Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3148/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə,iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-267/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilən şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı “öhdəliyin icra edilməsi və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan ümumilikdə 33,843 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-267/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddianın təmin tədbiri barədə ərizəsi təmin edilməmişdir. Hazırda İddiaçı şikayət ərizəsi ilə məhkəmə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-267/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv olunmasını və iddianın təmin tədbiri barədə ərizəsinin tam təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-267/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddianın şikayəti təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin dəlillərinə istinad etməklə şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya MPM-ın 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə tərəfi dinləyib, materialları və şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddiaçının iddianın təmin tədbiri barədə ərizəsi qismən təmin olunaraq Cavabdeh MTK-nın bank hesablarına iddia tələbi həcmində, yəni 33,843 manat məbləğ həcmində həbs qoyulmalı, ərizə qalan hissədə rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “öhdəliyin icra edilməsi və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan ümumilikdə 33,843 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın əmlakına və bank hesablarına müvafiq məhdudiyyətlərin qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Belə ki, iddianı təmin etmə tədbiri görülməsi barədə ərizədə cavabdehin əmlakı və bank hesabları üzərinə məhdudiyyətlər qoyulması xahiş edilmiş, həmin əmlakın və bank hesablarının nədən ibarət olması qeyd olunmaması səbəbi ilə 1-ci instansiya məhkəməsi ərizəni rədd etmişdir Kollegiya qeyd edir ki, cavabdehin bank hesablarının qərardadın icrası ilə bağlı müvafiq icra məmuru tərəfindən müəyyən olunması mümkünlüyü istisna olunmadığından, həmçinin belə tədbir gələcəkdə məhkəmə qətnaməsinin icrasının təmin olunması məqsədi güddüyündən iddiaçının iddianın təmin tədbiri barədə ərizəsi qismən təmin olunaraq Cavabdeh MTK-nın bank hesablarına iddia tələbi həcmində, yəni 33,843 manat məbləğ həcmində həbs qoyulmalı, üzərinə məhdudiyyətlər qoyulması tələb olunan hansı əmlaklarının (daşınar-daşınmaz) cavabdehə məxsus olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən cavabdehə məxsus əmlakın üzərinə məhdudiyyətlər qoyulması hissədə isə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə isə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci və 158.1.2-ci maddələrinin tələbinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək olar. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən iddianı təmin etmək haqqında ərizə mübahisəni həll edən hakim tərəfindən daxil olduğu gündən təxirə salınmadan baxılır. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Belə ki, özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhkəmənin qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: Bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməli; bu tədbirlər müvəqqəti xarakter daşımalı və tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun X1 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Bundan başqa məhkəmə, iddianı təmin etmə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsaslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə alır. Sadalanan normaların məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsinin, gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.3-cü maddəsinə əsasən Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını ləğv edə və qərardadla həll olunmalı məsələni həll edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 157-158, 263, 398.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-267/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv olunsun. İddiaçı iddianın təmin tədbiri barədə ərizəsi qismən təmin olunsun. Cavabdeh MTK-nın bank hesablarına iddia tələbi həcmində, yəni 33,843 manat məbləğ həcmində həbs qoyulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad dərhal icra olunsun. Qərardad qəbul edildiyi vaxtdan qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3148/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3148/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver