Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3148/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpağın boşaldılması, yolun açılması, maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi üzrə (açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpağın boşaldılması, yolun açılması, maddi və mənəvi ziyanın tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(008)-198/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 24 may 2012-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Qələbə küçəsində turizm obyektinin tikintisi üçün 2,8 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Həmin sərəncam əsasında MMC 2,53672 ha torpaq sahəsini mülkiyyət hüququ üzrə özəlləşdirmiş və 29 may 2013-cü il tarixli müqaviləsi ilə torpaq sahəsini Cavabdeh2 satmaqla, sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 05 iyun 2013-cü il tarixdə qeydiyyata alınmışdır.
2. 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 14 iyun 2013-cü il tarixli qərarı ilə iddia tələbləri qismən təmin edilmiş, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 24 may 2012-ci il tarixli, 209 saylı sərəncamı - X5 mərhum atası Məcid Nuru oğlunun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi 21- ci döngədəki 1 saylı yaşayış evinin və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 21-ci döngədəki 2 saylı yaşayış evinin həyətyanı sahələrlə (texniki pasporta uyğun ölçüdə) birlikdə yerləşdiyi ərazi hissəsində ləğv edilmişdir. Həmin qərardan verilmiş müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı və X5 ayrıayrılıqda verdikləri apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 29 may 2013-cü il tarixli AN-İ ******* nömrəli alqısatqı müqaviləsinin iddiaçılara aid hissədə (Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 21-ci döngədəki 2 saylı yaşayış evi, texniki pasporta uyğun ölçüdə həyətyanı sahələrlə birlikdə) etibarsız hesab edilməsi, həmin müqavilə əsasında DƏDR-də 424 nömrəli reyestr kitabının 40164 nömrəli vərəqəsində aparılmış qeydiyyatın iddiaçılara aid hissədə ləğv edilməsi, müqavilə əsasında Cavabdeh2 verilmiş 05 iyun 2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın iddiaçılara aid hissədə ləğv edilməsi, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən DƏDR-də bu barədə müvafiq dəyişiklik aparılması qət edilmişdir.
4. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsi İddiaçı mülkiyyəti kimi 07 fevral 2017-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinin (DƏDRX tərəfindən verilmiş Çıxarış, reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №528864 və DƏDRX tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü) cavabdehlər tərəfindən boşaldılması və ona təhvil verilməsi, həmin torpaq sahəsinə maneəsiz gediş-gəlişin təmin edilməsi, həmin gedişgəlişin təmin edilməsi məqsədilə yolun üzərində olan dəmir darvazanın, şlaqbaumun, parklanma avadanlıqlarının cavabdehlər tərəfindən sökülməsi; vurulmuş maddi zərərin əvəzi olaraq (manatın devalvasiyası və inflyasiya nəzərə alınmaqla) 3.000.000 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; xüsusi mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsindən dayanacaq kimi istifadə edərək cavabdehlərin altı il ərzində əldə etdiyi 540.000 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi; daşınmaz əmlaklar sökülərkən dağıdılmış daşınar əşyalar (stol-stullar, mebel, soyuducu, qabyuyan, iki ədəd kondisioner, iki ədəd televizor və digər) 96.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması; vurulmuş mənəvi zərərə görə 1.000.000 manatın cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, keçmiş A.Salahzadə, indiki Qələbə küçəsi, 21-ci döngədə yerləşən iddiaçıya məxsus olan 2 saylı bağ sahəsi Cavabdeh1 tərəfindən zəbt edilmiş və burada mövcud olmuş iki və üç mərtəbəli evləri, hovuzu, palma və digər növ ağacları (bağ sahəsinin ətrafı daş hasarla əhatə olunmuşdur) 2012-2015-ci illər ərzində bu şəxs tərəfindən məhv edilmişdir. Bununla bağlı iddiaçı neçə ildir ki, müxtəlif orqanlara müraciət edir. Belə ki, torpaq sahəsinin ona məxsusluğu mülki məhkəmə icraatı qaydasında həll olunaraq, məhkəmə qərarları ilə təsdiqlənmişdir. Ona məxsus torpaq sahəsinin zəbt edilmiş hissəsinə bitişik torpaq sahəsi Əliabbas Salahzadənin həyat yoldaşının adına rəsmiləşdirilmişdir. Göstərilən işlə bağlı 16 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1, 186.2.1, 320.1 və 322ci maddələri ilə cinayət işi başlanmış, cinayət işi istintaqın aparılması DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsinə göndərilmişdir. 14 mart 2020-ci il tarixdə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət icraatı öz yerində, hazırda ona məxsus torpaq sahəsindən həmin şəxslərin çıxarılmasını, onların hesabına daşınmaz əmlakın qaytarılması, illərlə daşınmaz əmlakından istifadə edə bilmədiyinə görə vurulmuş ******* manat mənəvi ziyan zərərin ödənilməsini tələb edir. Dağıdılmış evin 2012ci ilə qiymətləndirilməsi ******* manat təşkil edir, bu barədə müvafiq audit rəyini hazırkı şikayətə əlavə edir. Həmin dağıdılmış yerdə və onun torpaq sahəsində altı ildir ki, pullu dayanacaq fəaliyyət göstərir və həmin pullu dayanacağı iş üzrə Cavabdeh2 və əri Əliabbas Salahzadə işlədirlər. Gündə ən azı 150-200 maşın gəlir. Ancaq yay aylarında hər maşına görə beş manatdan hesablayanda günə 1000 manat, ayda 30000 manat, bir ilə ancaq yay ayları üçün 90000 manat edir. Altı il ərzində 540000 manat edir. Həmin şəxslər ər-arvad olduğundan birgə məsuliyyət daşıyırlar.
7. Cavabdeh1 birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsində göstərildiyi kimi, iddiaçıya məxsus əmlakın məhv edilməsi, torpaq sahəsindən istifadəyə dair maneələr kimi hərəkətlər guya onun tərəfindən 2012-ci ildə törədilmişdir. Ancaq həmin vaxtdan ötən 6 ildən artıq müddət ərzində bu münasibətlər iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir. Belə ki, hüquqi normaların tələblərinə görə İddiaçı ona qarşı iddia irəli sürmək üçün müəyyən olunmuş iddia müddətini ötürmüş və belə olan hal iddiaçının iddia tələbindən imtina edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün əsasdır.
8. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2022-ci il tarixli rəyinə əsasən vahid elektron kadastr baza məlumatlarına və Kadastr və Yerquruluşu Layihə Təhqiqat Mərkəzi MMC-nin tərtib etdiyi mövcud sxemə əsasən İddiaçı məxsus 0,2 ha torpaq sahəsinin (ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş kadastr planının arxiv materiallarına əsasən) cənub-qərb tərəfdən sərhəd boyu, Zağulba prospektinə birbaşa çıxışı olan asfalt örtüklü yol mövcuddur. Qeyd olunan yol əvvəlki vəziyyətdə Cavabdeh2 məxsus 2,53672 ha (sonradan yerdə qalan 2,1487 ha) torpaq sahəsinin daxilində yerləşir. Faktiki vəziyyətdə yolun Zağulba prospektindən giriş hissəsində mühafizə postu mövcud olmaqla şəbəkə restoranına və çimərlik ərazisinə xidmət edir. İddiaçı mülkiyyətində olan 0,2 ha torpaq sahəsinə digər sərbəst giriş-çıxış mövcud deyil.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(008)- 198/2023 nömrəli qətnaməsi ilə (hakim T.Əsədova) iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinin (DƏDRX tərəfindən verilmiş Çıxarış, reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №528864 və DƏDRX tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü) Cavabdeh2 tərəfindən boşaldılması və İddiaçı təhvil verilməsi, həmin torpaq sahəsinə maneəsiz gediş-gəlişin təmin edilməsi, həmin gediş-gəlişin təmin edilməsi məqsədilə yolun üzərində olan dəmir darvaza, şlaqbaum, parklanma avadanlıqlarının Cavabdeh2 tərəfindən sökülməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsi və ona gedən yol Cavabdeh2 tərəfindən zəbt edilmiş və bu əsasdan iddiaçının birinci tələbi qismən təmin olunmalı, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsi (DƏDRX tərəfindən verilmiş Çıxarış, reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №528864 və DƏDRX tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü) Cavabdeh2 tərəfindən boşaldılmalı və ona təhvil verilməli, həmin torpaq sahəsinə maneəsiz gediş-gəliş təmin edilməli, həmin gediş-gəlişin təmin edilməsi məqsədilə yolun üzərində olan dəmir darvaza, şlaqbaum, parklanma avadanlıqları sökülməli, iddia Cavabdeh1 qarşı rədd edilməlidir. Belə ki, Cavabdeh1 bu tələbə cavab verməli olduğuna dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının tələbi Mülki Məcəllənin 384.0.4cü maddəsinin təsiri altına düşdüyündən iddia müddəti tətbiq edilə bilməz.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı digər tələblərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
13. Məhkəmə mənəvi zərərlə bağlı qeyd etmişdir ki, iddiaçı özünün mənəvi zərər çəkməsi, eyni zamanda həmin zərərin ******* manat olmasına dair sübut təqdim edə bilməmişdir.
14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Torpaq Məcəlləsinin 67 və 68-ci; Mülki Məcəllənin 23.1, 23.2, 23.4, 152.1, 152.5, 157.1, 157.2, 164.1, 164.2, 165.1, 180.1, 180.4, 372.1, 372.2, 373.2, 375.1, 375.2, 384.0.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın hər iki cavabdehə münasibətdə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Həmçinin Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İşin apellyasiya baxışı zamanı alınmış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 11 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, AYNA tərəfindən ödənişli parklanma yerləri “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023cü il 25 iyun tarixli, 213 nömrəli Qərarı ilə müəyyən olunmuş zonalar daxilində dövlət avtomobil yollarında təşkil edilir və hər bir zona üzrə parklanmaya görə ödənişin məbləği sözügedən qərarda öz əksini tapmışdır. Belə ki, Bakı şəhərinin ərazisində parklanmanın 1 saatına görə Mərkəz zonası üçün 1 manat, İ zona üçün 0,70 manat, İİ zona üçün 0,40 manat, İİİ zona üçün 0,30 manat, İV zona üçün isə ödənişsiz olması müəyyən olmuşdur; müraciətdə qeyd olunan ərazi dövlət avtomobil yollarına aid olmadığından və parklanmanın ödənişsiz olduğu İV zonada yerləşdiyindən həmin ərazidəki qiymətlər barədə məlumatların təqdim olunması imkan xaricindədir.
18. İşin apellyasiya baxışı zamanı İddiaçı tərəfindən təqdim edilmiş “X7”-ə aid parkinq biletindən görünür ki, qiymətlər - 15 dəqiqəyə qədər pulsuz; 1 saata qədər 1 manat; 2 saata qədər 2 manat; 3 saata qədər 3 manat; 3 saatdan 5 saata qədər 4 manat; 5 saatdan 10 saata qədər 5 manat; 10 saatdan sutka sonuna qədər 10 manat müəyyən edilmişdir.
19. İşin apellyasiya baxışı zamanı alınmış Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2024-cü il tarixli ekspert rəyinə əsasən şlaqbaumdan İddiaçı (**********16 reyestr nömrəsi ilə) mülkiyyətində olan torpaq sahəsindən dənizə doğru istiqamətdə olan torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində olduğu; tərəflərin mülkiyyətində olan torpaq sahələrinin sərhədləri daxilində əlavə istifadə edilən torpaq sahəsinin aşkarlanmadığı; iddiaçıya məxsus torpaq sahəsindən əsas yola çıxışın naturada və elektron baza məlumatlarına əsasən nəzərdə tutulmadığı; iddiaçıya məxsus torpaq sahəsindən əsas yola çıxışın Cavabdeh2 mülkiyyətində olduğu; İddiaçı (**********16 reyestr nömrəsi ilə) mülkiyyətində olan 0,2 ha torpaq sahəsinə digər sərbəst giriş-çıxışının mövcud olmadığı; İddiaçı (**********16 reyestr nömrəsi ilə) mülkiyyətində olan 0,2 ha torpaq sahəsindən avtodayanacaq kimi istifadə olunmadığı müəyyən edilmişdir.
20. İşin apellyasiya baxışı zamanı alınmış Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən İddiaçı **********16 reyestr nömrəsi ilə 0.20 ha torpaq sahəsinin mülkiyyətində olduğu; həmçinin Cavabdeh2 **********23 reyestr nömrəsi ilə 2,1487 ha torpaq sahəsinin mülkiyyətində olduğu; mübahisəli yolun Cavabdeh2 mülkiyyətində olduğu (**********23 reyestr nömrəli sahə 2,1487 ha təşkil edir); İddiaçı mülkiyyətində olan 0,2 ha torpaq sahəsinə digər sərbəst giriş-çıxışının mövcud olmadığı müəyyən edilmişdir.
21. Apellyasiya şikayətində göstərilən dəlillərin yoxlanılması məqsədilə apellyasiya kollegiyası tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin mütəxəssisin iştirakı ilə mübahisəli ərazi yerində müayinə edilmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, ictimai avtomobil yolundan iddiaçının torpaq sahəsinə gedən yol Cavabdeh2 mülkiyyətindədir. Bununla belə iddiaçıya məxsus olan torpaq sahəsinin müəyyən hissəsindən cavabdehin özü də yol olaraq istifadə edir. Mübahisəli torpaq sahəsinə əsas yol tərəfdən daxil olduğu zaman sahənin sol tərəfində cavabdehə məxsus transformatorun quraşdırıldığı və onun bir hissəsinin də iddiaçıya məxsus torpaq sahəsinə düşdüyü, sağ tərəfinin isə (qayalığın üst hissəsi) yol kimi istifadə edildiyi müəyyən edilmişdir. İddiaçıya aid torpaq sahəsi bir tərəfdən qayalıq, digər tərəfdən isə “Şaurma 1” restoranının yerləşdiyi sahə ilə mübahisəli sahəni ayıran daş hasarın olması müəyyən edilmişdir. Bundan başqa mübahisəli əraziyə yerində baxış keçirilərkən, İddiaçı mülkiyyətində olan 0,2 ha torpaq sahəsinə sərbəst girişçıxışın mövcud olmadığı, mübahisəli yolun üzərində darvaza, şlaqbaum və digər avadanlıqların mövcud olduğu aşkar edilmişdir. Hansı ki, həmin darvaza və şlaqbaum Cavabdeh2 mülkiyyətində olan 2,1487 ha torpaq sahəsində yerləşir. İddiaçıya məxsus torpaq sahəsinə başqa sahədən zəruri keçidin verilməsinin mümkün olmadığı aşkardır
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2(103)-198/2024 nömrəli qətnaməsi ilə (hakim C.Musayevanın sədrliyi və məruzəsi ilə, hakimlər F.Babayev və G.Axundova) İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 198/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsi qismən – parklanma avadanlıqlarının sökülməsi, mənəvi zərərin tutulması, zəruri keçidin verilməsi, əmlakdan gəlir əldə etməsi nəticəsində yaranmış zərər hissələrində ləğv edilməsi, həmin hissələrdə iddia Cavabdeh2 münasibətdə qismən təmin edilməsi, gediş-gəlişin təmin edilməsi məqsədilə yolun üzərində olan dəmir darvaza, şlaqbaum və digər parklanma avadanlıqlarının yalnız İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinə düşən hissəsi Cavabdeh2 tərəfindən sökülməsi, ictimai avtomobil yolundan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinə İddiaçı zəruri keçidin verilməsi vəzifəsi Cavabdeh2 üzərinə qoyulması, zəruri keçid - Zağulba prospektindən hazırda cavabdehə məxsus torpaq sahəsinə giriş hissəsindən iddiaçının torpaq sahəsinə doğru istiqamətdə, yolun sol tərəfi ilə iddiaçıya məxsus torpaq sahəsinin eni 11 metr olan hissəsindən, ünvan 1 ünvanına dair tərtib edilmiş reyestr nömrəsi 6921, inventar nömrəsi 197 olan Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda təsvir edilən formada və ölçüdə (iş vərəq 14) verilməsi, mənəvi zərər olaraq 10.000 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsindən dayanacaq kimi istifadə etdiyi üçün Cavabdeh2 16.200 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddia tələblərinin Cavabdeh2 münasibətdə digər hissələrdə rədd edilməsi, iddianın Cavabdeh1 münasibətdə rədd edilməsi qət edilmişdir.
23. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olması, bu sahənin müəyyən hissəsinin də hələ də cavabdehin sahibliyində qalmaqda davam etməsi, sonuncunun həmin sahədən ümumi yol olaraq istifadə etməsi və mövcud vəziyyətdə bu sahəni iddiaçıya tam şəkildə təhvil verməkdən imtina etməsi öz təsdiqini tapmışdır. Cavabdehin, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən hər hansı formada istifadə etməsi, sahibliyində saxlanılması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddianı bu hissədə təmin edən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdehin mübahisəli torpaq sahəsini sahibliyində saxlamasına hüquqi əsas ola biləcək heç bir hal müəyyən edilməmişdir.
24. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə apellyasiya kollegiyası qeyd etmişdir ki, iddia tələbi Mülki Məcəllənin 384-cü maddəsi ilə iddia müddəti şamil edilmədiyi tələblərin dairəsinə düşür.
25. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin mənəvi zərərin ödənilməsi tələbinə dair mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinə (DƏDRX tərəfindən verilmiş Çıxarış, reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №528864 və DƏDRX tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsünə uyğun şəkildə) sahiblik və ondan istifadə etmək hüquqlarını həyata keçirməkdən məhrum edildiyi nəticəsində mənəvi zərər çəkməsi şübhəsizdir.
26. Məhkəmə kollegiyası mülkiyyət hüququnun qanunla qorunduğunu, hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən istifadə etmək, həmin əmlaka sahiblik etmək hüququna malik olduğunu, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, şəxsin öz mülkiyyətindən məhrum edilməsinin yolverilməz olduğunu nəzərə alaraq hesab etmişdir ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini əsassız olaraq sahibliyində saxlaması ilə əlaqədar yol verdiyi qanunsuz hərəkətsizliyi nəticəsində iddiaçıya vurulmuş mənəvi zərər ödənilməlidir.
27. Məhkəmə, dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd etmişdir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 10.000 manat məbləğində təmin olunmasını isə məhkəmə daha ədalətli və ağlabatan hesab etmişdir.
28. Məhkəmə eyni zamanda zərərin məbləği ilə bağlı gəldiyi qənaəti ona görə əsaslı hesab etmişdir ki, hazırkı mübahisə çərçivəsində həmin cavabdeh tərəfindən iddiaçının istinad etdiyi digər hallar üzrə hər hansı hüquqa zidd əmələ (hərəkət, hərəkətsizliyə) yol verildiyi müəyyən edilməmişdir.
29. Beləliklə, apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə müfəssəl araşdırma aparmadan onun sübuta yetirilmədiyi əsası ilə iddianı bu hissədə rədd etməkdə haqlı olmadığı, tətbiq etməli olduğu normaları tətbiq etmədiyi, bununla da hüququn tətbiqində səhvə yol verdiyi qənaətinə gəlmişdir.
30. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə kollegiya qeyd etmişdir ki, iddia tələbi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsi ilə iddia müddətinin şamil edilmədiyi tələblərin dairəsinə düşür.
31. Apellyasiya instansiyası məhkəməsi iddianın “torpaq sahəsinə maneəsiz gedişgəlişin təmin edilməsi məqsədilə yolun üzərində olan dəmir darvazanın, şlaqbaumun, parklanma avadanlıqlarının cavabdehlər tərəfindən sökülməsi” hissəsi ilə qismən razılaşaraq hesab etmişdir ki, qeyd olunan avadanlıqların məhz iddiaçıya məxsus torpaq sahəsinə düşən hissəsi sökülməlidir. Tələbin bu hissədə təmin olunması həm də qətnamənin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinin (DƏDRX tərəfindən verilmiş Çıxarış, reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №528864 və DƏDRX tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü) cavabdeh tərəfindən boşaldılmasına dair hissəsi ilə uzlaşır.
32. İddianın bu hissədə tam şəkildə təmin olunması cavabdehin mülkiyyət hüququna ziddir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, avadanlıqların cavabdehin mülkiyyətində olan torpaq sahəsinin üzərində olması, bu avadanlıqların iddiaçının öz torpaq sahəsinə gedən yolun üzərində olması da ona bunların sökülməsini tələb etmək hüququnu vermir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bu halı, yəni sökülməsi tələb olunan avadanlıqların iddiaçının və ya cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşib-yerləşməməsi ilə əlaqədar hallara düzgün hüquqi qiymət verməmiş, bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
33. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi eyni qadada hesab etmişdir ki, iddia tələbi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsi ilə iddia müddətinin şamil edilmədiyi tələblərin dairəsinə düşür.
34. Bundan əlavə, iddiaçı məhkəməyə müraciət edərək mülkiyyətində olan torpaq sahəsindən istifadəsinin məhdudlaşdırılmasını aradan qaldırmaq üçün torpaq sahəsinə maneəsiz gediş-gəlişin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, əvvəllər ümumi istifadədə olan və ictimai yol kimi istifadə olunan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi, həmin sahənin üzərində müvafiq avadanlıqların (dəmir darvaza, şlaqbaum, parklanma avadanlıqları) quraşdırılması onun öz torpaq sahəsinə gedib-gəlməsinə məhdudiyyət yaradır. Cavabdeh isə iddiaçının mübahisələndirdiyi yolun onun torpaq sahəsindən keçdiyini, gediş-gəlişin bu formada təmin edilməsinin onun mülkiyyət hüququnu məhdudlaşdıracağını qeyd etmişdir.
35. İş materiallarından da müəyyən edilmişdir ki, istinad olunan torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətindədir, o, həmin torpaq sahəsindən özünə məxsus istirahət kompleksinə gedən avtomobil yolu kimi istifadə edir.
36. Apellyasiya kollegiyası hesab etmişdir ki, hazırkı məsələnin düzgün həlli üçün mülkiyyət hüququ, qonşuluq hüququ çərçivəsində bu hüququn məhdudlaşdırılma imkanları və tərəflərin öhdəlikləri nəzərdən keçirilməlidir.
37. İddiaçı mübahisəli torpaq sahəsinin bir hissəsindən yol kimi istifadə etmək niyyəti üçün cavabdehin mülkiyyət hüququna müdaxilə halı mövcuddur. Bununla belə, həmin müdaxilənin qanunda nəzərdə tutulması və qanuni məqsəd daşıması, mülkiyyətçinin həddən artıq məhrumiyyətə məruz qalıb-qalmaması da yoxlanılmalıdır. Belə ki, Mülkiyyət hüququnun məhdudlaşdırılmasının qanunda nəzərdə tutulmuş əsaslarından biri özgənin sahibliyində olan sahədən zəruri yol və keçidin verilməsidir.
38. Baxılan işdə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə ərazinin əvvəlki vəziyyətində avtomobil yolunun mövcud olduğu, zəruri keçid verilməsi tələb olunan sahənin cavabdehin mülkiyyətinə keçənədək təyinatı bütün hüquqi və fiziki şəxslərin zəruri tələbatının ödənilməsi olan yol kimi istifadə edildiyi, lakin bu yolun hazırda cavabdehin mülkiyyətində olmasının iddiaçının öz torpaq sahəsindən istifadəsinə maneə yaratdığı, həmçinin ümumi yoldan iddiaçıya məxsus torpaq sahəsinə yolun başqa tərəfdən açılmasının mümkün olmadığı müəyyən edilmişdir. Mübahisəli sahənin əvvəllər yol olaraq istifadə edildiyi aidiyyəti dövlət orqanlarının tərtib etdiyi plan-cizgi sənədləri ilə təsdiq olunmuşdur.
39. Beləliklə, apellyasiya kollegiyası iddiaçıya cavabdehin mülkiyyətində olan torpaq sahəsindən keçid verilməsinin zəruriliyini müzakirə edərək hesab etmişdir ki, ümumi avtomobil yolundan iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş və çıxışın olmadığı, iddiaçının torpağına gedən başqa, daha uyğun olan yolu olmadığı nəzərə alınmaqla, iddiaçıya zəruri keçidin mübahisəli sahədən (cavabdehin adına çıxarış verilənədək istifadə etdiyi formada) verilməsi əsaslı hesab edilməlidir. Belə ki, tərəflər arasında yoldan istifadə ilə bağlı mübahisənin artıq yarandığı və iddiaçının bu mübahisəni məhkəmə qaydasında həll edilməsi məqsədilə iddia ilə müraciət etdiyi, iddiaçının başqa yolu olmadığına görə zəruri keçidlə təmin edilməsi məsələsi Mülki Məcəllənin 175.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilməlidir.
40. Məhkəmə kollegiyası həmçinin vurğulamışdır ki, məqsədə çatma vasitəsi kimi hər hansı hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Belə ki, zəruri keçid müəyyənləşdirilərkən tərəflərin qarşılıqlı mənafeləri nəzərə alınmalıdır.
41. İşdə olan İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinə dair tərtib edilmiş sənədlərdən göründüyü kimi iddiaçının torpaq sahəsinə girişinin əvvəllər mövcud olduğu forması Zağulba prospektindən hazırda cavabdehə məxsus torpaq sahəsinə giriş hissəsindən yolun sol tərəfi ilə iddiaçının torpaq sahəsinə doğru istiqamətdə (iş vərəq 14, torpaq sahəsinin eni 11 metr olan tərəfindən) olmuşdur.
42. Beləliklə də, ictimai avtomobil yolundan - Zağulba prospektindən hazırda cavabdehə məxsus torpaq sahəsinə giriş hissəsindən iddiaçının torpaq sahəsinə doğru istiqamətdə, yolun sol tərəfi ilə iddiaçıya məxsus torpaq sahəsinin eni 11 metr olan hissəsindən, ünvan 1 ünvanına dair tərtib edilmiş reyestr nömrəsi 6921, inventar nömrəsi 197 olan Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda təsvir edilən formada və ölçüdə (iş vərəq 14) verilməlidir.
