş qəbzlərinin ekran görüntüləri müəyyən edilir. Lakin bu qəbzlərin əks olunduğu yazışmalarda hər hansı danışıqlar, yaxud faiz ödənişləri barədə müzakirələr əks olunmamış, həmçinin də həmin qəbzlər özü-özlüyündə 14 dekabr 2022-ci il tarixli alqısatqı müqaviləsinin yalan əqd olması barədə nəticəyə gəlinməsi üçün kifayətedici faktlar olmamışdır.

16. Bundan əlavə, Cavabdeh2 qeyd etdiyi “oğlu və cavabdehin atası” arasında telefon danışıqlarını əks etdirən səs yazıları məhkəmə iclasında tərəflərin iştirakı ilə dinlənilmiş, həmin yazıların İddiaçı atasına aid olmaması, yalnız oğlu Cavabdeh3 üçüncü şəxslərlə borc pulla bağlı danışıqlarının əks olunduğu müəyyən olunmuşdur, iddiaçı Cavabdeh2 cavabdehin atası ilə oğlu Cavabdeh3 arasında borc münasibətləri olduğuna istinad etsə də, bunu məhkəmədə sübut edə bilməmişdir. Beləliklə də məhkəməyə sübut qismində təqdim olunmuş ödəniş qəbzlərinin isə onlar arasında olan borcla bağlı olması müəyyən edilməmişdir.

17. Məhkəmə iddiaçı Cavabdeh2 iddia tələbini əsaslandırarkən əmlakın qiymətinin aşağı olmasına istinad etməsinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən aydın olur ki, tərəflər arasında mübahisəli mənzilin 93500 manat qiymətə satılması ilə bağlı razılıq əldə olunmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının mənzilin dəyərinin aşağı qiymət müəyyən edilməsinin həmin müqavilənin əhəmiyyətsizliyini sübut edən hal olması ilə bağlı dəlilləri də əsassızdır. Belə ki, satılan əmlakın qiymətinin mövcud bazar qiymətlərindən daha aşağı və ya yuxarı olması həmin əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin etibarsızlığı üçün yeganə əsas ola bilməz. Göründüyü kimi, iddiaçı Cavabdeh2 öz iradə ifadəsini əks etdirərək alqı-satqı müqaviləsini bağlamış, alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Hazırda mübahisəli mənzil İddiaçı mülkiyyətindədir O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir.

18. Bundan başqa, məhkəmə ilk iddianın cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi hissəsində də iddianı əsaslı hesab etmişdir. Belə ki, tərəflər arasında bağlanmış 14 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 13-cü bəndindən göründüyü kimi, satıcı Cavabdeh2 xx.xx.2023-cü il tarixinədək mənzildən qeydiyyatdan çıxmağı öhdəlik götürmüşdür. Odur ki, İddiaçı “mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi” barədə tələbi əsaslıdır və təmin olunmalıdır.

19. Məhkəmə birinci iş üzrə İddiaçı vəkilinin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə qiymət verməyə lüzum görməyərək, özünün gəldiyi bu nəticəni prosessual qənaət prinsipi baxımından əsaslı hesab etmişdir. Belə ki, iddiaçı Cavabdeh2 müqavilənin etibarsızlığı ilə bağlı gətirdiyi dəlilləri sübuta yetmədiyindən, iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verilməsi zərurəti də yaranmamışdır.

20. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 157.6, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 340.2, 339.6, 354.1, 354.2, 390.1, 390.3, 390.5-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 14.1, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

21. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, İddiaçı iddiasının rədd edilməsi, öz iddiasının təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında oğlu ilə İddiaçı atasını tanış edən şəxslər arasındakı telefon danışıqlarını əks etdirən diski məhkəməyə təqdim etmişlər, həmin danışıqlardan həqiqətən müəyyən edilir ki, tərəflər arasında faiz pul münasibətləri olmuş, qeyd edilən mənzilin alqı-satqısının həyata keçirilməsi formal olmuş və əsas məqsəd götürülən faiz pula münasibətdə mənzilin girov qoyulması olmuşdur. Eyni zamanda Böyükkişi Əliyevin bank kartlarına ödənişlərinin faiz ödəmələri kimi qəbul etməyən məhkəmə, həmin ödənişlərin hansı məqsədlə edildiyini də müəyyən etməmişdir. Halbuki, bunların müəyyən edilməsi iş üçün çox əhəmiyyətli idi. Cavabdehin atası ilkin məhkəmə iclaslarında ödənişlərin edilməsinin məqsədi barədə birbirinə zidd cavablar vermişdir. Digər tərəfdən, iddiaçının oğlu ilə digər şəxslər arasında telefon danışıqlarını əks etdirən səs yazıları barədə məhkəmənin qənaəti ilə razılaşmır. Belə ki, məhkəmə həmin yazıların cavabdehin atasına aid olmaması, yalnız iddiaçının oğlu Cavabdeh3 üçüncü şəxslərlə borc pulla bağlı danışıqlarının əks olunduğu qənaətindədir. Lakin məhkəmənin nəzərinə çatdırmışdır ki, həmin şəxslər faiz pulun götürülməsində vasitəçilik edən şəxslərdir. Dinləmələrdən dəqiq müəyyən edilmişdir ki, həmin şəxslər iddiaçının oğlu və cavabdehin atası ilə aralarında olan faiz puldan danışırlar və həqiqətən evin alqı-satqısının edilməsində məqsəd götürülmüş faiz pula görə girov məqsədidir. Göründüyü kimi, danışıqlardan həmin müqavilənin əslində girov müqaviləsi niyyəti ilə bağlandığı, mənzili satmaq fikri olmadığı, onun həqiqi iradə ifadəsinin əks olunmadığı aydın görünür. Bundan başqa məhkəmə satılan əmlakın qiymətinin mövcud bazar qiymətlərindən daha aşağı və ya yuxarı olmasının həmin əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin etibarsızlığı üçün yeganə əsas ola bilməməsini göstərmişdir. Bununla bağlı X4 07 yanvar 2021-ci il tarixli ekspert rəyindən görünür ki, mübahisəli mənzilin hazırki bazar qiyməti ilə təqribi dəyəri 230202,00 manat müəyyən edilir. Əmlak Ekspert Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, mübahisəli mənzilin 13 sentyabr 2023-cü il tarixinə bazar dəyəri 240.000 manat, likvid dəyəri 225000 manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli 3-16- 16/2- 10/8378 №-li ekspert rəyindən görünür ki, mübahisəli mənzilin sənəd üzrə ümumi sahəsi 76.1 kv.m olmaqla halhazırki orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 146500,0 manat və texniki pasportda öz əksini tapmayan əlavə tikililər nəzərə alaraq bazar qiyməti təqribən 228000 manat məbləğində müəyyən edilir. Göründüyü kimi, 3 ekspert rəyindən görünür ki, mənzilin müqavilədə göstərilən alış qiyməti ilə ekspertlərin müəyyən etdiyi bazar qiyməti arasında əhəmiyyətli dərəcədə fərq var. Belə demək olarsa 3 dəfə aşağı qiymətə satılması müşahidə olunur ki, həqiqətən bu qiymətə həmin mənzilin alınması real görünmür. Bundan başqa iddia ərizəsində göstərdiyi kimi, iddiaçının oğlu ilə cavabdehin atası arasında olan faiz borc 55.000 dollar civarında olmuşdur ki, onu da manata çevirəndə mənzilin müqavilədə göstərilən satış qiyməti olan 93.500 manatla üst-üstə düşür. Bu o deməkdir ki, iddiaçının arqumentləri əsaslıdır. Göstərilən halların elə özü onu deməyə əsas verir ki, həqiqətən evin alqı-satqısı formal olmuş və girovun təminatı olaraq bağlanmışdır. Göstərilənlərə əsasən, iddiaçının oğlu ilə cavabdehin atasının arasında faiz pul münasibətlərin olması ilə bağlı hər hansı mötəbər sübutun təqdim edilməməsi ilə bağlı məhkəmənin mövqeyi absurddur. Bu qədər legitim sübut olmasına baxmayaraq məhkəmə heç birini qəbul etməmişdir. Məhkəmə tərəflər arasındakı münasibətlərin həqiqi xarakterini nəzərə almamışdır. Hazırda həmin şəxslərin çıxarılması ilə bağlı əsaslar olmadığından, “mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası təmin edilə bilməz. Eyni zamanda Cavabdeh4 məhkəmədə iştirakı təmin edilmədən onun istifadə hüquqlarına xitam verilməsi qanunsuz olmuşdur.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2024-cü il tarixli 2(103)-5159/2024 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər G.Axundova-sədrlik edən və məruzəçi, C.Musayeva və F.Babayev).

24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, ekspert rəyindən görünür ki, mübahisəli mənzilin sənəd üzrə ümumi sahəsi 76.1 kv.m olmaqla hal-hazırkı orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 146500,0 manat və texniki pasportda öz əksini tapmayan əlavə tikililər nəzərə alınaraq bazar qiyməti təqribən 228000 manat məbləğində müəyyən edilir. Lakin tərəflər arasında bağlanmış müqavilədən də göründüyü kimi notarial qaydada müqavilə bağlanarkən məhz mülkiyyətdə ola sahə, yəni ümumi sahəsi 43,20 kv.m olan mənzil İddiaçı 93500 manata satılmışdır. Belə olan halda əlavə tikililərlə birlikdə mənzilin bazar dəyərinin artıq olması tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsas təşkil etmir. Məhkəmə daha sonra qeyd etmişdir ki, Cavabdeh2 müqavilənin alğı-satqı niyyəti ilə deyil, aralarında olan borc münasibətlərinin təminatı olaraq bağlanmasını sübut edə bilməmişdir. Məhkəmə Cavabdeh2 nümayəndə və vəkilinin sübut kimi təqdim etdikləri səs yazısına münasibətdə qeyd etmişdir ki, səs yazısı tədqiq edilərkən müəyyən edilmişdir ki, telefon danışıqları mübahisə predmeti olan müqavilənin tərəfləri arasında olan danışıqlar deyildir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.5, 157.2, 178.5, 337.1, 340.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə istinadla əsaslandırmışdır

c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

26. Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, tələblərinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

27. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-185/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakimlər S.Hacıyev-məruzəçi, V.Həsənov, E.Şamayev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5159/2024 nömrəli, 16 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatlar Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Apelyator Cavabdeh2 nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

29. İddiaçı, birləşmiş iş üzrə cavabdeh olan İddiaçı nümayəndəsi (vəkili) isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

30. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş X6 da apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. O, apellyasiya baxışı zamanı qeyd edilən statusda verdiyi izahatında göstərdi ki, o, Cavabdeh2 ilk dəfə notariat ofisində görmüş, həmin vaxta qədər onu tanımamışdır. O, sonuncunun oğlu Cavabdeh3 mübahisəli mənzilin alqı-satqısı ilə bağlı tanımış, bütün danışıqları onunla aparmışdır. Mübahisəli mənzilin satışa çıxarılmasını isə İlqar adlı şəxsdən öyrənmiş, İlqar onu Cavabdeh3la tanış etmişdir. Cavabdeh3 ilk əvvəl mənzilin onun özünə məxsus olduğunu bildirmiş, lakin notariat ofisində rəsmiləşdirmə zamanı o, mənzilin Samirə yox, anasına məxsus olduğunu öyrənmişdir. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra onun bank hesabına Cavabdeh3 tərəfindən müəyyən məbləğlər (1000, 700 və s.) köçürülmüşdür. Həmin məbləğlər ona mübahisəli mənzilin kirayə haqqı kimi ödənilmişdir. Belə ki, o, cavabdehlərə mübahisəli mənzildə müəyyən müddət ərzində aylıq 950 manat kirayə haqqı ödəməklə yaşamağa icazə vermişdir.

31. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında yalnız cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh2 mübahisələndirmişdir. O, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və İddiaçı iddiasının rədd, özünün iddiasının isə təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını tam şəkildə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Ali Məhkəmə işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işi hərtərəfli və düzgün araşdırmadan iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Belə ki, müxtəlif məbləğlərdə pulun hansı niyyətlə cavabdehin atası Böyükkişi Əliyevin bank kartına köçürülməsi işin mübahisəli halı olmaqla iddianın həlli baxımından mühüm əhəmiyyət kəsb etsə də, məhkəmələr işin bu mübahisəli halını araşdırmamış, yalnız Cavabdeh2 borc qismində həmin vəsaiti ödəməsinə dair sübutları təqdim etmədiyinə istinad edilərək onun iddiası təmin edilməmişdir. Halbuki, iddiaçının bu dəlilinə etiraz edən, pulun kirayə haqqı qismində ödənilməsinə istinad edən İddiaçı tərəfindən də öz etirazının əsasını təşkil edən mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğlərin kirayə haqqı olmasını sübut etmək vəzifəsi İddiaçı üzərinə düşdüyü halda bunu sübuta yetirə bilməmiş, məhkəmələr sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu düzgün müəyyən etməmişdir. Bundan başqa, X8 Məmmədovun cavabdehin atası Böyükkişi Əliyevdən 55.000 ABŞ dolları məbləğində faizə pul aldığını və mübahisəli mənzilin həmin borcun təminatı olaraq girov qoyulduğunu bildirdiyi, o cümlədən hər iki tərəfin təqdim etdiyi bank hesabı köçürməsindən Böyükkişi Əliyevin hesabına pul köçürüldüyü halda, işə baxan məhkəmələr Böyükkişi Əliyevi oğlunun nümayəndəsi qismində tanımaqla kifayətlənmiş, proses iştirakçısı qismində işə cəlb etməmişlər və həqiqi borc münasibətlərinin olubolmaması, mübahisələndirilən müqavilənin alqı-satqı, yoxsa girov niyyəti ilə bağlanmasını müəyyən etməmişlər. İşə baxan apelyasiya instansiyası məhkəməsi evin dəyərinin müqavilədəki qiymətdən tənasübsüz yüksək olmasını, həmin halın borc münasibətlərinin mövcudluğuna dəlalət edib-etməməsini ətraflı araşdırmamış, əlavə tikililərlə birlikdə mənzilin bazar dəyərinin artıq olmasının tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsas təşkil etməməsi barədə nəticəyə gəlmişlər.

37. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

38. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq yeni apellyasiya baxışı zamanı qeyd olunan halları araşdırdı və aşağıdakıları müəyyən etdi.

39. Məhkəmə kollegiyası bir daha xatırladır ki, hazırkı apellyasiya baxışının predmeti 2 hissədən ibarətdir: 1) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və iddiaçının adına verilmiş mülkiyyət hüququna dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; 2) cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılaraq mənzilin ona təhvil verilməsi, ödənilmiş 100 manat rüsum haqqının geri ödənilməsi.

40. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

41. İşdən göründüyü kimi, hazırkı iş üzrə mübahisələndirilən müqavilə bağlanarkən formal baxımdan bütün tələblərə əməl olunması işin mübahisəsiz halıdır.

42. Cavabdeh2 müqavilənin görünüş üçün bağlanmaqla yalan, əhəmiyyətsiz əqd olduğunu və bu səbəbdən də etibarsız olduğunu bildirir. O, həmin müqavilələrin onun iradə ifadəsini əks etdirmədiyini, faktiki olaraq oğlu Samirin iddiaçının atası Böyükkişi Əliyevdən almaq istədiyi borcun təminatı kimi girov qoymaq məqsədi ilə bağlanıldığını iddia etməklə onun etibarsızlığının təsbit olunmasını xahiş edir.

43. İddiaçı isə cavabdehin iddiasına etiraz edərək həmin müqavilədən irəli gələn öhdəliyin məcburi icrasına dair qətnamə çıxarılmasını xahiş edir.

44. Belə olan halda, hazırkı işin düzgün həlli üçün əvvəlcə cavabdehin (Cavabdeh2) iddiasının əsaslı olub-olmamasına hüquqi qiymət verilməli, bunun nəticəsindən asılı olaraq İddiaçı iddiasının təmin edilməsi üçün əsasların olub-olmaması yoxlanılmaqla mübahisə üzrə yekun qərar qəbul edilməlidir. Cavabdehin (Cavabdeh2) iddiasının əsaslı olub-olmamasına düzgün hüquqi qiymət verilməsini təmin etmək üçün isə ilk növbədə bu müqavilənin, yaxud münasibətlərin faktiki olaraq kimlər arasında bağlanması (yaranması), müqavilənin bağlanmasında məqsəd və niyyətin nədən ibarət olması, eləcə də münasibətlərin xarakteri müəyyən edilməlidir.

45. Birinci instansiya məhkəməsi Cavabdeh2 iddiasını rədd edərkən tələbin sübut olunmamasına istinad etmişdir. Məhkəmə hesab etmişdir ki, müqavilələr onların bağlanması qaydalarını tənzimləyən normalara uyğun şəkildə rəsmiləşdirilmişdir.

46. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi cavabdehin (Cavabdeh2) tələbinin dəlillərinə formal yanaşaraq həmin dəlilləri tam araşdırmamış, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

47. Qeyd edilməlidir ki, hazırkı iş üzrə mübahisələndirilən müqavilə bağlanarkən formal baxımdan bütün tələblərə əməl olunması işin mübahisəsiz halıdır.

48. Oxşar mübahisə üzrə qəbul edilmiş “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2021ci il tarixli qərarında sərgilənən hüquqi mövqeyə görə, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.

49. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.

50. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.

51. Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarda gəldiyi qənaətə görə alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıbbağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir.