43. Nəzərə alınsa ki, hesabına zəruri keçid təmin edilən sahədən cavabdeh özü tərəfindən fərdi qaydada deyil, məhz ona məxsus Şəbəkə restoranına, həmçinin çimərlik ərazisinə xidmət etməsi üçün istifadə edilir. Ona görə də hazırkı halda iddia tələbinin bu formada təmin edilməsi cavabdehin xüsusi və həddən artıq məhrumiyyətə məruz qalması ilə nəticələnməsi istisna edilir.
44. Apellyasiya instansiyası məhkəməsi iddianın “vurulmuş maddi zərərin əvəzi olaraq (manatın devalvasiyası və inflyasiya nəzərə alınmaqla) 3.000.000 manatın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi; daşınmaz əmlaklar sökülərkən dağıdılmış daşınar əşyalar (stol-stullar, mebel, soyuducu, qabyuyan, iki ədəd kondisioner, iki ədəd televizor və digər) 96.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması” hissəsi ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmış və göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Qələbə küçəsində yerləşən 2,53672 ha torpaq sahəsi Cavabdeh2 adına mülkiyyət hüququ ilə 05 iyun 2013-cü il tarixində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən dəymiş maddi zərərin qiymətləndirilməsi ilə bağlı məhkəməyə təqdim olunmuş aktın tarixi isə 04 mart 2012-ci il tarixinə təsadüf edir. Həmçinin işdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 mart 2013-cü il tarixli qətnaməsindən görünür ki, mübahisəli torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə keçənədək iddiaçı hazırda istinad etdiyi faktiki hallara əsaslanmaqla məhkəməyə müraciət etmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində yerləşən tikilinin sökülməsinə görə dəymiş zərərin başqa cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin işə baxılan zaman keçirilmiş yerli baxış nəticəsində mübahisəli ərazidə "xxxx" MMC tərəfindən tikinti işlərinin aparılması müəyyən edilmişdir.
45. Digər cavabdehə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 bu məsələyə aidiyyəti ümumiyyətlə müəyyən edilmədiyindən ona münasibətdə mənəvi və maddi zərərin ödənilməsi barədə iddia rədd edilməlidir.
46. Beləliklə iş materiallarından göründüyü kimi iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı müəyyən edilmir. Çünki iddiaçı tərəfindən zərərin məhz cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində əmələ gəlməsini təsdiq edən sübutlar təqdim edilməmiş və beləliklə də o, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər.
47. Qeyd edilənlərə əsasən apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin iddianın bu hissədə əsassız olduğundan rədd edilməli olması barədə gəldiyi qənaət ilə razılaşaraq qeyd etməyi zəruri sayır ki, hazırkı işdə cavabdehlər tərəfindən zərərin yaranmasına səbəb ola biləcək hərəkətə (hərəkətsizliyə) yol verilməsi və beləliklə də onların məsuliyyət daşımaları faktını iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır.
48. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iddia tələbi üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia bu hissədə əsassız olması səbəbi ilə rədd edildiyindən iddia müddətinin tətbiqindən məhkəmə tərəfindən imtina edilməlidir.
49. İddianın “xüsusi mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsindən dayanacaq kimi istifadə edərək cavabdehlərin altı il ərzində əldə etdiyi 540.000 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi” hissəsi ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona dəymiş zərər qismində bu məbləğin hansı əsasla (özünün adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən əldən çıxmış faydadan məhrum olduğuna və ya bu müddət ərzində qarşı tərəfin həmin əmlakdan gəlir əldə etdiyinə görə) tutulmalı olduğunu göstərməsə də, məhkəmə kollegiyası Mülki Məcəllənin 21.2, 1092.1 və 157.5-ci maddələrinin məzmununa istinadən iddianın bu hissəsini qiymətləndirmiş, sübutetmə vəzifəsinin bölgüsü baxımından zərər dəydiyini sübut etmək vəzifəsinin onu iddia edən şəxsə aid olmasını qeyd etmişdir.
50. Belə ki, iddiaçı cavabdehlərin qanunsuz olaraq mülkiyyətində olan torpaq sahəsindən beş il ərzində istifadə etdiklərini bildirir. İşin hallarından aydın olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2015-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 29 may 2013-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi iddiaçıya aid hissədə (Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 21-ci döngədəki 2 saylı yaşayış evi, texniki pasporta uyğun ölçüdə həyətyanı sahələrlə birlikdə) etibarsız hesab edilmiş, həmin müqavilə əsasında DƏDR-də 424 nömrəli reyestr kitabının 40164 nömrəli vərəqəsində aparılmış qeydiyyatın iddiaçıya aid hissədə ləğv edilməsi, müqavilə əsasında Cavabdeh2 verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın iddiaçıya aid hissədə ləğv edilməsi, AR ƏMDK yanında DƏDRX-nin bakı şəhər Ərazi İdarəsi tərəfindən DƏDR-də bu barədə müvafiq dəyişiklik aparılması qət edilmişdir. Həmin qətnamə 06 aprel 2016-cı il tarixində qanuni qüvvəsini almışdır.
51. Qeyd edilən məhkəmə aktı ilə Cavabdeh2 həmin torpaq sahəsini vicdanlı əldə edən kimi qəbul edilməmişdir. Belə ki, məhkəmələr, cavabdehin, iddiaçının mülkiyyətində olan yaşayış evlərinin yerləşdiyi torpaq sahələri ilə əlaqədar gedən məhkəmə mübahisələrindən məlumatlı olduğu, hətta həmin məhkəmə qərarlarını apellyasiya və kassasiya qaydasında mübahisələndirdiyi üçün bu nəticəyə gəlmişdir.
52. Göründüyü kimi mülkiyyətçi (iddiaçı) özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, qarşı tərəfin (faktiki sahibin) əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb etmək hüququna sahibdir. Belə olan halda iddiaçı sübut etməlidir ki, cavabdeh ona məxsus torpaq sahəsini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, digər şəkildə gecikdirməsi nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmiş və ya o, öz növbəsində əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur.
53. Apellyasiya kollegiyası iş materialları əsasında müəyyən etmişdir ki, cavabdeh buna hüququ olmadığı və mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmasını bildiyi halda heç bir qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlanmışdır. Qeyd edilən bu hallar işdə olan sübutlarla (fotoşəkillər, parklanma talonu, parklanma yerlərinin təşkili – xətlənməsi və s. ilə) öz təsdiqini tapır. Cavabdehin torpaqdan avtodayanacaq olaraq istifadə etməsi nəticəsində varlandığı məbləğin dəqiq hesablanması mümkün olmasa da (ekspertizanın keçirilməsindən imtina edilmişdir), məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən bu hal hazırkı iddia tələbinin rədd edilməsi üçün əsas deyildir.
54. Beləliklə məhkəmə kollegiyası iddianın Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələrinə istinadən qeyd etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi hazırkı işdə qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin maddələrinin məzmununa görə, əsassız varlanmaya əsasən “varlanmış” borclunun hüquqi əsas olmadan artmış əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etmək hüququna yalnız həmin əmlakdan məhrum olan şəxs malikdir və bu iddia üzrə cavabdehlik daşıyan şəxs məhrum olan kreditorun hesabına heç bir hüquqi əsas olmadan varlanmış şəxsdir.
55. Apellyasiya kollegiyası mübahisəyə iddia müddətinin tətbiq olunması məsələsini müzakirə edərək nəzərə almışdır ki, hazırkı işdən müəyyən olunduğu kimi iddiaçı azı 2016-cı ilin aprel ayından (Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı 06 aprel 2016-cı il tarixdə qəbul edilmişdir) cavabdehin onun hesabına əsassız varlandığını bilmiş, lakin qanunvericiliklə müəyyən olunmuş müddət ərzində müvafiq iddia ilə məhkəməyə müraciət etməmişdir. Hazırkı iddia yalnız 04 may 2021-ci il tarixdə məhkəməyə verilmişdir. Buna baxmayaraq iddiaçının hüquqlarının pozulması vəziyyəti ən azı onun məhkəməyə müraciət etdiyi tarixə qədər davam etmişdir.
56. Beləliklə də, apellyasiya instansiyası məhkəməsi iddia müddətinə münasibətdə qeyd etməyi zəruri saymışdır ki, iddiaçı ən azı son iki il ərzində cavabdehin hesabına varlandığı məbləğə münasibətdə iddia müddətini buraxmamışdır.
57. Məhkəmə parklanma talonunda qeyd edilənləri nəzərə alaraq, müvafiq illər üçün müqayisəyə gələ bilən hallarda oxşar şəraitdə göstərilən xidmətlər üçün adətən alınan qiymət üzrə, yəni ünvan 2 ünvanında yerləşən sahəsi 0,20 ha olan torpaq sahəsindən dənizkənarı avtodayanacaq kimi istifadə edilməklə əldə edilməsi mümkün olan gəlir həcminin (yay ayları (90 gün)) təxmini hesablama yolu ilə nə qədər təşkil etdiyini müəyyən edərək, həmin ölçüdə torpaq sahəsinin gün ərzində əhatə edə bildiyi avtomobillərin təxmini sayını, həmin avtomobillərin sahiblərinin dənizkənarı istirahət etməsinin ən azı 3 saata qədər davam etməsini nəzərə alaraq hesab etmişdir ki, son iki il üçün Cavabdeh2 əsassız varlandığı məbləğ olaraq (3 manat x 30 avtomobil x 90 gün = 8.100 manat x 2 = 16.200 manat) 16.200 manat həddində pul iddiaçının xeyrinə tutulmalıdır.
58. Digər cavabdehə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 bu məsələyə aidiyyəti müəyyən edilmədiyindən ona münasibətdə iddia rədd edilməlidir.
59. Beləliklə də, məhkəmə kollegiyası iddia müddətinə münasibətdə qeyd etməyi zəruri saymışdır ki, iddiaçı ən azı son iki il ərzində cavabdehin hesabına varlandığı məbləğə münasibətdə iddia müddətini buraxmamışdır.
60. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 139.1, 152.1, 152.5, 157.2, 157.5, 169.1, 170.2, 175, 384.0.1, 384.0.4 ,386.1, 1091, 1092.1, 1095, 1096, 1097.1, 1097.3-cü, Torpaq Məcəlləsinin 110, 111-ci maddələri, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat
61. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2(103)-198/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
62. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 6, 23-cü, Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddələrinin tələbləri pozulmuşdur.
63. Belə ki, məhkəmə tərəfindən mənəvi zərərə görə təzminatın miqdarını müəyyən edərkən hüquqazidd əməlin növünü, dərəcəsini, davam etdiyi müddəti, hansı şəraitdə, mühitdə baş verməsini və digər amilləri nəzərə almamışdır. Belə ki, cavabdehlər torpaq sahəsini 2013-cü ildə əldə edərək, 11 il ərzində iddiaçının konstitusion hüquqlarını pozmuşdur.
64. Həmçinin, Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin edildiyi hissələrində - ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
65. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 21, 157.1, 157.2, 157.4, 157.5, 175, 1091.1, 1091.2-ci, Mülki Prosessual Məcəllənin 9.3, 14.2, 88, 217, 218.3-cü maddələrinin tələbləri pozulmuşdur.
66. Belə ki, cavabdeh iddiaçının torpaq sahəsini zəbt etməmiş, iddiaçının torpaq sahəsi 29 may 2013-cü il tarixdə "xxxx" MMC-nin mülkiyyətində olmuş, bundan sonra "xxxx" MMC tərəfindən cavabdehə satılmışdır. Cavabdeh həmin torpaq sahəsindən mülkiyyətində olan torpaq sahəsi kimi istifadə etmişdir. Sonradan "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş mülkiyyət haqqında çıxarış qismən etibarsız hesab olunduqdan sonra iddiaçının torpaq sahəsi, qərbdən Cavabdeh2 qalan, cənub-şərqdən X5, şimal-şərqdən digər bir qonşunun torpaq sahələri ilə, şimal-qərbdən isə “Şaurma 1” restoranının binası ilə əhatə olunmuş bir vəziyyətdə qalmışdır. Belə bir vəziyyətdə “iddiaçının torpaq sahəsi Cavabdeh2 qanunsuz sahibliyindədir” kimi nəticə çıxarılması qanunsuz və əsassız olmuşdur. Belə olan halda, digər 3 qonşuya münasibətdə də eyni nəticə, yəni, “iddiaçının torpaq sahəsi digər qonşuların da qanunsuz sahibliyindədir” kimi nəticə çıxarılmalıdır. O ki qaldı, cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsinin şlaqbaum, dəmir darvaza və parklanma avadanlıqları quraşdırılan hissəsinə, həmin hissədən iddiaçının torpaq sahəsinə qədər olan hissə cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsinin tərkib hissəsidir. İddiaçının özünün izahatı ilə, həmçinin yerli baxış zamanı da müəyyən edilmişdir ki, iddiaçıya məxsus 0,2 ha torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsinin şlaqbaum, dəmir darvaza və parklanma avadanlıqları quraşdırılmış hissəsinin, həmin hissədən iddiaçının torpaq sahəsinə qədər olan hissəsinin yer səthi arasında qayalıq var və həmin qayalıq təxminən, iddiaçının özünün də məhkəmə iclasında bildirdiyi kimi, 11-12 metr, yaxud 33-34 pillə hündürlüyündədir. Başqa sözlə iddiaçıya məxsus 0,2 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsinin qeyd edilən hissəsinin yer səthindən 1-12 metr aşağıda yerləşir. Bu cür hündürlük fərqi olan torpaq səthlərinin eyni ümumi yola çıxışının olduğunu təsəvvür etmək çox çətindir. Bu səbəbdən iddiaçının belə bir yoldan əvvəllər istifadə etmiş olması da inandırıcı deyil. Belə ki, ümumi yola çıxışını iddiaçı məhkəmə iclasında belə izah etmişdir ki, o, ümumi yoldan özünün əvvəllər mövcud olmuş fərdi yaşayış evinə, yoldan fərdi yaşayış evinin çardağına keçib, daha sonra isə 33-34 pillədən ibarət olan pilləkənlə torpaq sahəsinə düşüb çıxmaqla istifadə etmişdir. Lakin iddiaçıya məxsus olmuş fərdi yaşayış evinin texniki pasportundan fərdi yaşayış evinin torpaq sahəsinin yer səthi ilə ümumi istifadədə olan yolun yer səthi arasında belə bir fərqin olduğu görənimədiyi halda, apellyasiya instansiyası məhkəməsi bütün digər sübutlar kimi işdə olan bu sübuta da düzgün qiymət verməmiş, texniki pasportda göstərilənlə faktiki vəziyyət arasındakı kəskin fərqi araşdırmamış, iş üzrə qanuni və əsaslı qətnamənin qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halı qətnamədə müzakirə belə etməmişdir. İddiaçının, ona “zəruri keçidin verilməsi” ilə bağlı hər hansı iddia tələbi olmadığı halda, apellyasiya instansiyası məhkəməsi iddia üzrə irəli sürülmüş tələblərdən kənara çıxaraq, qətnamə qəbul etmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi iddianın mənəvi zərərin ödənilməsi tələbinə dair hissəsi ilə bağlı bu nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini əsassız olaraq sahibliyində saxlaması ilə əlaqədar yol verdiyi qanunsuz hərəkətsizliyi nəticəsində iddiaçıya vurulmuş mənəvi zərər ödənilməlidir. Lakin iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh tərəfindən qanunsuz sahiblikdə saxlanıldığını təsdiq edən hər hansı mötəbər sübut iş materiallarında yoxdur.
67. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2025ci il tarixli, 2(102)-703/2025 nömrəli qərarına əsasən İddiaçı kassasiya şikayəti rədd, Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2(103)-198/2024 nömrəli qətnaməsi qismən, mənəvi zərər olaraq 10000 manat məbləğində pulun tutulması hissəsində ləğv olunaraq iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
68. Ali Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “- 79. Bununla belə, məhkəmə kollegiyası mənəvi ziyanla bağlı cavabdehin kassasiya şikayətinin dəlili ilə razılaşır. - 80. Belə ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə nəticəyə gələrkən, mülkiyyətində olan torpaq sahəsinə sahiblik və ondan istifadə etmək hüquqlarını həyata keçirməkdən məhrum edilməsi nəticəsində iddiaçının mənəvi zərər çəkməsini şübhəsiz hesab etmiş və həmin ziyanı 10.000 manat məbləğində müəyyən etmişdir. - 81. Lakin, apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyət hüququnun pozulması nəticəsində ona mənəvi zərərin vurulmasını, yəni cavabdehin hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsini əsaslandırmamışdır. - 82. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. - 83. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. - 84. Hazırkı işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2015-ci il tarixli qətnaməsi ilə bərpa edilməklə, həmin qətnamə Ali Məhkəmənin 06 aprel 2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq, qeyd olunan tarixdən hazırkı iddia verildiyi 04 may 2021-ci il tarixədək, iddiaçının torpaq sahəsini cavabdehin sahibliyindən qaytarılması üçün tədbirlərin görülməsi müəyyən olunmur. - 85. Məhkəmə kollegiyasının qənaətinə görə şəxsin əşya hüququnun pozulması (hazırda torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirməsinə məhdudiyyətlər, sahiblik və istifadənin qeyri-mümkünsüzlüyü) özü-özlüyündə mənəvi ziyanın vurulması kimi qiymətləndirilə bilməz. Bu tələbin təmini üçün iddiaçı əşya hüququnun bərpası üçün tədbirlər görməsini, o cümlədən hüququnu pozan şəxsə, müvafiq dövlət orqanlarına müraciətlər etməsini, bunun cavabdehin qanunsuz hərəkətləri nəticəsində uğurlu olmamasını və məhz bunun nəticəsində mənəvi sarsıntıya məruz qalmasını sübut etməlidir ki, bu istiqamətdə hazırkı qətnamədə əsaslandırma aparılmamışdır. - 86. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi qeyd olunan hissədə maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. - 87. Odur ki, mənəvi ziyanın ödənilməsi hissəsində qətnamə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. - 88. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. - 89. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı kassasiya şikayətində iddiasının tam təmin olunmasını xahiş etsə də, dəlillərdə yalnız tutulan mənəvi ziyanın məbləğinin az olmasından şikayət verdiyindən, yuxarıda təsbit olunan hallara görə, iddiaçının kassasiya şikayəti təmin olunmamalıdır.”
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
69. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etmədiyi hissələrə münasibətdə norma tətbiqində yanlışlığa yol verib. Belə ki, cavabdehlərin aşkar qanunsuz hərəkətləri nəticəsində mənim külli miqdarda dəyərə malik evim qanunsuz olaraq sökülməklə mənə ağır maddi zərərlər vurulub ki, birinci instansiya məhkəməsi bu faktlara hüquqi qiymətini verməyib. Üstəlik buna birbaşa cavabdeh olan Cavabdeh1 iddiası üzrə cavabdeh kimi belə görməyib. Bu cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona məxsus ərazidən avtomobil parkı kimi istifadə edilib və külli miqdarda gəlirlər götürülüb. Məhz birinci instansiya məhkəməsi yerli baxış keçirərək bunların əyani şahidi olub. Nəticəyə gəldikdə isə hər şey görməməzlikdən gəlinib. Birinci instansiya məhkəməsi cavabdehlərin ona vurduqları külli miqdarda maddi zərələrə, həmin maddi zərərlərdən başqa illər yaşadığı haqsızlıqlar ucbatından keçirdiyi iztirablar səbəbindən cavabdehlərin ona vurduğu dəyərini belə müəyyən etməkdə çətinlik çəkdiyi mənəvi zərərə ümumiyyətlə münasibətini göstərməyib onlara dair sübutlarına hər hansı münasibətini bildirməyib, onun məhkəmədə müdafiə hüququnu təmin etməyib. Halbuki, bu məhkəmənin vəzifəsidir. Ona görə də qəbul edilmiş qətnamə iddinın təmin olunmayan hissəsində əsaslı, maddi və mənəvi hüquq normalarına cavab verən qətnamə sayıla bilməz. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi iddiasının təmin olunmayan hissəsində mühüm əhəmiyyətə malik faktiki halların aydınlaşdırılmadığını göstərir. Həmin mühüm əhəmiyyətli faktiki hallar ərazidə yerləşmiş, mülkiyyətində olmuş əmlaklarının cavabdehlərin qanunsuzluqları ucbatından dağıdılaraq məhv edilməsi, ərazidən cavabdehlərin özlərinin mənafeləri üçün istifadə etmələridir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
70. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
71. İddiaçı apellyasiya şikayətində qeyd olunan xüsusatları təsdiq etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etdi.
72. Cavabdeh2 nümayəndəsi Vəkil1 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirdi və təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq
73. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
74. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı: “... Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
75. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
77. İş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, mənəvi zərər olaraq 10000 manat məbləğində pulun tutulması hissəsində ləğv olunaraq həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə qətnamə digər hissələrdə qanuni qüvvəsini aldığından, məhkəmə aktı iddia üzrə mənəvi zərərin əvəzinin tutulması hissəsində iddiaçının apellyasiya şikayətlərinin dəlilləri üzrə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
78. Birinci instansiya məhkəməsi iddianı mənəvi zərərin əvəzinin ödənilməsi barədə hissədə rədd edərkən gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçı özünün mənəvi zərər çəkməsi, eyni zamanda həmin zərərin ******* manat olmasına dair sübut təqdim edə bilməmişdir.
79. İşə birinci apellyasiya icraatında baxılarkən birinci instansiya məhkəməsinin qətnaməsi qismən – parklanma avadanlıqlarının sökülməsi, mənəvi zərərin tutulması, zəruri keçidin verilməsi, əmlakdan gəlir əldə etməsi nəticəsində yaranmış zərər hissələrində ləğv edilmiş, gediş-gəlişin təmin edilməsi məqsədilə yolun üzərində olan dəmir darvaza, şlaqbaum və digər parklanma avadanlıqlarının yalnız İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinə düşən hissəsi Cavabdeh2 tərəfindən sökülməsi, ictimai avtomobil yolundan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,2 torpaq sahəsinə İddiaçı zəruri keçidin verilməsi vəzifəsinin Cavabdeh2 üzərinə qoyulması, zəruri keçid - Zağulba prospektindən hazırda cavabdehə məxsus torpaq sahəsinə giriş hissəsindən iddiaçının torpaq sahəsinə doğru istiqamətdə, yolun sol tərəfi ilə iddiaçıya məxsus torpaq sahəsinin eni 11 metr olan hissəsindən, ünvan 1 ünvanına dair tərtib edilmiş reyestr nömrəsi 6921, inventar nömrəsi 197 olan Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda təsvir edilən formada və ölçüdə (iş vərəq 14) verilməsi, mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçıa ödəniməsi, İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsindən dayanacaq kimi istifadə etdiyi üçün Cavabdeh2 16200 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə digər hissələrdə qanuni qüvvəyə minmiş və yalnız mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində ləğv edilərək yenidən baxılması üçün qaytarılmışdır.
80. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində iddianın təmin olunması üçün iddiaçı mülkiyyətində olan torpaq sahəsinə sahiblik və ondan istifadə etmək hüquqlarını həyata keçirməkdən məhrum edilməsi nəticəsində ona mənəvi zərərin vurulmasını, yəni cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirməsini əsaslandırmalıdır.
81. Şəxsin əşya hüququnun pozulması (hazırda torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirməsinə məhdudiyyətlər, sahiblik və istifadənin qeyrimümkünsüzlüyü) özü-özlüyündə mənəvi ziyanın vurulması kimi qiymətləndirilə bilməz. Bu tələbin təmini üçün iddiaçı əşya hüququnun bərpası üçün tədbirlər görməsini, o cümlədən hüququnu pozan şəxsə, müvafiq dövlət orqanlarına müraciətlər etməsini, bunun cavabdehin qanunsuz hərəkətləri nəticəsində uğurlu olmamasını və məhz bunun nəticəsində mənəvi sarsıntıya məruz qalmasını sübut etməlidir.
82. İddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2015-ci il tarixli qətnaməsi ilə bərpa edilməklə, həmin qətnamə Ali Məhkəmənin 06 aprel 2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq iş materiallarında iddiaçının qeyd olunan tarixdən hazırkı iddia verildiyi 04 may 2021-ci il tarixədək torpaq sahəsini cavabdehin sahibliyindən qaytarılması üçün tədbirlərin görülməsi ilə bağlı heç bir sübut mövcud deyildir. Kassasiya instansiyası məhkəməsinin göstərişinə əsasən qeyd olunan müddət ərzində hər hansı tədbir görülmüşdürsə, bununla bağlı sübutun məhkəməyə təqdim edilməsi ilə üçün məhkəmə iclası təxirə salınsa da, həmin müddət ərzində də iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
83. Birinci instansiya məhkəməsi yalnız iddiaçı özünün mənəvi zərər çəkməsini təsdiq edən halları sübut edə bilmədiyinə görə iddianın rədd etsə də, hazırda iddianın rədd olunması ilə bağlı nəticəyə gələn məhkəmə kollegiyası gəldiyi nəticəni bununla əsaslandırır ki, şəxsin əşya hüququnun pozulması özü-özlüyündə mənəvi ziyanın vurulması kimi qiymətləndirilə bilməz, bu tələbin təmini üçün iddiaçı əşya hüququnun bərpası üçün tədbirlər görməsini, o cümlədən hüququnu pozan şəxsə, müvafiq dövlət orqanlarına müraciətlər etməsini, bunun cavabdehin qanunsuz hərəkətləri nəticəsində uğurlu olmamasını və məhz bunun nəticəsində mənəvi sarsıntıya məruz qalmasını sübut etməlidir, lakin işin hallarından hər hansı tədbirin, müraciətin olması görünmür və iddiaçı tərəfindən qeyd olunan hallarla bağlı sübut təqdim olunmamışdır.
84. Buna görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 10000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması hissəsində ləğv edilərək iş üzər yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə rədd edilməlidir.
85. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(008)- 198/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(008)- 198/2023 nömrəli qətnaməsi qismən – 10000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulmasının rədd edildiyi hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.