52. İşin müəyyən edilmiş mübahisəsiz hallarından göründüyü kimi, mübahisələndirilən müqavilə bağlandıqdan bir müddət sonra İddiaçı atası Böyükkişi Əliyevin kart hesabına 1915 manat və 1700 (1000 + 700) manat pul vəsaitləri köçürülmüşdür. Cavabdeh2 pulun ödənilməsi barədə qəbzi məhkəməyə təqdim edərkən həmin pulun oğlunun qarşı tərəfin atasına olan faiz borcu olduğuna, İddiaçı isə həmin pulun kirayə pulu qismində ödənildiyinə istinad etmişdir.

53. Məhkəmə baxışı zamanı cavabdehin atası Böyükkişi Əliyev müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir. Böyükkişi Əliyev məhkəmə iclasında izahat verərkən qeyd olunan pul vəsaitlərinin həqiqətən də onun kart hesabına köçürüldüyünü etiraf etmiş, lakin bu pulun faiz borcu kimi yox, kirayə haqqı olaraq ona ödənildiyini bildirmişdir.

54. Məhkəmə kollegiyası hesab edir ki, belə olan vəziyyətdə həmin pulun kirayə haqqı kimi ödənilməsini sübut etmək vəzifəsi iddiaçı (İddiaçı) tərəfin üzərinə düşür.

55. Məhkəmə kollegiyası yeni apellyasiya baxışı zamanı Cavabdeh2 tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə edilmiş Cavabdeh3 və digər şəxslər arasındakı telefon danışıqlarını əks etdirən səs yazılarını tərəflərin iştirakı ilə dinlədi. Səs yazılarının dinlənilməsində üçüncü şəxs kimi cəlb edilmiş Böyükkişi Əliyev də iştirak etdi. Məhkəmə kollegiyası müəyyən etdi ki, həmin yazılardan yalnız 3-ü Böyükkişi Əliyevlə aparılmış telefon danışığını əks etdirir. Belə ki, o, 3 dəfə Cavabdeh3 Whatsap üzərindən səsli mesaj göndərmişdir. Böyükkişi Əliyev həmin səs yazılarının (SMS-lərin) ona məxsus olduğunu məhkəmə iclasında etiraf etdi. Böyükkişi Əliyev həmin səsli mesajlarda aşağıdakıları söyləmişdir: 1) Sabah ayın 14-dür. Bilirsiniz ki, pul köçürülməlidir. Bir dənə elə edin ki, əvvəlki ay kimi olmasın, 5 manat verim, sonra 15 manat verim, xahiş edirəm, belə söhbət olmasın. Sabah harada deyirsiniz görüşək, pulu götürüm. 2) Biz saat neçədə görüşürük? 3) Qardaş, 215 manat qaldı. Dediniz köçürdürəm, amma köçürmədiniz. Zəhmət olmasa, onu da köçürün.

56. Məhkəmə kollegiyası digər səs yazılarına münasibətdə bildirir ki, onların əksəriyyəti, daha dəqiq desək, 5-i Cavabdeh3la İlqar adlı şəxs arasında olan telefon danışıqlarıdır. Apellyasiya baxışı zamanı üçüncü şəxs Böyükkişi Əliyevin də qeyd etdiyi kimi, onu Cavabdeh3la məhz həmin İlqar adlı şəxs tanış etmişdir. Həmin telefon danışıqlarının məzmunundan aydın olur ki, Cavabdeh3 İlqardan üçüncü şəxsi başa salmasını xahiş edir, evin satılmadığını, girov qoyulduğunu, üçüncü şəxsin evi ələ keçirmək istədiyini, üçüncü şəxsin 55000 verdiyini, evin dəyərinin isə 200 000 olduğunu, üçüncü şəxsin nahaq yerə ondan polisə şikayət etdiyini və s. bildirir.

57. Məhkəmə kollegiyası hesab edir ki, bütün bu səs yazıları bilavasitə hazırkı mübahisəyə aid səs yazılarıdır və bir daha İddiaçı atası Böyükkişi Əliyevlə Cavabdeh2 oğlu Cavabdeh3 arasında borc münasibətlərinin olduğunu, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin də həmin borc münasibətlərini pərdələmək məqsəsilə bağlandığını təsdiq edir. Məhkəmə kollegiyası bunları nəzərə alaraq həmin səs yazılarının mötəbəliyini qəbul edir.

58. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

59. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə İddiaçı göstərilən məbləğlərdə pulun atasına məxsus kart hesabına köçürüldüyünü qəbul etmiş, həmin vəsaitin kirayə haqqı kimi ödənildiyini bildirmiş, lakin alqı-satqı müqaviləsi bağlandıqdan sonra bu ödənişlərin hansı kirayə münasibətlərindən irəli gəldiyini əsaslandıra bilməmişdir. Məhkəmə baxışı zamanı da tərəflər arasında kirayə hüquq münasibətlərindən irəli gələn öhdəliklər müəyyən edilməmiş, İddiaçı tərəfindən Cavabdeh2 bu dəlilinə öz etirazının əsasını təşkil edən mötəbər sübutlar təqdim edilməmişdir.

60. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsində (bənd 13) Cavabdeh2 hansı tarixədək mənzildən qeydiyyatdan çıxmalı olduğu göstərilsə də, onun həmin tarixədək, yaxud ondan sonra mənzildə kirayəşin kimi qalması və kirayə haqqı ödəməsinə dair hər hansı şərt nəzərdə tutulmamışdır.

61. Həmçinin, işin faktiki hallarından görünür ki, mənzilin müqavilədə göstərilən satış qiyməti ilə ekspertlərin müəyyən etdiyi bazar qiyməti arasında əhəmiyyətli dərəcədə fərq vardır.

62. Belə ki, Cavabdeh2 tərəfindən təqdim edilmiş X4 07 yanvar 2021-ci il tarixli ekspert rəyinə əsasən mübahisəli mənzilin həmin dövrə olan bazar qiyməti təqribən 230202,00 manat müəyyən edilmişdir.

63. Əmlak Ekspert Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən mübahisəli mənzilin 13 sentyabr 2023-cü il tarixinə bazar dəyəri 240.000 manat, likvid dəyəri 225.000 manat təşkil etmişdir.

64. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli 3-16-16/2-10/8378 №-li ekspert rəyindən görünür ki, mənzilin sənəd üzrə ümumi sahəsi 76.1 kv.m olmaqla hal-hazırki orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 146500,0 manat və texniki pasportda öz əksini tapmayan əlavə tikililər nəzərə alınaraq bazar qiyməti təqribən 228000 manat məbləğində müəyyən edilir.

65. 14 dekabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində isə mübahisəli mənzilin satış qiymətinin 93500 manat olduğu göstərilmişdir.

66. Məhkəmə kollegiyasının qənaətinə görə 3 ekspert (mütəxəssis) rəyi ilə dəyəri 225000-230202 manat aralığında olan əmlakın 93500 manata satılması ağlabatan deyildir.

67. Göründüyü kimi, Cavabdeh2 alqı-satqı müqaviləsini imzalasa da, bununla bağlı Cavabdeh2 iradə ifadəsi girov müqaviləsini bağlamağa yönəlmiş və bu səbəbdən Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Qərarlarına əsasən bu iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş iddiaçının oğlu ilə cavabdehin atasının münasibətləri araşdırma predmeti təşkil etməli idi.

68. Məhkəmə kollegiyası məsələyə məhz bu prizmadan yanaşaraq qeyd edir ki, hazırda mübahisələndirilən alqı-satqı müqaviləsi X14 Məmmədova borc verməsini təmin etmək, buna şərait yaratmaq, borc münasibətini pərdələmək məqsədilə bağlanmış, müqavilənin bağlanmasına Cavabdeh2 könüllü iradə ifadəsi olmamış, o, Böyükkişi Əliyev tərəfindən borcun verilməsini təmin etmək məqsədilə müqavilə bağlamağa məcbur olmuşdur. Belə ki, alqı-satqı müqaviləsi bağlanmayacağı təqdirdə oğlu Samirə borc verilməsi də imkansız olmuşdur.

69. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb olunmuş X5 qeyd olunan statusda izahat verərkən bunu etiraf etməsə də, işin müəyyən edilən digər halları bu halı təsdiq edir və ona görə də məhkəmə kollegiyası Böyükkişi Əliyevin izahatına tənqidi yanaşaraq onun izahatının həmin hissəsini inandırıcı saymır və mötəbər sübut kimi qəbul etmir.

70. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən müqavilə bağlanarkən Cavabdeh2 oğlu ilə İddiaçı atası arasında borc münasibətləri mövcud olub və alqı-satqı müqaviləsi borcun verilməsinin təminatı kimi, onu pərdələmək məqsədilə bağlanmışdır.

71. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri ümumiləşdirərək bu qənaətə gəlir ki, mübahisələndirilən müqavilənin bağlanmasında məqsəd, niyyət alqı-satqı deyil, X14 Məmmədova verdiyi 55 000 ABŞ dolları məbləğində borcu girovla təmin etməkdən ibarət olmuşdur. Tərəflərin niyyəti heç bir halda mənzil satmaq, yaxud almaq olmamışdır. Onların həmin müqavilələri bağlamaqda niyyəti hər hansı hüquqi nəticə əldə etmək yox, 55 000 ABŞ dollarının təminatını (qarantiyasını, sığortasını) təsbit etmək olmuşdur. Yəni, onlar müqaviləni rəsmiləşdirməklə, ona formal hüquqi görünüş verməklə əslində tam başqa məqsəd güdmüşlər ki, bu da həmin müqavilənin yalan əqd olduğunu göstərir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq mübahisələndirilən müqavilənin başqa əqdi pərdələmək, yəni X14 Məmmədova verdiyi 55 000 ABŞ dolları məbləğində borcun ödənilməsinin təminatı məqsədi daşımasına dair Cavabdeh2 dəlillərini əsaslı sayır.

72. Müqavilə bağlandıqdan sonra alınmış borca görə faiz olaraq Böyükkişi Əliyevin kart hesabına pul vəsaitlərinin köçürülməsinin davam etməsi, eləcə də müqavilədə göstərilən satış qiymətinin müqavilə predmeti olan mənzilin real bazar dəyərindən təxminən 3 dəfəyə yaxın az göstərilməsi də tərəflər arasında alqı-satqı münasibətlərinin mövcud olmadığını bir daha təsdiq edir.

73. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh3 Böyükkişi Əliyevdən aldığı 55 000 ABŞ dolları borc məbləği həmin dövrə olan məzənnə üzrə elə 93 500 manat təşkil edir və müqavilədə də məhz bu rəqəm göstərilmişdir.

74. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında qeyd olunduğu kimi, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas şərtlərə - əqdin subyekt tərkibinə dair şərtlərə, əqdin məzmununa dair şərtlərə, əqddə iradə sərbəstliyinə və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlərinə əməl olunmalıdır. Lakin hazırkı işin hallarından göründüyü kimi, mübahisələndirilən müqavilə bağlanarkən bu şərtlərdən heç birinə əməl olunmamış, mülkiyyətçi Cavabdeh2 iradə ifadəsi zədələnmişdir. Halbuki, Mülki Məcəllənin 324.1-ci maddəsinin tələbinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi olmalıdır.

75. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi Cavabdeh3la Böyükkişi Əliyev arasındakı borc münasibətini pərdələmək məqsədilə bağlanmaqla yalan əqddir və əhəmiyyətsizdir.

76. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

77. Məhkəmə kollegiyası xatırladır ki, uydurma və yalan əqdlər mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmurlar. Yalan əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan əqd (hüquqi hərəkət) durur. Yalan əqd bu əqdi (hüquqi hərəkəti) pərdələyir, maskalayır. Bir sözlə, yalan əqd başqa əqdi pərdələmək üçün bağlanılır. Burada iki əqddən söhbət gedir: pərdələnən əqddən və pərdələyən əqddən. Pərdələnən əqd tərəflərin hüquqi nəticə əldə etmək məqsədilə həqiqətən bağladıqları əqddir (hüquqi əqd). Pərdələyən əqd isə həqiqi əqdin mahiyyətini və əsl xarakterini üçüncü şəxslərdən gizlətmək üçün, onu pərdələmək (maskalamaq) məqsədilə bağlanan əqddir.

78. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə Cavabdeh2 iddiasının qanuni əsası məhz mübahisələndirilən müqavilənin Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd olmasından ibarətdir. İşin apellyasiya baxışı zamanı müəyyən olunmuş faktiki halları da həmin maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşdığından məhkəmə kollegiyası Cavabdeh2 iddiasının əsaslı olduğu və bu baxımdan təmin edilməli olduğu qənaətinə gəlir.

79. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir.

80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və İİ hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 20 iyun 2025-ci il tarixli qərarında bu nəticəyə gəlmişdir ki, müqavilə tərəflərinin istənilən üçüncü şəxsdə etibarlılığına dair yanlış təsəvvür yaratmaq niyyəti ilə bağladığı əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329 və 340.2-ci maddələrinin tələblərinə uyğun olaraq, yalan əqdə tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq edilməsi, pərdələnən əqdin mülki qanunvericilikdə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verməsi halında mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1, 659.2 və 661-ci maddələrinin mənasına görə, daşınmaz əmlakın alğısatqı müqaviləsinin mühüm şərti kimi tərəflərin satılmış əşyanın yenidən alınması ilə bağlı razılaşması yalnız notarial qaydada təsdiq olunduğu halda etibarlıdır.

81. Konstitusiya Məhkəməsi Plenumu qeyd olunan qərarında yalan əqdlərlə bağlı öz əvvəlki qərarlarında formalaşdırdığı mövqeni inkişaf etdirərək bir daha göstərir ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqd aşağıda sadalanan əlamətlərə malikdir: - pərdələyən (yalan) əqd üzrə hər hansı hüquqi nəticə yaratmaq niyyəti və məqsədi mövcud olmur, tərəflərin hüquqi niyyəti əsl iradələrini gizlətməklə pərdələnən (gizlədilən) müqavilə üzrə mülki hüquq münasibətlərinin əmələ gəlməsinə yönəlir; - pərdələmə əqdin hər iki tərəfinin birbaşa qəsdi ilə əhatə olunur; - pərdələyən və pərdələnən əqdlərdə tərəf kimi eyni subyektlərin iştirakı ilə yanaşı, bu əqdlərin subyekt tərkibinin fərqli olması da mümkündür. Belə ki, bəzi hallarda pərdələnən əqdin tərəfi pərdələyən əqddə iştirak etməsə də, sonuncu əqd ilə gizlədilən məqsəddən məlumatlı olur və onun bağlanmasına yardım edir.

82. Konstitusiya Məhkəməsi Plenumunun oxşar mövqeyinin ifadə edildiyi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 2022 il 18 mart tarixli Qərarında göstərilmişdir ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.

83. Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlarında da qeyd edilmişdir ki, yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqazidd bir hərəkətdir.

84. Görüntüdə bağlanan əqdin yalan əqd hesab edildiyi halda məhkəmənin öz təşəbbüsü ilə pərdələnən əqddən irəli gələn qaydaları tətbiq etməsinin mümkünlüyü ilə bağlı göstərilməlidir ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

85. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 iddiasının təmin edilməsi İddiaçı iddiasının faktiki və hüquqi əsaslarını da aradan qaldırmış olur və bu səbəbdən onun təmin edilməsi üçün hər hansı hüquqi əsas qalmır. Ona görə də İddiaçı iddiası rədd olunmalıdır.

86. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsinin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış müqavilənin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq iddia müddətinin tətbiqi barədə ərizəsinin təmin olunması üçün də əsas görmür və hesab edir ki, əvvəla, mübahisələndirilən müqavilə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış müqavilə deyil. Digər tərəfdən, Cavabdeh2 müqavilə bağlandıqdan cəmi 7 ay keçdikdən sonra onun etibarsızlığı barədə hazırkı iddianı qaldırmışdır. Onun mübahisələndirdiyi alqı-satqı müqaviləsi yalan əqd olmaqla əhəmiyyətsizdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında da qeyd olunduğu kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir.

87. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından, eləcə də məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmadığından qətnamə ləğv olunmaqla İddiaçı iddiası rədd edilməli, Cavabdeh2 iddiası isə təmin olunmalıdır.

88. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab olunması qənaətinə gəlindiyindən Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd üzrə alınanların geri qaytarılması məsələsi də həll olunmalıdır.

89. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

90. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).

91. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni nəzərə alaraq və MPM-in 119.1ci maddəsini rəhbər tutaraq hesab edir ki, iş üzrə məhkəmə xərcləri İddiaçı aid edilməli, bu məqsədlə cavabdehin tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 101 manat, apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ödənilmiş 100 (50+50) manat, ümumilikdə 201 manat dövlət rüsumunun əvəzi İddiaçı tutularaq Cavabdeh2 Midhət qızına ödənilməlidir. Eləcə də, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat da pul da İddiaçı tutulmalıdır. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları isə onun özünə aid edilməlidir.

92. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh2 apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. Cavabdeh2 iddiası təmin olunsun. Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsindəki 17 saylı evin 3-cü mənzilinə dair İddiaçı ilə Cavabdeh2 arasında 14 dekabr 2022-ci il tarixdə bağlanmış və həmin tarixdə Bakı şəhəri 54 saylı notariat ofisində 4Ə-622 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Həmin alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına aparılmış hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2022-ci il tarixli qeydiyyat yazısı və çıxarış ləğv edilsin. Müqavilə üzrə ödənilmiş 93500 (doxsan üç min beş yüz) manat pul vəsaiti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh2 alınıb İddiaçı ödənilsin. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 Akif oğluna, Cavabdeh4 qarşı mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddiası təmin olunmasın. Məhkəmə xərcləri İddiaçı aid edilsin və bu məqsədlə ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq cəmi 201 (iki yüz bir) manat pul vəsaiti İddiaçı tutularaq Cavabdeh2 ödənilsin. Ekspertiza xərci olaraq 100 (bir yüz) manat pul vəsaiti də İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar